Millətin birləşdiyi gün, yaxud Zərdabinin dəfni
Böyük şəxsiyyətlər
təkcə öz həyatları və əməlləri ilə
deyil, ölümləri ilə də mənsub olduqları milləti,
ümumən insanları yaxınlaşdırmağı və
birləşdirməyi, xoş gələcək uğrunda
mübarizəyə səfərbər etməyi bacarırlar. Azərbaycanın
yaxın tarixi keçmişində bunun parlaq nümunələri
var. Amma heç şübhəsiz, xalqımız
böyük İnsanın ölümünün
yaratdığı milli özünüdərk və birlik
hissini ilk dəfə 1907-ci ilin 30 noyabrında nümayiş
etdirmişdi.
Həmin gün Bakı
Həsənbəy Zərdabi ilə vidalaşırdı. Bir
az patetik səslənsə də, yazmalıyam: bəlkə də
həmin gün "qara qızıl"
işığına Azərbaycana axışan, onun
yeraltı, yerüstü sərvətlərini talayıb aparan
yadellilər ilk dəfə xalqın həqiqi simasını
görmüş, birliyi və yekdilliyi ilə üz-üzə
gəlmişdilər. Bu torpağın həqiqi sahiblərini
həqarətlə "tuzemsı", "inorodtsı"
adlandıran, onların dili, tarixi, milli və dini hissləri ilə
saymazyanalıqla oynayan yadellilər Azərbaycan türklərinin
oyandığını ilk dəfə həmin gün
görmüşdülər. "Müsəlman"
adlandırdıqları kütlənin ümmətdən millətə
çevrilmək yolunda mühüm addım
atdığının şahidi olmuşdular.
Yalnız həyatı
boyu gördüyü nəcib işlərlə deyil,
ölümü ilə də milli birlik amalına rəvac verən,
minlərlə həmvətənini bir araya gətirən
"arıq, quru, arğaz qoca" - Həsənbəy Zərdabi
siyasi xadim və partiya lideri kimi tanınmasa da, müstəqil
Azərbaycan dövlətçiliyinə - Azərbaycan
Cümhuriyyətinə aparan yolun ən mühüm bələdçilərindən,
vacib simalarından birinə çevrilmişdi.
Xalq yolunda təmənnasız
çalışanların çoxu təki Həsənbəy
də sağlığında həqiqi qiymətini ala bilməmişdi.
"Təəssüf ki, bizim vətənimizdə həmişə
olduğu kimi bu dəfə də yada düşmək
üçün mütləq ölmək lazım gəldi"
- Zərdabini yaxından tanıyan dostu və müasiri,
"Kaspi" qəzetinin əməkdaşı A.Olendskinin yazdığı
"qara yumora" bənzəyən bu sözlər, nə qədər
acı olsa da, həqiqət idi.
Zəngin yeraltı sərvətləri
sayəsində Bakının cansıxıcı əyalət
şəhərindən "neft və milyonlar səltənətinə"
çevrilməsi prosesi Zərdabinin gözləri
önündə baş vermişdi. Xüsusən
ölümündən sonra dəfələrlə
vurğulandığı kimi o da istəsəydi,
başqalarının yolu ilə gedər, "sarı
iblisin" xidmətində dayanar, var-dövlət toplamağa
qurşana bilərdi. Və təbii ki, Moskva Universitetini namizəd
diplomu ilə bitirmiş bu hazırlıqlı şəxsiyyət
adını yaza bilməyən dünənki baqqallardan,
çarvadarlardan daha uğurlu biznes qurar, qat-qat çox pul, sərvət
qazanardı.
Amma Həsənbəy
bütün həyatı boyu qazanmaqdan daha çox xərcləmişdi.
Gücünü, ağlını,
sağlamlığını millətinin "zindəganlıq
davasında" məğlub olmaması, qonşu xalqlarla
müqayisədə xar və zəlil günə düşməməsi
üçün sərf etmişdi.
Əcnəbilərin
meydan suladıqları Bakıda ona dəfələrlə
"Müsəlman kütləsi üçün dəridən-qabıqdan
çıxmağa ehtiyac yoxdur. Çünki çəkdiyin
əziyyət qiymətləndirilməyəcək"-deyə
xəbərdarlıq etmiş, tutduğu yoldan, amal və
inancından çəkindirməyə
çalışmışdılar.
Zərdabinin isə
cavabı həmişə bir olmuşdu: "Öz işinə
qiymət-yəni mükafat umma. Səni tərifləyib
göylərə qaldıracaqlarını düşünmə.
Xalq üçün işlə. Onda o, ardınca gedəcək
və sənin qədrini biləcək. Bunun üçün
isə əvvəlcə xalqın inamını qazanmaq
lazımdır".
