"Yeni proqram testlərlə işləmək müəllimlərdən daha yüksək səviyyə tələb edir"

 

MƏLEYKƏ ABBASZADƏ: "TQDK-nın KEÇİRDİYİ QƏBUL İMTAHANLARI ƏN İSTEDADLI VƏ ALİ MƏKTƏBLƏRDƏ OXUMAĞI BACARACAQ GƏNCLƏRİ SEÇMƏK MƏQSƏDİ DAŞIYIR"

 

UNESCO və Dünya Bankının ekspertləri tərəfindən çoxillik təcrübə və elmi təhlillər əsasında müəyyənləşdirilmiş "Yaxşı imtahan sisteminin xarakteristikası"na aid olan standartlar əsasında Azərbaycanda qəbul imtahanları, eləcə də biliyin qiymətləndirilməsi sisteminin müqayisəli təhlilinə həsr olunmuş sonuncu müsahibəni təqdim edirik. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə xanım Abbaszadə ilə bu dəfəki söhbətimiz "Yaxşı imtahan sisteminin xarakteristikası"na daxil olan sonuncu - beşinci bölməylə bağlıdır. Bu bölməyə əsasən, yaxşı imtahan sisteminin xarakterik cəhəti "Məktəbin fəaliyyətinə faydalı təsiri" ilə ölçülür və təhsildə qiymətləndirmə üzrə beynəlxalq ekspertlər həmin bölmə üzrə qəbul olunmuş standartların təsvirini bu cür ümumiləşdiriblər: Ümummilli imtahan sistemi yaxşı öyrətmə və öyrənmə fəaliyyətinə stimul yaratmalıdır, müəllimlərə sistemli surətdə informasiya yardımı göstərməlidir.

Bu zaman nəzərə alınan göstəricilər isə bunlardır: İmtahan yüksək səviyyəli təfəkkür bacarıqlarının inkişafına ruhlandırmalı və faktların yadda saxlanmasını önə çəkməməlidir; İmtahan praktik fəaliyyət bacarıqlarının, məsələn, dinləmə və danışma (dillər), praktiki bacarıqlar (təbiət elmləri), yaradıcılıq (musiqi, dram, incəsənət) qabiliyyətlərinin inkişaf etdirilməsinə kömək edir; İmtahanın gərginliyi qeyri-idrak bacarıqlarının (məsələn, fiziki, estetik qabiliyyətlərin) inkişafını heç də istisna etmir; Müəllimlər və digər maraqlı tərəflər (məsələn, dərslik şuraları) üçün fənlər (mövzular) üzrə yüksək keyfiyyətli icmallar müntəzəm olaraq çatdırılır.

- Məleykə xanım, beynəlxalq standartlara görə, imtahan yüksək səviyyəli təfəkkür bacarıqlarının inkişafına ruhlandırmalı və faktların yadda saxlanmasını önə çəkməməlidir. Rəhbərlik etdiyiniz Komissiya tərəfindən keçirilən imtahanlarda bu tələblər nə dərəcədə nəzərə alınır?

