"Azərbaycan mətbuatı
tarixi" bu gün təqdim olunur
Bu gün "Şərq"
qəzetinin baş redaktoru Akif Aşırlının "Elm
və təhsil" nəşriyyatı tərəfindən nəşr
edilən "Azərbaycan mətbuatı tarixi"
(1875-1920)" kitabının təqdimat mərasimi olacaq. Tədbir
saat 11.00-da Atatürk Mərkəzində keçiriləcək.
Məlumat üçün qeyd edək ki, kitabda milli mətbuat
tariximizin mənbəşünaslığı, milli mətbuata
hazırlıq dövrü, "Əkinçi" ilə
başlanan yol, "Ziya" (Ziyayi-Qafqaziyyə), "Kəşkül",
"Şərqi-Rus", "Həyat",
"İrşad", "Füyuzat" kimi qəzet və dərgilər
mövcud elmi tədqiqat materialları, monoqrafiyalar və arxiv
sənədləri, memuar ədəbiyyatlarından istifadə
edilərək yenidən işlənilib. 295 səhifə həcmində
olan kitabda "Molla Nəsrəddin" jurnalistika məktəbi
ilə yanaşı, I Dünya Müharibəsi ərəfəsində
və illərində mətbuat, Haşım bəy Vəzirovun
yaratdığı mətbu orqanları ilə bağlı
yazılar əksini tapıb, bu nəşrlərin ideya-siyasi
istiqamətləri müəyyənləşdirilib.
Kitabın bir
bölümü Azərbaycan Xalq Cümhuriyyəti dönəmi
mətbuatına həsr edilib. Kitabda həmçinin milli mətbuat
nümunələrimizin ilk səhifələrinin şəkilləri
yerləşdirilib, bir bölümdə isə tarixi mətbu
irsimizin səhifələrindən hissələr dərc
edilib.
Kitabın təqdimat mərasimində
BDU-nun jurnalistika fakültəsinin müəllimləri,
tanınmış yazarlar, Mətbuat Şurası İdarə
Heyətinin üzvləri və jurnalist birliklərinin
nümayəndələri iştirak edəcəklər.
Xatırladaq ki, sonuncu dəfə
ikihissəli "Azərbaycan mətbuatı tarixi"
kitabı 1973-1974-cü illərdə çap edilib. Müəllif
35 ildən sonra bu sahədəki boşluğu doldurmağa
çalışıb. A.Aşırlının "Azərbaycan
mətbuatı tarixi" kitabı 500 tirajla nəşr olunub.
525-ci qəzet.- 2009.- 21 iyul.- S.3.