Cavabdehlik hissini
itirəndə...
Ötən ilin
sonlarında İranda yaşayan bir dostumuz mənə telefon
açıb Tehranda kitabımın nəşr olunduğunu
bildirdi və bir neçə gün sonra həmin kitabdan iki
nüsxə mənə göndərdi. Fars dilində 2008-ci
ildə Tehranda "Şirazə" nəşriyyatı tərəfindən
nəşr olunmuş "İran Azərbaycanı: soyuq
müharibənin başlanması" kitabı ilə
tanış olduqda mənə aydın oldu ki, bu nəşr mənim
2003-cü ildə Bakıda rus dilində
çıxmış "Güney Azərbaycan: soyuq
müharibənin başlanması" kitabımın tərçüməsindən
ibarətdir. Mənim üçün çox maraqlı idi
ki, İran Azərbaycanla coğrafi baxımdan bu qədər
yaxın olduğu halda, Tehranla Bakı arasında normal
kommunukasiya əlaqələrinin indiki vəziyyətində
necə olmuşdu ki, nə tərcüməçi, nə də
kitabı nəşr edən "Şirazə" nəşriyyatı
bu mühüm nəşr haqqında bizi məlumatlandırmağı
lazım bilməmışdı. Ən adi etik qaydalara riayət
edilməməsinə baxmayaraq, biz kitabın tərcüməçisi
kimi böyük zəhmət çəkmiş çox
hörmətli Mənsur Sefvətiyə və onun nəşrini
həyata keçirmiş "Şirazə" nəşriyyatının
rəhbəri xanım Ziba Cəlalie Nainiyə dərin təşəkkürümüzü
bildiririk. O səbəbə ki, bir neçə il əvvəl
bu mövzu ilə bağlı mənim Bakıda nəşr
olunmuş "Güney Azərbaycan: Tehran - Bakı - Moskva
arasında (1941-1945)" və "Soyuq müharibənin
başlandığı yer: Güney Azərbaycan (1945-1946)"
kitablarım əsasına Mənsur Hümami adlı bir nəfərin
həmin kitabların yalnız İran ideologiyasına sərf
edən yerlərini tərcümə edib məndən xəbərsiz
Tehranda nəşr etdirdiyi "Azərbaycan Demokrat Firqəsinin
yüksəlişi və enişi" adlı kitabla
müqayisədə bu nəşr irəliyə doğru
mühüm bir addımdır və bu nəşrdə bəzi
məqamlar gözlənilib. Lakin bununla belə kitabın
2008-ci il Tehran nəşri ilə, xüsusilə bu nəşrə
doktor Bəhram Əmirəhmədiyanın yazdığı
müqəddimə ilə tanış olduqdan sonra bir sıra
fikir və mülahizələrimizi bildirmək zərurəti
meydana çıxdı.
İlk növbədə
qeyd etməliyəm ki, kitabın üz qabığında tərcüməçinin
adının müəllifin adı ilə yanaşı getməsi
bizim üçün anlaşılmazdır. Müəllifin
müəllif statusu var, təcüməçinin isə tərcüməçi
statusu. Halbuki, kitabın üz qabığından belə təəssürat
yaranır ki, guya biz bu kitabı ağayi Mənsur Sefvəti ilə
birgə yazmışıq. Düzdür, içəridəki
titul səhifəsindən və kitabın əvvəlində
verilmiş "tərcüməçi sözü"ndən
ağayi Sefvətinin tərcüməçi olduğu bəlli
olsa da, hər halda heç bir əlavə qeyd vermədən
üz qabığında tərcüməçinin müəllif
ilə yanaşı verilməsi doğru deyildir. Əgər
kitabın üz qabığında tərcüməçinin
adını verməyə ehtiyac var idisə, onun tərcüməçi
olduğu mütləq göstərilməli idi. Yeri gəlmişkən
kitabın üz qabığının dizaynı və tərtibatı
son dərəcədə bəsitdir. Şübhəsiz ki, nəşriyyat
və tərcüməçi bu nəşrdən bizi xəbərdar
etsəydi, kitabın üz qabığının daha
maraqlı və mövzuya uyğun hazırlanmasında biz
onlara yardım göstərə bilərdik. Təəssüf ki, belə bir müraciət
olmayıb.