Prinsipcə tam doğru
fikirdir. Amma həyatda çox vaxt belə
olmur. Gerçəkliyin bu amansız təzahürü
ilə həyatının son çağlarında Zərdabi
də üzləşmişdi. Bir müddət
"Kaspi"də çalışmış Ukrayna əsilli
jurnalist N.Bayzdrenkonun "Bakinets" qəzetinin 7 dekabr 1907-ci
il tarixli sayında dərc etdirdiyi "Təzə qəbir
önündə (Həsən bəy Məlikovun xatirəsinə)"
adlı son dərəcə təsirli, ibrətamiz məqaləsində
yazdığı kimi, "Hər şeydən az özü
haqqında düşünən, bütün həyatı
boyu başqaları üçün işləyən
adamı ömrünün son günlərində soyuq bir tənhalıq
əhatə etmişdi".
Həyatının son
iki ili Zərdabi üçün xüsusi ilə çətin
və məşəqqətli keçmişdi. O, ağır
skleroz xəstəliyindən əziyyət çəkirdi.
1906-cı ilin yazında isə beyninə qan sızmış,
bədəninin bir tərəfini iflic vurmuşdu. Minnətdarlıq
hissindən həmişə əziyyət çəkən
Azərbaycan cəmiyyətində Həsənbəy xidmətlərinin
etiraf edilməsi və qiymətləndirilməsi əvəzinə
laqeydlik, biganəlik və saymazyanalıqla üzləşmişdi.
İş o yerə qəlib çatmışdı ki,
qurucularından biri olduğu "Kaspi" redaksiyası da ən
şöhrətli müəllifini unutmuşdu. Redaksiyanın
verdiyi mənzildən çıxarılmaq təhlükəsi
ailəsinin başı üzərindən
asılmışdı.
"Onun qüvvəsi zəifləyir,
iş qabiliyyəti azalırdı. Lakin prinsiplərinə
sadiq olan qoca və xəstə Həsən bəy yenə də
işə can atırdı. Ancaq daha onun işinə heç
bir ehtiyac duymurdular. Həsənbəyin hər gün
redaksiyaya gəlməsinə, onun məzlum, fağır
görkəminə, sanki məzəmmətlə dolu
sönük baxışlarına ürək ağrısı
və gözyaşısız baxmaq mümkün deyildi. Xüsusilə
ona münasibətdə müasir həyatın acı
gerçəklərini hiss etmək daha çətin idi"
- deyə, Zərdabinin doğma xalqı üçün kim
olduğunu həmvətənlərinin çoxundan daha
yaxşı anlayan N.Bayzdrenko yazırdı.
Bəlkə də həmvətənlərinin
diqqətli, şəfqətli münasibəti həyatını
sərvət toplamağa deyil, xalqa xidmətə həsr
etmiş tənha qocanın vəziyyətini nisbətən
yüngülləşdirə, dərdlərinə təsəlli
ola bilərdi. Həqiqətdə isə başqa, lakin bizim
üçün o qədər də gözlənilməz
olmayan şeylər baş verirdi. "Hamı məni unudub,
hamı məni atıb! - deyə Həsənbəy həyatının
son günlərində yaxınlarına və
doğmalarına tez-tez şikayətlənirmiş. Heç kəs
gəlmir, heç kəs baş çəkmir, heç kəs
mənimlə maraqlanmır. Bax, heç qəzet
("Kaspi" nəzərdə tutulur-V.Q.) də gətirməyiblər".
Qiyməti bir neçə
qəpik olan qəzetin əsirgəndiyi şəxs Azərbaycan
mətbuatının təməlini qoymuşdu. Teatr
tamaşalarına dəvət olunması unudulan şəxs Azərbaycan
teatrının banisi idi. Azərbaycan müəllimlərinin
1906-cı ildə keçirilən II qurultayında ehtiyatsız
bir sözünə görə hoydu-hoyduya götürülən
şəxs müasirliklə ayaqlaşan milli təhsil
sisteminin qurucularından biri idi.
"Dağə dersəm,
eşidər, sonra verər əksi-səda, Daşa
dönmüşlərə əks eyləmədi fəryadım!"
- deyən Məhəmməd Hadinin fəryadı təkcə
onun özünün yox, bir sıra ünlü müasirlərinin
də ağrı-acısını, faciəsini əks
etdirirdi.
Hər halda
dünyanın başqa ölkələri ilə müqayisədə
Azərbaycanda yaradıcı insanlar özlərinə, sənətlərinə,
talelərinə qarşı bu laqeydliyi hər zaman hiss ediblər.
Skleroza mübtəla
olduğu 1905-ci ildə, ailəsinin və
yaxınlarının bütün etirazlarına baxmayaraq, namizədliyini
illər boyu ən fəal, ən başlıcası isə
son dərəcə vicdanlı, "satılmayan"
qlasnılarından olduğu Bakı Dumasının
üzvlüyünə vermişdi. Təbii ki, seçilməmişdi.
