Akif Səməd
ayrılığı
BU DÜNYANI 45 YAŞININ TAMAMINA 16 GÜN QALMIŞ TƏRK EDƏN UNUDULMAZ ŞAİRİMİZİN 50 İLLİYİNƏ
O, iyulda dünyaya gəldi-əlli
il öncə. İyulda da dünyadan köçdü-
beş il bundan qabaq. Gəlişini İncə dərəsi,
Astanbəyli kəndinin Akifdən yaşlı insanları
xatırlayar. Ölümü-gedişi isə bizim gözlərimizin
qarşısında oldu. "Natəvan" klubunda, bir tədbidə
aparıcı idi. Danışırdı, şeirlər
deyirdi, heç zaman onun nitqi, danışığı bu qədər
səlis olmamışdı. Tədbir bitdi, o, hamıyla
görüşdü, elə bil, harasa tələsirdi və
pilləkənləri endi, aşağıda nəfəsini dərib
bir yuxarıya, göy üzünə baxdı. Elə bil, bu
yerdən, bu torpaqdan, bu adamlardan qaçmaq, göyə baş
almaq istəyirdi. Sonra küçəni keçdi və birdən...
Yarpaqlarım
yavaş-yavaş tökülür,
Öz-özümdən
aralanıb gedirəm.
Bir
bostanam, tağlarımı çor vurur,
Payızımdı,
uralanıb gedirəm.
Sona qalxmaz
buz bağlamış gölümdən,
Qız
asılmaz bəyaz çalan telimdən,
Aman fələk,
sənin qannı əlindən,
Dərd
sinəmdə sıralanıb gedirəm.
Ölüm
odu, oğlun-qızın olmaya,
Səndən
sonra, sazın-sözün qalmaya,
Dünya
silə, izin-tozun qalmaya,
Ölmürəm
ha, yaralanıb gedirəm.
Hər il iyulun 6-da Akifin
küçəni adlayıb səkiyə keçdiyini və
onda birdən-birə ürəyini tutub yerə
çökdüyünü xatırlayanda, ölümündən
xeyli əvvəl yazdığı, sanki həmin o
müdhiş günü gözləyən şeiri
pıçıldayıram.
Amma deyim ki, Akifin
şeirlərində Ölüm mövzusu təsadüfi
deyil, o, dörd şeirlər kitabının dördündə
də ölümdən, bu dünyanın faniliyindən
söz açıb. Özü də bu şeirlərdə həyatda
çox-çox uğursuzluqlara tuş gələn,
sarsılan, məyus olan, olmazın haqsızlıqlarla
üz-üzə gəlib çarəsizlikdən
ölümü intixab edən bir insanın fəryadları,
ah-nalələri ilə qarşılaşmırsan. Məsələ
başqa cürdür. Akif Səməd ölümə fəlsəfi
ahəng verən şairlərdən idi. Nəsiminin
"Dünya duracaq yer deyil, ey can, səfər eylə"
misrasını Akifin ölümlə bağlı
düşüncələri üçün bir açar
hesab eləmək olar. Ölüm, onun fikrincə, haqq
dünyasına qovuşmaq idi. Haqq dünyasına gedən yol
isə bir neçə mərhələdən keçir. Olsun
ki, sufilərə xas olan şəriət, təriqət, mərifət
və həqiqət mərhələlərini Akifin şeirlərində
tam və dolğun görməyək, amma hər halda onun
şeirlərini küllən nəzərdən keçirəndə
sufiyanə düşüncə tərzi ili
qarşılaşırsan. Mahiyyəti dərk eləmək,
başlanğıcdan sona - həqiqətə doğru gedən
yolu müəyyənləşdirmək, bu yolda bütün
maneələri dəf etmək, hətta ölümdən belə
çəkinməmək onun da şeirlərinin məğzinə
hopmuşdu. "Nəsimi olmadım, nəsibim olmadı"
deyirdi Akif Səməd, deməli, nəsimiliyə can
atırdı. Ancaq indi, Akif Səmədin şeirlərini necə
izah etməyimizdən, onları necə mənalandırmağımızdan
asılı olmayaraq, bu şeirlər müasir poeziyamızda
parlaq istedada malik olan bir şairin varlığından xəbər
verir. Bəli, varlığından... çünki, şair
ölürsə, şeirləri yaşayır və gün
kimi bir həqiqət var ki, onu da Akif Səməd şeirlərinin
birində belə ifadə edib:
Böyükdü,
sirri-xudadı,
Azadlıqdı,
qəfəsdi Söz.
Evdi,
saraydı, odadı,
canda
candı, nəfəsdi söz.
Sən, mən,
o - bizik əsgəri,
Bir
sözdən min bir səs gəlir,
Görür,
görünür, göstərir,
Nə
şəkildi, nə səsdi Söz.
Gah
yatırdar, gah oyadar,
Şeytandı,
küfrdü, ayadır,
Göylərdən
enib qayıdar,
Yerdə haqqa əvəzdi
Söz.
