"Bir çarə
var ancaq, yeniləşmək!"
GƏNCƏ ŞƏHƏRİNDƏ
KEÇİRİLƏN "YENİ TEATR" RESPUBLİKA
FESTİVALININ TƏƏSSÜRATLARI
II yazı
(Əvvəli ötən şənbə
sayımızda)
Festivalın
üçüncü qisim iştirakçıları -
Sumqayıt, Gənc Tamaşaçılar, Bələdiyyə,
Yuğ və Pantomim teatrları ilk öncə qabarıq
yenilikçilk cəhdləriylə seçilirdilər. Bunu
istər repertuar seçimi, istər rejissor işi, istər səhnə
və musiqi tərtibatı, istərsə də aktyor oyununda
görmək olurdu.
Tamaşaçılar
qarşısına Fernando Arrabalın "Fando və Lis"
pyesi ilə çıxan Sumqayıt Dövlət Musiqili Dram
Teatrı (quruluşçu rejissor Mahir Cananov,
quruluşçu rəssam Rəşad Əliyev, musiqi tərtibatçısı
Anar Süleymanov) təkcə teatr yox, həyatın
bütün sahələrində özünün
yenilikçi ruhuyla seçilən, "cavandan cavan" bir şəhərin
təmsilçiləri olduğunu isbatladılar. Hər
ikisinin rolu çətin fiziki hərəkətlər, gərgin
psixoloji durumla səciyyələnən mərkəzi qəhrəmanların
ifaçıları (Fando - Namis Şirməmmədov, Lis -
Yeganə Məmmədəliyeva) özəlliklə
böyük razılıq doğururdu. Bir cümləylə
desək, Namis-Yeganə dueti paytaxt teatrları aktyorları ilə
sözün bütün anlamlarında yarışmaya
qatıla biləcək parlaq oyun nümayiş etdirirdi.
İki
insanın intim dünyası çevrəsində fon yaradan,
toplumu işarələyən anturajların
ifaçıları (Namur - Məzahir Süleymanov, Mitaro -
İlqar İbrahimov, Toso - Vüsal Mustafayev) da öz
rollarının təqdimində başarısız deyildilər.
Bununla belə, gənc rejissor M.Cananovun tamaşası tam
baş tutmayan eksperimentə bənzəyirdi. Tez-tez təkrarlanan
gurultulu rəqslər tamaşaçını az qala
darıxdıracaq qədər uzun çəkir, aramsız gərginlik
nəfəs kəsir, aradabir dincəlməyə,
lazımınca zövq almağa macal vermirdi. Daha önəmlisiysə,
ən ümumi qənaət dumanlı qalır, tam aydın
olmurdu. Görünür, rejissor özü də bunu
anladığından tamaşanı Fandonun dramaturji mətnə
sonradan qatıldığı duyulan monoloq-yozumuyla bitirmək
zorunda qalır, bunun özü də ideya dumanını tam
dağıda bilmirdi.
Amma
bütün bunlar M.Cananovun bir rejissor kimi yenilikçilk cəhdinin
perspektiv önəmini azaltmır. Sənətdə
özünəməxsus cığır səhvlər,
nöqsanlardan keçib gedir, istənilən
axtarışdaysa qaçılmaz yanlış və həm də
labüd uğur potensialı var. Sumqayıt Teatrı
haqqında bu kiçik qeydlərimizə də gənc
rejissorun gələcək uğurlarına inamla nöqtə
qoyaq.
Festivala
R.Rzanın "Ana qaz" adlı şeiri əsasında
hazırlanmış eyniadlı tamaşayla (quruluşçu
rejissir Nicat Kazımov, quruluşçu rəssam - Mustafa
Mustafayev, musiqi tərtibatı - Fəxrəddin
Dünyamalıyev) gələn Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrıysa zalla səhnənin hərarətli
ünsiyyətinin alınması yönündən yəqin
ki, ilk yerlərdən birini götürərdi. Amma əsasən
gənclərdən ibarət truppanın uğuru sadəcə
zalı ehtizaza gətirməklə bitmirdi.