Kitabın 2008-ci il Tehran
nəşrində diqqəti çəkən maraqlı məqamlardan
biri də bizim əsərdə olan çoxsaylı mənbələrin
və elmi aparatın verilməməsidir. 2003-cü ildə
Bakıda rus dilində çıxmış kitabla
tanış olanlar yaxşı bilirlər ki, bu elmi-akademik nəşrdir
və bu nəşrdə çoxlu sayda yeni arxiv
materialları dövriyyəyə gətirilmişdir. Lakin
Tehran nəşrində elmi istinadlar verilmədiyindən
mövzu hekayə xarakteri daşıyır və sankı
bütün baş verənlər müəllifin təhkiyyəsindən
ibarətdir. Fikrimizcə elmi monoqrafiyanın elmi aparatdan məhrum
edilməsi çox ciddi qüsurdur və buna yol verilməməli
idi. Kitabın girişində tərcüməçi
yazır: "Əsərin yazılmasında istifadə edilən
faktlar və müraciət edilən mənbələrə nəzər
saldıqda aydın olur ki, neçə min tarixi faktı əldə
edib, onları öyrənərək kitabda istifadə etmək
hər yazıçı və müəllifin imkanından
xaricdir". Əlbəttə, yaxşı olardı ki, tərcüməçinin
müsbət hal kimi qeyd etdiyi həmin mənbələrlə
farsdilli oxucular özləri bilavasitə tanış
olardılar. Çünki həmin mənbələrin fonunda
cərəyan edən hadisələr daha inandırıcı
və daha real görsənir.
Tərcüməçi
kitabın əvvəlində qeyd edir ki, 2003-cü ildəki
görüşümüz zamanı müəllif əsərdə
tez-tez işlədilən "Cənubi Azərbaycan" ifadəsinin
yerinə "İran Azərbaycanı" ifadəsinin
işlədilməsinə icazə verib və guya bundan
başqa tərcümədə hər hansı dəyişikliyə
yol verilməyib. Birinci məsələ ilə bağlı
qeyd etməliyəm ki, doğrudan da bizim həmin vaxt ağayi
Sefvəti ilə belə bir söhbətimiz olub və indi də
mən belə hesab edirəm ki, "İran Azərbaycanı"
ifadəsinin işlədilməsində ciddi
narahatçılıq doğuracaq bir şey yoxdur. Və hətta,
mənim bu mövzu ilə bağlı Azərbaycanda,
Türkiyədə, Rusiyada, Amerikada və digər ölkələrdə
çıxan kitablarımda da tez-tez "İran Azərbaycanı"
ifadəsi istifadə edilir. Lakin təəssüf ki,
kitabın Tehran nəşrindəki qüsurlar təkcə
yuxarda qeyd olunan ifadə fərqlərindən ibarət
deyildir. Bəzi yerlərdə bizim fikirlərimiz təhrif
olunmuş formada verilib, bir sıra hallarda isə bizim əhəmiyyətli
hesab etdiyimiz məqamlar ümumiyyətlə kitabın fars
dilində çıxan nəşrində yer almayıb. Əlbəttə
biz belə hesab edirik ki, bunu yalnız tərcüməçi
ilə bağlamaq düzgün olmazdı və İran
üçün həssas olan belə mövzularda
yazılmış kitablar xüsusi nəzarətdən
keçməli olur. Məsələn, kitabda "əyalət"
kimi təqdim edilən inzibati bölgü hər yerdə
"ustan" ve ya "ostan" kimi verilib. Lakin məlum
olduğu kimi "əyalət" daha böyük inzibati
vahiddir və onun hüdudlarinda bir neçə "ustan"
ola bilər. Bundan əlavə "əyalət"
sözünün müəyyən tarixi bir yükü də
var ki, onu "ustan"a çevirəndə bu yük
artıq arxa plana keçir. Bəzi yerlərdə tərcüməçinin
kitaba öz fikirlərini artırması isə tamamilə
yolverilməzdir. Məsələn, kitabin bir yerində deyilir
ki, "sovet ordusunun sıralarında azərbaycanlı zabit və
əsgərlər......böyük təəssüf hissi ilə
Azərbaycanı tərk edirdilər. Onlar şəhər və
kəndlərdən keçdikcə doğma dildə
eşitdikləri "getməyin, hara gedirsiniz?" Niyə
bizi qoyub gedirsiniz? Bizi unutmayın" tezliklə
görüşənə qədər..." sözlərindən
sonra hörmətli tərcüməçi özündən
artırır ki, "BU AXMAQCASINA ƏMƏL (yəni
xalqın bu sözləri deməsi) onları da (yəni zabit və
əsgərləri) qızışdırıb "uzağa
getmirik" Arazın o tayındayıq"... deyirdilər. Belə
müdaxilələrə tərcümədə bəzən
təsadüf edilir və bu təəssüf doğurur.
