Tanınmış ziyalı, professor Zahid Qaralovun 75 yaşı tamam olur
Bu gün görkəmli alim-pedaqoq və ictimai-siyasi xadim Zahid Qaralovun 75 yaşı tamam olur. Məncə, onu geniş təqdim etməyə ehtiyac yoxdur.
O, respublikamızın tanınmış ziyalılarından biridir.
Professor Z.Qaralovun elmi-pedaqoji, ictimai-siyasi fəaliyyəti olduqca maraqlı, həmçinin çoxşaxəli və əhatəlidir. Dərin mənalı və çox şərəfli ömür yolu keçən, həyatını bütövlükdə doğma xalqının maariflənməsinə sərf edən, Azərbaycan elminin və təhsilinin inkişaf etməsində müstəsna rolu olan, bir müəllim və pedaqoq kimi öz məktəbi, öz dəsti-xətti olan bu böyük şəxsiyyət hər cür tərifə və təqdirə layiqdir. Onun məktəbindən çıxan tələbələrin sayı yüzlərlədir. Bu gün onlar respublikamızın və digər ölkələrin müxtəlif yerlərində ləyaqətlə təmsil olunurlar.
Z.Qaralov bir çox elmi əsərlərin və samballı monoqrafiyaların müəllifidir. Onun son vaxtlar qələmə aldığı üç cildlik "Tərbiyə", həmçinin "İdeologiya və mənəviyyat" fundamental əsərlərini pedaqoqika tariximizdə mühüm hadisə kimi qeyd etmək lazımdır. Zahid müəllim dünya bina olandan bu yana insanlığın qarşılaşdığı çox mürəkkəb bir proses olan ideologiya, mənəviyyat və tərbiyə məsələlərini xalqımızın milli-mənəvi dəyərlərinə uyğun olaraq təhlil edib, demək olar ki, bu sahədə tam yeni mütərəqqi təlim yaradıb. Müasir düşüncə tərzinin formalaşması istiqamətində aparılan araşdırmalar, klassik və hazırki tərbiyə üsullarının vəhdəti, İslam dininin yüksək əxlaqi keyfiyyətlərinin tətbiqi, bununla da mahiyyətcə yeni, xalqımızın mentalitetinə uyğun tərbiyə mərhələsinin yaranması bu əsərlərin ana xəttini təşkil edir. Bu əsərlər uzun illər boyunca yad təsirlər nəticəsində tərbiyə metodologiyamızda yaranmış boşluğu aradan qaldırıb desək, heç də yanılmarıq.
Z.Qaralovun ictimai-siyasi fəaliyyəti də yüksək qiymətə layiqdir. Onun müstəqil Azərbaycan dövlətinin yaranması, dövlətçiliyimizin qorunması və inkişaf etdirilməsi sahəsində göstərdiyi xidmətlər əvəzolunmazdır. Zahid müəllim yenicə müstəqillik əldə etmiş Azərbaycan Respublikasının çətin günlərində, dövlətçiliyimiz təhlükə qarşısında qaldığı zaman əsl vətəndaşlıq nümunəsi göstərərək cəsarətli addımlar atıb, gənc dövlətimizin qorunması üçün əlindən gələni əsirgəməyib. O, öz arzusu ilə Naxçıvan Muxtar Respublikasının dövlət quruculuğunun və MR Ali Məclisinin sədri Heydər Əliyevin Müdafiəsi Komitəsinin sədri olanda da, Yeni Azərbaycan Partiyasının yaradılması və Heydər Əliyevin hakimiyyətə gəlməsi üçün məşhur 91-lərin lideri kimi ona müraciət edərkən də, dəfələrlə Naxçıvana gedərək Heydər Əliyevin yanında olarkən də Azərbaycanın gələcək taleyini düşünüb, ana vətəninə dərin sədaqət nümayiş etdirib.
Məlum hadisələr baş verdikdən sonra Azərbaycanda gedən ağır və mürəkkəb prosesləri əks etdirən "Hər dövrün öz kitabı var" və "Əbədiyyətə gedən yollar" kitabları müstəqil dövlətimizin ilk dövrünün salnaməsi kimi ölkəmizin tarixinə düşüb.
1999-cu ildə Z. Qaralovun 65 illik yubileyi münasibətilə onu təbrik edən Azərbaycan Respublikasının prezidenti H.Əliyev demişdi: "Mən Naxçıvanda olarkən yanıma gəlməyini, bir sıra məsələlər barəsində söhbət apardığımızı yaxşı xatırlayıram. O zaman - 1992-ci ildə mənimlə əlaqədar mətbuatda çıxan yazıların da yaxşı xatirimdədir. Mən bunları yüksək qiymətləndirirəm.
Biz həmişə bir yerdə olmuşuq. Bu gün də bir yerdəyik, gələcəkdə də bir yerdə olacağıq. Görüləcək işlərimiz çoxdur".
Bütün bunlar Azərbaycan prezidenti, ulu öndər H.Əliyevin Zahid müəllimin hər zaman səmərəli fəaliyyətinə və sədaqətinə verdiyi böyük qiymət idi.
Bu sədaqət indi də davam edir!
Z.Qaralov iki çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib, komissiya sədri olub.
Z.Qaralovun 70 illik yubileyində qələmə aldığım aşağıdakı şeirlə onu təbrik edirəm.
Yaranıb Tanrının xoş nəzərində,
Bar verən ağacdır, kökü dərində.
Bir müdrik yaşayır yer üzərində,
Adı və soyadı: Zahid Qaralov.
Ağlı-zəkasıdı dövləti,
Həqiqət - qayəsi, düzlük - amalı!
Ailə başçısı, el ağsaqqalı,
Atadı, babadı Zahid Qaralov.
Bənzər ömrü-günü yanar çırağa,
Mövqeyində bəlli, sözündə ağa.
Təpədən dırnağa, başdan ayağa,
Nur saçan ziyadı Zahid Qaralov.
Doğma məkanıdır hər yan, hər bucaq,
Vətənə, torpağa bağlıdır ancaq.
Yüz külək əssə də, nə aparacaq
Qranit qayadı Zahid Qaralov.
Dosta mehribandı, baş əyməz yada,
Ucalıq yaraşır yalnız bu ada!
Fani saydığımız qoca dünyada,
Əbədi dünyadı Zahid Qaralov!
Hacan Hacısoy