Postmodernizm gündəliyində mif
ALQIŞ VƏ QARĞIŞ ESTETİKASI
Əgər mif həmişə
varsa, həmişə diridirsə və bir anın içində
bizi öz həqiqətinə inandırırsa və biz də
balaca bir uşağa dönüb bu həqiqətə, mif
gerçəkliyinə inanırıqsa, deməli, onda, doğrudan
da, mif bizim bir parçamızdır, günümüzdür,
güzgümüzdür və ya biz mifin bir
parçasıyıq, bir günüyük, bir
güzgüsüyük...
Harada mif varsa, orada mənim
üçün maqnetik bir cazibə, düşüncə
cazibəsi var. Nədən ki, mif şüursuzluğun şəklini
çəkir, mənəvini sanki rentgen
işığında yoxlayır. Yəni miflərdə nələr
varsa, necə varsa, bizlərdə də onlardan var. Mif insan
oğlunun keçdiyi mənəvi sınaqdan, mənəvi
çillədən danışır. Mif instinktlərlə mənəvinin
aramsız və fasiləsiz konflikti, davası üzərində
qurulmuş bilgisəl hekayətlər toplusundan hörgülənir.
Mən elə bilirəm ki, mif elmdir, dindir, estetikadır, mif
fantaziyadır, gözəllikdir, qnoseologiyadır, etikadır. Və
eyni zamanda bunların heç biri deyil. Mif ideal və qüsur
arasında mövcud marşrut üzrə işləyir. Hər
dayanacaqda bunlardan birinin üzü görünür. Amma mənəvinin
qanunları, prinsipləri pozulanda elm elm olmur, gözəllik də
gözəllik. Çünki mənəviyə arxa çevirəndə
onu da itirirsən, bunu da. Tanrıya qarşı azacıq
sayqısızlıq kifayətdir ki, çərxi-fələyin
oyunları səni lazımsız bir kukla kimi kənara
tullasın. İnsan qürurlananda özünü tanrıya
tay tutur, tanrı olmaq iddiasında bulunur. Ona görə mifin
birinci etik tapşırığı: heç vaxt heç nə
ilə öyünmə, heç nə ilə qürrələnmə,
özünü tanrıya bərabər bilmə. İkinci
etik tapşırıq: nəfsin köləsinə
çevrilmə, yoxsa sonucda özünü yeyəcəksən
(birbaşa və məcazi mənada). Üçüncü
mühüm etik tapşırıq: kosmosu, harmoniyanı,
düzümü pozma, cəzasını həmən görəcəksən;
yəni atdığın daş bir vaxt mütləq
qayıdıb sənin özünə dəyəcək. Bu
tapşırıq-xəbərdarlıqların sayını,
nə qədər istəsən artırmaq, onları müxtəlif
variantlarda və versiyalarda yazmaq mümkündür. Məgər
bütün dinlərin ideyaları bu lokusdan
qaynaqlanmırmı?
İnsan öz instinktlərindən
qorxanda cılızlaşır, vəhşi olur, onları
cilovlamağı öyrənəndə dindar olur, tanrıya
inanır, yetkinləşir, instinktlərlə
zarafatlaşmağa başlayanda isə azad olur, kamil olur.
Miflər necə
yaranıb, məni maraqlandırmır. Yəni bu bizim bilə
bilməyəcəyimiz bir şey. Ləzzətlisi budur ki, miflər
bizim kimidir və bizlərə oxşayır. Və biz hələ
bilə bilməmişik ki, mif gerçəklikdir, yoxsa
gerçəklik mifdir? Kameranın tək inək gözü
ilə içinə hopdurduğu gerçəklik mifləşmirmi?
Səhnədə yapılan (yaşanılan, göstərilən,
oynanılan) həyat müasirliyi mifə çevirmirmi? Əslində,
mif bir rudiment qismində bilincaltında həmişə
mövcuddur: Ximera da, Bellorofont da, Kentavr da, Odissey də və
hətta Kassandra da orada uyuyur. Sadəcə, biz onları adbaad
tanımırıq və definisiya etmirik. Lakin elə ki, gəlib
çatırıq yunan mifologiyasına, şüursuzluğumuz,
bilincsizliyimiz bir məntiq qazanıb obrazlar cərgəsində
semantikləşir. Biz qədim yunan miflərini yuxu kimi
qavrayırıq, şüursuzluğumuzun həqiqəti kimi
qavrayırıq.