R.Rza
poeziyasının maraqlı örnəklərindən olan bir
şeirə müraciətlə rejissor N.Kazımov, əvvəla,
poetik zövqə sahibliyini göstərdi. İkincisi, istər
lakonik, istərsə də dinamik bir tamaşayla rejissorluq
bacarığını sərgilədi. Düzdür, rəqslərin
ifasında qeyri-mükəmməllik duyulurdu və bu da məntiqiydi
- onlar professional rəqqaslar yox, aktyorlarıydı. Finalın
bir qədər qeyri-adi, gözlənilməz olmasına da,
bizcə, lüzum varıydı. Amma bütün bunlara rəğmən,
fərqli teatr elementlərini bir yerə toplamaq və bunlardan
bitkin, yaddaqalan, təsirli tamaşa qurmağı rejissorun
uğuru kimi qeyd etməmək olmaz.
Səhnənin
bir küncündə durmuş N.Kazımovun özü tərəfindən
misra-misra oxunan şeirin pantomim görüntülərindən
ibarət tamaşa hər şeydən öncə, ürəyə,
duyğuya hesablanmışdı. Qazın cənnət
xoşbəxtliyi içində ömür sürən
şıltaq, dəcəl yavrularından (Elnur Kərimov,
Sevinc Mehrəliyeva, Mehriban Hüseynova, Rasim Cəfərov,
Günel Məmmədova, Təhminə Məmmədova, Aybəniz
Əhmədova) birini ev sahibi (Vüsal Mehrəliyev) və onun
qarısı (Sonaxanım Əliyeva) tutub kəsir, digərini
it (Elşən Şıxəliyev) boğur,
üçüncüsü küləkli havada quyuya
düşüb boğulur... Amma ekoloji konu tamaşanın sadəcə
birinci və ən üzdə olan qatıydı. Tamaşa
özünün daha ciddi - ikinci (simvolik) qatında genəlliklə
sevgiyə, mərhəmətə, anlaşmaya
çağırır və insanın az qala
robotlaşdığı texnogen eramızda özünün
pozitiv çağırış semantikasıyla aktual
görünürdü.
Tamaşada əsas
ağırlıq baş rolun ifaçısı Kəmalə
Hüseynovanın üzərinə düşürdü. Qanadları
xatırladan uzunqol, ağ rəngli, gen paltarda quş kimi
süzən, yavrulardan birinin başını tumarlayan, birini
bağrına basıb laylay çalan, gecələr
qanadlarını balalarının üstünə gərən,
təhlükə anlarında özünü oda-közə
vurub onları qorumağa çalışan K.Hüseynova bir
saata yaxın çəkən tamaşada başdan sonacan səhnəni
tərk etmirdi. Situasiyaların dəyişməsiylə
bağlı aktrisanın ifasında komik, lirik, dramatik ladlar
bir-birini əvəzləyir və bütün
balalarını itirmiş, tənha qalmış ananın son
durumuyla tragizm həddinəcən yüksəlirdi. Aktrisanın
işini çətinləşdirən sərt situasiya əvəzlənmələrini
bircə kəlmə belə söz işlətmədən,
yalnız hərəkət, jest və mimikalarla yerinə yetirmək
tələbiydi və birmənalı demək olar ki, o bu tələbi
maksimum yerinə yetirirdi.
K.Hüseynovanın
sözügedən tamaşadakı rolunun önəmini qətiyyən
azaltmadan demək istərdik ki, ifadəli çöhrəyə,
səmimi və hərarətli ifaya malik bu aktrisanın daha
böyük tamaşalarda daha möhtəşəm rollar
almasının vaxtıdır. Yəqin bunu nəzərə
alan (və bir qayda olaraq quruluş verdiyi tamaşalarda aktyor
potensialının üzə çıxarılmasına
xüsusi önəm verən) rejissor B.Osmanov bir neçə
ay öncə premyerası uğurla keçirilən "Otuz
altıdan altısı" tamaşasında Kəmalayə
baş rolu vermiş və istedadlı aktrisa bu güvəncə
layiq olduğunu göstərmişdi. Amma məncə, o
haqqı yetən şöhrət və populyarlığa hələ
qədərincə çatmayıb. Tamaşa bitəndən
sonra da indicə yaşadığı faciənin ovqatından
çıxmadığı aydın görünən aktrisa
"balalarının" əlindən tutub hərarətli
alqışlar altında zala dönə-dönə baş əyir,
mənsə düşünürdüm: "İllər
keçir... görəsən, beş, uzağı on ildən
sonra gec olmayacaqmı?"
