Keçib getdin...
HƏYATDAN ERKƏN KÖÇƏN ŞAİR DOSTUMUZ
YUNUS KANDİMOVU XATIRLARKƏN...
Krım tatar
xalqının ulu və zəngin ədəbi ənənələri
var. Zaman-zaman çərxi-fələk öz işini
görüb. Nəsillər bir-birini əvəz edib. Lakin ədəbi
ənənə dəyişməz qalıb, cilalana-cilalana bu
günümüzə gəlib çıxıb və varislər
ustadların yolunu layiqincə davam etdiriblər.
Böyük lüğətçilər
Yefron və Brokhauzun yazdıqlarına görə, Krımda
çox-çox qədimdən Krım türkləri
yaşayıblar və bu cənnət diyar onların əli ilə
Gülüstani-İrəmə çevrilib. Onlarla birgə
qaraimlər, yəhudilər, krımçaklar və digərləri
Krımda mehriban yaşayıblar, yaradıblar. Ancaq tale elə
gətirdi ki, Stalin rejiminin vəhşiliyi ucbatından Krım
türkləri kütləvi sürgün edildilər. Öz
doğma ellərini, obalarını acı göz
yaşları ilə tərk edən Krım türklərini
qarşıda böyük fəlakətlər gözləyirdi.
Bunlardan ən dəhşətlisi xalqın mədəniyyətinin
və ədəbiyyatının, incəsənətinin viranəliyə
çevrilməsi idi.
Qədim, ulu bir tarixi
xatırlamaq, ana dilində danışmaq qadağan olundu. Amma
türk xalqlarına tarixini, dilini, şeriyyətini və nəğmələrini
unutdurmaq qeyri-mümkündür. Onlar ağız ədəbiyyatını
yaşatdılar və XX yüzilliyin 60-cı ilindən sonra gələn
yeni nəslə çatdıra bildilər. Bu nəsil indi də
Krım türk ədəbiyyatının önündə gedənlərdir.
Həmin nəslin
nümayəndələrindən biri də şair Yunus
Kandimov idi. Heyiflər, çox heyiflər olsun ki, artıq
"idi" sözünü işlədirik. Üç il
öncə Yunusun təpədən-dırnağa qədər
vətən həsrətli duyğuları ilə dolu olan
şeirləri özünün dilində dünyanı gəzirdi.
Hər yerdə onu - azadlıq fədaisini böyük sevgiylə
qarşılayırdılar. Onda macar şairi,
azadlığı həyatının mənası bilən və
bu yolda qurban gedən Şandor Petefi ruhu vardı.
Yunus Krımdan çox
uzaqlarda, qürbət ellərdə, Özbəkistanda 1959-cu
ildə doğulmuşdu. Hələ orta məktəbdə
oxuyarkən əcdadlarının ruhu onu Krıma
çağırırdı. Fitrətən şair olan Yunusun
yazdıqlarında "dünyanın göz
yaşları" vardı. Onun ata-anasından, doğma
el-obasından eşitdikləri, öyrəndikləri Yunusun
daxilində göz yaşlarına çevrilmişdi. Vulkan püskürməzdən
əvvəl olan sakitlik onun zahirində əks olunmuşdu.
Orta məktəbi
qurtaran kimi sənədlərini Daşkənddəki Nizami
adına Pedaqoji İnstitutun krım-tatar dili və ədəbiyyatı
şöbəsinə təqdim etdi və uğurla imtahan verib
bu institutun əla oxuyan tələbələrindən oldu.
Tələbə
vaxtı Yunusun şeirləri krım-tatar dilində nəşr
edilən "Lenin bayrağı" qəzetində dərc
olunurdu. Tələbə gəncin şeirləri əldən-ələ
gəzirdi. Artıq Yunus Krım həsrəti ilə
bağlı şeirlərin müəllifi kimi
tanınırdı. Ali məktəbi bitirdikdən sonra
Daşkənddə "Lenin bayrağı"nda işləməyə
başladı. Sonralar hərbi xidmətə
çağrıldı. Bu zaman da onun həsrət və
ümid dolu nəğmələri yazılırdı, gənc
əsgərin qələmindən ağ vərəqlərə
naxışlanırdı. 1989-cu ildə çıxan "Sən
dənizə bənzəyirsən" adlı ilk şeirlər
kitabı əl-əl gəzirdi. Elə həmin il ulu
babalarının ruhları dolaşan Krıma gəldi. Həsrətini
çəkdiyi Krımın torpağını öpdü. Ötüb
gedən yüzilliklərdə salınan tarixi abidələri
oxşadı. Qara dənizin həsrət nəğməsini
dinlədi. Viranə qalan köylər, məzar daşları
küskün görkəmdə qarşıladı Yunusu.
