Səhifə-səhifə ədəbiyyat...
ƏDƏBİYYAT BİR TARİXDİR
Bir ölkənin
obrazlı şəkildə bədii ifadələrlə əks
etdirilmiş və ədəbiyyat tarixinə həkk
olunmuş bir tarixidir. Tarixi müəyyən mənada
saxtalaşdırmaq olur. Amma ədəbiyyat
saxtalaşdırılması mümkün olmayan imzalı və
möhürlü bədii abidədir. Şükürlər
olsun ki, Azərbaycan xalqının, ümumtürk millətinin
tarixi də, ədəbiyyatı da yarandığı gündən
bu günə kimi hər hansı saxtalaşdırmaya və ya
dəyişikliyə məruz qalmadan, öz
orijinallığını qorumaqla gəlib
çatmışdır.
ƏDƏBİYYAT BİR DƏRSLİKDİR
Sözün əsl mənasında
ədəbiyyat öz poetik ifadələri, hikmətli ibarələri
ilə oxucunu yormadan, usandırmadan ona bir növ həyat dərsi
keçir. Ədəbiyyat axı həm də bir dərslikdir.
Dərslik isə gərək nəfis şəkildə
hazırlanıb dolğun tərtib edilsin ki, ilk növbədə
özünü oxutsun və təsirini göstərə
bilsin. Amma bizim dərs kitablarımızın tərtibatında
bəzi çatışmazlıqlar var. 10-11-ci sinif ədəbiyyat
dərsliklərindəki həmin çatışmazlıqlar
məni bu, bir az tənqid, bir az da arzu-istək xarakteri
daşıyan yazını yazmağa vadar etdi. Nəzərə
alsaq ki, Tələbə Qəbulu üzrə Dövlət
Komissiyası, qəbul imtahanı testlərinin ədəbiyyat
hissəsini məhz 10-11-ci sinif ədəbiyyat dərslikləri
əsasında tərtib edir və eyni zamanda, məzun və
abituriyentlər qəbul imtahanlarına hazırlaşarkən
məhz bu dərsliklərdən istifadə etdikləri
üçün bu mövzunun üstündən ötəri
keçmək mümkün deyil.
Başlayaq 10-cu sinif ədəbiyyat
dərsliyindən. Gözəl tərtibatla verilmiş,
anlaşıqlı şərh edilmiş, bir-birini tamamlayan,
birlikdə tandem yaradan "Giriş", "Şifahi xalq ədəbiyyatı",
"Qədim dövr", "Dədə Qorqud eposu" və
"Nizami Gəncəvi" hissələri oxucuda ilk nəzərdən
oxumaq həvəsi yaradırsa, XIII-XVI əsrləri əhatə
edən "Orta dövr Azərbaycan ədəbiyyatı"
başlıqlı dərs barədə bunu demək olmaz. Burada
bu dövrün ədibləri haqqında yetərincə məlumat
verilmir, izahsız-filansız, sadəcə adları
sıralanır. Bəlkə də bu dörd yüz illik zaman
kəsiyinin Azərbaycan ədəbiyyatı tarixinin,
sözün əsl mənasında, çox qarışıq
bir dövr olduğunu və ədəbiyyatşünaslarımızın
bu dövrü layiqincə dəyərləndirmələri
üçün yetəri qədər mənbənin
olmamasını əsas gətirməklə ədəbiyyat dərsliyi
tərtibçilərinə bəraət qazandırıb bunu
normal hal hesab etmək mümkündür. Lakin bu dərslikdən
dərs alan keçmiş bir şagird kimi belə
düşünürəm ki, Azərbaycan şagirdi bu
"normallığa" hələlik hazır deyil. Haqlarında
geniş məlumat verilməyən, adları bir cümlədə
ardıcıl şəkildə çəkilən 10 fars
şairinin bir neçəsini əsas götürüb,
yaradıcılıqları barədə şərh vermək,
şagirdi candərdi əzbərləməyə yox,
böyük maraqla dərs oxumağa sövq edərdi. "Giriş"
hissə ilə başlayıb, "Orta dövr Azərbaycan ədəbiyyatı"
başlıqlı fəsildə zəifləyən oxumaq həvəsimiz
"Məhəmməd Füzuli" dərsini oxuduqca tamamilə
sönür. Belə ki, bu mütəfəkkirin azərbaycanca,
fars və ərəb dillərində, eyni zamanda, nəzm və
nəsrlə yazdığı əsərlərinin
adlarının ayırd edilə bilinməyəcək dərəcədə
bir-birinə qarışdırılması şagirdi nəhayətdə
bu ədəbiyyat dərsliyini bir kənara qoyub başqa mənbələrə
müraciət etməyə vadar edir. Şəmil Sadıqovun
və Rafiq Məmmədovun abituriyentlər üçün
konspekt xarakteri daşıyan ədəbiyyat kitablarında,
bütün ədiblərin yaradıcılıqlarının
dil, növ və janr əsasında bölünərək, hər
biri ayrı-ayrılıqda cədvəllər şəklində
təqdimi şagirdi maneəsiz və fasiləsiz, böyük
maraqla, sözün əsl mənasında ədəbiyyat
oxumağa həvəsləndirir.