Adını bütün bülletenlərdən pozmuşdular.
Əslində bunu başa düşmək mümkün idi. Zərdabi
xəstəliyi nədənindən fərqinə varmasa da, səhhətinin
belə ağır vəziyyətində şəhərin
qanunverici orqanında fəaliyyət göstərə bilməzdi.
Amma başqa bir həqiqət də vardı. İllər boyu
Dumada azərbaycanlı əhalini ağzını
açıb bir kəlmə də danışmayan, daha
doğrusu, buna qabiliyyəti çatmayan nadan, boynuyoğun məşədilər,
hacılar təmsil etmişdilər. Onlarla müqayisədə
xəstəlik səbəbindən fikirlərini aydın ifadə
edə bilməyən Zərdabi təkcə bioqrafiyası, əməlləri
və xarizması ilə Bakı Dumasına şərəf gətirə
bilərdi.
Ailəsi Duma seçkilərinin
nəticələrini hər vasitə ilə Zərdabidən
gizlədirdi. O isə tez-tez "Dumanın iclasına getmək
lazımdır!" - deyə inadkarlıq göstərirdi. Xanımı
Hənifə Abayeva-Məlikovanın
xatırladığına görə belə məqamlarda Həsən
bəyi evdə saxlamaq üçün bütün
fantaziyalarını işə salmalı olurdular.
Amma tamamilə bədbin olmağa da əsas yox idi.
Taleyin bütün ağrı-acılarına
baxmayaraq, o, zəhmətinin barını, nəticəsini
görə bilmişdi. Ömrünün
son illərində uğrunda mübarizə apardığı
idealların təntənəsinin, səpdiyi mədəniyyət
və maarif toxumlarının cəmiyyətdə kök
atmasının şahidi olmuşdu.
"Əkinçi"
"Həyat"ı və "Füyuzat"ı ərsəyə
gətirmiş, zəmanə "Molla Nəsrəddin"i
yetirmişdi. Milli teatr və məktəblər şəbəkəsi
yaranmışdı. Xeyriyyə cəmiyyətlərinin
sayı artmış, təhsil sahəsində mühüm
addımlar atılmışdı. Rusiyaya və Avropaya ali təhsil
ardınca yollananların sayı xeyli artmışdı. Milli
hiss və duyğular cəmiyyətin daha çox hissəsini
sarmışdı.
Bütün bunlar qoca və
xəstə Zərdabiyə fiziki
gücsüzlüyünü və təkliyini unutduran ən
şəfalı məlhəmlər idi. "Ömrünün
öz qürubuna yaxınlaşdığı günlərdə
atam üçün ən böyük təsəlli və
yüngüllük fəaliyyətinin
başlanğıcında olduğu kimi təklikdə
qalmaması idi. Onun tək-tənha başladığı
işə və vəsiyyətlərinə sadiq olan sevimli
şagirdləri əhatə etmişdi. O, artıq xalqın
çoxəsrlik cəhalət yuxusundan
ayıldığını, öz müdafiəsinə
qalxdığını görürdü" - qızı Qəribsoltan
Məlikovanın bu sözlərində həqiqət
vardı.
Amma o da həqiqət
idi ki, ardıcıllarının artdığı bir
dövrdə Həsən bəy Zərdabi minnətdarlıqla
önə çəkilmək əvəzinə
sayğısızlıqla arxa plana
sıxışdırılmış, cəmiyyətin mənəvi
Olimpində öz halal yerinə sahib çıxa bilməmişdi.
O, öz
ölümü ilə bu yanlışlığı, müvəqqəti
də olsa, aradan qaldırdı.
Bakının qədim
tarixi boyu ilk dəfə rast gəlinən və milli iradənin
ifadəsinə çevrilən izdihamlı dəfn mərasimi
xalqın gecikmiş qədirşünaslıq aktı kimi
gördüyü nəcib işlərin ən böyük
mükafatı idi.
Həqiqətən də
tarixi hadisə olan bu dəfn mərasimi ssenarisi əvvəlcədən
hazırlanan bir göstəri deyildi. Əlbəttə, müəyyən
təşkilatçılıq ünsürləri vardı.
Qabağa düşüb yol göstərənlər, əziyyəti
çiyinlərinə götürənlər olmuşdu. Lakin
minlərlə insan soyuq, küləkli noyabr günündə
şəhərin mərkəzindən Şıx kəndinə
qədər kiminsə tapşırığı, nəzarəti
ilə deyil, öz ürəklərinin hökmü ilə
getmişdilər.
