Oralarda KİMLƏR VAR: TANRIQULU ƏLİYEV-70

 

60-CILAR NƏSLİNİN ƏN ŞANSSIZI -1

 

Çox uzun və əzablı bir axtarışdan sonra nəhayət bir nəfər - hamımızdan səliqəli və hamımızdan həsas yazar, tərcüməçi Nəriman Əbdülrəhmanlı mənim narahatlığıma son qoydu.60-cıların ən mübariz və ən şanssız insanlarından,qələm sahiblərindən biri olan TANRIQULU ƏLİYEVİN 1939-cu ildə doğulduğu haqqında mənim tərəddüdmü təsdiqlədi. Və ondan öncə də Elman Mustafa da təxmini hesablamalara görə Tanrıqulunun 1939-cu ildə doğulduğunu demişdi. Ya elə ya belə.Bir il o yana,bir il bu yana. Bir əziz dostumuzu da öz YETMİŞİNİ görmədən itirmişik. Yaxşı, sual oluna bilər: KİM İDİ TANRIQULU ƏLİYEV? Nədən mən onun 70-illiyinin bu qədər təlaşındayam? Bir insan idi : yaşadı və bir insan olaraq da bu dünyadan çəkib getdi. Amma yox, sadəcə bir insan deyildi axı o? Bəs kim idi?

Bu dünyada xatırlanmaq üçün ya gərək ən pis adam olasan, ya da ən yaxşılar sırasına girəsən. Və ya da bu dünyada xatırlanmaq üçün Vəfalı və Etibarlı, İnsaflı və Namuslu YADDAŞI olan kimsən olsun. Heç xatırlanmamaq da olar.Amma xatırlanmaq məqamına gəldikdə düşünürəm ki, Allahın bir də mənə ona görə yazığı gəlir ki, heç kəsin yada salmayacağı insanları bir daha xatırlamaq imkanı yaradım.

... Abbas Abdulla, İsa İsmayılzadə, sonralar Ələkbər Salahzadə, Çingiz Hacıyev və onlara qoşulmuş "D.T.Şepilov" olan Mən: Tofiq Abdin. İsayla Abbas indiki Mir Bəşir Qasımov və o zamankı Şestoy Sverdlovskiy (bəxtəvərin adına hələ bir Sedmoy deyə bir küçə də vardı.Yeddi küçə eləyir) küçəsində bir erməninin evində kirədə yaşayırdılar. Mən bu evə sonradan gəldim. Haqqında danışdığım Tanrıqulu Əliyev də hələ yoxdur.

Və bir gün İsa İsmayılzadə deyir ki, bəs Tofiq, mənim bir yerlim var, Varkutadan gələcək.

Və mən coğrafiyadan çox zəif bir adam (nədən yaxşı oldum ki, amma, vallah orta məktəbi yalnız ədəbiyyat yazıdan dörd alaraq bitirdim, qalanı hamısı beş idi) bu Varkutanın nə olduğunu hələ bilmirəm və həmən bu adamın da yəni Gürcüstandan olub Varkutadan niyə gəldiyini belə soruşamadım və soruşmağı o zaman vacib də görmədim. İndi bu yazını yazanda düşünürəm ki, rəhmətlik İsa İsmayılzadə nəsə mızıldandı və xatırlayıram ki, nəsə qaranlıq bir şey dedi: işləməyəmi getmişmiş ora, yoxsa tutulmuşmu, dedi onu dəqiq xatırlamıram...

Və adam gəldi...

Uca boylu... Qapqara, şəvə saçları və kobud üz cizgiləri, kobud deyəndə ki, kişiyə xas üz cizgiləri və boksçulara məxsus bir burun da bu sifətdə...Yastı və əzik...

Yadımda qalan ilk sözü: "SİZ BURADA NƏYLƏ MƏŞĞULSUNUZ..."

Sual bir az məni çaşdırdı və mən xatırlayıram ki, dedim: bəs bir tekstil fabrikasında işləyirəm və qiyabi olaraq İncəsənət institutunda oxuyuram... Hesabat verirmiş kimi dedim bunları və İsa bir az gülümsündü və dedi: arada bir şeir də yazır.

