"Azərbaycan mətbuatı tarixi" kitabının təqdimat mərasimi keçirilib

 

Dünən Atatürk Mərkəzində "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlının "Elm və təhsil" nəşriyyatı tərəfindən nəşr edilən "Azərbaycan mətbuatı tarixi" kitabının təqdimat mərasimi keçirilib. Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin müəllimlərinin, tanınmış yazarların, Mətbuat Şurası İdarə Heyəti üzvlərinin və jurnalist birlikləri nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə millət vəkili Nizami Cəfərov açaraq yenicə işıq üzü görmüş tədqiqat əsəri barədə məlumat verib. O, öz tarixini bilməyən hər hansı bir sistemin uğurla irəliləməsinin qeyri-mümkün olduğunu diqqətə çatdıraraq bildirib ki, A.Aşırlının yeni kitabı milli mətbuat tariximizin, milli jurnalistikamızın inkişaf mərhələlərinin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir: "1875-1920-ci illəri əhatə edən tədqiqat əsərində milli mətbuat tariximizin mənbəşünaslığı, milli mətbuata hazırlıq dövrü, "Əkinçi" ilə başlanan yol, "Ziya" (Ziyayi-Qafqaziyyə), "Kəşkül", "Şərqi-Rus", "Həyat", "İrşad", "Füyuzat" kimi qəzet və dərgilər, habelə mövcud elmi-tədqiqat materialları, monoqrafiyalar, həmçinin arxiv sənədləri və memuar ədəbiyyatlarından istifadə edilərək yenidən işlənilib. 295 səhifə həcmində olan kitabda "Molla Nəsrəddin" jurnalistika məktəbi ilə yanaşı, I Dünya Müharibəsi ərəfəsində və illərində mətbuat, Haşım bəy Vəzirovun yaratdığı mətbu orqanlarla bağlı yazılar əksini tapıb, bu nəşrlərin ideya-siyasi istiqamətləri müəyyənləşdirilib". Millət vəkili tədqiqat əsərində Azərbaycan Xalq Cümhuriyyəti dönəmi mətbuatına həsr olunmuş ayrıca bölümün də yer aldığını bildirərək qeyd edib ki, "Azərbaycan mətbuatı tarixi" kitabı sadəcə tədqiqatçılar üçün deyil, eyni zamanda jurnalistika fakültəsində ali təhsil alan və hazırda jurnalist kimi fəaliyyət göstərən gənclərimiz üçün də çox dəyərli bir vasitədir.

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid milli mətbuat günü ərəfəsində silsilə tədbirlərin keçirildiyini qeyd edərək, Akif Aşırlının "Azərbaycan mətbuatı tarixi" kitabının təqdimatını belə tədbirlərin ən önəmlilərindən biri hesab edib. O, Azərbaycan jurnalistikasının təşəkkül tapdığı dövrü tədqiqat etmək cəsarətinə görə müəllifin xüsusi hörmətə layiq olduğunu bildirib, qeyd edib ki, mətbuat tariximizin əks olunduğu qiymətli vəsait jurnalistika sahəsində ali təhsil alan tələbələr üçün dərs vəsaiti kimi də istifadə edilə bilər: "Kitabda milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin 1875-ci ilin iyul ayının 22-də nəşr etdirdiyi "Əkinçi" qəzetindən tutmuş 1920-ci ilə kimi Azərbaycanda işıq üzü görən mətbuat orqanlarından geniş bəhs olunub. Tədqiqatçı öz əsərində həmin dövrlərdə Azərbaycanda mətbuat sahəsində çalışan insanlar arasındakı məfkurə fərqindən söz açıb, ölkəmizin gələcəyini necə görmək baxımından onların bir-birinə münasibətini əks etdirib. Ümumiyyətlə, bu kitab bütün jurnalistlərə dəyərli töhfə olmaqla yanaşı, milli mətbuat günündə ən qiymətli hədiyyədir".

Professor Cahangir Məmmədli "Azərbaycan mətbuatı tarixi"nin BDU-nun jurnalistika tarixi istiqamətindəki tədris proqramı əsasında hazırlandığını diqqətə çatdırıb. Qeyd edib ki, eyniadlı kitab ilk dəfə Nəriman Zeynalov tərəfindən hazırlanıb. Lakin həmin dövr sovetlər birliyinə təsadüf etdiyindən milli mətbuat tariximiz obyektiv şəkildə tədqiq olunmayıb: "Sonuncu dəfə ikihissəli "Azərbaycan mətbuatı tarixi" kitabı 1973-1974-cü illərdə çap edilib. Əvvəlki mətbuat tarixi dərsliyi bəzi ideoloji xüsusiyyətləri özündə əks etdirdiyi üçün müasir dövrümüzün tələbləri ilə üst-üstə düşmürdü. Dövlət müstəqilliyimiz əldə edildikdən sonra elmi və metodiki nailiyyətləri özündə əks etdirən, hər hansı ideoloji təsirdən uzaq olan mətbuat tarixi dərsliyimiz yazılmayıb. Ona görə də bu sahədə bir boşluq yaranıb. A.Aşırlı 35 ildən sonra bu sahədəki boşluğu doldurmağa çalışıb. Bu sahədə yeni tədqiqat əsəri yaratmaqla bu boşluğun aradan qaldırılması istiqamətində ən dəyərli addım atıb. İnanıram ki, elmi-publisistik üslubda yazılan bu kitab jurnalistika fakültəsinin tələbələrinə, praktik jurnalistlərə və reportyorlara çox böyük kömək edəcək".

 BDU-nun jurnalistika fakültəsinin müəllimi Akif Rüstəmov təqdimatı keçirilən kitaba çoxdan ehtiyac duyulduğunu bildirib. Jurnalistika sahəsində çoxsaylı kitabların yazıldığını diqqətə çatdıran natiq, A.Aşırlı tərəfindən qələmə alınan "Azərbaycan mətbuatı tarixi"nin ilk sistemli tədqiqat əsəri olduğunu vurğulayıb: "Sovetlər birliyi zamanı belə bir kitab yazılsa da, müasir dövrümüzlə səsləşmədiyi üçün xüsusi maraq doğurmur. Yeni tədqiqat əsəri isə müstəqillik tariximizə, mətbuat tariximizə yeni baxışdır. Ümumilikdə mətbuat işçiləri üçün dəyərli vəsaitdir".

 Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı "Azərbaycan mətbuatı tarixi" kitabını yüksək qiymətləndirərək, müəllifdən sovet mətbuat tariximiz və müstəqillik dönəmindəki mətbuat tariximiz barədə də yeni tədqiqat əsərləri yazmağı xahiş edib.

 Kitabın təqdimat mərasimində millət vəkili Aqil Abbas, BDU-nun jurnalistika fakültəsinin dekanı Yalçın Əlizadə, "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz, yazıçı jurnalist Xeyrəddin Qoca, tarix elmləri doktoru Musa Qasımov, professor Həmid Vəliyev və başqaları da yeni tədqiqat əsərinin əhəmiyyətindən danışıblar.

 Tədbirin sonunda "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı çıxış edərək mərasim iştirakçılarına minnətdarlığını bildirib.    

 

 

Rufik İSMAYILOV

 

525-ci qəzet.- 2009.- 22 iyul.- S.3.