Zərdabinin dəfn
günü şəhərin müxtəlif yerlərində
bir neçə dəfə izdihamlı matəm mitinqi
keçirilmişdi. Bu, təkcə soydaşlarının
Böyük Əkinçiyə geçikmiş minnətdarlığının
nişanəsi deyildi. Mənə elə gəlir ki,
izdihamlı dəfn mərasimi müəyyən mənada həm
də bir güc göstərisi və mədəniyyət
nümayişi idi. Sanki Azərbaycan türkü öz
Böyük Ölüsünü simvola çevirərək
onun ruhu ətrafında birləşə bildiyini, ulularının
xatirəsinə ehtiramda dünyanın mədəni
xalqları ilə ayaqlaşdığını bəyan
edirdi. Kimin səyi, öndərliyi ilə bu günə gəlib
çıxdıqlarını sərgiləyir,
haqlarını ortaya qoymaqda qərarlı, israrlı
olduqlarını göstərirdi.
1907-ci il noyabrın sonu
və dekabrın ilk günlərində Həsən bəy Zərdabinin
vəfatı və dəfni həm Azərbaycan türkcəsində,
həm də rus dilində nəşr olunan Bakı qəzetlərinin
ən mühüm mövzularından birinə
çevrilmişdi.
Zərdabinin vəfatının
100 illiyi münasibəti ilə görkəmli alimimiz Şirməmməd
Hüseynovun 2007-ci ildə "525-ci qəzet"in 24 noyabr-15
dekabr tarixli saylarında çap etdirdiyi "Tarixi bir dəfn
mərasimi" adlı silsilə yazılar böyük şəxsiyyətin
ölümünün və dəfninin dövrün Azərbaycan
mətbuatındakı əks-sədası haqqında
dolğun təəssürat yaradır. "İrşad"
və "Tazə həyat" qəzetlərindən,
"Molla Nəsrəddin" məcmuəsindən bizim
üçün yeni, qiymətli materialları elmi dövriyyəyə
ilk dəfə daxil etməklə ömrünün bu
çağında da yorulmadan çalışan Şirməmməd
müəllim həqiqətən nəcib və gərəkli
iş görmüşdür. Bakının rusdilli mətbuatı,
habelə Peterburq qəzetləri də kədərli hadisəyə
laqeyd qalmamışdılar. Zərdabinin ehtişamlı dəfn
mərasimini və onun ölümünün doğurduğu
acı təəssüratları bu yazıda həm Azərbaycan,
həm də rus mətbuatının timsalında nəzərdən
keçirməyə çalışacağam.
Sanki yalnız Zərdabinin
ölümündən sonra Azərbaycan türkü kimi
itirdiyinin fərqinə varmışdı. Həmin günə
kimi Həsən bəyə bəlkə də "sadəcə
öz işini görən", yaxud "işini
görüb qurtarmış" adam kimi baxırdılar. Yalnız
fiziki yoxolma itkinin böyüklüyünü və əvəzedilməzliyini
bütün kəskinliyi ilə üzə
çıxardı.
O zaman artıq 21
yaşı olan və Bakıdakı III rus-müsəlman
qız məktəbində müəllim işləyən
sonbeşik övladı Qəribsoltan Məlikova
xatırlayırdı: "Şəhərin
tanınmış adamları mərhuma özlərinin son
borcunu vermək üçün tabutunun yanında cərgə
ilə dayanmışdılar. Onların sifətində nəcib
kədər ifadəsi vardı. Arxada isə üzlərini dərin
qırışlar basmış, gözlərindən sonsuz
ehtiyac və əzab oxunan bütöv insan dənizi
dalğalanmaqda idi. İnsan iztirabı və yanğısı
özünün bütün təbiiliyi və səmimiliyi ilə
məhz bu arxa sıralarda dayananların üzlərində
sezilməkdə idi. Bu zavallı adamlar öz sədaqətli
dostu və alovlu müdafiəçisi ilə həmişəlik
vidalaşırdı".
Zərdabi ilə son vida
anlarında təkcə qızına, digər
yaxınlarına və doğmalarına deyil, kədərli mərasimin
əksər iştirakçılarına aydın olmuşdu
ki, mərhumun "əməlləri bəzənib-düzənmiş,
bəlağətli sözlərlə danışmağı
bacaran nücəbanın arxasında dayanmış sadə
adamların ürəklərində öz əks-sədasını
tapmışdı. Nücəbanın çoxu isə həyatlarının
hər saatı talelərinə məhrumiyyət və binəsiblik
yazılanlara, yalnız bu dəfn günü özlərinin
necə qiymətli bir həmdərd və hami itirdiklərini
anlayanlara laqeyd nəzərlərlə baxmaqdan başqa
heç bir şeyə qabil deyildi..."