ƏDƏBİYYAT BİR ƏDƏBDİR
Real hadisə və
şəxslərə, eyni zamanda nəzərdə tutulan
müəyyən hədəfə yönəlmiş bir
hörmət, bir ehtiramdır. "Məhəmməd
Füzuli" dərsini oxuyarkən tamamilə
sönmüş oxumaq həvəsimizi alovlandırmaq
üçün bu dəfə 11-ci sinif ədəbiyyat dərsliyinə
müraciət edirik. Burada isə Azərbaycan ədiblərinin
həyat və yaradıcılıqlarına olan etinasız
yanaşma ilə qarşılaşırıq. "Yeni
dövr Azərbaycan ədəbiyyatı - III mərhələ"
başlığı ilə verilmiş fəsildə XX əsrin
əvvəllərinin ədəbiyyatı nəzərdə
tutulur. Bu fəslin bir cümləsinin təəssüratını
sizinlə paylaşmaq istəyirəm: "Nəriman Nərimanov
(1870-1925), Süleyman Sani Axundov (1875-1939), Sultanməcid Qənizadə
(1866-1937), Rəşid bəy Əfəndiyev (1863-1942) və
başqaları maarifçi realizmin görkəmli nümayəndələridirlər."
Azərbaycan ədəbiyyatının bu dörd nəhəngi
barədə məlumat yalnız bu cümlədən ibarətdir.
Əlbəttə, bu mütəfəkkirlərin həyatı
və yaradıcılığı bu cümlə kimi qısa
və mənasız olmayıb. Zənnimcə, elə Abbas Səhhət,
Abdulla Şaiq də üç cümləlik həyat
yaşamayıblar, yaradıcılıqları da üç
cümlədən ibarət olmayıb. Bugünkü müstəqilliyi
arzulayan və bu ideyalarına görə dəhşət
saçan repressiyanın hədəfinə tuş gələn
Əhməd Cavad və Mikayıl Müşfiq 11-ci sinif ədəbiyyat
dərsliyində olduqca qısa təqdimatla yer alır. Bu
azadlıq mücahidlərinə bunca etinasızlıq bir oxucu
kimi məni məyus etdi. Heç olmasa, onların hər
hansı bir əsərini 11-ci sinif "Ədəbiyyat
müntəxəbatı" dərsliyində yerləşdirə
bilərdilər. Əhməd Cavadın
"Çırpınırdı Qara dəniz" şeirinin
yalnız adının çəkilməsi, Mikayıl
Müşfiqin "Sağlığında çıxan
kitabları" kimi qəribə bir başlıq altında
kitablarının təkcə adları və nəşr
tarixlərinin göstərilməsi isə bu böyük
şairlərə sonsuz hörmətin göstəricisi deyil. Mir
Cəlal yaradıcılığının zirvəsi, oxuduqca
oxucuya sözün əsl mənasında həyat dərsi
keçən " Bir gəncin manifesti"nin "Ədəbiyyat
müntəxəbatı" dərsliyinə
salınmaması da ən azı təəssüf doğurur.
ƏDƏBİYYAT BİR TƏƏHHÜDDÜR
Yəni onu
yaratmağı və ya yaşatmağı, könüllü
və ya məcburi şəkildə boynumuza
götürdüyümüz işdir. Adı çəkilən
ədəbiyyat dərsliklərinə nəzər saldıqca
belə qənaətə gəlmək olar ki, bu kitabın tərtibçiləri
üzərlərinə düşən bu borcun, bu təəhhüdün
öhdəsindən layiqincə gələ biləcəkləri
halda, bunu etməyiblər. Gənclərin Nüsrət Kəsəmənli
məhəbbətinə, Almas İldırım
hayqırtısına, İbrahim Göyçaylı
lirikasına, Əlibala Hacızadə romantikasına, Musa Yaqub
poeziyasına, Baba Vəziroğlu düşüncələrinə,
Fikrət Qoca səmimiyyətinə, Ramiz Rövşən fəlsəfəsinə
və nəhayət, Əli Kərim duyğusallığına
ehtiyac duyduğu bir vaxtda bunların heç adları belə,
10-11-ci sinif ədəbiyyat dərsliklərində çəkilmir.
Bu faktın özü də sözü gedən ədəbiyyat
dərslikləri tərtibçilərinin bu müqəddəs
təəhhüd yolunda müqəssir olduqlarını bildirən
bir dəlildir.
ƏDƏBİYYAT BİR MƏSLƏHƏTDİR
Ədəbiyyat,
yazısı vasitəsilə hadisələrin cərəyanı
əsnasında oxucunu oxuduqlarından ibrət alaraq həyatda
düzgün mövqe tutmağa vadar edən bir məsləhətdir.
Mən də bu bir az tənqidvari, bir az da arzu-istək
xarakterli yazıma burda nöqtə qoyuram və çox
uzağa getmirəm. Çünki belə məsləhətdir.
Arzu edirəm ki, 10-11-ci sinif ədəbiyyat dərsliklərinin
elmi redaktoru, filologiya elmləri doktoru, professor, sonsuz hörmət
bəslədiyim Nizami Cəfərov, gənc olmağıma
baxmayaraq, qeyd etdiyim nüansları qiymətləndirib bu ədəbiyyat
dərsliyinin yeni nəşrlərində nəzərə
alsın.
Axı ədəbiyyat həm
də bir arzudur.
Məmməd AĞAYEV
BDU, jurnalistika
fakültəsinin II kurs tələbəsi
525-ci qəzet.- 2009.- 10 iyul.- S.7.