Hamlet... Fuad Poladov... Zaur...

 

"TEATRIN eşidilməyən üçüncü zəngləri" silsiləsindən...

Hamlet - V.Şekspir "Hamlet" faciəsi. Müdrik gənc...

Fuad Poladov - Hamleti geyinən adam... (xalq artisti) İstedadlı gənc...

Zaur - Anar "Təhminə Zaur". Sevən gənc...

Aktyorlar. Onlar hər yeni obrazının rəngini, ruhunu, kədərini sevincini, günahını savabını öz varlığında Buqələmun kimi bulunduğu mövcudiyyətə uyğunlaşdıran sadə adamlardılar. Həddindən artıq, SADƏ. Lap elə, Fuad kimi...

Beləcə...

Onun ömür SV-si... Axtarıb internetdən tapdım ki, xalq artistidir. Fəqət, məni heç vaxt maraqlandırmadığı kimi, indi maraqlandırmır. O qədər xalq artisti var ki...

Ancaq... bilim... Sonra qarşıma uzun bir filmoqrafiyası çıxdı... 37 filmdə iştirak edib... Bunlar gözəl işlərdi, ancaq yenə maraqlanmadım... Mən ki, Fuad Poladovun filmlərini axtarmırdım... Bəs, mən axtaran hardadır?!. Bəlkə heç yoxdur?...

Fəqət...

Birdən Uran planeti ilə əlaqəli olan astroloji qatımda mənə isə qəribə bir xəbər gəldi. Mən Fuad Poladovu yox... Onun oynadığı üç obrazı çılğın, müdrik HAMLETİ, məsuliyyətsiz, bütün qadağalara tüpürüb sevən klişelərə ilişib qalan ZAURU, aktyorluğun "ilahi qat"ında korifey kimi gəzinən adamın FUADIN Poladovdan süzülüb gələn bəşəri faciəsindən yazmaq, onda məhrəm sirləri axtarmaq qərarına gəldim...

Yəni...

Mənim yazmaq istədiyim, içinə girib ilmə-ilmə axtardığım SİRLƏR var. Bunlardan birincisi FUAD POLADOV+HAMLET məxfiliyinin, gizliliyinin faş olunması, üzə çıxmasıdır.

Virtual məkanın dərinliyində gizlənmiş "vikipedia" adlı ensiklopediyada Fuadın Hamleti barəsində belə bir sətir gedir. "Teatrın dəvəti ilə Fuad Poladov 29 mart 2002-ci ildə Akademik teatrda Vilyam Şekspirin eyniadlı faciəsində Hamlet rolunu uğurla oynayıb".

HAMLET kimdir? Hərdən fikirləşirəm ki, bəlkə həqiqəti dərk etmək, bu dünyanın saxta pərdələrini cırmaq hamımıza nəsib olan deyil... Bu pərdələrin ardındakı həqiqəti anlamaq, neçə illərdir içində yaşadığın gerçəklikdən imtina etmək boşluqda hardansa yapışmağa yer axtarmağa bənzəyir. Hamletin həqiqəti bir az da o boşluğun içindəki, dayaqların, süni yapışmaq yerlərinin, parçalanması, yoxa çıxmasıdır. Doğurdanmı? Ziqmund Freydin "EDİP KOMPLEKSİ" mənim bu biçarə "Hamlet"imin kral əlbisəsinin boynundan yapışıb buraxmır.

hələ tapa bilmədiyim növbəti sual. Hamlet Ofelyanı monastıra yollayarakən orda onun paklanacağına doğurdanmı inanırdı?!. Mən inanmırdım. Heç indi inanmıram.

FƏQƏT...

Fuad Poladovun Hamleti bütün əzəməti, lənətlənmiş suallarla dolu tarixi ilə modern mifdir. Miflər "winzip" olunmuş sənədlər toplusudur. Fuad özündə hamletin bəşəri faciəsi ilə birlikdə insanlığın qadağan olunmuş suallarını da belə vinzip etdi, sıxdı... İndi bizə xalq artistimizin öz düşüncəsinin, dünyanı qavrama biçiminin köməyi ilə yaradılmış "HAMLET"i açmaq düşürdü.

Amma...

Yox... Məgər bütün qadağan olunmuş gizli sualların cavabları da qadağan olunmayıbmı?!. Elə isə, bu sirr olaraq qalacaq. Kimsə SİRləri, qadağaları aşa bilirsə, bax o, "NİTŞE" olur, O, "FÖVQƏLİNSAN" olur... Hamletin məhrəmliyinə bu qədər girib onu beləcə faş etmək bəlkə elə fövqəl insan olmağa doğru atılmış ilk addımdır?!. Bəlkə ... Kim bilir?

ANAR+FUAD POLADOV = ZAUR...

