Müasir Azərbaycan səhiyyəsi gerçəkləşən xəyallar

 

1918-ci il may ayının 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi dövrdə vətənə bəxş etdiyi ən böyük töhfələrdən biri də həmin ilin iyun aynın 17-də Azərbaycanda ilk dəfə olaraq Səhiyyə Nazirliyinin yaradılması olub. Azərbaycanın ilk səhiyyə naziri Xudadatbəy Rəfibəyov ilk növbədə tibbi yardımın dövlət hesabına olması, yeni müalicəxana və tibb məntəqələrinin fəaliyyətə başlaması, əczaçılığa dair depoların fəaliyyət göstərməsi, yeni tibb avadanlıqlarının alınması haqqında qərarlar qəbul edib. Lakin peşəkar kadr qıtlığı yeni layihələrin həyata keçirilməsinə ciddi əngəllər törədirdi. Ona görə də bu ehtiyacı ödəmək məqsədilə 1919- cu ildə yaradılan və bu il 90 illik yubileyi qeyd edilən Bakı Universitetinin tibb fakültəsi XX əsrdə Azərbaycanda tibb təhsilinin bünövrəsini qoyan ilk ali tibb müəssisəsi kimi tarixə düşüb.

Bakı Universitetinin tibb fakültəsi təşkil edildikdən sonra Səhiyyə Nazirliyi sahəsində genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə zəmin yarandı, lakin bu da vəziyyətdən tam çıxış yolu olmadı, çünki o vaxtlar tibb fakültəsində dərslər bütün fənlər üzrə yalnız rus dilində tədris olunurdu. 1920-ci ilin aprel ayının 28-də Azərbaycan Xalq Cumhuriyyətinin XI "qırmızı" ordu tərəfindən beşikdə ikən boğulması bu məsələnin müsbət həllinin uzanmasına səbəb oldu. 11 ildən sonra - 1930-cu ilin iyun ayının 19-da Bakı Universitetinin tibb fakültəsi əsasında Azərbaycan Dövlət Tibb İnstitutunun yaradılması bu maneənin də tədricən aradan qaldırılmasına zəmin yarada bildi. XX əsrin 30-cu illərində Azərbaycanın həm səhiyyə, həm də tibb elmi, tibb təhsili sahələrində yaranan problemlərinin bütün ağırlıqlarını öz çiyinləri üzərinə götürən ən böyük səhiyyə mütəxəssislərindən biri Əziz Əliyev olub. Onun dövründə fəaliyyət göstərən möhtəşəm alimlərdən, səhiyyə təşkilatçılarından Mirəsədulla Mirqasımovun, Mustafabəy Topçubaşovun, Mövsüm Qədirlinin, Kamil Balakişiyevin, Cəlil Hüseynovun, Sona xanım Vəlixanın, Ümnisə xanım Musabəyovanın, Cahangir Abdullayevin, Məmmədəmin Əfəndiyevin, Fuad Əfəndiyevin, Hüseyn Əliyevin, İbrahim İsmayılzadənin, Tağı Tağızadənin, Kübra xanım Fərəcovanın, Bahadur Eyvazovun və onlarla başqa mütəxəssislərin səhiyyə və tibb təhsili sistemində eyni qətiyyətlə bir məqsədə - ölkənin səhiyyə və tibb təhsili sistemlərinin yaxşılaşdırılması məqsədinə birgə anlaşma, qarşılıqlı vəhdət şəklində xidmət göstərmələri bütün dövrlərdə təqdirəlayiq bir nümunə kimi qalacaqdır.