Akif Səmədin
müasir poeziyamızda özünəməxsus, bir kimsəyə
bənzəməyən şair fərdiyyətindən söz
açırıqsa, ilk növbədə, onun ənənəyə
möhkəm bağlı olduğunu qeyd etməliyik. Amma o, ənənəyə
novatorcasına yanaşırdı. Bir dəfə mən
qoşma, gəraylı yazan şairlərimizdən Hüseyn
Arifin, Məmməd Aslanın, Məstan Günərin,
Hüseyn Kürdoğlunun, Məmməd İsmayılın,
Ağamalı Sadiqin, Zəlimxan Yaqubun, Məmməd
İlqarın və Akif Səmədin təxminən eyni
mövzuda yazdıqları şeirləri yan-yana düzdüm.
Akifin poetik təfəkküründəki özünəməxsusluğu
çox aydınca hiss etdim. Deyim ki, adlarını çəkdiyim
bu şairlərin xalq şeiri formalarında çox gözəl
poetik nümunələri var. Amma onların heç biri poetik
səs etibarilə digərinə bənzəmir. (Çox təəssüf
ki, bu gün yüzlərlə şairin, sanki bir konveyerdən
çıxıbmış kimi, minlərlə
"qoşmaları", "gəraylıları"
düzü-dünyanı bürüyüb). Və Akif Səməd
də bu ünlü şairlərin sırasında öz səsini
qoruya bildi. Nədir bu fərdilik, Akif Səməd özünəməxsusluğu?
Məlumdur ki,
aşıq şeiri, xalq poeziyası zəncir kimi bir-birinə
bağlı bədii təsvir vasitələri üzərində
qurulub, dünyaya, həyata, gerçəkliyə münasibətdə
bəzən eyni motivlər əsrlər keçdikcə dəyişmir
(ola bilsin, hər dəfə bədii təfəkkür həmin
motivi müasirləşdirir", amma özül qalır). Məsələn,
klassik poeziyada və aşıq şeirində dönə-dönə
müraciət olunan dünya mövzusunu götürək. Akif
Səməd üçün dünya əbədi yox, müvəqqəti
dayanacaqdır ki, bu da sırf sufi düşüncəsidir. Sufi
düşüncəsinə görə, Allah iki dünya
yaradıb, maddi dünya, mənəvi dünya. Maddi dünya fəna,
mənəvi dünya isə bəqadır. Yalançı
dünya və haqq dünya... Akif Səməd deyəndə
ki: "Bir gəldim, nə gördüm, bir də nə verə,
Təzədən dünyada nə ölümüm var"
yaxud "Atan deyil, anan deyil, Dünya sənin nəyindi ki? Ağlama,
qarabığ oğlan, Dünya sənin nəyindi ki?"...
Bu, elə maddi dünyadan dördəlli yapışmayan, mənəvi
dünyaya can atan bir şairin düşüncələrindən
doğur. Akif Səməd insanlığın tarixini
düşüncənin, Sözün, zəkanın tarixi kimi
dərk edirdi. O deyirdi ki, "biz Küveyt kimi neftə,
pambığa deyil, Yaponiya, Almaniya... kimi beyin sərvətimizə
güvənməliyik".
Səksəninci,
doxsanıncı illərdə çox-çox şeirlərdə
"mən dərvişəm, mən sufiyəm, mən
ozanam" kimi xitablar eşidilirdi. Beləcə,
çağdaş poeziyada nam-nişanı, yer-məkanı
qeyri-müəyyən "dərviş" şairlərin
sayı durmadan artırdı. Məsələ onda deyildi ki, bu
şairlərin heç birinin dərvişlik fəlsəfəsi
ilə zərrəcə bağlılığı, əlaqəsi
yoxdu, əsas odur ki, onların xurcunundan alma yox, turş
alça, əzgil, göyəm çıxırdı,
"yahu" çağırsalar da, bu cır səslər,
turşumuş avazlar dərviş avazına
oxşamırdı. Amma etiraf edək ki, Akifin əksər
şeirlərində içindən gələn bir dərvişlik
ovqatı-bir sərgərdanlıq ruhu, Allahla, o sirri-xuda ilə
dərdləşmək ehtiyacından doğan bir duyğu
gördük.
Sən
kövrəlmə, ay atam,
Dözümə
yol gedirəm.
Nə
vaxtdı itib-batan
İzimə
yol gedirəm.
Yanmaq
yaraşır ömrə,
Qulam
Allahdan əmrə.
Nəsimi,
Yunis İmrə
Sözümə
yol gedirəm.
Daşda
bitən kolmuşam,
Öz-özümü
yolmuşam,
Özümdən
yol almışam,
Özümə
yol gedirəm.
