"Azərbaycan"ın növbəti sayı nəşr olunub

 

Bu il üçün 6-cı sayı çapdan çıxan "Azərbaycan" jurnalında Vaqif Yusiflinin xalq şairi Vaqif Səmədoğlunun 70 yaşı münasibətilə qələmə aldığı "Mənə yaşamaq yox, şeir yazmaq gərəkdir" yazısı ön səhifədə verilib. Jurnalın "İtmiş nəslin ardınca" rubrikasında professor Nizaməddin Şəmsizadənin "İtmiş nəslə uvertüra" məqaləsi dərc olunub.

Dərginin ənənəvi "Poeziya" bölməsində Hüseyn Kürdoğlu, Azər Abdulla, Məcnun Göyçəli, Ağacəfər Həsənli, Rəfail Tağızadə, Barat Vüsal və Balayar Sadiqin şeirləri işıq üzü görüb.

Kamil Əfsəroğlunun "Çadır" romanı jurnalın nəsr bölümündə oxuculara təqdim olunub.

Yazıçı Natiq Rəsulzadənin 60 illik yubileyi münasibətilə Məmməd Orucun "Bir ağız gözəlləmə" yazısı və yubilyarın "Nəvə" hekayəsi çap edilib.

Gülşən Tofiqqızının rus dilində qələmə aldığı "Hörümçək toru" hekayəsini dilimizə Arifə Arifqızı çevirib.

Südabə Ağabalayevanın "Durulacaq bu dünya" portret yazısı da jurnalın bu nömrəsində oxucuların ixtiyarına verilib.

Asif Rüstəmlinin "Mütərcim Cəfər Cabbarlı" yazısında ədibin tərcüməçilik fəaliyyəti araşdırılıb.

İfrat Əliyevanın "Poetik ilhamın özünəməxsusluğu" yazısında şair Fikrət Sadığın yaradıcılığı təhlilə cəlb edilib.

 

  

SARA

 

525-ci qəzet.- 2009.- 25 iyul.- S.23.