Qırmızı işıqda doğulanlar
Müasir Azərbaycan
foto sənətinin mahir ustası Sənan Ələsgərov
"yenidənqurma" dövrünün yetişdirməsidir
desək yanılmarıq. Çünki 10 yanvar 1956-cı ildə
Bakıda doğulmuş Sənan Ələsgərovun
uşaqlıq illəri SSRİ -də Stalinin şəxsiyyətə
pərəstiş sisteminin dağıdılması illərinə
təsadüf edir. 1982-i ildə Bakı Dövlət
Universitetinin jurnalistika fakultəsini bitirdikdən sonra ciddi
yaradıcılıq dövrünə qədəm basanda isə
artıq SSRİ -də Qarbaçovun yenidən qurma siyasəti
geniş vüsət almışdı. Daha sonra müstəqil
Azərbaycan Respublikasının bərpa olunması, yeni
formasiyanın bərqərar edilməsi və s. İctimai
siyasi tektonikanın yerdəyişmələri, onsuz da körpəlikdən
fərdiliyə, müstəqilliyə can atan Sənan Ələsgərovun
özünü ifadə etmə yollarına tam sərbəstlik
gətirdi. Odur ki, Sənan Ələsgərovun
yaratdıqları yalnız estetik amallara əsaslanan hər bir
siyasətdən uzaq əsl sənət nümunələridir.
İşıq və kölgənin təmasında canlanan
materiyanın doğurduğu hissləri təlqin edən bu əsərlər
peşəkar jurnalist sənətinə yiyələnmiş Sənan
Ələsgərovun işıqla yazdıqlarıdı.
Uşaqlıqda təyyarəçi,
maşinist, kinooperator, arxeoloq, gitaraçalan, daha nə bilim nə
olmaq istəyən Sənan əsgərlik həyatından
sonra bütünlüklə özünü foto sənətinə
həsr etməyi qərara alır. O, bu sənətdə sanki
uşaqlıq arzularını həyata keçirir. Nəyi
obyektivinə alsa, onunla həmahəng düşünməyə,
naturasının qəlbinə sirayət etməyə
çalışır.
Sanki uşaqlıqdan qərq
olduğu tənhalığının lirik düşüncələrinə
cavab axtarır. Təsadüfü deyil ki, dünya foto korifeyləri
arasında, o, A.K.Bressonu yox, Y.Sudekin poeziyasını
özünə yaxın bilir. Onun kompozisiyalarında insanlardan
çox, onların münasibəti dolayı yolla verilir.
Bu Sənanın aləmində
torbada pişiyi çəkmək kimi, yəni Çeşir
pişiyinin özünü yox, gülümsəməsini həkk
etmək kimi bir şeydir. "Yozef Sudekə ithaf" fotosunda
olduğu kimi kompozisiyaya süzülən işıqda
materiyanın konturları sanki əriyir. Ecazkar
naxışlarla ritm yaradır. Fotonu, sehr-sirlə doldurur. Sanki
Sənan öz xəyallarına qovuşur.
Tamaşaçını da bu arzularının işığına,
sehrinə qərq edir.
Fotoqrafiya ilə məşğul
olmaq Sənan Ələsgərovdan ötrü insanları
anlamaq, öz tənhalığını məna ilə
doldurmaq vasitəsinə çevrilib. Eyni zamanda insanlarla
özü arasında olan məsafənin, tənhalığın
ona bəxş etdiyi əlahiddə mövqeyin nə qədər
qiymətli olduğunun da fərqinə varır. Bu distansiya ona
gördüklərini ümumiləşdirmək, gözlənilməz
nəticələr almaq üçün əvəzsiz
baxış nöqtəsi bəxş edir. Fotoaparatla
"ova" çıxdığı anlarda qəlbini
gördüklərinə kökləmək, baş verənlərin
məğzinə varmaq üçün intəhasız
azadlıq imkanları verir. Daxili azadlığını həyatın
hər cür təzahüründən üstün tutan S.Ələsgərov
bir fəaliyyət sahəsinə qapılıb qalmağı
sevmir. Odur ki, fotonun müxtəlif sahələri ilə məşğul
olur. Gah foto-jurnalist, gah tədqiqatçı, gah da tətbiqi
fotoqrafiyaya can atır. Peşəsini janr və növlərin
dar çərçivəsinə
sığışdırmaq istəmir. Hətta bu çərçivədə
daha səlist, daha mahir ustalığa gəlib çıxacağını
bilsə belə, onu daim başqa üfüqlər cəlb
edir. Son zamanlar isə Sənan Ələsgərovu sənədli
foto daha çox maraqlandırır. Onun fikrincə bundan daha
çox sürrealist sənət təsəvvür etmək
mümkün deyil. Odur ki, doğma Abşeron
torpağının hər qarışında, əhatəsində
olduğu adamların, yaşadığı məhəllənin
civarında belə öz süjetlərini tapa bilir. "Yanar
dağ", "Şəhidlər Xiyabanı", "Neft
daşları", "Naturmortlar" və s. Silsilə
kompozisiyaları öz naturalarına belə məhrəmliyin
təzahürləridir. Bu gün Sənan Ələsgərov
üçün foto sənəti onun daxili aləminin təlatümləri,
dərs verdiyi tələbələri, Bakının
küçələri, dost -doğmaları, getdiyi yerlər,
emalatxanasındakı qırmızı işıqlı
qaranlıq otaqdır. Və bu qaranlıq otaqda
qırmızı işıqda doğulan şəkillərdi.