Kitabın ciddi
narahatçılıq doğuran məqamlarından biri və
bəlkə ən mühümü ona yazılmış
müqəddimədir. 7 səhifədən ibarət olan
müqəddimənin müəllifi Qafqaz, Rusiya və Orta
Asiya məsələləri üzrə ekspert-tədqiqatçı
(universitet müəllimi) doktor Bəhram Əmirəhmədiyan
cənablarıdır. Bizim tədqiqatımız bəlli bir
dövru, 1941-1946-cı illəri əhatə etsədə,
ağayi Əmirəhmədiyan öz müqəddiməsində
Əhəməni dövründən bəri bütün məsələlərə
toxunmağa üstünlük vermiş, bəzi məsələlərin
izahında bir İran şovinistinin mövqeyini nümayiş
etdirmiş və həmin dairələrin içərisində
Azərbaycanın dünəninə və bugününə
münasibətdə hər nə qədər nifrət varsa
hamısını bu 7 səhifəyə
sıxışdırmışdır. Müqəddimə
müəllifinin bir sıra fikir və mülahizələri
elmi cəhətdən son dərəcə primitiv, siyasi cəhətdən
daha çox bəsit xarakter daşıdığından ona
münasibət bildirməmək də olarda. Lakin müzakirə
edilən mövzunun həssasiyəti müqədimədə
toxunulan bəzi məsələlərə aydınlıq gətirməyi
zəruri edir. Əvvəla, qəribə də olsa, doktor Əmirəhmədiyanın
yazdığı müqəddimənin əsas hədəflərindən
biri 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətidir.
O, İranın Əhəməni dövründən bəri
tarixinə qısa ekskurs etdikdən sonra yazır: "Rusiya
imperiyasının dağılması və bolşeviklərin
hakimiyyətə yiyələnməsi zamanı mövcud
boşluqdan istifadə edərək Osmanlı dövlətinin
himayəsi nəticəsində Gəncə şəhərində
"Azərbaycan Demokratik Cümhuriyyəti" adlı yeni və
zəif bir hökumət yarandı. Bu İrana qarşı
olan və anti-İran təfəkkürlü qüvvələrin
Qafqazda hakimiyyətə gəlməsi demək idi. Onlar
İran mənşəli və İranın bir hissəsinin
adı olan "Azərbaycan" sözünü mənimsəyərək
yaratdıqları dövlətin üzərinə qoyub qondarma
Azərbaycan hökuməti yaratdılar". Bir halda ağayi Əmirəhmədiyan
bu məsələləri müzakirəyə gətirirsə
və Azərbaycanın guya İranın bir hissəsi
olduğunu iddia edirsə, 1918-ci ilin may ayının 28-də
Azərbaycan Xalq Cümhuriyyəti yarananda dünyanın siyasi
xəritəsində bu dövlət İran deyil, Persiya
adı ilə tanınırdı. Umid edirik ki, ustadi
daneşqah olaraq ağayi Əmirəhmədiyan dünyanın
siyasi xəritəsində məhz "İran" adı ilə
tanınan dövlətin çox sonra, hətta, "Azərbaycan
Cümhuriyyəti" adlı dövlətin Versal Ali
Şurası tərəfindən tanınaraq ümumdünya
prosesinə daxil olduqdan çox sonra siyasi dövriyyəyə
gəldiyinin fərqindədir. Həmin dövrə qədər
bir çox şərq ölkələrində olduğu kimi
cənub qonşumuz da sülalə hakimiyyətləri üzərində
qurulurdu və bir qayda olaraq sülalələrin etnik kimliyi həmin
dövlətin siyasi, mənəvi-mədəni xarakterini
qabarıq şəkildə nümayiş etdirirdi. Səfəvi
və Qacar sülaləsinin etnik kimliyi ilə bağlı məsələlər
ümid edirik bu gün tarixin mübahisəsiz məsələləridir.
Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı himayəsi ilə
yarandığına gəldikdə isə qeyd etməliyik ki,
bu dövrdə keçmiş Rusiya ərazisində yaranan yeni
dövlət tək Azərbaycan deyildi və həmin dövrdə
yalnız Qafqazda dörd yeni dövlət yaranmışdı
ki, onun ikisi (Ermənistan və Gürcüstan) Osmanlı
imperatorluğu ilə açıq ixtilafda idi. Köhnə
çar imperiyası hüdudlarında yeni yaranan dövlətlərə
Ukrayna, Baltik Respublikaları, Polşa, Finlandiya və digərləri
də daxil idi və 1917-ci ildə Rusiya imperiyasının
dağılması ümumdünya prosesi idi. Azərbaycan Xalq
Cümhuriyyətinin yaranması da öz növbəsində
bu prosesin tərkib hissəsi idi. Şübhəsiz, ki,
Osmanlı imperatorluğu Azərbaycanla imzaladığı
dövlətlərarası müqaviləyə (4 iyun 1918-ci
il) uyğun olaraq Bakının yadellilərdən azad edilməsində
Azərbaycan Cümhuriyyətinə hərbi, siyasi və
diplomatik yardım göstərdi. Lakin bu o zaman idi ki, Bakı
böyük dövlətlərin hərbi planlarına daxil
edilmişdi və hər kəs neft Bakısına daha tez
çatmaq uğrunda yürüşə
çıxmışdı və o cümlədən
İngilis qoşunları da Mesapotomiyadan hərəkət edərək
Xəzərin cənubuna - Ənzəliyə gəlib
çıxmışdı. Belə bir şəraitdə
öz tarixi və siyasi mərkəzi olan Bakını xristian
yadellilərdən, o cümlədən 1918-ci ilin martında
12 min müsəlmanı və minlərlə günahsız
persiyalı mühacirləri etnik və dini ayrıntılara
görə məhv etmiş erməni - bolşevik quldur dəstələrindən
azad etmək üçün Azərbaycan hökumətinin
Osmanlı imperatorluğundan beynəlxalq hüquqa uyğun
olaraq yardım alması tam təbii bir hadisə idi. Həmin
vaxtlar Bakıda konsul işləmiş və sonralar
İranın baş naziri olmuş Məhəmməd Said
Marağayi Tehranda nəşr olunmuş xatirələrində
yazırdı ki, qanlı mart günlərində yalnız o,
konsulluğun əməkdaşları ilə birlikdə
Bakıda 5 min müsəlman dəfn edib. Lakin Osmanlı
imperatorluğunun məğlubiyyətindən sonra Azərbaycan
Xalq Cümhuriyyəti daha il yarım yaşadı və
Persiyanın da iştirak etdiyi Paris Sülh konfransı tərəfindən
de-fakto tanındı. Azərbaycan Cümhuriyyəti hökumətinin
zəifliyi haqqında doktor Əmirəhmədiyanın
iddiasına gəldikdə isə deməliyik ki, çətin
bir şəraitdə yeni dövlət yaradanlar əlbəttə
ki, bir sıra çətinliklərlə üzləşmişdilər,
amma bununla belə bu gənc dövlət 1918-ci ildə
Bakını düşmənlərdən azad edib Azərbaycanın
suverenliyini onun hüdudlarında təmin edə bilmişdilər.
Hətta, həmin dövrdə Qafqazda olan bir sıra Avropa
missiyalarının başçıları öz ölkələrinə
yazırdılar ki, onların tanıdığı yeni yaranan
dövlətlər içərisində Azərbaycan Xalq
Cümhuriyyəti ən təkmilidir. Doktor Əmirəhmədiyanın
zəif hesab etdiyi bir dövlət haqqında həmin dövrdə
Bakıya ezam olunmuş ingilis hərbi jurnalisti Skotland-Lidde
bunları yazırdı: "Mən buraya gəldim ki,
hamının mənə dediyi
qarışıqlığı gördüm, lakin onu görə
bilmədim. Əvəzində tam qayda-qanun gördüm. Mənə
deyirdilər ki, qanla dolu küçələr və dəhşətli
səhnələr görəcəksən. Onun əvəzində
mən sülh və sakitlik gördüm. Mənə deyirdilər
ki, ordu əvəzinə pozğunlaşmış kütlə
görəcəksən, lakin yaxşı intizam
görmüş, güclü və odlu-alovlu gənclərdən
ibarət ordu gördüm. Doğrudan da mən indi Bakıda
elə əmin-amanlıq gördüm ki, müharibə başlayandan
bəri belə əmin-amanlıq heç vaxt
olmamışdı... Azərbaycan dövləti indi Cənubi
Qafqazın bütün qalan xalqları üçün həqiqi
nümunəyə çevrilmişdir". Hər halda Azərbaycanda
həmin dövrdə elə bir sabitlik var idi ki,
qaçaq-quldur əlindən öz ölkələrinin ərazisindən
Məşhədə ziyarətə gedə bilməyən
Persiya vətəndaşları məhz Azərbaycan
Cümhuriyyəti ərazisindən rahat hərəkət edərək
İmam Rza ziyarətinə gedirdilər.