Bakı Bələdiyyə
Teatrının yazıçı M.Süleymanlının
"Yel Əhmədin bəyliyi" povesti əsasında səhnələşdirdiyi
"Bəylik dərsi" tamaşasıysa (quruluşçu
rejissor Rövşən Almuradlı, bəstəkar Eldar
Mansurov) forma yeniliyi və ideya aktuallığıyla fərqləndi.
Çoxəsrlik xalq teatrı gələnəklərindən
qaynaqlanan, təravətli meydan-qaravəlli estetikasına
söykənən, gərgin dinamizm üstə qurulmuş
tamaşa R.Almuradlının professional rejissor məharətinin
nümayişinə çevrildi. Lakin bu gərginlik saxta
hay-küy yox, sənətinin incəliklərini bilən
rejissorun dürlü tapıntılarıyla ilgiləndiyindən
yorucu olmadı. Başlanğıcda Əhmədin gəlişinin
qədərindən artıq uzanması, rejissorun yaxşı
düşündüyü finalı aktyorların elə bil
bir az tələsik başa vurması belə başdan sonacan
"hərlə çəkdi, tuman tökdü"
ovqatına köklənmiş tamaşanın təsir
gücünü azalda bilmədi.
Tamaşanın
uğurunu şərtləndirən amillər sırasında
dramaturji mətnin alt yapısında ən yaxın tariximizə
(xüsusən də, dərəbəylik üsuli-idarəsi və
siyasi naşılığa) yönələn işarələri
ayrıca vurğulamaq gərəkdir. Teatr, sadəcə, oyun
deyil, o yalnız canlı həyatla nəfəs alanda öz
varlığını isbatlayır və söz deyir. Bu
klassik həqiqəti sətiraltı qatda təsdiqləyən
"Bəylik dərsi" tarixi dərslərimizi bir daha yada
saldı. Olayların ən azı iki planda
anlaşıldığı tamaşada aktyorların hər
10-15 dəqiqədən bir avansenaya qoyulmuş sinci döyəcləməsi
kimi meydan elementi də ən azı iki görəv
daşıyırdı: birincisi, tamaşaçını
diksindirib diqqəti vaxtaşırı səhnəyə cəlb
etmək; ikincisi, xalqı diksindirib diqqəti ölkə səhnəsinə
yönəltmək!
Bütün
tamaşa boyu elliklə səhnədə olan aktyorlar (Bolu-
Vaqif Əliyev, Bamsı - Elxan Rzayev, Pəri - Mahirə Yaqubova,
Möylə - Aydın Əliyev, Xırda - Firəngiz Əliyeva,
Fatı - Səmayə Sadıqova, Ağca- Zemfira Səidi, Qərvənd
oğlu - Rafiq İbrahimov, İbn Qulam - Gündüz
Qasımov, köməkçilər - Ramin Şıxəliyev
və Namiq Cavadov) meydan tamaşasına uyğun ansambl yaratmaq
işinin öhdəsindən lazımınca gəldilər. Əhmədin
sevgilisi, meşşan təbiətli Sarıca rolunun
ifaçısı Jalə Hüseynova bu yöndən istisna
kimi görünür, ümumi ansamblla qədərincə
uyuşmurdu. Asif Rəhimov (Əhməd) rolunu pis oynamasa da, məncə,
obrazı səciyyələndirmək üçün
yaddaqalan cizgi tapa bilməmişdi. Həm kəndin Əhmədə
qədərki koxası, antiəhmədçilər tirəsinin
lideri, həm də Əhmədin Sarıca məsələsindəki
rəqibi - hakimiyyət və qadın məsələsində
baş qəhrəmanla toqquşan Qazi rolunun
ifaçısı Tofiq Bayramov isə kaloritli oyunuyla yadda
qaldı.
Pullanıb
qayıtmış dərviş Əhmədi
başqalarından fərqli parasına görə yox,
ağılsızlığından sevən Abı rolunun
ifaçısı Tural Ağayevin uğuruysa daha
qabarıqdı. Bu tamaşada çox adam çox şeyi
unuda bilər, amma mən cındır şalvarından dizləri
çıxan, Əhmədin əl buyruqçusu kimi ora-bura
qaçan, kənd əhlinin "dəligetdi" elədiyi
Abının ansızın qiyyələri, ətürpədici
gülüşü və hey ağaran dişlərini uzun
sürə xatırlayacam. Daha doğrusu, bu ağılsız
gülüşlərdə dünənin, bu günün və
sabahın dəyişməz bir həqiqətinə sətiraltı
ironiyanı - bu dünyada bir tək ağılsızlarda
ürək qalıb. Ezopun monoloqundan sonra Abının
gülüşü növbəti yaddaş eksponatıma
çevrildi.