- Orta məktəblərimizdə bu məsələ ilə bağlı acınacaqlı bir tendensiya var. Biz öncədən abituriyentlərə elan edəndə ki, imtahanda hansı tipli suallar olacaq, təəssüf ki, onda bəzi müəllimlər həmin tipdə olan sualları abituriyentlərə əzbərlətməyə başlayırlar. Xatırlayırsınızsa, TQDK 2001-ci ildə test bankını açıq şəkildə çap etdi. Bunu etməkdə məqsədimiz müəllimlərə kömək idi. Çünki həmin dövrdə orta məktəb müəllimlərinin əksəriyyəti testin nə olduğunu bilmirdi. Test bankını çap etdiyimiz dövrdən 8 ilə yaxın vaxt keçib artıq o testlər öz aktuallığını itirib. Həmin testlərin heç biri qəbul imtahanlarına salınmır. Ancaq buna baxmayaraq müəllimlər öz işlərini müəyyən qədər asanlaşdırmaq üçün qəbul imtahanlarına hazırlaşan uşaqları məcbur edirlər ki, 2000-ci ildə çap edilən bankın suallarını əzbərləsinlər. Onlara deyirlər ki, imtahanda bu suallar düşəcək. Bax, çap olunan həmin materiallardan bir çox orta məktəb müəllimlərimiz düzgün istifadə etməyiblər. Biz buna təəssüflənirik, ona görə ki, müəllimlərə kömək məqsədilə çap edilən test bankları aktuallığını itirməsinə baxmayaraq, hələ dərs vəsaiti kimi təqdim edilir. Onu da bildirim ki, biz bankla yanaşı orta məktəb proqramlarına aid olan ayrı-ayrı vəsaitləri çap edirik. Əgər biz 1992-ci ildən bu yana imtahana düşən testləri çap etsək onları müzakirəyə çıxarıb müqayisəli təhlil aparsaq, onların məzmun, forma məqsədinin dərəcədə dəyişdiyini görərik. Biz belə bir müzakirə müqayisəli təhlil aparmağa hazırıq. 1992-ci ildən bəri imtahana düşən testləri çap etmək niyyətindəyik. Qoy müəllimlər görsünlər ki, bu illər ərzində testlərin forması məzmunu necə dəyişib. Ancaq çox vaxt müəllimlər yeni növ testlərin proqrama daxil edilməsini istəmirlər. Onlar hesab edirlər ki, yeni testlərlə yox, onlar üçün məlum olan testlərlə, köhnə materiallarla işləmək daha asandır. Yeni proqram testlərlə işləmək müəllimlərdən daha yüksək səviyyə müəyyən mənada yeniliklər tələb edir. Artıq xeyli vaxtdır ki, biz çox ciddi araşdırmalar aparırıq, açıq testlərin tədqiqi ilə məşğul oluruq. Bununla əlaqədar materiallar hazırlayırıq. Açıq testlər belədir ki, yalnız sual təqdim olunur cavabı yazılı surətdə vermək tələb edilir. Ümidvaram ki, biz qarşıdakı illərdə müəyyən kütləvi şəkil daşımayan imtahanlarda belə açıq testlərdən istifadə edə biləcəyik. Biz bu prosesə artıq iki ildir ki, hazırlaşırıq. Ola bilsin ki, sentyabr ayında bu növ testlərin tətbiqi ilə əlaqədar geniş müzakirələr keçirək. Bununla da biz əzbərçiliyin bir növü olan testlə imtahana hazırlaşmağın qarşısını almaq niyyətindəyik. Bilirsiniz ki, biz ali məktəblərin magistratura pilləsinə qəbul imtahanlarında müəyyən ixtisaslar üzrə inşa (esse) yazdırırıq. Bunu gələcəkdə ali məktəblərin bakalavr pilləsinə qəbul imtahanlarında da tətbiq etmək fikrindəyik. Ancaq əvvəlcə müəyyən növ imtahanlarda tətbiq edəcəyik. Əgər bu sistem özünü doğrultsa, onda gələcəkdə bu, bütün növ imtahanlarda tətbiq ediləcək. Amma yazılı sualların avtomatlaşdırılmış şəkildə yoxlamasını həyata keçirmək bir qədər mürəkkəb bir prosesdir. Ona görə biz bu işi bir az gec həyata keçirəcəyik. Hazırda isə sözügedən işlər üzrə mütəxəssislər tərəfindən araşdırma tədqiqatlar aparılır.

- Necə düşünürsünüz, imtahan praktik fəaliyyət bacarıqlarının, məsələn, dinləmə və danışma (dillər), praktiki bacarıqlar (təbiət elmləri), yaradıcılıq, (musiqi, dram, incəsənət) qabiliyyətlərinin inkişaf etdirilməsinə kömək edir?

- Bəzi ali məktəblərə qəbul zamanı tələb olunan ixtisaslar üzrə xüsusi qabiliyyət imtahanları keçirilir. Bu qabiliyyət imtahanlarının məzmunu, onlara aid olan normativ sənədlər ildən-ilə təkmilləşdirilir və hər il çap olunur. Qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentin əvvəlcədən qiymətləndirmə meyarlarını, tapşırıq nümunələrini, normativləri bilməsi çox vacibdir. Biz bu istiqamətdə çox ciddi işlər aparırıq. Yaradıcılıq tələb edən ixtisaslar üzrə xüsusi seminarlar keçiririk. Ekspertlərlə birgə çox ciddi işlər aparırıq. Burda bizim əsas məqsədimiz subyektivliyi aradan götürmək deyil, məqsəd istedadı olan uşaqların öz bacarıqlarını nümayiş etdirmələrinə mane olmamaqdır. Yeni "Təhsil qanunu"nda nəzərdə tutulub ki, beynəlxalq müsabiqələrin qalibləri qabiliyyət imtahanı vermədən ali məktəbə qəbul olunsun. İndiki qəbul qaydaları dünya, Avropa çempionlarının qabiliyyət imtahanı vermədən Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olmalarına imkan yaradır. Ancaq müxtəlif idman növləri üzrə dünya və Avropa çempionları Tibb Universitetinə daxil olmaq istəsələr, onda gərək ümumi fənlərdən imtahan versinlər. Biz imtahan qaydalarını müəyyən edəndə çalışırıq elə şərait yaradaq ki, istedadlı uşaqlar öz istedadlarını göstərə bilsinlər.

- İmtahanın gərginliyi qeyri-idrak bacarıqlarının (məsələn, fiziki, estetik qabiliyyətlərin) inkişafını heç də istisna etmir.