Əziz Əliyev dövründən sonra səhiyyədə yaranmış boşluq XX əsrin 70-80-ci illərində tam mənada dolduruldu. Bu dəfə səhiyyədə və tibb təhsili sistemində yaranmış belə bir boşluğun doldurulmasında avanqard rol oynayan professionallıq cəhətcə səhiyyə mütəxəssisi olmayan, lakin həkimlərə və səhiyyə işçilərinə sonsuz rəğbət bəsləyən, onlara olan böyük məhəbbətini hər zaman bəyan edən ulu öndər dahi Heydər Əliyev oldu. Milli lider Heydər Əliyev Azərbaycan səhiyyəsini, tibb elmi və tibb təhsili sistemini beynəlxalq aləmə çıxara bildi. O, mahir memarı, cəsarətli böyük xilaskarı olduğu Azərbaycanla birlikdə Azərbaycan səhiyyəsini, tibb alimlərini də dünyaya tanıtdırdı. Səhiyyə və tibb təhsili sistemlərinin maddi-texniki bazasının dünya standartları səviyyəsinə yaxınlaşdırılmasının ilk təşəbbüskarı və icraçısı uzaqgörən siyasətçi ulu öndər Heydər Əliyev oldu. 2001-ci ilin iyun ayının 4-də məhz böyük düha sahibi Heydər Əliyevin sərəncamı ilə iyun ayının 17-si Respublikanın tibb işçilərinin peşə bayramı günü elan edildi. XX əsrin ikinci yarısında Azərbaycan səhiyyəsinə, tibb elminə, tibb təhsili sisteminə göstərilən sonsuz diqqət və qayğının mərkəzində dayanan görkəmli şəxsiyyətlərdən biri də şübhəsiz ki, ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, uzun illər Azərbaycanın birinci xanımı missiyasını yerinə yetirən akademik Zərifə xanım Əliyeva olub.

Azərbaycan səhiyyəsinin, tibb elmi və tibb təhsili sisteminin inkişafı bu gün də uğurla davam etdirilir.Belə ki, gündən -günə inkişaf edən, bölgədə hər sahədə liderlik mövqeyinə yüksələn Azərbaycanın səhiyyə sistemində də əsaslı islahatlar aparılır. 1?-li şəhər xəstəxanasının yenidənqurma işlərindən sonra dünya standartlarına cavab verən möhtəşəm bir şəfa mərkəzinə çevrilməsi, regionda analoqu olmayan akademik Z.Ə.Əliyeva adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun ən müasir tibb avadanlıqları ilə təchiz edilərək istifadəyə verilməsi, ölkədə ilk dəfə olaraq çox vacib sayılan Talassemiya Mərkəzinin yaradılması, Mərkəzi Klinik Xəstəxananın müasir tipli ambulatoriyasının açılışı, Azərbaycan Tibb Universitetində tədrisin, müalicə işləri və elmi-tədqiqat işlərinin müasir tələblərə uyğun səviyyədə aparılmasına hərtərəfli cavab verən unikal Onkologiya və Stomatologiya klinikalarının müəllim və tələbələrin ixtiyarına verilməsi, ATU-nun Terapevtik Klinikasının tikintisinin başa çatmaq üzrə olması və Cərrahi Klinikasının tikintisinin davam etdirilməsi, bir sıra Elmi-Tədqiqat İnstitutlarında, xəstəxana və poliklinikalarda tikinti-təmir işlərinin aparılması bütün rayonlarda yeni səhiyyə ocaqlarının, Müalicə-Diaqnostika Mərkəzlərinin və s. tikilib istifadəyə verilməsi möhtərəm cənab prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində yeni layihələrin ardıcıl olaraq həyata keçirilməsinin bariz nümunələrindəndir. Bu növ vacib layihələrin yerinə yetirilməsində Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO- nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın göstərdiyi xidmətlərin ölçü spektri çox geniş və irimiqyaslıdır. Ümumiyyətlə ölkədə gedən böyük quruculuq işlərinin yerinə yetirilməsində, milli-mənəvi dəyərlərimizin beynəlxalq aləmdə layiqli yerini tutmasında, Qarabağ həqiqətlərinin, Xocalı soyqırımının bütün bəşəriyyətə olduğu kimi çatdırılmasında və bu yolda əməli tədbirlər görülməsində Mehriban xanım Əliyevanın dəsti-xətti özünün silinməz izlərini qoyur və xalqımıza başucalığı gətirir.