Doktor Əmirəhmədiyanı
narahat edən məsələrdən biri də Azərbaycan
Cümhuriyyətinin şərqin ilk demokratik respublikası
olmasıdır. Bu faktın əhəmiyyətini
aşağılamaq üçün "ustadi
daneşqah" gah Azərbaycan Cümhuriyyətinin
"Osmanlı vasallı" olaraq yarandığını
önə çəkir, gah da Persiya tarixindən nümunələr
gətirərək məşrutə inqilabı dövründə
İranda parlament yaranmasını demokratik dəyərlərə
söykənən Xalq Cümhuriyyətnə qarşı
qoyur. O yazır ki, Azərbaycan tarixçiləri, siyasətçiləri,
alim və dövlət xadimləri iddia etdiyi ilk demokratik
respublikadan on il öncə 1907-1911-ci illərdə İranda məşrutiyyət
inqilabı nəticəsində ilk parlament və qanuni hakimiyyət
formalaşdı ki, bu vaxtlar onların iddia etdiyi Azərbaycan
dövləti hələ mövcud deyildi. Onlar (Azərbaycan
tarixçiləri, siyasətçiləri, alim və dövlət
xadimləri - C.H.) bu həqiqətə göz yumurlar." Əlbəttə,
həqiqətin inkar edilməsi yaxşı bir şey deyildir.
Bu istər Azərbaycan tarixçiləri, siyasətçiləri,
alim və dövlət xadimləri tərəfindən olsun,
istərsə də, İran tarixçiləri, siyasətçiləri,
alim və dövlət xadimləri tərəfindən. Lakin
şahlıq üsul-idarəsi şəraitində monarxın
səlahiyyətlərinə azacıq məhdudiyyətlər
qoyan və tez-tez müstəbid hökmdar tərəfində
qovulan, binası belə şah qoşunları və kazak
birlikləri tərəfindən topa tutulan bir məclisi
(parlamenti) Azərbaycan Xalq Cümhuriyyətinin tək
dostları tərəfindən deyil, düşmənləri tərəfindən
belə etiraf edilən demokratik təsisatları ilə
müqayisə etmək məhz dünyanın qəbul etdiyi həqiqətlərə
göz yummaqdır. Məsələn, hələ 1919-cu ilin
payızında Qafqaza Britaniya Ali Komissarı təyin
edilmiş Oliver Uordrop sentyabrda Bakıya ilk səyahətindən
və Azərbaycan Nazirlər Şurasının sədri
N.Usubbəyovla keçirdiyi görüşlərdən sonra
oktyabrın 2-də Londona göndərdiyi hesabatda
yazırdı: "Baş nazir Usubbəyov geniş
dünyagörüşə malik, yüksək təhsil
görmüş, itiağıllı, liberal ideyalara sədaqətli,
səmimi, vicdanlı, qarşısına qoyduğu məqsədə
nail olmağa çalışan nəzakətli bir
insandır... Baş nazirin ideyaları dini ideyalar deyil, milli
ideyalardır. O, bolşevizmə nifrət edir. Onun istədiyi
bircə şey varsa, o da ölkəsinin müstəqilliyidir.
Onun komandası və kabineti bəzi Avropa ölkələri
üçün nümunə ola bilər... Onlar öz işlərini
yaxşı idarə edirlər və bütün ləyaqətli
adamlar kimi, hər şeydən daha çox yeni dünyada
öz yerlərini tutmağa can atırlar". Hər halda bu
bir Azərbaycan tarixçisinin, siyasətçisinin, aliminin və
dövlət xadiminin sözü deyildir. Bütün bunlarla
kifayətlənməyərək bizləri həqiqətə
güz yummaqda ittiham edən doktor Əmirəhmədiyan
özünün nəinki həqiqətdən, hətta ən
elementar elmi və siyasi etikadan uzaq olan müqəddiməsində
qeyd edir ki, Azərbaycan Xalq Cümhuriyyəti "beynəlxalq
səviyyədə təsdiqini tapmış sərhədlərə
malik deyildi (elə o vaxtlarda Qarabağ münaqişəli zona
idi)". Əvvəla qeyd edək ki, 1918-1920-ci illərdə
Azərbaycan Respublikasının mübahisəsiz əraziləri
97.297,67 kvadrat kilometr, mübahisəli torpaqlarla birlikdə isə
bu ərazilərin ümumi sahəsi 113.895,97 kvadrat kilometr idi.