O, deyir ki, təmasda olduğum həyatı olduğu kimi qəbul
edərək məğzinə varmaqla, mən
azadlığımı qazanıram- demək xoşbəxt
oluram!
Təsadüfü deyil
ki, çəkdiklərində həmişə kadrı
bütünlüklə istifadə edir. Axı həyatın hər
bir təzahürünə diqqət və riqqətlə
yanaşan Sənan Ələsgərov üçün bu təbii
haldır. Materialı kadrlaşdırmağın salon sənətinə
gətirib çıxardığını söyləyən
Sənan fotolarında ən qiymətli şeyə sənədliliyə
jan atdığını deyir. Foto çəkilişindəki
ani an əslində təsadüfü şeylərin, hadisələrin
təsdiqi, dəqiqliyi və dərinliyidi. Məgər həyatımızın
çox hissəsini təsadüfü olaylar, müəmmalar
təşkil etmir? Budur "Suya gedən qızcığaz",
"Çörək", "Oyun",
"Bağlılıq" və s. ani anların abidəsi
deyil?
- Mən hər bir foto əsərinin
altında çəkildiyi ili yazmaq istəyirəm.
Çünki onların harada, nə zaman baş verdiyinin əhəmiyyəti
var. Və bu zamanın təravətinin, ovqatının şəkildən
"oxunması" mənimçün vacibdir- deyir, Sənan
Ələsgərov.
f-64 bağlı diafraqma
ilə çəkməklə fotolarda aldığı dərinliyə
və detalları bütövlükdə göstərməyə
üstünlük verən Ələsgərov
kompozisiyalarında heç nəyi sonradan çək-
çevirə salmır. Obyektivə düşən hər
şeyin fəlsəfi, estetik, hətta elmi -tədqiqat əhəmiyyəti
kəsb edə biləjəyinə əminliyini
vurğulayır. Əlbəttə, fikrini sübuta yetirmək
üçün məşhur İtaliya rejissoru Mikelanjelo
Antonioninin "Fotonun böyüdülməsi" filmini
nümunə gətirməyi unutmur.
Hər hansı sənət
cərəyanlarına üstünlük verməyə gələndə
isə bütün bədii baxış nümunələrini
qəbul etdiyinə, onlara maraqla yanaşdığına
baxmayaraq obyektivilə təkbə-tək "etüdə"
çıxanda, yalnız gördüyünə və
görüntüdən doğan duyğularına sadiq
qalmağa, onlara maksimum yaxın şəkillər yaratmağa
çalışır.
Sənətdə
unifikasiyadan və darıxdırıcı nə varsa
hamısından qaçmağa çalışan fotoqraf
yaradıcılığında bir çox janrlarda işləmişdir.
Onun fotoları arasında portretlərə də, reportaj janrında
işlənmiş silsilələrə də, dekorotiv elementlər
daxil edilmiş kompozisiyalara da rast gəlmək olar. Lakin
bunların hamısında vizual baxış dominantlıq təşkil
edir. Ələsgərov özü ayrı- ayrı janrlarda
işləməsini həyatın müxtəlifliyi, zənginliyi
ilə izah edir. Müəyyən janr sahəsində
çalışmaq dərinliyə və mahir ustalığa
gətirsə də dünyanın rəngarəngliyini bir janr
içərisində dar çərçivəyə
salmağı özünə rəva bilmir. Uzun illər rəssamlarla
dostluğu, iş birliyi də onun yaradıcılığına,
dünyabaxışına təsirsiz keçməmişdir.
