Lerikdən gələn rübai
sorağı
Rübai bu günlə
də, sabahla da ayaqlaşan, keçmişdən gələcəyə
fasiləsiz yol gedən ən qədim şeir
növüdür. Şərqin, Qərbin, dünyanın dəyərləndirdiyi
bu dörd misradan ibarət poeziya meyarı qərinə-qərinə,
əsr-əsr addımlayaraq, kompüterli, robotlu,
bilgisayarlı zəmanəmizə təşrif buyurub.
...Qalalı adlı kəndimizdən
(Muğanda) yeddinci sinifdə oxuyarkən Lerikə qonaq getməyimi,
hüquqşünas dayımgildə iki həftə qonaq
qalmağım, ecazkar təbiət mənzərələrinə
vurğunluqla baxmağım, bulaqların və çeşmələrin
zümzüməsinə, meşələrdə
quşların nəğməsinə, yarpaqların
pıçıltısına maraqla, həvəslə qulaq
asmağım həmişə yaddaşımdadır. Lerik
bölgəsi ilə ünsiyyətim indi də
davamlıdır. Yaşımın ahıllıq
çağında yenə o yerlərə baş çəkib,
gözəlliklərə "qocaman uşaq" gözüylə
baxıram. Lerikli dostlarım, yaxın yoldaşlarım
çoxdur. Amma bu məqaləmin səbəbkarını hələlik
görməmişəm. O, təzəcə çapdan
çıxmış kitabını əyalətdən mənə
ərməğan göndərib: "Ürəyimin dünya
dərdi".
Qəhrəman Əliyevin
(Qəhrəman Əlinin) əsasən rübailərdən,
bir neçə qəzəl, bayatı və müxtəlif
şeirlərdən ibarət toplusunu, necə deyərlər,
birnəfəsə oxudum. Qəhrəman müəllimin qələm
məhsullarını diqqətlə nəzərdən
keçirdikdən sonra dərhal təəssüratımı
yazıya çevirmək qərarına gəldim.
Topludakı "Rübai
karvanı" fəslində onlarla mənalı, rəngarəng
mövzulu, oxucunu təsirləndirən,
düşündürən nümunələr var:
Bütün
yaranışın canı torpaqdır,
Qidası
torpaqdır, qanı torpaqdır.
Bir ucdan gələnlər bir ucdan gedir,
Gələnin son yeri ana torpaqdır.
Qəhrəman müəllim dünyanın dərdini özü ağırlıqda yük hesab edib, ürəyində gəzdirsə də, sevgi hissinin, saf və zərif duyğuların tərənnümünə də üstünlük verir:
Mənim ürəyimdə qibləgahım var,
Sən kimi sevimli, gözəl ahım var.
Gecə də xoşbəxtəm, gündüz də xoşbəxt,
Gündüz günəşim var, gecə mahım var.
Müəllif rübailərlə yanaşı, daha bir qədim şeir növünə - qəzələ də üz tutur. Topluda bu qəbildən olan nümunələr də diqqəti çəkir.
Əsl şair, həqiqi sənət adamı məmləkətin, xalqın Qarabağ dərdinə biganə qala bilməz. Odur ki, Lerikdə yaşayıb-yaradan həmkarım da bu milli dərdimizdən yana-yana söz açır, amma ümidlə, inamla sabaha boylanmağı da unutmur.
Kitabdakı bölmələrin axırıncısı "Müxtəlif şeirlər" adlanır. "Qızlar gəlir bulaq üstə", "Uçuram xəyalın qanadlarında", "Könlümə elə hey kənd toyu düşür" kimi poetik parçalar bu bölmədəki ən maraqlı nümunələrdəndir.
İstərdim ki, qeydlərimin sonunda Qəhrəman Əlinin "Müəllifdən" adlandırdığı qısa yazıdan onun şeirlərinin misraları qədər xoş təsir bağışlayan bu sözlərini oxuculara çatdırmağı lazım bilirəm: "...dünyanı nahaq yerə pisləməməliyik, çünki dünyanın üstü zülm tikanları ilə doludursa, bizim də təbiətimiz kirpi kimi tikanlıdır. Dünya və biz bir-birimizə bənzəyirik. Ürəyimin dünya dərdi kitabın ərsəyə gəlməsinin səbəblərindəndir".
Kitaba tənqidi baxımdan yanaşanda ilk əvvəl diqqətimi çəkən bu oldu ki, Qəhrəman Əlinin bir sıra qələm məhsullarında, çox güman, tələsiklik ucbatından tək-tək qafiyə, vəzn, ahəng xətalarına rast gəlinir. Digər tərəfdən, məncə, müəllif "Torpaq... Vətəndir uğrunda ölən kəslərə" deyərkən məşhur türk şairi Tofiq Fikrəti epiqrafın köməyilə yada salmalıydı ("Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir").
İnanıram ki, paytaxtdan xeyli uzaqda, ucqar dağ rayonunda yaşayıb-yaradan Qəhrəman Əli zaman keçdikcə yaradıcılığını daha da genişləndirəcək, 400-ə yaxın rübaisi işıq üzü görmüş bu şairin dördlüklərinin sayı, yəqin ki, mini ötüb keçəcək!
525-ci qəzet.- 2009.- 8 iyul.- S.7.