Elə buna görə də
humanitar elm dünyasında filosofun, filoloqun və bütün
teatr şünaslarının ilk sevdiciyi qədim yunan mifləri
olur və sonra... onlar bu miflərdən ömürlərinin
axırına kimi ayrıla bilmirlər. Professor Kamal Abdulla da, professor Rəhman Bədəlov da qədim yunan
miflərinə çoxdan
aşiq. Və nəticə də göz önündə: onların hər ikisinin yaradıcılığı
mifolojinin korpusunda təzahürə gəlir.
Nədən mən bu iki kimsəni
xatırladım? Məsələ
bu ki, Bakı
Slavyan Universiteti məni əziz tutub, mənə əla bir hədiyyə
göndərib. Bu əla
hədiyyə əla bir kitabdır ki, adı da
belə: "Qədim
Yunanıstanın mifləri
və əfsanələri".
Düz 31, ya da 32 il bundan
öncə mən həmin bu əsəri
rus dilində oxumuşam, müəllifini
də yadımda saxlamışam: Kun Nikolay
Albertoviç; bolşeviklər
inqilabından əvvəlki
Rusiyanın dəyərli
fikir işçilərindən
biridir, şübhəsiz.
Onun kitabı rus dilində birinci dəfə
1914-cü ildə nəşr
olunub; sonra bir də, daha
sonra bir də... Təbii ki, qədim Yunanıstanın mif və əfsanələrinə
filosofların, filoloqların,
teatr sənətçiləri
və şünasların
böyük ehtiyacı,
geniş oxucu auditoriyasının azalmayan
marağı ucbatından.
Dünya mədəniyyəti
sistemində, hətta
postmodernizm müstəvisində
miflər hər zaman aktualdır. Yazırlar, araşdırırlar,
öyrənirlər, filmlər
(bədii, cizgi, elmi-populyar) çəkirlər,
tamaşalar hazırlayırlar:
amma doymurlar ki doymurlar, beyinləri
soyumur ki soyumur, gedib kanına çatmırlar
ki, çatmırlar. Yozumlar, çözümlər,
versiyalar tükənməzdir,
dolanbaclarla fırlana-fırlana
invariantlardan varianta doğru yol axtarışı isə cəlbedici və üzücü. Bu baxımdan
cənab Kunun kitabı mif qaranlığında gəzişməkdən
ötrü "primitiv",
köhnə, lakin çox etibarlı fənəri xatırladır.
N.A.Kun qədim yunan mifologiyasının hesabı, Y.E.Qolosovker isə onun ali
riyaziyyatı ilə məşğul olub, təqribən eyni bir zaman məsafəsində.
Ancaq mən deyə bilmərəm, onlardan hansı mənim üçün daha üstündür. Hər iki alim
nəhəngdir və
hər iki alimin rus fəlsəfi
və filoloji fikir tarixində yeri, mövqeyi müstəsnadır.
"Qədim
Yunanıstanın mifləri və əfsanələri" hələ
indi, XXI əsrin ilk onilliyi yekunlaşarkən, Azərbaycan
dilinə tərcümə edilib. Kimsə
həqiqətən sevinəcək,
kimsə rişxəndlə
bığaltı güılümsəyəcək.
Heç maraq etməyinə dəyməz:
ona da məqam
bulunur, buna da. Amma əsas
məsələ budur
ki, Bakı Slavyan Universitetinin "Filoloqun kitabxanası -
100" adlı proyekti
və onun bu silsilədən gerçəkləşdirdiyi növbəti
iş öz möhtəşəmliyinə görə
münasibətlər fövqündədir.
Niyəsi də bu ki, "Filoloqun
kitabxanası - 100" Azərbaycana
xidmət edir. Bir az gurultulu
səsləndi, ancaq eybi yox: doğrudan
doğan fikirdir. Çünki sənin, mənim, minlərlə tələbənin mütləq
gərəyi olacaq
"Qədim Yunanıstanın
mifləri və əfsanələri" artıq
azərbaycanca filoloqun
kitabxanasında rəfə
çıxıb birinci
sırada birinci yerdə dayanıb. Qədəmlərin mübarək,
ya kitab!!!
Özümüz
özümüzə zarafatla yanaşmasaq, ciddiyyətimiz
bütün xoş məramları söndürə bilər.