- Biz çalışırıq, imtahan elə bir formada keçsin, prosedurlar elə aparılsın ki, heç bir gərginlik uşaqların öz bilik və bacarığını lazımi səviyyədə nümayiş etdirməsinə mane olmasın. Bu istiqamətdə çox ciddi işlər aparırıq.

- Müəllimlər və digər maraqlı tərəflər (məsələn, dərslik hazırlayan şuralar) üçün fənlər (mövzular) üzrə yüksək keyfiyyətli icmalların müntəzəm olaraq çatdırılması necə təmin olunur?

- Bu istiqamətdə biz kifayət qədər iş aparırıq. Çalışırıq ki, müəllimlərə və ictimaiyyətə imtahanla əlaqədar daha çox dərsliklər, vəsaitlər çatdıraq ki, onlar metodiki cəhətdən imtahan tələblərinə hazır olsunlar. Ancaq çox təəssüf ki, bəzən müəllimlər bu materiallardan düzgün istifadə etmirlər. Ona görə də biz sözügedən materialları çap etməklə yanaşı, orta məktəblərdə dərs deyən müəllimlərlə xüsusi, müxtəlif səpkili tədbirlər keçiririk. Hər il keçirdiyimiz regional müşavirələr buna əyani sübutdur. Həmin müşavirələrdə ayrı-ayrı bölgələrimizdən olan məktəb müəllimləri iştirak edirlər. Nazirlər Kabineti TQDK-nın regional bölmələrinin yaradılması ilə əlaqədar qərar qəbul edib və artıq bölmələrimiz vasitəsilə digər regionlardakı müəllimləri də bu müşavirələrə cəlb etmək niyyətindəyik. Müəllimlərə TQDK tərəfindən çap olunan materiallarla düzgün işləmək, tədris prosesində bu materiallardan istifadə qaydaları barədə məlumatlar çatdırılacaq. Bilirsiniz ki, Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəblərində çalışan müəllimlər TQDK tərəfindən təşkil olunan bütün elmi-metodiki seminarlarda yaxından iştirak edirlər. Biz bu il bölgələrdə yerləşən məktəblərin müəllimlərinin də elmi-metodiki seminarlarda iştirakını təmin edəcəyik. Hazırda ölkədə fəaliyyət göstərən bütün orta məktəblərdə kompyuterlər var. Məndə olan məlumata görə, müəllimlər müntəzəm olaraq təşkil edilən kompyuter kurslarına cəlb edilir. Onların çox hissəsinin kompyuter haqqında anlayışı var. Deməli, onlar bizimlə on-layn bağlantı ilə əlaqə qura bilərlər. Əgər onlar bizə müraciət etsələr, internet vasitəsilə özləri barədə ətraflı məlumat göndərsələr, şərtlərimizə cavab verdikləri təqdirdə biz onlarla sıx əməkdaşlıq edə bilərik. Eyni zamanda müəllimlər onları narahat edən problemlər barədə də bizə yaza bilərlər. Biz də onlara problemlərinin aradan qaldırılması istiqamətində müəyyən yardımlar göstərə bilərik. TQDK-da 3 mindən çox müəllim-ekspert haqqında məlumat bazası var. Onlar bizimlə mütəmadi olaraq çalışan, elmi-metodiki seminarlarımızda yaxından iştirak edən müəllimlərdir. Ancaq hazırda yüzminlərlə müəllim var və biz onları bu işə cəlb etmək istəyirik. TQDK ilə mütləq əlaqə qurmaq istəyən müəllimlər həm bölgələrdə fəaliyyət göstərən regional şöbələrimiz, həm də internet vasitəsilə bizimlə təmas yarada bilərlər. Bununla da bizim real seminarlarımızın bir analoqu olan virtual fənn seminarlarının yaranması mümkündür və biz buna texniki cəhətdən hazırıq. Amma əsas odur ki, müəllimlər buna razı və hazır olsunlar. Digər bir tərəfdən də müəllimlərin internetdən rahat və sərbəst şəkildə istifadə etmələri üçün orta məktəb rəhbərliyi tərəfindən şərait yaradılmalıdır. Bizimlə bu müəllimlər arasında əlaqələrin normal səviyyədə qurulması üçün şərait yaradılmalıdır. Biz də bu şəraitdən istifadə edib müəllimlərə yüksək səviyyədə metodiki kömək göstərə bilərik. Mən hesab edirəm ki, bizim orta məktəb müəllimlərimiz artıq buna hazırdır. Çünki müəllimlər yüksək ixtisaslı mütəxəssislərin iştirakı ilə keçirilən kompyuter kurslarında müntəzəm olaraq iştirak edirlər. Bu proseslər zəncirvari proseslərdir. Bu yaxınlarda Dünya Bankı