Qafqazda marağı olan ölkələrin və o cümlədən
1920-ci ilin mart ayının 20-də Persiya şahənşah
hökumətinin də imzaladığı müqavilə ilə
tanıdığı və Qarabağın da daxil olduğu
birinci rəqəm barədə heç bir mübahisə yox
idi. Ermənilərin ərazi iddialarına gəldikdə isə
onların Azərbaycan, Gürcüstan, Türkiyəyə ərazi
iddiaları ilə yanaşı, Persiyaya qarşı da ərazi
iddiaları var idi və bu iddialar onların 1919-cu ildə Paris
Sülh konfransına təqdim etdikləri sənədlərdə
açıq-aydın əks olunmuşdu. Yeri gəlmişkən
doktor Əmirəhmədiyanın bu gün düşmənçilik
mövqeyindən təqdim etdiyi Azərbaycan Xalq Cümhuriyyətinin
Persiya şahənşah hökuməti ilə çox normal
münasibətləri var idi və bu münasibətlər iki
ölkə arasında dostluq müqaviləsi də daxil olmaqla
1920-ci ilin mart ayında Bakıda imzalanmış 8 müqavilə
və sazişdə əks olunmuşdu. Məhz iki ölkə
arasında imzalanmış dostluq müqavilənin birinci maddəsinə
əsasən Persiya hökuməti Azərbaycan Respublikasının
müstəqilliyini de-yure cəhətdən tanıyan ilk
ölkə idi. Yeri gəlmişkən indiki dövrdən fərqli
olaraq 1919-1920-ci illərdə Xalq Cümhuriyyəti hökumətinin
Cənubi Azərbaycanın bütün şəhərlərində
rəsmi qaydada ya Baş konsulluğu, ya konsulluğu, ya da
konsul agentliyi fəaliyyət göstərirdi. Həmin
diplomatik nümayəndəliklərin yerləşdiyi şəhərlərdən
göndərdikləri maraqlı hesabatalr bu gün də Azərbaycan
arxivlərində saxlanılır. 1918-1920-ci illərdə
Qarabağın münaqişəli zona olması haqqında
ağayi Əmirəhmədiyanın mülahizəsinə gəldikdə
İran alimlərinin tez-tez müraciət etdikləri Rusiya mənbələrindən
bir sənədi təqdim etməklə bu məsələni
yekunlaşdırmalı olacağam. 1920-ci ilin aprel
çevrilişindən üç ay sonra, iyul ayında
Qafqazda nüfuzlu hesab edilən bolşeviklər Azərbaycan
İnqilab Komitəsinin sədri N.Nərimanov(azərbaycanlı),
RK(b)P Qafqaz bürosunun üzvləri Mdivani (gürcü),
AK(b)P MK üzvləri Mikoyan (erməni) və Naneyşvili
(gürcü), XI Ordunun hərbi şurasının üzvləri
Vesnik (rus), Levandovski (rus) və Mixaylov (rus) birlikdə imzalayıb,
Mokvaya Rusiya Kommunist (bolşevik) Partiyasının Mərkəzi
Komitəsinə göndərdikləri məktubda doktor Əmirəhmədiyanın
münaqişəli hesab etdiyi məsələ ilə
bağlı yazırdılar: "Müsavat hökuməti
dövründə Qarabağ bütövlükdə və həmişə
Azərbaycanın tərkibində olmuşdur". Ən nəhayət,
doktor Əmirəhmədiyanın timsalında İran
tarixşünaslığında Azərbaycan Xalq Cümhuriyyəti
ilə bağlı bu gün də davam edən bu
narahatçılıqlar nə ilə bağlıdır. Bunun
səbəbini bir vaxtlar İranın məşhur
tarixçisi Seyid Əhməd Kəsrəvi çox düzgün
izah etmişdi. O yazırdı ki, "bütün müsəlman
dünyasının qibləsi Məkkədə olduğu
halda, Şimali Azərbaycan öz müstəqilliyinə
qovuşduqdan sonra Tehran həmişə ehtiyat edir ki, Təbriz
öz qibləsini Bakıda tapsın".
1945-1946-cı illərdə
Cənubi Azərbaycanda cərəyan edən hadisələrə
gəldikdə doktor Əmirəhmədiyan həmin dövrdə
Təbrizdə qurulmuş Cənubi Azərbaycan milli hökumətini
məhəlli bir qurum hesab edir və Azərbaycan
Respublikasının tarixçilərini bu "məhəlli"
hökuməti milli hökumət adlandırmaqda təqsirləndirir.