İndi isə EŞQdən danışaq. Bu yerdə adamın qəlbindən yunan miflərində ən sevdiyi tanrılardan biri "EROS"u çağırmaq istəyi keçir. Öncə, elə burdaca " liman"ından başlamış, "Beşmərtəbəli evin altıncı mərtəbəsinə" qədər gedib çıxan Təhminə Zaurun məhəbbəti bu məhəbbətdə Zaurun əzabları... Zaur mənə yazıq, çarəsiz ancaq bütün varlığı ilə sevən bir gənci xatırlatdı. Gəlin, Zauru evdəki maddi təminatdan asılılıq digər xırda söhbətlərə bulamadan, sadəcə Təhminəni sevməsinə nəzər salaq. Onun Təhminəsi azad yaşayan qadın kimi küçə fahişəliyinə çıxsaydı belə, Zaur onu sevəcəkdi... Ancaq Zaur sonda bütün tabulara qarşı mübarizə apara bilmədiyinə şərqlə qərbin arasında şərqi seçməli olduğuna görə məni təəssüfləndirdi... kədərləndirdi ağlatdı...

əlbətdə ki, Zaurun içində bir Anar kriptosu yatır ki, o da əbədi "vinzip olunmuş" modern mifdir. Sirdir... niyəsə bu SİRRin içində Anarın əzablarını, aça bilmədiyim məhrəm iztirablarını görürdüm...

Fuad Poladovun Zauru 24 yaşlı Fuaddır. Burda Sirr axtarmaq lazımdı, naməlum, gizli bir qat.

Anarın gənclik, sevgi "EROS" tanrısına olan münasibətinin toqquşmasının üstünə Fuadın məşhur yaraşıqlı aktyorun sevgi macəraları gəlincə bu biçarə Zaur yəqin ki, Təhminəni "Afrodita" kimi görürmüş... Bəlkə Zaur sadəcə sevirdi...

Əziz oxucular! Sonda "Təhminə Zaur"a görə ANARA, "Hamlet" faciəsinə (bu faciə deyil, insanlığın ən biabırçı komediyasıdır... Z.Q) görə V.ŞEKSPİRƏ, Zaurun Hamletin ruhlarını geyindiyinə görə FUAD POLADOVA təşəkkürlər...

Fəqət...

Düşündüm ki, virtual boşluqdan, dünya hörümçək torundan tapdığım kiçik bir mətni diqqətinizə çatdırım. Maraqlı olsa oxuyarsınız... Fuad Poladovun yaradıcılıq izləri...
   "Lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcıl sənətkarlarından biridir. İstedadının formalaşdığı bu üslubun çoxqatlı çalarlarına istinad edən aktyor fəlsəfi-dramatik faciə rollarını məharətlə oynayır. Fuad Ağarəhim oğlu Poladov 1948-ci il may ayının 24-də Bakıda doğulub. Sənətə 1966-cı ildə "İstintaq davam edir" filmində çəkildiyi Səlim rolu ilə gəlib. ADİİ-nin dram kino aktyorluğu fakültəsini bitirib (1967-1972). Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən Akademik Milli Dram Teatrında hazırlanan İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" pyesinin tamaşasında Savalan rolunu oynayıb. Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra Fuad Poladov teatrın aktyor truppasına daxil olub. İyirmi il bu kollektivdə işləyən sənətkar 1989-cu ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyorudur. Xalq artistidir. Fuad Poladovun səhnədə yaratdığı bütün obrazların taleyi ifa baxımından uğurlu olub. Aktyorun yüksək sənətkarlıqla oynadığı Rəhman, Valeh, Qədim, Mübarək Səltənə ("Mahnı dağlarda qaldı", "Qəribə oğlan", "Büllur sarayda" "Şeyx Xiyabani", İlyas Əfəndiyev), Cığatay ("Yağışdan sonra", Bəxtiyar Vahabzadə), Fərhad ("Məhəbbət əfsanəsi", Nazim Hikmət), Şahbaz bəy ("Müsyö Jordan dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə), Şöklü Məlik ("Torpağa sancılan qılınc", Nəbi Xəzri), Zaur ("Təhminə Zaur", Anar), Baron ("Həyatın dibində", Maksim Qorki) rolları yüksək bədii dəyərli səhnə surətləridir. Teatrın dəvəti ilə Fuad Poladov 29 mart 2002-ci ildə Akademik teatında Vilyam Şekspirin eyniadlı faciəsində Hamlet rolunu uğurla oynayıb. Fuad Poladov səhnədə düşünməyi, düşüncələrini fəlsəfi dəyərlərlə çatdırmağı, ən adi obraza da psixoloji ahəng verməyi bacarır. Fuad Poladovun səhnə plastikası ifa etdiyi obrazın psixoloji emosional duyğularına uyğun şəkildə dəyişir. Bu yaradıcılıq xüsusiyyətləri hər dəfə yeni ölçü-biçidə orijinal təqdimdə tamaşaçılara çatdırılır. Fuad Poladov obraza ictimai dəyər gətirməyi, ona psixoloji-sosial mahiyyət aşılamağı sevən bunu yüksək peşəkarlıqla öz oyununda realizə edən aktyordur".

 

 

Ziyad QULUZADƏ

 

525-ci qəzet.- 2009.- 22 iyul.- S.7.