Eşitdi babaları kimi ağır nəfəs alan
dağların səsini: "Oğlum, qollarınızı
çırmalayın, abadlaşdırın, qürbətdən
köçüb gəlin. Nəyin bahasına olursa-olsun, gəlin.
Ümidimiz sizədir. Qoy sizin də ümidiniz nurdan
işıq olsun. Haydı, iş başına". Elə o
vaxtlar Ağ məsciddə (Simferepol) nəşr edilən
"Dostluq" (krım tatarca) qəzetinin koordinatoru Sofi Muxtar
bizi tanış etdi. Və biz dostlaşdıq.
Yunus "Dostluq"
qəzetində işləyirdi.
Artıq SSRİ Yazıçılar
İttifaqının və
Jurnalistlər İttifaqının
üzvü idi. Yunus hələ Daşkənddə
işləyərkən poemalar
və balladalar da yazırdı. "Lenin bayrağı",
"Dostluq" qəzetləri
ilə yanaşı
"Yıldız" (Daşkənddə
çıxan) jurnalının
səhifələrində çıxan
şeirləri, nəşr
əsərləri və
publisistik məqalələri
onu tez bir
zamanda bütün
Ukraynada məşhurlaşdırdı.
1990-cı ilin noyabrında mən Naxçıvanda nəşr
edilən "Şərq
qapısı" qəzetinin
sifarişi ilə onun haqqında "Həsrət və ümid nəğmələri"ni yazdım. Hətta bir şeirini də azərbaycancaya çevirib dərc etdim (Ümumiyyətlə,
ədəbiyyat mənim
həyatım olsa da, heç vaxt şeir yazmamışam. Ancaq Krıma
olan məhəbbətim
şeir də tərcümə etdirdi mənə). O yazıdakı
bir cümlə bu gün də
yadımdadır: "Yunus
və onun kimi minlərlə qeyrətli oğullar babalarının vəsiyyətinə
əməl etməyə,
canlarını qurban verməyə hazırdırlar.
Lakin qarşıda çox böyük çətinliklər var,
Yunus. Arzumuz budur ki, o
maneələri uğurla
aşasınız". Həmin
vaxtlar onlar ellikcə Krıma köçüb ev tikmək üçün
çox böyük mübarizəyə qalxmışdılar.
Bu yazı Krımla Naxçıvan arasında dostluq körpüsünü bir
daha möhkəmlətdi.
Krım türkləri
bizim qan qardaşlarımızdır. Və
hələ XIX yüzilliyin
ortalarında Krım xanlarının varisləri
olan Şahingireylər
1920-ci ilədək Naxçıvanda
yaşamış və
fəaliyyət göstərmişlər.
Hətta Şərur rayonunda Şahingirey adlı kənd də çar Rusiyasının xəritəsində
qeydə alınıb.
Yunus
naxçıvanlı şair və yazıçıların
şeirlərini, hekayələrini krım tatarcasına
çevirib "Dostluq"da çap etdirir, yaxud da Ağ məscid
radiosunda efirdə səsləndirirdi. Bu şeirləri, hekayələri
mən ona göndərirdim.
1 mart 1992-ci ildə mənə
göndərdiyi məktubunda yazırdı:
"...Dağlıq Qarabağ haqqında televiziyada reportajlara
baxıram, ürəyim sizin hamınız üçün
çox narahatdır, necə deyərlər, qanla dolur. Mənim
haqqımda, eləcə də xalqımız haqqında dediyin
sözlərdən hiss edirəm ki, ancaq öz xalqını və
vətənini sevən adam belə yaza bilər. Sağ ol
qardaş, sağ ol.
Biz də indi mürəkkəb
vəziyyətdə yaşayırıq. Hələlikdə
bizi güllələməsələr də, günbəgün
gərginlik artır... Nə olacağını yalnız Allah
bilir.
Ailədə hər
şey yaxşıdı. Hamınıza salam göndərirlər.
Yeri gəlmişkən, mənim çap olunan şeirlərimə
yazılan qonorarı Azərbaycanın dirçəlişi
üçün yaradılmış fonda keçirməni
xahiş edirəm. Əlbəttə, bu çox cüzi məbləğdir.
Amma belə yaxşı olar...