Əvvəla, bu hökumətin məhəlli və ya milli bir
hökumət olduğunu Azərbaycan tarixçiləri yox, o
hökumət özü müəyyən etmişdi və bu
məsələlər də həmin dövrün nəinki
daxili yazışmalarında, hətta beynəlxalq sənədlərində
belə əks edilmişdi. Eyni zamanda yaratdıqları
hökumətə "milli hökumət" adı verməklə
Təbriz siyasi dairələri bir növ İranda Azərbaycan
millətinin varlığını təsdiq etmiş olurdular.
Şübhəsiz ki, 21 Azər hərəkatına sovet
yardımı var idi və bunu inkar etməyə heç bir
lüzum yoxdur. Yeri gəlmişkən yeni açıqlanan
Rusiya arxiv sənədləri təsdiq edir ki, eyni məzmunlu
yardımı Sovet İttifaqı 1978-1979-cu illərin islam
inqilabı zamanı hakimiyyətə gələn anti-şah
qüvvələrinə də göstərmişdir. Əgər
sovetlərdən yardım almaq xəyanətdirsə, onda bunun
hər ikisi xəyanətdir. Sovetlərdən yardım
alınmasına baxmayaraq, ağayi Əmirəhmədiyanın
yazdığının əksinə olaraq 21 Azər hərəkatının
sosial bazası Cənubi Azərbaycanın özündə idi
və çoxlu sayda insanları İrandan narazı salan, hətta
onları İrandan ayrılmağa sövq edən türk
dilinin, mədəniyyətinin, tarixinin inkar edilməsi, yəni
bir millətin varlığının şübhə
altına alınması idi. Axı o zamanlar da indi olduğu
kimi, İran tarixçiləri və siyasətmədarları
sübut etməyə çalışırdılar ki, guya Cənubi
Azərbaycanda yaşayan türklər əski ariyanlardır və
guya monqollar gəlib onların dilini dəyişiblər. Həmin
monqollar eyni zamanda Persiyanın fars əyalətlərini də
tutmuşdular və orlarda Azərbaycandan da çox
qalmışdılar. Lakin necə oldu ki, farsıstanda
yaşayanlar dillərini saxladılar, amma Azərbaycanda
yaşayanlar dillərini dəyişdilər. Bu tamamilə
qeyri-elmi bir yanaşmadır və bele nağılları
yalnız İran kimi bir ölkədə uydurmaq olar.
Doktor Əmirəhmədiyanın
müqəddimə yazdığı kitab rus dilindən fars
dilinə tərcümə edildiyindən o, bundan Azərbaycan
dilinə qarşı öz əsassız fikirlərinə
siyasi rəng vermək üçün istifadə edir və
Azərbaycan dilinin guya məhəlli bir dil olduğunu qeyd edir.
Əmirəhmədiyan yazır: "Kitab rus dilində Bakı
şəhərində çap olunmuşdur. Əslində Azərbaycan
Respublikasında Azəri dili məhəlli bir dil hesab
olunduğundan Azərbaycan və digər postsovet dövlətlərində
elm və beynəlxalq əlaqə dili kimi rus dilindən istifadə
olunur". Görünür bu
"məhəlli" ifadəsindən
bir sıra İran alimləri çox xoşlandıqlarından,
Azərbaycanla bağlı
nə varsa hamısını məhəlli
hesab edirlər. Şübhəsiz ki, belə yanaşma tamamilə səhvdir və təəssüf ki, İranda çoxları bu səhv baxışların
təsirindən hələ ki, azad ola
bilməyiblər. Qafqaz, Rusiya
və Orta Asiya məsələləri
üzrə tədqiqatçı
- ekspert olaraq doktor Əmirəhmədiyan
yaxşı bilir ki, bizim Güney
Azərbaycanla bağlı
araşdırmalar ilk olaraq Azərbaycan dilində nəşr olunub. Ən azından onun müqəddimədə adını
çəkdiyi və
bir neçə il bundan əvvəl
Tehranda daha eybəcər formada nəşr olunmuş
"Azərbaycan Demokrat
Firqəsinin yüksəlişi
və enişi" adlı kitabda Bakıda mənim 1998-ci ildə çıxmış
"Güney Azərbaycan:
Tehran - Bakı - Moskva arasında
(1941-1945)" və 1999-cu ildə
nəşr olunmuş
"Soyuq müharibənin
başlandığı yer:
Güney Azərbaycan
(1945-1946)" kitablarımın adları Azərbaycan və fars dillərində
verilib. Bunlardan əlavə 2001-ci ildə mənim Güney Azərbaycanla bağlı araşdırmalarım
Bakıda Azərbaycan
dilində "Güney
Azərbaycanda Sovet - İngiltərə və Amerika qarşıdurması"
adı ilə nəşr olunub.