"Şeir yazmaq azdır dedi" - Adam.

Mən bir az duruxan kimi oldum və həqiqətən onun nə istədiyini bilmədim və daha bir şey soruşmağa da imkan olmadı, amma onu xatırlayıram ki, İsanın olmadığı günlərin birində dedi: sən ona baxma, işində ol.

Adam məndən iki-üç yaş böyük olardı...

Və həqiqətən mən onun nə demək istədiyini bilmədim və amma bu ifadə ilişib qaldı ağlımda: yəni şeir yazmaq azdırsa o zaman nə eləmək gərəkdir?

   Sonralar daha yaxın olduğumuz günlərdə mənə deyəcək:Sən bunlara baxma. Həqiqətən şeir yazmaq azdır. Bu Vətən haqqında, bu Məmləkət haqqında bir şeylər düşünürsənmi? Siz niyə bu erməninin evində kirəçi olaraq yaşayırsınız, heç bunu ağlınıza gətirdinizmi? Siz bilirsinizmi Gürcüstanda hər şey ana dilindədir,doğma Ana dilində...

Və nə bilim daha nələr...

Mən ilk baxışda bu Adamı tarixdən az-çox yadımda qalan dekabristlərə oxşatdım və İsa da bir müddət keçəndən sonra, onun özü yanımızda olmayanda buna bənzər bir şey dedi və bu Dekabristlər ifadəsi də şəxsən mənim ağlıma ondan gəldi ki, bu adam Varkuta deyilən çox soyuq bir yerdən gəlmişdi və dünyanın o biri başında yerləşən Varkuta deyilən o yerə, təkrar edirəm bu adam necə gedib düşmüşdü elə hey bunu düşünürdüm...

Təbii bütün sonrakı illərdə mən elə bu adamın - Tanrıqulunun Varkutaya necə gedib çıxdığı barədə düşündüm və bu gün də bu sətirləri yazdığım anda bu sualın cavabını özüm üçün ayırd edə bilmirəm. O zaman da bunu açıq soruşmağı ayıb bildim. Birdən tutulmuş olar, yəni dustaq kimi bir şey olar dedim və soruşmadım ki, qəlbinə dəyərəm.

 

ONUN BAKIDA İSADAN BAŞQA KİMSƏSİ BELƏ YOXDU...

 

Tanrıqulu Bakıya gələndə onun burada tanıdığı məncə yalnız bir adam vardı: o zamanın Azərbaycan Dövlət Universitetinin tələbəsi, gənc şair İsa İsmayılzadə və sonraların ən gözəl şairlərindən biri olan və bütün şeirləri çox zaman mübahisə doğuran, ədəbiyyat dərsliklərində belə şeirləri öyrənilməyə layiq şair İsa İsmayılzadə...

Təbii, çox sonralar, lap sonralar İsa İsmayılzadənin də Tanqodan (artıq tamam tanışlıqdan sonra biz ona kəsmə yolla müraciət edirdik: Tanqo) bezdiyi vaxtlar və hətta bəzən istər-istəməz başından eləməyə çalışdığı vaxtlar da oldu. Bunu mən bir günah olaraq söyləmirəm. Həqiqətən Tanqonun bütün həyatı buna imkan yaradırdı və inanın ki, mən bunun üçün İsanı heç günahlandırmıram da...

Tanqo Rusca, İngiliscə, Gürcücə bilən və hətta idarə edəcək dərəcədə Almancaya meyli və təbii Azərbaycanca bilən bir gənc idi və həyat eynəmi də fəlsəfəydi.

Elə bir fəlsəfəydi ki, o fəlsəfəni o zaman o dövr qəbul eləmirdi və Tanqo da bizim hər birimiz kimi nədəsə heç olmasa müvəqqəti olsa da GÜZƏŞTƏ getməyi sevmirdi və biz zaman-zaman öz əleyhimizə gedib (bunun içində demək olar ki, bir çox şey vardı mənim fikrimcə, mənə görə: qorxaqlıq, kimsəsizlik, təcrübəsizlik, sahibsizlik, Bakıda yurdu-yuvası olmamaq, daha nə bilim nələr) bəzən alçaq şeylərlə barışsaq da Tanqo barışmaz idi və Tanqo bir də bunu hiss eləyirdi: barışıb heç nə qazanmayacağamsa, o zaman nədən barışım.