Amma
tamaşaçıların alqışları mənim gözlədiyim
qədər hərarətli olmadı, hətta zalı
yarımçıq tərk edənlər oldu. Belə
soyuqqanlılıq fərqli estetikanın tamaşaçı
tərəfindən düzgün anlaşılmaması, yoxsa
adicə təsadüfmüydü? Bilmirəm. Bir şey yəqinimdir
- bu, teatr yox, tamaşaçıların problemiydi. Milli oyun gələnəklərimiz
üstündə qurulmuş tamaşaya az qala biganəlik
göstərdi ki, deyəsən, çox
avropalaşmış, özümüzü unutmuşuq. Beləcə,
"Bəylik dərsi" bizi təkcə kəndimizə
yox, həm də kendimizə qaytaran milli teatr estetikası dərsi
oldu.
Özünün
eksperimental təyinatıyla seçilən "Yuğ"
Dövlət Teatrıysa festivalda Məhəmməd
Füzulinin hikmətlərindən yararlanma təcrübəsi
əsasında hazırladığı "Yar"
tamaşasıyla (quruluşçu rejissor Günay Səttarova,
quruluşçu rəssam Rəşir Şerif, musiqi tərtibatçısı
Cavanşir Quliyev) ilə iştirak edirdi. Təxminən
yarım saat çəkən, iki aktyorun (Fərhad
İsrafilov, Gülzar Qurbanova) oyunu üstündə qurulan
tamaşanın rejissoru divan ədəbiyyatının bel
sütunu olan ilahi eşqə postmodernist yozumla
yanaşmışdı. Rejissora görə, "aşiq oldur
ki, canın fəda qılır cananına" deyən
Füzulidən fərqli olaraq, qanadlarını itirmiş XX əsr
insanı eşqin metafizikasına varacaq gücdə deyil. Həm
də sadəcə insan öz yarından - Allahdan yox, Allah da
insandan üz çevirib. Buna görə kişiylə
qadının yara qovuşmaq qəsdiylə asılmaq cəhdində
bulunduğu dar ağacının aşağı əyilərək
onları qəbullanmamasını göylərin yerlərdən,
Allahın insandan incikliyinin simvolik işarəsi kimi başa
düşdüm. Çağdaş insanın hər işi
kimi sevgisi də bir oyun, qaravəllidir. Canı canana vermək
şansından məhrum qəhrəmanların meydanı
başına buraxırkən dar ağacından öz yerlərinə
insan böyüklükdə müqəvva asmasını isə
belə anladım.
Dialoqlardan
maksimum imtina şəraitində istər F.İsrafilov, istərsə
də G.Qurbanovanın oyunu dərin psixologizmlə şərtlənirdi.
Bu anlamda "Yar" ağır tamaşaydı. Və bu
ağırlığın içində hər iki aktyorun əzab,
həsrət dolu sifəti aydın seçilirdi. Xüsusən
də Gülzarın hər cür ənənəvi aktrisa
ştampından uzaq təmiz çöhrəsi! (Məncə,
o, kino ekranında daha böyük təsir bağışlaya
bilər). Bu çöhrə Ezopun mətanəti və
Abının gülüşlərindən sonra festival dönəmində
üçüncü kəşfim oldu.
