Gənc Ədiblər Məktəbinin 1 yaşı tamam oldu

 

1 il bundan əvvəl fəaliyyətə başlayan Gənc Ədiblər Məktəbi aradan keçən qısa zaman ərzində müəyyən uğurlara imza atıb, ədəbi mühitdə tanınıb və ətrafına topladığı istedadlı gənclərin sevimli görüş yerinə çevrilib. Xatırladaq ki, Gənc Ədiblər Məktəbi prezident İlham Əliyevin yaradıcı gənclərə qayğı göstərilməsi məqsədi ilə müəyyən dövlət qurumlarına həvalə etdiyi vəzifələrə uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyi ilə Yazıçılar Birliyi (AYB) tərəfindən təşkil edilib. Məktəbin əsas məqsədi ədəbi yaradıcılıq sahəsində fəaliyyət göstərmək arzusunda olan, bu sahədə yeni addımlar atan 15-35 yaş arasındakı yaradıcı nəsli bir araya gətirmək, onların imzalarını üzə çıxarmaq, ümidverici gənclərin yaradıcılıq vərdişlərini inkişaf etdirmək, onları tanıtmaq, gənclərin yaratdığı ədəbi nümunələrin əcnəbi dillərə tərcümə və nəşrini dəstəkləməkdir. Eyni zamanda, gənc yazıçı, şair və publisistlərin əsərlərinin nəşri, oxucularla görüşlərinin təşkili, onların yaradıcılığına aid televerilişlərin hazırlanması, gənclərin əsərlərinin müsabiqələr yolu ilə mükafatlandırılması, ədəbi gəncliyin yaradıcılıq seminarlarının keçirilməsi, almanaxların nəşri, ədəbi nümunələrin əcnəbi dillərə tərcüməsi, beynəlxalq ədəbiyyat festivallarında iştiraka şərait yaradılması, ustad dərslərinin təşkili Gənc Ədiblər Məktəbinin (GƏM) başlıca fəaliyyət istiqamətləri kimi müəyyənləşib. AYB-nin katibi Rəşad Məcidin rəhbəri olduğu məktəbdə bir illik fəaliyyət dövründə məşğələlərdə gənc ədiblərin əsərləri müzakirə edilib, toplantılara tanınmış şair və yazıçılar dəvət olunaraq, konkret və aktual mövzulara aid ustad dərsləri keçirilib, üzvlərin əsərləri müxtəlif mətbu orqanlarda dərc edilib, o cümlədən "Ulduz" jurnalının aprel sayı bütünlüklə məktəb üzvlərinin ixtiyarına verilib. Məktəbin əsas uğurlarından biri isə bu ilin əvvəlində 25 gəncin Yazıçılar Birliyi üzvlüyünə qəbul edilməsidir.
   Qeyd edək ki, gələcəkdə iki illik fəaliyyətin yekunlarına görə müəyyən yaradıcılıq vərdişlərinə yiyələnmiş GƏM üzvlərinə Mədəniyyət və Turizm Nazirliyinin sertifikatları təqdim olunacaq.
   İyulun 4-də Gənc Ədiblər Məktəbinin (GƏM) üzvləri növbəti dəfə M.F.Axundov adına Milli Kitabxanada toplaşıblar. Tədbiri giriş sözü ilə açan Rəşad Məcid bir il ərzində əldə olunan uğurlardan danışaraq, istedadlı gənclərin bir araya gəlməsindən məmnunluğunu bildirib. Məktəbə üzv olan gənclərin əksəriyyətinin gələcəkdə Azərbaycan ədəbiyyatına dəyərli əsərlər bəxş edəcəyinə, öz imzalarını ədəbi uğurlarla təsdiqləyəcəyinə inandığını bildirən R.Məcid qarşıda GƏM-lə bağlı bir sıra layihələrin nəzərdə tutulduğunu vurğulayıb. Məktəb üzvlərinin budəfəki qonağı İlqar Fəhmi olub. Gənclərlə fikirlərini bölüşən İ.Fəhmi əvvəlcə özünün mənsub olduğu 90-cılar ədəbi nəslinin yaradıcılığının spesifik xüsusiyyətlərindən danışıb. Gənclərə çoxsaylı oxucu kütləsi qazanmaq üçün dəyərli tövsiyələr verən İ.Fəhmi bunun üçün onlara ən müxtəlif ədəbi janrlara müraciət etməkdən çəkinməməyi məsləhət görüb. Bununla bərabər, o, hansı janrda yazmaqdan asılı olmayaraq, gənclərin öz imzalarına ciddi münasibət bəsləməsinin zəruriliyini, ədəbiyyata qeyri-ciddi yanaşmanın yolverilməz olduğunu dilə gətirib. Gənclərin suallarını cavablandırandan sonra İ.Fəhmi qəzəllərini oxuyub.

 

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 8 iyul.- S.7.