"Cənubi Azərbaycan
mətbuatı tarixi"
kitabının təqdimatı
keçirilib
Dünən Mətbuat
Şurasında (MŞ) Bakı Dövlət Universitetinin
jurnalistika fakültəsinin müəllimi Pərvanə Məmmədlinin
qələmə aldığı "Cənubi Azərbaycan mətbuatı
tarixi" kitabının təqdimat mərasiminə həsr
edilmiş tədbir keçirilib.
MŞ sədri Ə.Amaşov
Cənubi Azərbaycan mətbuatını daim diqqət mərkəzində
saxladıqlarını bildirib. Onun sözlərinə görə,
Güney Azərbaycan mətbuatının tarixini öyrənilməsinə,
tədqiqinə həsr edilmiş "Cənubi Azərbaycan mətbuatı
tarixi" kitabının qələmə alınması
mühüm addımdır. Ə.Amaşov kitabda Cənubi Azərbaycan
mətbuatı ilə bağlı ən mühüm məqamların
yer aldığını qeyd edib: "Kitabda İran mətbuatının
formalaşdırılmasında, inkişafında, Məşrutə
inqilabında Güney Azərbaycan mətbuatının yeri və
rolu əks olunub. Həmçinin XIX əsrin birinci
yarısından dövrümüzədək İranda və
qıraqda yaşayan azərbaycanlı ziyalıların ədəbi-ictimai
fəaliyyətindən, onların nəşr etdikləri
çeşidli mətbu orqanlarından geniş bəhs edilir. Hesab
edirəm ki, Cənubi Azərbaycan mətbuatı ilə
bağlı Pərvanə Məmmədlinin belə bir
mövzunu araşdırması və bu kitabı qələmə
alması təqdirəlayiq addımdır. Bu kitab Güney Azərbaycan
mətbuatının araşdırılması
baxımından dəyərli vəsaitdir. Burada indiyədək
araşdırılmayan faktların yer alması da kitabın
önəmindən xəbər verir. Ktabda Mirzə Fətəli
Axundovun indiyədək əldə olunmayan ərəbcə
yazılmış "Təlqinamə" əsəri barədə
"İrşad" qəzetində dərc olunmuş məlumatın
yer alması belə məqamlardandır".
Professor Cavad Heylət
kitabın gözəl və dəyərli bir əsər
olduğunu qeyd edib. O, qələmə alınmış bu
kitabın Cənubi Azərbaycan mətbuatının öyrənilməsində
mühüm rola malikr olduğunu vurğulayıb:
"İndiyədək Cənubi Azərbaycan mətbuatı
qismən az araşdırılıb. Zənnimcə, müəllif
bu mövzunu seçməklə çox düzgün edib.
Çünki bu sahənin araşdırılmasına
böyük ehtiyac duyulurdu. Kitabda Cənubi Azərbaycanda ana dilinin vəziyyəti, yeri ustacasına tədqiq edilib. Hesab edirəm ki, sözügedən mövzu
tədqiq edilməsinə
və belə bir kitabın tədqiq edilməsinə böyük zərurət
vardı. Məhz Pərvanə xanım bu kitabı qələmə almaqla belə bir zəruri
addımı həyata
keçirib. Mühüm
vəsait olan bu kitab çox
yığcam şəkildə
qələmə alınmış
faydalı bir əsərdir. Pərvanə
xanım Cənubi Azərbaycan mətbuatının
vəziyyətini ustalıqla
araşdıraraq kitabı
çox sadə və səlis dildə qələmə alıb. Fikrimcə, Cənubi Azərbaycan mətbuatının vəziyyətilə
maraqlanan hər bir kəs bu
kitabla tanış olmalıdır".
Müəllif P.Məmmədli
Cənubi Azərbaycan mətbuatının
araşdırılması mövzusuna tədqiqatçıların
qismən az müraciət etdiyini bildirib. O, məhz bu səbəbdən
həmin sahənin araşdırılmasını
qarşısına məqsəd qoyduğunu bildirib. P.Məmmədli
kitabda indiyədək bəlli olmayan bir çox faktların
yer aldığını və bu məqamların hər kəs
üçün maraqlı olduğunu söyləyib. O,
kitabın ərsəyə gəlməsində əməyi
keçən hər kəsə minnətdarlığını
bildirib.
AQİL