1896-cı ildə on
altı il davam edən könüllü-məcburi Zərdab
sürgünündən Bakıya dönən Həsən bəy
yenidən çoxşaxəli ictimai fəaliyyət
meydanına atılmışdı. Bir il sonra kürəkəni
Əlimərdan bəy Topşubaçovun "Kaspi" qəzetini
milyonçu H.Z.Tağıyevdən icarəyə
götürməsi yenidən qəzetçiliyə
qayıtmasına təkan vermişdi.
Zərdabi faktiki olaraq
"Kaspi"nin ikinci redaktoru idi. Həmkarı N. Bayzdrenkonun
yazdığı kimi, "canını bu yolda qoyur, ictimai
fikrin məcmusunu öz şəxsiyyəti və fəaliyyəti
ilə əks etdirirdi". Qəzetin milli tematikaya
böyük üstünlük verməsi və tədricən
cəmiyyətdə "müsəlman "Kaspi"si"
kimi tanınması da daha çox onun adı ilə
bağlı idi. Ana dilli mətbuatın yoxluğu şəraitində
Zərdabi "Əkinçi" ənənələrini
rusdilli "Kaspi"də davam etdirməyə
çalışırdı.
Bakıda heç bir əmlakı
olmadığından Həsən bəy qəzet
redaksiyasının kirayə etdiyi mənzildə
yaşayırdı. Altıotaqlı həmin mənzil Təzəpir
məscidinin yaxınlığında, Staraya Poçtovaya
(indiki Cəlil Məmmədquluzadə-V.Q.) küçəsində,
H.Z.Tağıyevin mülklərindən birində yerləşirdi.
"Bu mənzil onun qəzetdəki işi ilə bağlı
idi; necə deyərlər, əməkhaqqına kiçik əlavə
idi" (N.Bayzdrenko).
Lakin altı
otağın hamısını Həsən bəyin
özü və ailə üzvləri tərəfindən
tutulduğunu düşünmək sadəlövhlük
olardı. "Bu otaqlar həmişə evimizdə nahar eləyən,
gecəni burada keçirən kənar adamlarla dolu olurdu. Onlar
ya ailəmizin saysız-hesabsız qonaqları, ya da öz
işləri üçün Bakıya, atamın yanına gələn
tanış kəndlilər idilər" - deyə
qızı Q.Məlikova "Atam haqqında xatirələr"də
yazırdı. Yenə də Qəribsoltan xanımın
xatırladığına görə, böyük rus
yazıçısı Maksim Qorki və məşhur
müğənni Fyodr Şalyapin də bu evdə qonaq
olmuş, hətta Həsən bəyin təşkil etdiyi ailə
ziyafətində Şalyapin bir neçə rus romansı
oxumuşdu.
Bundan başqa, Həsən
bəy öz mənzilində pansionat düzəltmişdi. Burada
xanımı Hənifə Abayeva-Məlikova azərbaycanlı
uşaqları məktəb və gimnaziyalara imtahan vermək
üçün hazırlaşdırırdı. Mənzil-pansionatda
yaşayan və təhsil alan oğlan uşaqlarının
sayının on nəfərə çatdığı
vaxtlar da olmuşdu.
1907-ci il noyabrın 28-də
çərşənbə günü səhər saat 11-də
Həsən bəy gözünü bu mənzildə əbədi
yummuşdu. Ölümündən bir gün əvvəl, ailə
üzvlərinin bütün etirazlarına baxmayaraq, sanki
vidalaşmaq üçün sonuncu dəfə"Kaspi"
redaksiyasına getmiş, gününün çox hissəsini
orada keçirmişdi.
Böyük itkiyə
ilk reaksiya Əhməd bəy Ağayevin redaktorluğu ilə
çıxan "İrşad" qəzetindən gəlmişdi.
Qəzetin 29 noyabr tarixli 121-ci sayında Zərdabinin müxtəsər
tərcümeyi-halı verilmişdi. E.S-zadə adlı müəllifin
yazdığı kiçik nekroloqda Həsən bəy
"cümlə Qafqaz cəmaətinə və Rusiya müsəlmanlarına
məşhur olan şəxsiyyət" və "əbüülmühərririn"
(mühərrirlərin, jurnalistlərin atası-V.Q.)
adlandırılırdı.
Qəzetin həmin
sayında müəllim Şeyxzadənin "Vəfat"
adlı yazısı da dərc edilmişdi. "İdarədən"
adlı qeyddə isə "Maarif və ürfanımızın,
hissi-milliyəmizin təxtinin başı və sərkərdəsi
olan və şimdi bivəfa millətimizin yadından
çıxıb əziyyətli bir azardan sonra üsrət
(ehtiyac-V.Q.) və fəlakətzadəlik halında mərhum
olan azadeyi-dil, millətpərəst, həmiyyətpərvər
Həsən bəy Məlikovun vəfatı o dərəcədə
bizi qəm və ələmə düçar etmiş ki, bu
gün o mərhumi-məğfurun barəsində daha bir
artıq şeyi yazacaq halımız yoxdur" - deyilir, bunun
ardınca da "ürəfa və danişməndlərin bir
yerə cəm olub" anma mərasimini bütün Qafqaz səviyyəsində
təşkil etmək qərarına gəldikləri
bildirilirdi.