Tamaşaya
yanaşmaysa həmişə olduğu kimi birmənalı
deyildi. "Bu nədir belə?", "Doğrudanmı buna
tamaşa demək olar?" deyə sual edənlər də,
alqışlayanlar tapıldı. Məncə, ən genəl
götürəndə, tamaşanın estetikası da,
ideyası da məqbuluydu. Amma hər şey tanış
görünür, gözlənilməz yeniliklə ilgilənmir
(eksperimental teatr kimi Yuğun özəlliyi də məhz
bundadır), yozuma asan gəlirdi. Ən başlıcası,
tamaşanın ümumi yekunu biryönlü səslənir,
postmodernist estetikaya xas sual yox, nida, yaxud nöqtə işarəsiylə
bitir, tamaşaçı qarşısında fərqli
düşüncə üfüqləri açmırdı. Çünki
bu üfüqlərin açılması fərdi-sufuyanə
yaşam təcrübəsi, çəkilməz
üzüntülər bahasına qazanılan individual həqiqətlər
istəyir. Tamaşanın yazarı və rejissoruysa haqqı dərkin
hələ kitab (Füzuli) və toplum
(çağdaşlığın klassikaya postmodernist ironik
münasibəti) dönəmini sürən gəncləriydi.
Və
festivalda "Pantomima buketi"ylə (quruluşçu rejissor
Bəxtiyar Xanızadə) çıxış edən Azərbaycan
Dövlət Pantomima Teatrı! Buketə daxil "Leyli və Məcnun"
(bu və bundan sonrakı parçaların adlarını bilmədiyimdən
məzmuna uyğun olaraq özüm qoyuram) parçasında Pərviz
Məmmədəliyev və Nargilə Qəribovanın dueti zərif
lirizm və qüvvətli daxili dramatizmlə seçildi. Əli
Əlizadənin mono ifasında "Sevgililərin
görüşü"ndə bu lirizm və romantik sevgi
ideallarına çağdaş dönəmin ironiyası
vardı. "Trio", "Skripkaçılar" və
"Nağaraçalanlar"dan (Qurban Məsimov, Ceyhun
Dadaşov, Bəhruz Əhmədli, Elnur İsmayılov, Əflatun
Abdullayev, Rafiz Mehdizadə, Nurlan Rüstəmov) ilk ikisi daha
çox yumoristik, axırıncısıysa satirik notlar
üstə köklənmişdi. Beləcə, hərəkətlərin
palitrası da, buna uyğun tamaşaçıların
alqışları da getdikcə tündləşirdi. Gənclik
enerjisiylə aşıb-daşan valehedici rəqslər,
tamaşaçını düşünməyə vadar edən
sətiratı işarələr, şiddətli
gülüş doğuran kəkələmələr... Bütün bunlar aktyorun özünüistismarı
və özünüifadəsinin
maksimum ifadəsiydi.
Və lal dili
danışan gənclər dilli-ağızlı aktyorlardan
çox alqış qazandılar, özəlliklə də
nağaraçalanlar. Bu parça təkcə "Buket"
yox, bütün festivalın zirvə məqamlarından
biriydi. Lalların uğurunu şərtləndirən amillər
sırasında son iyirmi ildə Azərbaycan siyasi səhnəsindəki
olaylara dəqiq və ardıcıl işarələr özəl
yer tuturdu. Amma "Bəylik" dərsi tamaşasının
iştirakçılarından fərqli olaraq lallar bu və ya
digər siyasi mövqe sərgiləməyib qızıl ortada
durur, o yanın da, bu yanın da "dərsini" verir,
sonucdaysa haqqın nağarasını çalırdılar. Özü
də eləcə boşuna - havadaca... Mən də bekar
oturmamışdım, şansı qaçırmayıb
özümün daha bir dahiyanə kəşfimi eləməklə
məşğuluydum: görünür, doğrunu deməyin ən
gözəl yolu onu deməməkdir. Və bir addım da
atıb genəl sonuca vardım - haqqın dili laldır.
Amma bir
iradı bildirməkdən özümü saxlamayacam. Çəki
aldığı aydın görünən Qurban Məsimov
vizual yöndən ümumi ansamblla o qədər də
uyuşmur, qu quşu yavruları arasına
düşmüş ördək balasını
xatırladırdı. Şübhəsiz ki, bununla Qurbanın
danılmaz istedadı və gərgin zəhmətinin
üstünə kölgə salmaq qəsdim yoxdur. Onun
artıq çəkiylə bağlı problemi qısa sürədə
aradan qaldıracağına şübhə də eləmirəm
(Qurban bu konuda Milli Teatrın aktrisası, Xalq artisti Firəngiz
Mütəllimovadan örnək götürə bilər). Çünki
söhbət hər hansı aktyorun vizual göstəriciləri
və çevikliyi ilə önəmli dərəcədə
ilgili Pantomima Teatrından gedir.