Son illərdə Azərbaycanda dünya standartlarına uyğun səhiyyə obyektlərinin tikilib istifadəyə verilməsi səhiyyədə kəndlə şəhərin arasındakı fərqin götürülməsi yolunda mühüm addımlardan birinə çevrilib. Təbii ki, belə modern səhiyyə müəssisələrində çalışa biləcək kadrların yetişdirilməsi prosesi ölkəmizin səhiyyə strukturlarının qarşısında duran əsas problemlərdən idi. Bu məsələ də artıq hazırda öz müsbət həllini tapmaqdadır. Belə ki, Azərbaycan Respublikasının səhiyyə naziri cənab Oqtay Şirəliyev ilə Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanovun qarşılıqlı işgüzar münasibətləri sayəsində ATU-nun gələcək məzunları olacaq gənclərin ixtisas bölgüsü zamanı ailə vəziyyəti ilə əlaqədar bəzi istisnalar olmaqla, onların demək olar ki, böyük əksəriyyətinin təyinatının rayonlara verilməsi, eləcə də orada internatura kursu keçmələrinə şərait yaradılması bu planın həyata keçirilməsinin icra üsullarından biri kimi dərk edilir.

Azərbaycan Respublikasının səhiyyə naziri cənab Oqtay Şirəliyevin bu ilin iyun ayının 17- də səhiyyə işçilərinin peşə bayramına həsr olunmuş tədbirdəki çıxışı hər birimizdə gələcəyə olan inam hisslərini bir daha möhkəmləndirdi. Doğrudur, cənab nazir bu nitqində səhiyyə sahəsində görülən möhtəşəm işlərin yalnız cüzi bir hissəsinə toxundu, ancaq onun real faktlara söykənən dəqiq və tutarlı məlumatları kəhkəşana açılan pəncərəni xatırlatdı. Bu pəncərədən Azərbaycanın bütün regionları, yerlərdə səhiyyə sahəsində görülən işlərə verilən qiymət ovuc içi kimi aydın göründü. Göygöldə istifadəyə verilən Mərkəzi Xəstəxananın açılışından sonra insanların keçirdiyi hissləri cənab nazir səmimi sevinc hissləri hopdurulmuş bir cümlə ilə belə ifadə etdi ki, Göygöllülər bu xəstəxanadakı şöbələri, təchizatı gördükdə gözlərinə inanmırdılar. Evlərinə gedib yenidən qayıdır, dəstə-dəstə gələrək bu gözəlliyə tamaşa edir və səmimiyyətlə deyirdilər ki, "Bu xəyaldır, yoxsa həqiqət?!" Belə duyğular təkcə Göygöldə yox, ölkənin bütün regionlarında hər dəfə yeni növbəti səhiyyə obyekti istifadəyə verildikdə səmimiyyətlə təkrarlanır. Bəli, bütün bunlar artıq xəyal yox, əsl gerçəklikdir. Bir vaxtlar bunlar bəlkə də xəyal kimi görünürdü. Ölkə prezidenti cənab İlham Əliyevin səhiyyəyə, tibb elminə, tibb təhsilinə göstərdiyi diqqət və qayğı xəyalları gercəkləşdirə bildi.

