Xanəndə Sabir Novruzovun xatirəsi yad edilib
Muğam
ifaçılığı sənətimizin dəyərli
nümayəndələrindən biri, tanınmış xanəndə,
əməkdar artist Sabir Novruzovun dünən doğum
günü idi. Əgər ömür vəfa etsəydi, 65
illiyi qeyd olunacaqdı. Ancaq əfsuslar olsun ki, amansız
ölüm bu ilin ilk günlərində Sabir Novruzovu çox
sevdiyi sənətindən, doğmalarından, musiqi ictimaiyyətindən
və ifasının çoxsaylı vurğunlarından
ayırdı. 2009-cu il yanvarın 7-də bu mahir xanəndə
dünyasını dəyişdi. Əsl sənətkarların
ölümü yalnız cismani olduğu üçün
S.Novruzov da öz sənəti, ifaları ilə əbədi
bir ömür qazanıb və deməli, yenə də
yaşamaqdadır. Onun özünəməxsus ustalıqla
oxuduğu muğamlar və xalq mahnıları Azərbaycan
musiqi mədəniyyəti tarixində ayrıca yer tutaraq, bu
ifaların müəllifini unudulmağa qoymayacaq. Onun
ifaları fonotekaların seçmə nümunələrdən
ibarət fondlarında nadir yaradıcılıq nümunələri
kimi qorunub saxlanılır. Bu, hər zaman belə olacaq və
S.Novruzovun avazı hələ neçə-neçə yeni nəslin
zövqünü oxşayacaq.
S.Novruzov Azərbaycanın
hüdudlarından kənarda da xalq
mahnılarımızın, muğamların mahir
ifaçısı kimi məşhur idi. Güney Azərbaycanda
onun ifaları böyük həvəslə dinlənilirdi.
O, Azərbaycanın bir
sıra korifey xanəndələrinin layiqli
davamçılarından idi. "Qarabağ şikəstəsi",
"Zabul-Segah", "Çahargah" S.Novruzovun ifasında
xüsusilə heyranedici səslənirdi.
Səsindəki
lirik-dramaturji Ovqat dinləyicidə bu ifaçıya və
ümumən muğam sənətinə dərin rəğbət
yaradırdı.
Dünən onsuz qeyd
olunan 65 illiyində sənətkarın əziz xatirəsi
doğmaları, yaxınları, dostları, həmkarları və
muğamsevərlər tərəfindən bir daha böyük
ehtiramla yad edilib.