Dramaturq Ə.Əmirlinin
"Varlı qadın" ekssentrik komediyasıyla
(quruluşçu rejissor Bəhram Osmanov, musiqi tərtibatçısı
Elnur Qədirov) çıxış edən Gəncə
Dövlət Dram Teatrının işiysə elə də
asan deyildi. Həm Gənclər Teatrı, həm də Milli
Teatrda uğurla səhnələşdirilən, səhnədə
bəxti yeyin pyeslərdən olan bu komediyayla yeni söz demək
lazımıydı. Və məsələni çətinləşdirən
daha bir amil Milli Teatrda da tamaşanın quruluşçu
rejissorunun B.Osmanov olmasıydı.
Bir ailədə
baş verən olayları bəhanə edib 90-cı illər
ictimai-siyasi həyatına güzgü tutan gərgin və
dinamik tamaşada baş rolun - Həvva Zərlinskayanın
ifaçısı Pərvanə Qurbanova obrazı fərqli
rakursdan təqdim edirdi. Əvvəla rolun əvvəlki ifaçılarının
(Gənclər Teatrı - Nəsibə Eldarova, Milli Teatr - Firəngiz
Mütəllimova) təqdimatından fərqli olaraq,
Qurbanovanın birinci hissədəki kasıb Həvvası
ikinci hissədə varlanandan sonra doğrudan-doğruya
yevalaşırdı. İkincisi isə birdən-birə
varlanmış axsaq qadının neçə illik
ömür-gün yoldaşını özü də istəmədən
evdən qovmasıyla bağlı daxili tərəddüd və
ağrıları Gəncə teatrı primasının
ifasında daha qabarıq görünürdü. Bu tərəddüd
və ağrıların Həvvanı əri Sarıya
qarşı sərt hərəkərlərdən
qoruduğunu aktrisa zala məharətlə çatdıra
bilirdi. Beləliklə, birinci hissədə Həvvanı cismən
axsadan Qurbanova, ikinci hissədə mənən o qədər də
şikəst göstərmir, hər iki halda obrazın daxili
inkişaf məntiqinə uyğun hərəkət edir, nəticədə
obraz bütövlükdə alınır və bu, tamaşanı
axsamağa qoymurdu.
Sarı rolunun
səhnə təqdimi üçün az qüvvə sərf
eləməyən Novruz Cəfərov obrazın əvvəlki
ifaçılarından (xüsusən də Gənclər
Teatrının aktyoru Ayşad Məmmədovdan) fərqli
olaraq daha komik planda oynayırdı. A.Məmmədovun az qala
tragikomik boyalarla oynadığı yazıq Sarısından fərqli
olaraq, N.Cəfərovun daha milli, daha sadəlövh, eyni zamanda
daha inadkar Sarısı hətta evdən qovulduğu kədərli
məqamlarda belə gülüş doğururdu.
Ən
böyük uğuruysa Vəkil roluyla İlham Hüseynov
qazandı. Güclü temperamenti və çevik səhnə
hərəkətləriylə o, Sarı rolunun özünə
qədərki bütün ifaçılarını kölgədə
qoyduğunu desək, yəqin ki, mübaliğəyə yol
vermərik. Onun hər gəlişiylə istər səhnə,
istərsə də zalda açıq-aşkar canlanma
yaranırdı. Mənə elə gəlir ki, İlhamın oyununa
baxan hər kəsin qafasından bir fikir keçə bilərdi
- təəssüf ki, bu qədər geniş səhnə
imkanlarına mailk aktyor perspublika mədəni ictimaiyyəti tərəfindən
lazımınca tanınmayıb (İlhamın isə artıq
qırxdan çox yaşı var). Beləcə, İlham
festivalda beşinci kəşfim oldu. Amma kəşflər
"Xəmsə"mi tamamlayan bu kəşfimin əvvəlkilərdən
bir vacib fərqi vardı - İlhamı təkcə mən
yox, bütün zalda əyləşənlər kəşf
eləmişdi. Vəkil rolunun ifaçısına vəkillik
eləmək səlahiyyətim yoxdur. Amma, məncə, parlaq
istedada malik bu aktyoru Bakı teatrlarının səhnəsində
görməliyik və yəqin ki, görəcəyik.