Noyabrın 29-da səhərdən
başlayaraq Həsən bəyin mənzilinə sözün
həqiqi mənasında bir xalq axını
başlamışdı. "Dəfn mərasiminə gələn
adamların çoxluğu az qala bütün şəhərin
bura toplaşması təəssüratını
yaradırdı" (Q.Məlikova). Mərhumun sadə, dəbdəbəsiz
dəfnlə əlaqədar vəsiyyətinə əməl
edilməyəcəyi elə ilk saatlardan aydın oldu. "Ənənələr
və Həsən bəyin şəxsiyyətinə
böyük ehtiram üstün gəldi və cəmiyyət
onun sakit, səssiz-küysüz, təntənəsiz dəfn
olunması haqqındakı vəsiyyətinə əməl edə
bilmədi" - deyə "Kaspi" qəzeti dekabrın 1-də
çap etdiyi "Həsən bəy Məlikovun dəfni"
adlı redaksiya məqaləsində yazırdı.
"Otağa bir ucdan əklillər
gətirirdilər, - deyə, Qəribsoltan xanım
xatırlayırdı. - Onlar üzərində təsəlli
sözləri yazılmış enli lentlərlə çevrələnmişdi.
O qədər çox əklil vardı ki,
yığıb-yığışdırmaq mümkün
deyildi".
Həsən
bəyin vəfatı ilə böyük qızı Pəri
xanımın əri Əlimərdan bəy Topçubaşov
təkcə öz nəslinin deyil, həm də Məlikovlar nəslinin
ağsaqqalına çevrilmişdi. Lakin həmin günlərdə
Əlimərdan bəy Peterburqda, III Dövlət
Dumasının iclaslarında olduğundan Zərdabinin dəfninin
təşkilini Əhməd bəy Ağayev, Qara bəy Qarabəyov,
Əlibəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə,
Haşım bəy Vəzirov və başqa
tanınmış ziyalılar, milli mətbuat nümayəndələri
öz üzərlərinə götürmüşdülər.
Bakı Duması, "Nicat" maarif cəmiyyəti,
"Kaspi" qəzetinin redaksiyası, habelə rus və Azərbaycan
dillərində nəşr olunan digər qəzet və məcmuələrin
nümayəndələri, müəllimlər və tələbələr
bu işdə onların yaxın köməkçiləri
idilər.
Müsəlman adət-ənənəsinə
uyğun olaraq mərhum adətən vəfat etdiyi gün
torpağa tapşırılsa da, Həsənbəylə
vidalaşmaq istəyənlərin kütləviliyini və həyata
keçiriləcək tədbirlərin çoxluğunu nəzərə
alaraq dəfn mərasimi noyabrın 30-na, müsəlman
dünyasında xüsusilə önəmli sayılan cümə
gününə təyin edilmişdi. Həmin gün səhərdən
Zərdabinin yaşadığı Staraya Poçtovaya
küçəsi və ətrafdakı küçələr
adamlarla dolu idi. İzdiham çoxmillətli idi. Əksəriyyəti
Azərbaycan türkləri təşkil etsələr də,
Bakıdakı digər dillərin və dinlərin təmsilçiləri
də Həsən bəyə son borclarını verməyə
gəlmişdilər.
Zərdabinin ölü
namazı Qasımbəy məscidində qılınmalı
idi. 1896-cı ildə azərbaycanlı memar Məşədi
Mirzə Qafar İsmayılovun layihəsi əsasında
keçmiş Karantinnaya (indiki Həzi Aslanov-V.Q.) küçəsində
inşa edilmiş bu məscidin şəhərin əsas
magistrallarından biri olan Bazar (Hüsü Hacıyev-V.Q.)
küçəsinə çıxışı vardı. Zərdabilərin
mənzilindən başlayaraq Qasımbəy məscidinə qədər,
habelə Bazar küçəsi ilə "Kaspi" redaksiyasına
(indiki Sabir bağı-V.Q.) qədər Bakıdakı
bütün rus-müsəlman məktəblərinin (həmin
dövrdə şəhərdə əsasını Həsən
bəyin qoyduğu 11 belə məktəb fəaliyyət
göstərirdi-V.Q.) şagirdləri yolun hər iki tərəfində
sıra ilə düzülmüşdülər. Direktor
İ.V.Depreverin rəhbərliyi altında Bakı real məktəbinin
"müsəlman" şagirdləri də onlara
qoşulmuşdular. Bu, yaxşı
düşünülmüş simvolik aksiya idi. Adətən
böyük şəxsiyyətlərin dəfni zamanı əsgərlər
və zabitlər fəxri qarovulda dayanırlar. O zaman Azərbaycanın
ünlü generalları olsa da, ordusu mövcud deyildi. O biri tərəfdən
isə Zərdabini tam əsasla maarif ordumuzun komandanı saymaq
olardı. Müəllim və şagirdlər onun son mənzilə
yola salındığı küçələrdə fəxri
qarovulda dayanmağı özlərinə şərəf
sayırdılar.