Amma yox, biz özümüz üçün bir gələcək qurmalıydıq, Tanqo da bunu bilirdi və görürdü, amma bilmək və görmək istəmirdi.

 

O HƏQİQƏTƏN SIRADAN BİRİSİ DEYİLDİ...

 

Tanrıqulu Əliyev sıradan bir gənc deyildi bütün düşüncəsi və həyatı ilə... Yuxarıda dediyim kimi bir neçə dili gözəl bilirdi və o Bakıda doğma vətən deyib gəldiyi bir yerdə bu üstünlüyünün heç birindən istifadə eləyə bilmirdi və istifadə eləməyə imkan vermirdilər.

O da bir iş tapa bilmirdi və bütün faciə də elə bundan başlayırdı. Tanqo doğulduğu Qarayazıda böyük bir ailə: ata, ana, bacı, qardaş qoyub gəlmişdi ki, onlarla da münasibəti siz deyən sülh üstündə deyildi və necə olursa-olsun onlardan bir qəpik də pul istəmirdi və güman ki, o ailənin də öz övladlarına kömək eləməyə imkanı yoxdu.

Onlar da yalnız İsanı tanıyırdılar.

İsa da heç kim idi hələlik...

Tanqo Bakı küçələrində vurnuxurdu, sözün əsl mənasında bu qədər üstünlüyü ola-ola bir şey eləyə bilməmək və özü də doğma sandığı vətəndə bir şey eləyə bilməmək onu üzürdü. Onun bütün həyatı alt-üst olmuşdu və yaş artıq get-gedə irəliləyirdi və Tanqo yenə də heç bir şey eləyə bilmirdi. Tanqo hətta Bakıda propiska belə deyildi.

Və mən sonralar Türkiyədə yaşayarkən eynən bu vəziyyətdə olacağam və gecə-günduz böyük rus yazıçısı İlya Erenburqun "Qodı, Lyudi, Jizni" kitabında Paris həyatını təsvir etdiyi rus şairi Qorqulovu xatırlayacağam və çıxılmaz vəziyyətdə qalıb Fransa prezidentinə elədiyi qəsdən sonra asıldığı barədə Türk milliyyətçilərinin qəzeti olan "Ortadoğu" qəzetində yazacağam, amma heç kəs buna məhəl belə qoymayacaq.

Qorqulov asılanda bağırıb: Fransa mne otkazala v vide jitelstvo...

Tanqo bir Qorqulov idi Bakıda. Doğma Vətəndə...

Və Tanqo çıxış yolunu diplom almaqda görürdü ki, sənədlərini Dövlət Universitetinin jurnalistika fakultəsinə verdi və qəbul olundu.

 

KAMİL VƏLİ NƏRİMANOĞLU (Professor, türkoloq alim, yazar): ...Və elə o zaman " qubernator bağında" qala divarına söykənən məhşur çayxanada Qədirin "Sona bülbülləri"nin sonsuz, doyumsuz musiqisi altında sonsuz tələbə mübahisələri...Ramiz Rövşənin isti, çılğın monoloqları, Göyçaylı Ağanın səbrli tövrü, Hacının mübahisə azarkeşliyi, Vahid Əzizin ehtiyatlı manevrləri,Nüsrət Kəsəmənlinin qayğısız şairliyi, Seyran Səxavətin işgüzar sənətkarlığı, rəhmətlik Vidadi Məmmədovun fitri istedadı ilə ağsaqqallıq və bir balaca "ədəbi fitnəkarlığı", rəhmətlik Vidadi Paşayevin dünyagörüşünün əlçatmazlığı,Tofiq Məhərrəmoğlunun yüksəlişi və ilkin böyük ədəbi uğurları, Dilsuzun türkçülüyü, TANQONUN ( TANRIVERDİNİN) MÜƏMMALI FİLOSOFLUĞU, Azər Abdullanın qəribə inadı və dönməz xarakteri ,Mövlud Süleymanlının gələcək böyük ədəbiyyat üçün hazırlıqları, Məmmədə Orucun səmimi,hamıya açıq ürəyi... Sabir Rüstəmxanlının alovlu çıxışları 60-cı və sonrakı 70-80-90-cı illərin məhək daşı kimi yaddaşıma hopub.