Bu günə qədər Azərbaycan rəssamlarından ibarət
"Labirint" qrupunun fəal üzvüdür. Qrupun
iştirak etdiyi bütün beynəlxalq layihələrdə
onlarla birgə çalışır. Lakin rəssamlıqla
fotoqrafiya arasında həmişə qəti sədd olduğu
qərarındadır.
Əgər müasir Azərbaycan
mədəniyyətinin Şərqlə Qərb
baxışlarının sintezindən yaranmış
özünəməxsus bir fenomen olduğunu nəzərə
alsaq Sənan Ələsgərovun yaradıcılığında
bunun bariz nümunəsini görürük. Bu sintez Sənanın
foto əsərlərində Şərq
memarlığının, urbanizasiya elementlərinin
kompozisiyaya gətirilməsində, yaxud dekorativ süsləmələr
kimi üzdə olan detallarda deyil. Əksinə duyğunun,
hadisənin daha dərin qatlarına sirayət etmiş
dramatizmdədir.
İndiyədək davam
etdirdiyi müəllimlik fəaliyyətində də, o, öz
şagirdlərinə tövsiyə edir ki, sənətkar əksiliklərin
tənasübündə həyatını elə tənzimləməlidir
ki, həmişə həqiqətə yaxın olsun. Onun
baxış nöqtəsindən ən optimal variant
görünsün. S.Ələsgərov 2002-ci ildə
Fransanın Strasburq şəhərində Mark Blox adına
Universitetdə keçirilən "Müasir dünyada incəsənətin
qeyri -sabitliyi" simpozimunda apardığı masterklass-ustad dərslərində
də vurğulamağa çalışırdı ki,
müasir incəsənətdə ən qorxulu şey
unifikasiya və standartlaşdırmadır. Başqa sözlə,
o, deyirdi ki, inkişaf etmiş ölkələrin həyatında
"in" enerjisi həddən ziyadədir.
Tarazlığı yaratmaq, həyatın şəhdi -şəkərini,
məcazını daha dərin qavramaq üçün
"yan" enerjisinin artırılmasına ehtiyac var.
Sənan Ələsgərovun
yaradıcılığında ilk baxışdan milli
heç nə yoxdur. Onun obrazları, obyevtivinin tutduğu anlar
Azərbaycanda da, digər ölkədə də ola bilər.
Lakin millilik sənətkarın
dünyagörüşünün təməlindədir.Onun
genetik yaddaşında qalan orta əsr Azərbaycan miniatürlərinin
mürəkkəb məkan ölçülərinin -
müstəvi və çox səthli məkan dərinliklərinin
çulğalanmasından irəli gələn təkrarsızlığındadır.
Bu onun orta əsr Azərbaycan
miniatür sənətindən qaynaqlanan müxtəlif məkan
ölçülərindən eyni zamanda istifadə etmək
bacarığında özünü göstərir. Təbiətlə
insanın gah bir müstəvi səthində, gah da çox
ölçülü məkan çulğalaşmasında
bir araya gəlməsi Ələsgərovun natrümort, mənzərə
epizodlarına da əlahiddə məna, fəlsəfi dərinlik
gətirir. Bir daha Fellinin, Paracanovun vizual video
görüntülərini yada salır.
Çox məhsuldar
yaradıcılıq yolu keçmiş Sənan Ələsgərov
dəfələrlə Fransada mükafatlara layiq
görülmüşdür. Onların arasında
qızıl medal, gümüş və bürünc medallar
da var. Avstriya, İngiltərə, ABŞ, Rusiya və
Türkiyənin mötəbər foto federasiyalarının fəxri
fərmanları və medalları da onun tərcümeyi
halına həkk olunmuşdur. Hər il bir neçə beynəlxalq
sərgilərin iştirakçısı olmaqla bərabər
ayrı -ayrı ölkələrdə öz fərdi sərgilərini
də açmışdır. Onun foto əsərləri məşhur
qalereyaların və şəxsi kolleksiyaların daimi
eksponatlarına çevrilib.
Sara Oğuz Nəzirova