Azərbaycanlı cazmen İsveçrədəki
müsabiqədə birincilik
qazanıb
İyulun
2-19-da İsveçrənin Montrö şəhərində
keçirilən Beynəlxalq
Caz Festivalı çərçivəsində təşkil olunmuş beynəlxalq müsabiqədə
Azərbaycanı təmsil
edən caz ifaçısı İsfar
Sarabski birinci yeri tutub. APA-nın məlumatına görə, Azərbaycan musiqiçilərinin festivalda
ilk konserti iyulun 15-də
"Şərq həzzi:
Azərbaycan" adı
altında keçirilib.
İyulun 15-də
"Montrö Caz Kafe"də Emil İbrahim və qrupu, iyulun
16-da həmin zalda Zülfüqar Bağırovun kvarteti
auditoriyanın alqışlarını qazanıb. İyulun
16-da başlanan yarımfinal iyulun 17-də 16 nəfərdən
5-nin iştirakı ilə davam edib. Həmin gün azərbaycanlı
İsfar Sarabskinin çıxışı dinlənilib.
İyulun 18-də keçirilən final mərhələsinin
nəticələrinə görə Azərbaycan cazmeni
İsfar Sarabski qalib elan olunub. Bütün münsiflərin
rəğbətini qazanan
20 yaşlı cazmenlə
birinci yeri bölüşən azyaşlı
gürcü pianoçusu
Beko Qoçiaşvili
isə yaşının
azlığına rəğmən,
belə bir formatda yarışmaya qoşulduğuna görə
təqdir olunub. Festival çərçivəsində keçirilən beynəlxalq
müsabiqədə ikinci
yerə alman musiqiçisi Frans fon Çossi, üçüncü yerə
isə isveçrəli
Klod Diallo layiq görülüb.
Azərbaycanın əməkdar
artisti Salman Qəmbərov öz qrupu - Vaqif Əliyev, Tofiq
Cabbarov, Emil Hüseynovla birgə iyulun 18-də gündüz
saatlarında "Pöttit Pale" otelinin konsert zalında
möhtəşəm konsert verib. Həmin gün "Şate
dö Şiyon" adlanan qədim qəsrdə Azərbaycan
yeməkləri və şirniyyatlarından, Azərbaycan geyimlərindən,
"Azərbaycan" fotostendindən və Əzizə
Mustafazadənin simasında Azərbaycan musiqisindən ibarət
ziyafət olub.