 

ELMAN MUSTAFA (Araşdırmaçı jurnalist): Onun gözəl adı vardı: Tanrıqulu. Amma bütün dostları, tanışları ona "Tanqo" deyirdilər. Yəni Tanqo kimi tanınırdı. Elə mən də onu ilk öncə "Tanqo" kimi tanıdım.Sonralar bildim ki, Tanqo Tanrıqulunun istiqanlı bir ifadəsiymiş. Ömünün sonlarına yaxın özünü Tanar deyə təqdim edirdi.

Tanqonun yaxın dostları sırasında deyildim, hətta bəzi məsələlərdə fikirlərimiz o qədər də üst-üstə düşmürdü ( bizim ünsiyyət müddətimiz də uzun sürmürdü). Amma Tanqo özü haqqında məndə işıqlı bir təəssürat yaradıb gedib.

Tanqonun şəxsiyyəti milli ruhla yoğrulmuşdu. Nədən danışırsa danışsın bu özəlliyi özünü göstərirdi. O sözün gercək anlamında xeyirxah idi. Tanqoyla müəyyən bir tanışlıqdan sonra ilk ilahi inancın möhkəm təəssüratın biri bu olurdu ki, heç bir durumda bu adamın əlindən pislik gələ bilməz.

O fikirlərini,baxışlarını dost-tanış arası söhbətlərdə bildirərdi. Onun aydınca görünən bir özünəməxsusluğu vardı. Yaşamında,oturuş və duruşunda Tanqo öz sözünü deyirdi.

...Yadımda onunla bağlı bir xatirə də qalıb. Ömrünün son illərində ( bəlkə də aylarında) milli dövlət radiomuzun " Xalq yaradıcılığı" baş redaksiyasında işləyirdi.Bir neçə dəfə demişdi ki, mənimlə efirdə söhbət aparmaq istəyir. Bir gün bu "söhbəti" reallaşdırmalı olduq. Studiyaya yollanarkən dedim: Tanqo, biz nədən,hansı məsələdən danışacağıq, mövzumuz nə olacaq? Dedi ki, mikrofonun ( səs yazılan otaqda qurulu olan,yəni birbaşa efir kimi bir şey) qarşısında deyəcəm. (Deyəsən mövzunu əvvəlcədən özü üçün də müəyyənləşdirməmişdi).

Mikrofonun qarşısında oturduq. Söhbətə bir az ayaq verəndən sonra suallarına başladı və təxminən beş-altı sual verdi. Ancaq elə ilkindən başlayaraq suallarından əməlli- başlı heç bir şey kəsdirə bilmədim. Hər dəfə də qüvvəmi toplayıb mənim başa düşdüyüm şəkildə cavab verirdim. Mənə elə gəlirdi ki, Tanqo da mənə əməlli - başlı qulaq asmır, fikri öz sonrakı sualının axtarışındaydı,ya da başqa bir şeyin yanındaydı. Deyəsən suallarını "necə gəldi" ekspromtla verirdi.Nəhayət, söhbətmiz bitdi. "Əla,əla"-deyərək o ayağa qalxdı. Mən bu söhbətləşmədən belə bir təəssüratla ayrıldım ki, ikimiz də bir-birimizi başa düşmədən danışdıq. Sonralar eşitdim ki, söhbətin çox yaxşı keçdiyni, əla bir veriliş alındığını deyib.

Hər kəsin dünyadan gedəcəyi bir günü var. Sonrakılar bir qayda olaraq əvvəlkilərə rəhmət diləyir Allahdan. Tanqonun içi işıqlı idi. Qəbri nurla dolsun, yeri behişt olsun!

 

 

(HƏR İKİ HİSSƏ DAVAM EDƏCƏK)

   

Tofiq ABDİN

 

525-ci qəzet.- 2009.- 25 iyul.- S.30.