"Qafqazda türk mətbuatının tarixi haqqında materiallar" işıq üzü gördü

 

Dünən Mirzə Şərif Mirzəyevin "Qafqazda türk mətbuatının tarixi haqqında materiallar" kitabının təqdimat mərasimi keçirildi. "Akkord" şirkətlər qrupunun maliyyə dəstəyi ilə çap olunmuş kitab Azərbaycanın senzura tarixindən bəhs edir . Milli Elmlər Akademiyasının əməkdaşı Elmira Qasımova söylədi ki, kitab ilk dəfə 1925-ci, daha sonra 1930-cu ildə çapa hazırlansa da , müxtəlif səbəblərə görə bu, baş tutmayıb. "Uzun illərdən sonra isə AMEA-nın müxbir üzvü Əziz Mirəhmədov, daha sonra mərhum jurnalist Məmməd Nazimoğlu kitabın nəşr olunmasına çalışsa da, onların da səyləri heç bir nəticə verməyib. 85 il ərzində müxtəlif insanların arzusu olsa da, bu kitabı tərtib etmək bizə qismət oldu. Kitab Azərbaycanda mövcud olmuş ilkin senzuranın xüsusiyyətlərindən, onun mətbuata, söz azadlığına vurduğu zərbələrdən bəhs edir. Kitab Söz Azadlığını Müdafiə Fondunun dəstəyi ilə nəşr olunmalı idi. Lakin fond işini dayandırdıqdan sonra bu öhdəliyi "Akkord" şirkətlər qrupu öz üzərinə götürdü".

"Akkord"un mətbuat xidmətinin rəhbəri Afaq Quliyevanın sözlərinə görə, mətbuat günündə jurnalistikamızın tarixinə işıq salan belə bir kitabın nəşri bütün jurnalistlər üçün hədiyyə oldu. "Kitab bizə təqdim olunanda rus dilində idi. Vaxtın azlığı kitabın Azərbaycan dilinə tərcümə olunmasına imkan vermədi. Lakin çox yaxın gələcəkdə kitab Azərbaycan və ingilis dillərinə də tərcümə olunacaq. Kitabın ingilis dilinə tərcümə edilməsi onun daha geniş auditoriyada yayılmasına səbəb olacaq".

BDU-nun professoru Şamil Vəliyev çıxış edərək bildirdi ki, Mirzə Şərif Mirzəyevin bu kitabı milli jurnalistika tariximizin elmi-tarixi mənzərəsini obyektiv müəyyənləşdirən qaynaq kimi çox əhəmiyyətlidir. "M.Ş.Mirzəyev Çar Rusiyası dövründə Qafqaz Senzura Komitəsində 13 il baş senzor işləyib. Məhz buna görə həmin dövrün mənzərəsini ondan dəqiq heç kim açıqlaya bilməzdi. Kitab senzor təhdidləriylə üzləşən Azərbaycan mətbuatının tarixinə fərqli və obyektiv baxışdır. Kitabda mətbuatın susdurulmasında, demokratik və milli dəyərlərin yayılmasına qadağalar qoyulmasında senzuranın amansız rolundan söz açılır. Əsərin əsas istiqamətləri milli kimliyimizi müəyyənləşdirmək baxımından xüsusən dəyərlidir. Həmin ərəfədə ermənilər senzura idarəsinə rəhbərlik edirdilər. Azərbaycanda nəşr olunan hər bir yazı haqqında ardıcıl-sistemli məlumat Tiflisdə oturan Qafqazın Baş canişininə verilirdi. Dövrün mənzərəsinə nəzər yetirsək M. Ş. Mirzəyevin senzor kimi fəaliyyət göstərdiyi dövrdə onun qarşılaşdığı çətinliklər aydın görünər".   

 

 

Kəmalə TOFİQQIZI

 

525-ci qəzet.- 2009.- 23 iyul.- S.3.