Tamaşadakı
digər ifaçılar (Qara - Elşad Əhmədov, Pəhləvan
- Saləddin Zeynalov, Əlvan - Asif Cəfərov, kütləvi
səhnələrin ifaçıları - Sevda Orucova, Kəmalə
Məmmədova, Şəlalə Rüstəmova, Xoşbəxt
Hüseynova, Müşfiq Hüseynov, Mətləb Təhmazi,
Rəhilə Məmmədova, Gülay Verdiyeva) öz işlərinin
öhdəsindən pis gəlmirdilər. Və ən ümumi
şəkildə götürəndə, tamaşa B.Osmanovun Gəncə
teatrına baş rejissor təyin edilməsiylə
bağlı təyinatın doğruluğunu bir daha təsdiq
etdi, Gəncə səhnəsində yeni dirçəliş
dönəminin başlanmasından xəbər verdi.
Nəhayət,
Ə.Əmirlinin "Mesenat" (quruluşçu rejissor -
B.Osmanov, quruluşçu rəssam - İsmayıl Məmmədov,
bəstəkar - Səyavuş Kərimi) tamaşasıyla
çıxış edən Milli Teatr -
teatrlarımızın anası! Neçə ildən bəri
Milli Teatrın səhnəsində dəfələrlə
nümayiş etdirilən və hər dəfə az qala
anşlaqla keçən bu tamaşa haqqında çox
deyilib, çox yazılıb. Bunu demək kifayətdir ki,
tamaşa böyük xeyriyyəçi Hacı Zeynalabdin
Tağıyevə qarşı tarixi ədalətsizliyi aradan
qaldırıb, onu səhnədən olsa da, yenidən xalqa
qaytarıb. Bu gün bizim üçün olduqca önəmli
olan yüksək vətənpərvərlik notları
üstündə köklənmiş tamaşaya baxan ən
etinasız azərbaycanlının belə ürəyində
milli iftixar hissi doğmaya bilməz. Çünki bu xalqın
Zeynalabdin kimi oğlu, Tağıyev kimi atası olub.
"Mesenat"
haqqında yazanlar sırasında mən də varam və indi
özümü təkrar etmək istəmirəm. Odur ki, bu
möhtəşəm tamaşa haqqında söhbət ancaq
bir istiqamətdə gedə bilər - Bakı və Gəncə
səhnəsindəki fərqlər.
Hadisələrin
gedişi, kongliktin düyünlənməsi və həllində
həlledici önəmi olan Falçı rolunun
ifaçısı Sənubər İskəndərli Bakı
səhnəsindəki səviyyəsini nəinki saxladı, hətta
demək olar ki, daha parlaq oyun nümayiş etdirməklə
böyük razılıq doğurdu. Eyni fikri Nərimanov
rolunun ifaçısı İlham Əskərov haqqında
daha qətiyyətlə demək olar. Bir vaxtlar Tağıyevin
himayəsiylə Rusiyada təhsil alan, vətənə
qayıdıb Doktor Nəriman kimi şöhrətlənən,
XI ordunun Bakıya hücumu zamanıysa Tağıyevin əleyhdarlarının
başında duran Nərimanovun saxta nəzakət pərdəsinə
bürünmüş amansızlığı və
bolşevik fanatizmi İlham Əskərovun ifasında obraza
qarşı güclü antipatiya doğururdu.
Əlabbas Qədirovun
unudulmaz koloritiylə seçilən ifasından sonra
Tağıyev rolunda səhnəyə çıxan Nurəddin
Mehdixanlı isə zor durumdaydı. Amma Nurəddin də Nurəddindir
və onun timsalında gəncəlilər ən azı
üç nəfəri alqışladılar. Birincisi
şübhəsiz ki, Nurəddinin özünü, ikincisi Gəncənin
və ümumən Azərbaycanın qeyrət rəmzi Cavad
xanı, üçüncüsü isə el atası
Tağıyevi! Nurəddinin fani dünyanın var-dövləti
və şöhrətinə müdriklik zirvəsindən
baxan Tağıyevi nurlu çöhrəsindən tutmuş
sambalına, ağır oturub batman gəlməsinə, nəhayətsiz
vətən və xalq sevgisinə qədər
tamaşaçıların dərin rəğbətini qazandı.
El atasının aktyor tərəfindən istedadla ifa olunan son
monoloqunun alqışlarla qarşılanması bu rəğbətin
əyani ifadəsi oldu.