Səhiyyə Nazirliyinin bütün kollektivi sanki hikmət, şəfqət nizam-tərəzisində seçilmiş insanlardır. Belə birlik, belə məqsədyönlülük sivilliyin yüksəkliyindən xəbər verir. Qürur hissi keçirirsən ki, xalqımızın övladlarının sağlamlığı keşiyinin başında öz xalqını, millətinini sevməyi bacaran, yüksək mədəni səviyyəyə malik olan insanlar dayanır. Bir məqamı da etiraf etmək istəyirəm ki, səhiyyə işçilərinin peşə bayramı günündə səhiyyə nazirinin əmri ilə Fəxri Fərmana layiq görülməyim xəbərini eşitmək mənim üçün çox gözlənilməz olmuşdu. ATU-nun insan anatomiyası kafedrasında çalışdığm 40 il ərzində ilk dəfə idi ki, bu səviyyədə təltifə layiq görülürdüm. ATU-nun əməkdaşlarından professor Şərif Mahalovun və professor Surxay Hadıyevin əməkdar elm xadimi, professor Vasif Əsgərovun əməkdar həkim, professor Habil Muradovun əməkdar müəllim fəxri adlarına, professor Gülnarə Nəsrullayevanın Səhiyyə Nazirliyinin Fəxri Fərmanına layiq görülmələrinin Tibb Universiteti kollektivinin ürəyincə olması, iyunun 25-də ATU-nun Elmi Şura iclasında şuranın sədri akademik Ə.T.Əmiraslanovun təltif olunanları təbrik etdiyi zaman bir daha öz təsdiqini tapıb.

Səhiyyə işçilərinin peşə bayramı günü yəqin ki, hər kəsi duyğulandıran məsələlərdən birinin də kökə, milliliyə, adət-ənənələrə bağlılığın güclülüyünü görmək oldu. Kökə bağlılıq dedikdə ilk növbədə Respublika Səhiyyə Nazirliyinin, Bakı Universitetinin tibb fakültəsinin, eləcə də ATU-nun yaranma tarixləri, bu tarixlərin ilk illərində və bir qədər sonralar fəaliyyət göstərən Xudadatbəy Rəfibəyov, Mövsüm Qədirli, Əziz Əliyev, Mirəsədulla Mirqasımov, Mustafabəy Topçubaşov, Zərifə xanım Əliyeva, Kamil Balakişiyev, Fuad Əfəndiyev, Bahadur Eyvazov və başqaları kimi özlərini səhiyyənin problemlərinin həllinə həsr etmiş cəfakeş insanlar xatırlanır. Bu baxımdan tərəddüdsüz demək olar ki, hazırda Azərbaycan səhiyyəsində, Azərbaycan tibb elmi, tibb təhsili sahəsində Oqtay Şirəliyev, Cəmil Əliyev, Əhliman Əmiraslanov kimi obyektiv, milli duyğulu insanların fəaliyyəti bütün səhiyyə işçiləri, tibb personalı, professor-müəllim heyəti, tələbə-gənclər üçün əsl örnəkdir. Bəzən deyirlər ki, ideal insan olmur. Ancaq nisbilik nəzəriyyəsinin də müddəalarını əsas götürməklə inamla demək olar ki, ideal insanlar olub, var, bundan sonra da olacaqlar. Sadəcə onları vaxtında görmək, duymaq, hiss etmək lazımdır. Əgər biz indi keçən əsrin Əziz Əliyev dövründəki tibb işçilərinin xidmətlərini yüksək qiymətləndirib ucaldırıqsa, bu günümüzdə yaşayan şəxsiyyətlərin də gələcək nəsillərə örnək olacaqlarını elə indinin özündə haqlı olaraq deməkdən çəkinməməliyik, çünki burada heç bir pafos, heç bir mübaliğə yoxdur.

Fərəhli haldır ki, müasirləri olduğumuz indiki müstəqil Azərbaycanda da səhiyyənin, tibb elminin, tibb təhsili sisteminin sükanı etibarlı əllərdədir. Şübhəsiz ki, müasir Azərbaycanın səhiyyə işçilərinin, tibb təhsili sahəsində çalışan professor- müəllim heyətinin, görkəmli tibb alimlərinin arasında yaranan sıx birliyin yenilməzliyi ulu məqsəd sayılan dirliyə gətirib çıxarır ki, bundan da qazanan xalq olur, xalqın sağlamlığının təminatının etibarlı zəmanəti olur.

 

  

Mübariz ALLAHVERDİYEV,

ATU-nun mətbuat xidmətinin rəhbəri,

tibb elmlər doktoru

 

525-ci qəzet.- 2009.- 10 iyul.- S.4.