Mənzilə gətirilən
çoxsaylı əklillər divar boyu
düzülmüşdü. Tabutun üzərinə bahalı
şallar və matəm lentləri salınmışdı. Zövqlə
hazırlanmış lentlərdə ayrı-ayrı şəxslərin,
ictimai təşkilatların, tədris müəssisələrinin
və s. adları, onların mərhuma ünvanlanmış
vida sözləri yazılmışdı.
"Kaspi"dəki
"Həsən bəy Məlikovun dəfni" məqaləsindən
"müsəlman müəllimlərin dəfn mərasiminə
mərhumun tərcümeyi-halı həkk olunmuş
gümüş büvuar, müsəlman dram truppasının
gümüş lira, "İrşad" qəzeti
redaksiyasının Qafqazda ilk türk qəzeti "Əkinçi"nin
güllərlə çevrələnmiş və
qızılı çərçivəyə
salınmış birinci sayını, müsəlman gimnazistlərin
Həsən bəyin qara haşiyəli böyük portretini gətirdiklərini"
öyrənirik.
Şübhəsiz,
bütün bu atributlar dövrün ənənəvi müsəlman
dəfn mərasimləri üçün qeyri-səciyyəvi
və gözlənilməz idi. Azərbaycanın mədəni-ictimai
həyatına çoxlu yeniliklər gətirmiş Həsən
bəyin son mənzilə yola salınmasının məhz belə
yenilikçi ruhda təşkili onun şəxsiyyətinə
və əməllərinə bəslənən sonsuz minnətdarlıq,
şükran duyğularının ifadəsi sayıla bilərdi.
Saat 10-da
ziyalıların və ali ruhanilərin müşaiyətilə
Zərdabinin cənazəsi Qasım bəy məscidinə gətirildi.
İzdiham yalnız məscidin içərisini və həyətini
deyil, bütün ətraf küçələri də
doldurmuşdu. Burada Bakı quberniya qazısı, Qurani-kərimin
Azərbaycan türkcəsinə ilk təfsirçisi Mir Məhəmməd
Kərim ağanın rəhbərliyi və şəhərin
ən tanınmış ilahiyyatçılarının
iştirakı ilə ölü namazı qılındı, mərhumun
ruhuna dualar oxundu.
İlk izdihamlı mitinq
məscidin həyətində keçirildi. Qeyri-rəsmi
"dəfn komissiyasının" rəhbəri kimi mitinqi
açan "İrşad" qəzetinin redaktoru Əhməd
bəy Ağayev Azərbaycan türkcəsində,
tanınmış həkim və ictimai xadim Qara bəy Qarabəyov
isə rus dilində nitq söylədilər. Daha sonra Bakı
şəhər bələdiyyəsinin rəisi N.V.Rayevski,
"Füyuzat" məcmuəsinin redaktoru Əli bəy
Hüseynzadə, "Nicat" cəmiyyəti adından M.Ə.Rəsulzadə,
din xadimləri adından Axund Molla Ağa Qazızadə,
müəllimlər adından M.H.Əfəndiyev, "Nəşri-Maarif"
cəmiyyəti adından İ.Məlikov (məşhur
fransız şərqşünası İren Melikoffun
atası-V.Q.), Bakıdakı gürcü icması adından
M.A.Nasadze çıxış etdilər.
Gözəl natiqlik məharəti
ilə tanınan Əhməd Ağayev öz
çıxışında Zərdabinin millət
qarşısındakı xidmətlərindən bəhs edərək
demişdi: "Tam 50 il bundan əvvəl, yəni o vaxtlar ki,
Qafqaz dairəsində elm və fənn nə olduğuna etina
belə olunmuyordu, Həsən bəy mərhum Moskva şəhərinə
gedib orada Darülfünunda təhsil etməyə bəzli-himmət
etmiş, sonra öz vilayəti olan Badikubəyə mühacirət
etmişdi. Badikubəyə qayıdıb da bu mərhum nəyə
məşğul olmuş? Yerlər qəsb etməyə? Dövlət
qazanmağa? İsmi-rəsm, şöhrət və pul
qazanmağa? Xeyr! Xeyr! Müəllimlik edib öz həmcinsi və
qövmü olan taifəni düçar olduğu cəhalətdən,
zülmətdən xilas etməyə!"