Mənim müəllimim
olmuş Niyazi Mehdi cənab Kun Nikolay Albertoviçə məxsus
monumental bir əsərin dilimizə çevrilməsilə
bağlı maraqlı bir fikir dilə gətirdi. Söylədi ki, "niyə bizə tərcümələr gərəkdir?"
sualına daha yeni cavablar axtarmaq
lazımdır. Əgər
tərcümələrlə biz ümid etsək ki, hansı dağ kəndindəsə
gələcəyin milli
filosofuna, tutalım, Kantın kitabı çatacaq və bu öz işini
görəcək - şans
azdır. O biri yandan, nisbətən yaşlı nəslin intellektuallarının az qala hamısı rusca alababat bilir. Bəs onda bu qədər
xərc çəkib
tərcümələri çap
etməyin xeyri nədir? Mənə elə gəlir ki, bizim dilimiz
çoxlu ağıllı
kitabların dili olmalıdır ki, ağıllı dil olsun. Ancaq iş
burasındadır ki, bir çox millətlər kimi bizim də bir
problemimiz var. Milli genofond ağıllı kitablar yazan insan məhsulunu yetərincə vermir. Bu halda başqa millətlərin ağıllı
kitablarının dilimizə
çevrilməsi kompensasiya
işini görür...
Niyazi Mehdi haqlıdır. Çünki
Kunu və onunla bərabər qədim yunan mif və əfsanələrinin
qəhrəmanlarını azərbaycanca danışdırmaq,
ilk növbədə, dilimizin
məşqidir, azərbaycancanın
mükəmməlliyidir, onun
qapsadığı söz
və fikir hüdudlarını bir az daha uzaqlara
itələmək, bir
az daha genişləndirmək
cəhdidir.
Əsər azərbaycancaya bir qrup cavan mütəxəssis tərəfindən çevrilib: yəni hər adam kitabdan müəyyən bir bölməni, müəyyən bir fraqmenti tərcümə edib. Ona görə də dil baxımından kitabın ayrı-ayrı hissələri bir-birindən fərqlənir, hərçənd qüsurlar oxşardır. Təhkiyənin dilini müasir azərbaycancaya uyğunlaşdırıb, orijinalın dilini "dirildib", onu bir qədər çevikləşdirib hekayətlərə əlavə oxu ritmi, oxu dinamikası vermək də olardı. Mətnlərdə mümkün idi ki, "Allah" kəlməsi tanrı sözü ilə əvəzlənsin. Düzdür, mənə etiraz edib deyəcəklər ki, əgər islamda Allah Yaradanın ismi-şərifidirsə, Tenqri, yəni Tanrı da türk inanclarında və tapınaqlarında yeri ucalardan uca olanın adıdır. Əvəzində mən də söyləyəcəyəm ki, Allah daha çox və daha dəqiq definisiya olunmuş, konkretləşdirilmiş və dəqiqləşdirilmiş anlayışdır, müstəqim ünvanlıdır və bu kontekstdə "tanrı" sözü qədim yunan panteonunun müqəddəs sakinlərinə daha uyğundur və daha neytraldır. Bundan əlavə tərcüməyə dil ağırlığı gətirən məqamlar da qədərincədir. Yəqin bu da onunla izah edilir ki, tərcüməçilər ruscanı azərbaycanca ilə müqayisədə aşırı mükəmməl biliblər: ruscanı aktiv eşidiblər, azərbaycancanı yox.. Sadəcə, mən bu fikri kobud və başqa cür demək istəmədim. Axı kitabı rus dilindən çevirənlərin böyük əksəriyyəti xanımlardır! Qısası, "Qədim Yunanıstanın mifləri və əfsanələri" əsərinin ruscadan dilimizə tərcüməsində bir xeyli xəta var. Amma bu, heç də eyib sayılmaz. Çünki qədim yunan mədəniyyətinin mənimsənilməsi istiqamətində görülmüş işlərin ənənəsi yetərincə deyil.
Hərçənd mən
bu məqaləni qüsurları şişirdib,
gözə soxmaq üçün yox, kitabı qutlamaq, böyük bir universitetin milli mədəniyyətimizdən ötrü
gördüyü fundamental bir işi öymək
xatirinə yazdım. Dünyalarca tanınmış
riyaziyyatçı A.Puankarenin
əla bir cümləsi var, şəxsən mənim ürəyimcədir. Həmin
o bir cümlə təqribən belədir:
"Təbiətin qanunlarını
biz ona görə yaradırıq ki, düşüncələrimizin "rahatlığı" təmin
olunsun". Qədim yunan miflərini biz ona görə sistemləşdirib öyrənirik
ki, antik mədəniyyətlərin qutsal
qapılarını açmaqda
çətinlik çəkməyək.
Və sonda: mif postmodernizm (və hətta post-post modernizm) dönəmində də canlılığını itirmir, onun gündəliyində mobilcəsinə yaşayır və özünü sitatlaşdırmağa, kollaja çevirməyə icazə verir. Çünki postmodernizmin özü mifdir, müasirliyin axirəti haqqında ədəbi-bədii mif. Yəni mif mifə qovuşur, əjdaha öz quyruğunu dişləyir və dövrəni qapadır.
Aydın TALIBZADƏ