Tağıyevin
zövcəsi Sona Ərəblinskaya rolunun ifaçısı
Şükufə Yusupovaya isə Gəncə səhnəsinin
sadəcə dar gəldiyi hiss olunur, bu darlıq Sonanın yerə-göyə
ittihamlar oxuduğu dəlilik səhnələrində
xüsusən qabarıq nəzərə çarpırdı.
Azərbaycan səhnəsində gözəl dəlilər
çox olub: Amaliya Pənahovanın Ofeliyası (Şekspir,
"Hamlet"), Şəfiqə Məmmədovanın
Pırpız Sonası (C.Məmmədquluzadə, "Dəli yığıncağı")
və s. Amma gözəllik cazibəsi və kübar həşəmətinin
belə birləşdiyi dəli yəqin ki, olmayıb. Şükufənin
özünün də Sonaya qədər uğurlu rolları
az deyil. Təkcə elə B.Osmanovun tamaşalarındakı
İokasta (Sofokl, "Şah Edip, yaxud alın
yazısı"), Zəhra (Ə.Əmirli, "Köhnə
ev") rollarını yada salmaq olar. Amma məncə indiyə
qədərki ən uğurlu rollarında belə Ş.Yusupova
aktyor uğurunun Sona həddinə gəlib
çatmamışdı. Və mən hətta ehtiyat edirəm
ki, birdən Sona bu istedadlı və zəhmətkeş
aktrisanın uğurlarının zirvəsi ola bilər!
Digər
aktyorlar da (Leyla - Vəfa Rzayeva, Sara - Mehriban Xanlarova, Sürəyya
- Şəlalə Şahvələdqızı, Məhəmmədtağı
- Kazım Həsənquluyev, Raisa - Firəngiz Mütəllimova,
Liza- Ləman İmanova, Luiza - İradə Ağasıbəyli,
Zeynal bəy - Anar Heybətov və s.) Bakı səhnəsindəki
səviyyəni ən azı saxlaya bildilər. Sadəcə
Muxtarov (Kazım Abdullayev) rolunda unudulmaz aktyor Kamal Xudaverdiyevin,
Nağıyev (Mirzə Ağayev) rolunda isə Yaşar Nurinin
yeri görünürdü. Muxtarovun Tağıyevlə
K.Xudaverdiyev tərəfindən böyük təsir
gücüylə ifa olunan vidalaşma səhnəsində bu fərq
özəlliklə qabarıq hiss olunurdu. Yeri gəlmişkən,
festivalda qonaq qismində iştirak edən Yaşar Nuri
Türkiyədə keçirilən cərrahiyyə əməliyyatından
sonra özünü əla hiss edir və ümid edirik ki,
komiklərimiz arasında təkrarolunmaz ifasıyla seçilən
bu istedadlı aktyoru səhnədə yeni uğurlu rollarda
görə biləcəyik. "Mesenat"ın Gəncə
nümayişi də göstərdi ki, Azərbaycan
teatrının Yaşar Nuri kimi böyük sənət yolu
keçmiş ustad sənətkarlara ehtiyacı var.
Finalda
kiçik bir qeydə də ehtiyac duyuram. Tamaşada kütləvi
səhnələrə çıxan Rəşad Bayramov, Sərdar
Rüstəmov kimi gəncləri nə vaxt əsas rollarda
görəcəyik? Axı bunlardan bəzilərinin teatra gəlişindən az qala
on il keçir. Düzdür,
onların bir çox tamaşalarda müəyyən rolları
var. Amma, məncə,
bunlar gənclərin bir aktyor kimi
potensialını ortaya
qoya biləcək səviyyədə deyil.
Vaxt isə idmançılar kimi aktyorları da gözləmir.
Bütövlükdə götürəndə isə "Mesenat" bir həftədən artıq çəkən festivala vurulan möhtəşəm və mənalı bir yekun oldu. Möhtəşəmliyi öz-özlüyündə aydındır. Məna isə ondaydı ki, Azərbaycan teatrının yeniləşməsi və inkişafı tələbatından doğan festival milli teatr sənətinin inkişafına böyük qayğı göstərən el atasından bəhs edən tamaşayla da bağlanmalıydı.
Əsəd CAHANGİR
525-ci qəzet.- 2009.- 25 iyul.- S.26
-27.