Yunus həmişə məktublarında
şəxsi yox, bəşəri məsələlərdən
söhbət açırdı. Ən çox isə Azərbaycanın
Qarabağ dərdindən yazırdı. Çünki o, həqiqəti
bilən şairlərdən idi... Son məktublarının
birində Simferopolda özünə ev tikməyindən
yazırdı. Deyirdi ki, daha balacaların heç olmazsa bir ata
yurdları olacaq. Və məni Krıma
çağırırdı. Sovet hakimiyyəti illərində
Krımda çox olmuşam. O vaxtlar Yunusgilə Krıma gəlməyə
icazə verilmirdi. 1991-ci ildən sonra səyahət etmək
adama çox qəmginlik gətirirdi. Hər yerdə siyasət
baş alıb gedirdi. Adamın ağlına
sığışmırdı ki, indi təhlükəsizliyinizə
təminat verilməyən yerdə bir vaxtlar əziz xələf
dincələnlər idiniz...
Birdən-birə Yunusun
məktublarının arası kəsildi. Ona məktubları
"Tələb olunanədək" ünvanına göndərirdim.
Və məktublar da geri qayıtmırdı. Günlərin
birində "525-ci" qəzetdə ona yazılan nekroloqu
oxudum...
Nə tez, Yunus, nə
tez belə köç etdin.... Dərdlərimizi
bölüşəcək kimsə qaldımı?
Böyük şairimiz Rəsul Rza demişkən:
Kimə
deyim dərdimi,
Dünya
dolu adamdır...
İndi gecənin qəribə
bir kədərli sükutunda ötənləri bir-bir
xatırlayıram. Nə üçün ömrümüzə
pərişanlıq belə tez gəldi? Çox xatirələr
yığın-yığın gəlir üstümə. Elə
bil ki, onlar da özlərini yaşatmaq, cavanlaşdırmaq istəyirlər.
Alnımı qələmə söykəyib dururam bir
anlığa. Bu arada Qarabağı gəzdiyim illəri də
gözlərim önünə gətirirəm. Dünyanın
heç yerində belə zümrüd meşələr
yoxdur. Zarıslının balı, qaymağı,
Şotlanlının pendiri, sacda bişirilən çörək
və Şahmar əminin məşhur Qarabağ atı... Bunlar
haqda sənə də demişdim Yunus. Çox vaxt
soruşurdun ki, Qarabağda doğulmamısan... Qarabağ
atamın çox sevdiyi bir məkan idi. Xəstə yatanda həkiminə
demişdi ki, oğul, sən məni Şuşa qalasına
göndər. Görəcəksən ki, sağaldım. Və
Şuşadan gələndən sonra iki il yaşadı. Bax,
indi Yunus sizlərdən sonra Qarabağ nisgilim içimdə mənə
doğmalaşıb. Lap "Zarıncı" havası kimi.
Bu nisgilli saz havasını şair Zəlimxan Yaqubdan
yaxşı ifa edən tapılmaz. Mənə elə gəlir
ki, Şah İsmayıl Çaldıranda günahsız qurban
gedən, "yavrularım" dediyi gənc əsgərləri
elə beləcə oxşayıb...
Sənlə
bağlı məndə olan qəzetləri və
jurnalları təkrar-təkrar vərəqləyirəm,
oxuyuram. "Yıldız" ("Ulduz") jurnalıın
6-cı sayındakı (1990) "Xəzər sahillərində"
məktub-poemanı oxuyuram, oxuyuram...
Bu poemanı yaxın
dostun, istedadlı şairimiz Rəşad Məcidə ithaf
etmisən. Ruhoxşayan bir poemadır. Elə Rəşad Məcidlə
də məni qiyabi doğmalaşdıran sən olmusan...
Krım-tatar
xalqının dərdi, taleyi sənə siyasi yazılar da
yazdırdı. Özü də çox sanballı, qərərsiz.
Ancaq sən yaddaşlarda Krım türklərinin ən məşhur
gənc şairlərindən birisən və bütün
yüzilliklərdə məşhur olacaqsan. İndi çox
sevdiyin Qaradəniz və Krım torpağı sənə
layla çalır. Tələbəlik illərində
yazdığın "Keçib getdim" şeirinin dərin
fəlsəfi mənası çox tədqiqatçıları
sənin yaradıcılığını öyrənməyə
səsləyəcək. Və hər gələn nəsillər
Krım çöllərində əlində qılınc
tutmuş bir atlını "Keçib gedən" görəcəklər.
Yerinə yetməyən arzuların - sənin atın, deməyə
macal tapmadığın kəsərli sözlərin isə -
qılıncındır, unudulmaz Yunus Kandimov...
Musa QULİYEV,
Naxçıvan