Akif Səmədin
şeirləri öz dilinin saflığı, heyrətamiz təmizliyilə
də seçilir. Xalqdan gələn təbii yumor, idiomatik
ifadələr, atalar sözləri və məsəllər,
inanclar və hər şeydən əvvəl klassik
aşıq şeirinin solmayan, saralmayan bədii təsvir vasitələrinin
yeni məzmunla qaynayıb-qovuşması onun şeirlərində
duru çeşmədir. Əgər belə demək
mümkünsə, burada ozan şeiri mədəniyyətini və
estetikasını bütünlüklə izləmək olar. Akif
Səmədin poeziyası aşıq şeirinin keçib gəldiyi
yolun bəlkə də sonuncu bənd-bərəsi kimi
görünür. Doğrudur, bu yol hələ bitməyib, o
yola yeni, özü də cavan yolçular gəlir, amma Akif Səməd
o yola yeni bir iz sala bildi. Bu iz klassik aşıq şeiri ilə
XX əsr bədii təfəkkürünün
qaynağını əks etdirir. Baxın:
Bir
ömür yaşadıq qalsın ağlara,
Yarısı
ehtiyac, yarısı sərxoş.
Dastanlar
uydurduq qoca dağlara –
Çiçəyi
havalı, arısı sərxoş.
Dağlar
dözəmməyən dağlara dözdük,
Haqqı
özümüzdən qıraqda gəzdik,
Tufanlar
adladıq, dənizlər üzdük,
Birisi nəşəli,
anrısı sərxoş.
Müsəlman,
çay yatıb, çırman, yeri di,
Çınqıllı
yoxuşdu dırman, yeri di.
Bizim Azərbaycan
xırman yeridi,
Bildirçini
səydi, darısı sərxoş.
Bu şeirdə zahirən
klassik aşıq şeiri ilə bir bağlılıq
görmürsən, çünki məzmununda bu günün
həqiqətləri əks olunub. Amma diqqət yetirsəniz,
bu müasirlikdə klassikadan gələn bir nəsim əsməkdədir.
Demək istəyirəm ki, Akif Səməd də ustadı
Hüseyn Arif, gözəl şairlərimizdən Məstan
Günər, Məmməd İsmayıl, Zəlimxan Yaqub,
Ağamalı Sadiq kimi xalq şeirinin yeni bir mərhələyə
daxil olmasını, müasir poeziyanın çoxüslublu,
çoxtəmayüllü mənzərəsində
öncüllüyünü qorumasını təmin edən
şairlərdəndir.
İstedadlı qələm
dostum, tənqidçi xanım Bəsti Əlibəyli Akif Səmədin
keçdiyi ömür yolu barədə "İncə
"günahkarı" adlı bir kitab nəşr etdirib. Bəsti
xanım kitabının sonunda yazır: "Mövlana Cəlaləddin
Rumi bir izharında deyir: "İnsanlardan "Gerçək
dost hardadır?" - sordum. Dedilər: "Biz onun olduğu
yerə yol tapammadıq. Bir hürr şəxs tapdınmı,
ətəyindən yapış. Çünki hürr insan
dünyada çox azdı". Akif Səməd mənimçün
bəşərin həmişə ehtiyacında, təmənnasında
olduğu o hürr insanlardandı".
Mən Bəsti xanım
kimi deyə bilmərəm ki, Akiflə dost olmuşuq. Amma onu
deyə bilərəm ki, Akif Səməd mənim çox
sevdiyim şairlərdən idi. Ara-sıra Cavanşir Yusiflinin
yanına yollananda Akifi orda görürdüm. Çay
içirdik və onun şeirlərini dinləyirdik. Bir dəfə
çox ciddi şəkildə ona dedim ki, Akif, bütün
şairlər Qarabağ faciəsindən, yurd
yanğısından şeirlər yazırlar, bəs sən...
Cavab vermədi. Üç gündən sonra yenə
Cavanşirin otağında qarşılaşdıq. Keyfi
alaçarxda idi. Döş cibindən bir vərəq
çıxardı. Dedi ki, sənin "sifarişini" yerinə
yetirmişəm.
İçimizdə
boğuluruq,
Üzdə
hələ şeir yazırıq.
Ürəyimiz
quru budaq,
Sözdə hələ
şeir yazırıq.
Zaman
ötür, sular axır,
Qazanımız
köhnə paxır,
Düşmən
dağa bayraq taxır,
Düzdə hələ
şeir yazırıq.
Susuz
yanırıq, hər yan su,
Dağ
çayı, bulaq, uçansu,
Torpağı
itirib, hansı
Üzlə
hələ şeir yazırıq.
Adam olmaq qara baxtım,
Qara
baxtım, qızıl taxtım,
Qəbir
yerim - Qarabağım,
Gözlə,
hələ şeir yazırıq.
Bu şeir bu gün,
dünən Qarabağ faciəsindən söz açan ən
gözəl şeirlərlə bir sıraya qoyula bilər. Ya
o şeirlərin əvvəlincisi, ya da sonuncusu ola bilər. Elə
bunun özü də tüstüsü ərşə qalxan
bir şair ürəyinin yanğısı idi.
...Yenə həmin o günü - 6 iyulu xatırlayıram. 45 yaşının tamamına on altı gün qalırdı. Ölüm "bapbalaca Cahandar ağanı" (mən ona zarafatla belə müraciət edirdim) sıramızdan qoparsa da, ancaq elə buna gücü çatdı. Çünki Akif Səməd demişkən:
Eşq mərifətdən
anrıdı,
Aşiqə
yiyə tanrıdı.
Mərəkə
hələ sonradı,
Ölüm
ömrün sonu deyil.
Vaqif YUSİFLİ