və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə orta məktəblərin buraxılış imtahanlarına həsr olunan tədbir keçirilib. Mən də bu tədbirdə iştirak edirdim. Tədbirdəki xarici ekspertlər orta məktəblərin buraxılış siniflərində keçirilən imtahanları TQDK-nın qəbul imtahanları ilə müqayisə edirdilər. Sözügedən tədbir zamanı mütəxəssislər tərəfindən belə bir fikir səsləndi ki, 9-cü siniflərin imtahanında da testlərdən istifadə edilsin. Ancaq ekspertlərə izah edildi ki, orta məktəblərin buraxılış imtahanları şagirdlərin minimal biliyini müəyyənləşdirmək məqsədilə keçirilir. TQDK-nın keçirdiyi qəbul imtahanları isə ən istedadlı və gələcəkdə ali məktəblərdə oxumağı bacaracaq gəncləri seçmək məqsədi daşıyır. Bizim başlıca məqsədimiz seçməkdir. Ona görə də imtahanın məzmunu da fərqlidir. Yaxşıları seçmək üçün biz testdə çətin, məntiqi təfəkkürü yoxlayan suallar da daxil edirik. Amma şagirdlərin minimal biliyini yoxlamaq üçün çətin sualların verilməsinə ehtiyac yoxdur. Orta məktəblərin buraxılış imtahanında verilən cavablardan attestasiya formasında biliyin qiymətləndirilməsi aparılır. Mənim fikrimcə, orta məktəblərdəki buraxılış imtahanları testlər vasitəsilə yox, yazılı iş vasitəsilə aparılmalıdır ki, uşaqlar yazı qabiliyyətlərini itirməsinlər. Kütləvi imtahanlarda testlərdən istifadə daha səmərəlidir. Amma buraxılış imtahanlarının yazı işləri vasitəsilə aparılması daha məqsədəuyğundur. Mən bu yaxınlarda İsveçdə buraxılış imtahanının bir modeli ilə tanış oldum. İsveçdə orta məktəbdə bir pillədən digərinə keçmək üçün şagirdlər imtahan verirlər. İmtahanda öncə məktəb tərəfindən hər bir şagirdə məlumat kitabçası verilir. Bu məlumat kitabçasında müəyyən mətnlər, qrafiklər, cədvəllər, mətbuatda dərc olunan məqalələr toplanıb. Təbii ki, bütün bu qrafik, cədvəl, mətn və məqalələr hansısa bir mövzunu əhatə edir. Məsələn, qloballaşmaya, iqlimin dəyişməsi və sair. Bu mövzular həm qlobal, həm də lokal mövzular ola bilər. Şagirdlər bir dərs ərzində sözügedən kitabçadakı materiallarla tanış olurlar. Sonra bu kitabçalar onlardan yığılır və şagirdlərə bir həftə vaxt verilir ki, onlar özləri də bu materiallarla bağlı məlumatlar toplasınlar. Çünki onlara bu materiallar bir misal kimi təqdim edilir. Şagirdlərə imkan verilir ki, onlar sərbəst şəkildə mövzu ilə bağlı araşdırma aparsınlar. Müddət başa çatdıqdan sonra şagirdlərə yazılı iş və mövzu ilə bağlı suallar təqdim edilir. Əgər şagird doğurdan da mövzunu mənimsəyibsə, suallara tam cavab verə biləcək. Burada onlar suallara cavab verməklə yanaşı verilən məlumatı hansı səviyyədə dərk etdiklərini göstərirlər. Bir həftədən sonra isə yeni mövzu elan edilir və mövzu ilə bağlı şagirdlər sərbəst inşa yazırlar. Təsəvvür edin ki, bu şagirdlər üçün nə dərəcədə səmərəli imtahan ola bilər. Mən bunu bir misal kimi çəkirəm. Mən demirəm ki, Azərbaycanda da mütləq bu üsuldan istifadə edilməlidir. Hansısa ölkədən bir modeli götürüb onu Azərbaycanda olduğu kimi tətbiq etmək fikri ilə mən razı deyiləm. Hər bir cəmiyyətin öz mühiti, ənənələri var. Hər hansı bir modeli tətbiq etməzdən əvvəl bütün bunlar nəzərə alınmalıdır. İsveçin bu modelini Almaniya artıq öz təhsil sistemində tətbiq edir. Ancaq Azərbaycanda bu modeli olduğu kimi tətbiq etmək olmaz. Ancaq Azərbaycanın orta məktəblərinin buraxılış imtahanlarında tədricən yazılı işlərdən, açıq testlərdən istifadə olunmalıdır. Bu işi lazımi səviyyədə həyata keçirmək üçün biz müvafiq qurumlara öz tərəfimizdən həm texniki, həm metodiki köməyi göstərməyə hazırıq.  

 

  

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2009.- 10 iyul.- S.5.