2003-cü ildə Bakıda
rus dilində çıxan və 2008-ci
ildə fars dilinə tərcümə
edilmiş kitab məhz Azərbaycan dilində 2001-ci ildə
çıxmış bu
kitabın bir qədər qısaldılmış
tərcüməsidir. Əlbəttə,
az sonra bu kitab İstanbulda
türk dilində, Harvardda ingilis dilində, Moskvada isə rus dilində
nəşr olundu. Kitabın müxtəlif dillərdə
nəşr olunması
doktor Əmirəhmədiyanın
iddia etdiyi kimi biz Azərbaycan
alimlərinin Azərbaycan
dilinə "sayğısız"
münasibəti ilə
bağlı olmayıb,
ona olan elmi və siyasi
maraqla, dövriyyəyə
gətirilən sənəd
və materialların yeniliyi ilə bağlıdır. Biz nə yazırıqsa, ilk əvvəl o Azərbaycan dilində nəşr olunur. Əgər sonra bu başqa
dillərə tərcümə
olunursa bunun bir sıra İran
alimlərinin iddia etdiyi kimi Azərbaycan
dilinin "məhəlli"
bir dil olması
ilə heç bir əlaqəsi yoxdur.
Yazdığı
müqəddimədə doktor Əmirəhmədiyanın
Pişəvərinin məzarının fəxri xiyabanda
olmasından da narahatçılıq keçirdiyi hiss edilir. O
yazır: "Azərbaycan Demokrat Firqəsinin rəhbəri
olan Pişəvəri Bağırovun təşkil etdiyi sui-qəsd
nəticəsində öldürüldü, lakin Azərbaycanın
fəxri xiyabanında ona möhtəşəm bir məzar
tikilmişdir. Neçə il öncə Heydər Əliyev
üçün məzar tikilərkən Pişəvərinin
məzarının yeri dəyişildi, lakin yeni məzar
keçmiş məzardan daha möhtəşəmdir". Birincisi,
Bağırovun guya Pişəvəriyə sui-qəsd təşkil
etməsi ilə bağlı Əmirəhmədiyanın
mülahizələri tarixi həqiqətlərə uyğun
deyildir. Bağırov həbs edilən zaman ona qarşı irəli
sürülən 5 ittihamın biri Pişəvərinin
ölümü ilə bağlı idi. Hətta sovet məhkəməsində
bele bu ittiham 1956-cı ildə sübuta yetirilmədi və onu
geri götürmək məcburiyyətində qaldılar. Pişəvərinin
ölümü bilavasitə Moskva ilə bağlı idi və
əldə olunan sənədlər bunu artıq təsdiq edir.
Onun fəxri xiyabanda dəfn olunmasına gəldikdə isə
Pişəvəri XX əsrdə Azərbaycan xalqının
yetirdiyi ən işıqlı siyasi xadimlərindən biri idi
və islam inqilabından çox-çox əvvəl məhz
onun sərəncamı ilə müstəbid Rza şahın
mücəssəməsi ilk dəfə olaraq məhz Azərbaycanda
yıxılmışdı. Azərbaycan xalqının
taleyində və tarixində oynadığı rola görə,
vətənsevərliyinə və azadlıq ruhuna görə
zaman Pişəvərinin adını simvola
çevirmişdi. Onun 1945-1946-ci illərdə
yaratdığı milli hökumət elə mühüm
addımlar atdı ki, 60 il ərzində İranın şah və
islam rejimləri bütün gücü ilə Pişəvərinin
işıqlı ideyalarına qarşı mübarizə
aparsa da, onu xalqın hafizəsindən silə bilmədi. Azərbaycan
xalqının taleyindəki roluna görə Pişəvərinin
məzarı fəxri xiyabanda olmalıdır və burada təəccüblü
bir şey yoxdur.
Ən nəhayət, bir
qayda olaraq tərcümə ədəbiyyatında müəyyən
məsələlərlə razılaşmamaq olar və
bunların yazılmasında qəbahətli bir şey yoxdur. Lakin
bundan istifadə edərək qonşu olan bir dövlətin
tarixi haqqında həqarətli ifadələr işlədilməsi,
İranın əhalisinin az qala yarısını təşkil
edən bir millətin keçmişinə belə
sayğısız münasibət göstərilməsi elmi həqiqət
axtarışından daha çox siyasi şantaj cəhdlərindən,
tarix qarşısında mənəvi cavabdehlik hissinin itirilməsindən
irəli gəlir.
Cəmil HƏSƏNLİ,
Professor