Bu təmənnasız
xidmətin müqabilində Həsən bəy nə
qazanmışdı? Ə.Ağayev dinləyicilərin təəssüf
nidaları və göz yaşları ilə müşaiyət
olunan matəm nitqində bu suala da cavab vermişdi: "Ən əvvəlinci
tən və sərzəniş idi ki, ona edirdik, onun
kasıblığı və biçizliyi (yoxsulluğu-V.Q.)
idi! Ağzını açıb danışanda biz ona
deyirdik: Kəs səsüvü! Danışma! Sən
kasıbsan! Sən fəqirsən! Yəni biz ona tənə
edirdik ki, vaxtını pul qazanmağa sərf etmək əvəzinə
bizə, biz millətə müftə qulluq etməyə sərf
edirdi. Lakin bu mücahid, bu millətpərəst bizim heç
bir cövrü cəfamızdan geri durmayıb öz
tutduğu yolunda qəribə bir səbat ilə davam edib milləti
ayıltmaq işi ilə, taifəsinə xidmət etmək
üçün cümlə səyi-bəzl edirdi".
Qara bəy Qarabəyovun
digər millətlərin nümayəndələri
üçün nəzərdə tutulan rusca nitqində fəaliyyətinin
bütün genişliyi və çoxcəhətliliyi ilə
Zərdabinin görümlü portreti
yaradılmışdı. Natiq Puşkinin
Lomonosov haqqında dediyi "O, ilk rus universitetini yaratdı.
O, əslində bizim ilk universitetimiz oldu" sözlərini Həsənbəyə
şamil edərək mərhumu sadəcə ilk azərbaycanlı
universitet məzunu deyil, bütünlükdə Azərbaycan
xalqının ilk universiteti kimi səciyyələndirmişdi.
"Elə bir müsəlman
ziyalısı tapılmaz ki, bizim ən qocaman müsəlman
ziyalımız və həqiqi universitetimiz olan Həsən bəyə
müraciət etməsin, ondan məsləhət almasın. O,
qəflət yuxusuna dalmış müsəlmanların ilk
oyadıcısı idi. O, ilk qəzeti yaratmışdı. O. ilk müsəlman teatr truppasını təşkil
etmişdi. O, ilk rus-müsəlman məktəblərinin
açılmasına səy göstərmişdi. O, ilk dəfə
müsəlman gəncliyini məktəblərə, maarifə
səsləmişdi"-deyə doktor Q.Qarabəyov Zərdabinin
Azərbaycan ictimai-siyasi fikir tarixində, milli mədəniyyət
tarixində tutduğu yeri aydınlaşdırmağa
çalışmışdı.
"İctimai fəaliyyətin
dar senzura çərçivəsinə
salındığı bir şəraitdə Həsən bəyin
müsəlmanlar üçün gördüyü işlərin
hamısını sadalamaq imkan xaricindədir - deyən Q.Qarabəyov
çıxışında daha sonra öz ağsaqqal ədiblərini
itirmiş gürcülər və Azərbaycan türkləri
arasında maraqlı analogiya da aparmışdı. "Lap
bu yaxınlarda bütün Gürcüstan qocaman publisist və
ictimai xadim knyaz Çavçavadzeni itirdiyinə görə
yasa qərq olmuşdu. Biz müsəlmanlar həmin
dərdə şərik çıxmışdıq. İndi eyni müsibət bizim - təcrübəli və
müdrik ağsaqqalını itirmiş müsəlmanların
da başına gəldi" - deyə iki qonşu xalqın bənzər
taleyindən və kədərindən
danışmışdı.
Natiq həyatının son illərində milli simvola çevrilmiş Çavçavadzedən fərqli olaraq Zərdabinin unudulmasını, layiq olduğu yüksəklikdə tutulmamasını cəmiyyətin və milli ziyalıların ən böyük üzqarası hesab edirdi: "Qocaman ədibimizi əlimizdən aldığına görə Allahdan şikayətçi deyilik. Bəlkə də vaxtı çatmışdı. Onun yoxsulluq içərisində vəfat etməsi də bizi kədərləndirmir. Bizi ən çox qüssə və ələmə qərq edən Həsən bəy xəstəliyi ucbatından ictimai işlərdən uzaqlaşdığı zaman onu unutmağımızdır. Heç birimiz ona baş çəkməyə getmədik. Şəhər nümayəndələri də sayğısızlıq göstərdilər". Doktor Q.Qarabəyov çıxışının sonunda millətin gələcək tərəqqisi naminə hər bir ziyalının Həsən bəy kimi özünü, öz şəxsi həyatını unudaraq bütünlüklə xalqın qayğı və dərdləri ilə yaşamasının zəruriliyini vurğulayır, yolunun davam etdiriləcəyinə əminliyini bildirirdi.
(Ardı var)
Vilayət QULİYEV