Ədəbiyyat qəzetlərinin ümumi mənzərəsi ya bir səhifəlik təəssüf

 

(İkinci yazı)

 

Ədəbiyyat qəzetləri haqqındakı keçən yazımdan sonra müsbət və mənfi rəylərin ümumi mənzərəsi ədəbiyyata xidmət, səviyyəli mətbuat haqqında nəzəriyyələr əzbərləyib sovet psixologiyasını məharətlə maskalayan insanların təfəkkür səviyyəsinin o qədər də yüksək olmadığını bir daha göstərdi. Haqqında yazdığım "Yeni nəfəs", "Yazar", "Ədəbiyyat" qəzetlərinin öz qapılarını bundan sonra mənim üzümə taybatay... bağladığını təəssüflə nəzərimə çatdıranlar heç əndişələnib narahat olmasınlar: üzə taybatay bağlanan qapıları açmağın bir yolu var - Yaxşı mətn, sağlam və fərqli mövqe! Digər tərəfdən, birinci yazıdakı bir qədər sərt görünən tənqidlə bu dəfə də üz-üzə qalmalı olacaqlar. Bəlkə baş redaktorlar canlarına cəfa qatıb qəzetlərinin gələcək saylarında sözügedən səhvləri təkrarlamamaq haqqında bir qədər düşünüb əməli addımlar atalar.

Haqqında yazmaq istədiyim "Ədəbiyyat naminə" və "Bizim söz" qəzetlərinin təhlilinə keçməzdən öncə keçən məqalədə ümumi şəkildə adı çəkilən birincinin baş redaktoru hörmətli Kəramət bəyin xüsusi qayğısı hiss olunan kollektivçi-icma mövqeli, qondarma "Ə.N" imzalı reaksiya-yazısı barədə bir neçə cümlə...

"Ədəbiyyat naminə" qəzeti 7 iyul sayında "Təəssüfə təəssüf" başlıqlı etiraz yazısı, yuxarıda qeyd etdiyim kimi, qondarma imza ilə dərc olunduğundan bu yazıda qəzetin birinci şəxsi kimi Kəramət bəyə şəxsən müraciət olunacaq. Öncə bildirim ki, Kəramət bəyin pis və ya yaxşı qəzet çıxarmağından asılı olmayaraq, onun zəhmətini qiymətləndirməyəcək qədər ədalətsiz deyilik. Şifahi umu-küsülərdənsə, qeyri-sağlam olsa belə, mövqe nümayiş etdirmək daha yaxşıdır.

Kəramət bəyin nəzərinə çatdırım ki, məqalədə yan-yana yazdıqları materiallarla tanışam və mənim qəzeti köşklərdə tapıb-tapmamağımın buraya qətiyyən dəxli yoxdur. Ünvanıma işlətdiyiniz "filan-filan şüdə" ifadəsinin sinonimini ən sərt şəkildə "Ə.N" imzasının arxasında gizlənən şəxsə ərmağan etmək tərbiyəsində deyiləm. "Bir qəzetin digər qəzetlər üzərində "Kommunist" qəzetisayağı ideoloji-ədəbi yönləndirmə meylləri gerizəkalıqdan xəbər verər" kimi açıqlamalarınızın qeyri-sağlam mövqedən gəldiyini hiss etməmək sadəcə mümkün deyil.

"Ədəbiyyat naminə" qəzetinin ilk sayı işıq üzü görəndə Kəramət bəy mətbuata açıqlamasında yaşı yetmişə çatan ədəbiyyatçıların F.M.Dostoyevskini oxumamağından gileylənib bu səviyyəli insanlarla dünya miqyasına çıxmağın mümkünsüzlüyünü demişdi. Hörmətli baş redaktoru əmin edə bilərəm ki, "fərqli, çox fərqli" şüarı ilə çıxan qəzeti haqqında dərindən düşünməsə, "Biləcəridən o yana" sindrom-stereotipindən uzaq qaça bilməyəcək.

 

FƏRQSİZ, TAMAM FƏRQSİZ QƏZET

 

İstənilən qəzetlə ilk tanışlıq təəssüratı onun dizayn işiylə başlayır. Qəzetdə dərc olunan yazıların ədəbi dəyərindən asılı olmayaraq, dizayn işi zəif olan nəşrin oxucu auditoriyası qazanması qeyri-real görünür. "Ədəbiyyat naminə" qəzetinin 7 iyul 2009-cu il sayında üz qabığına çıxarılan rəsm, həqiqi şairlə peyğəmbər arasındakı fərqi göstərən iri şriftli aforizmin və qəzetin ayağına sıxışdırılmış "oxuya bilərsiniz" başlıqlı elan mətni dizayn işinin ən ümumi tələblərinə belə cavab vermir. Ədəbi nəşrin ilk səhifəsini görən istənilən oxucuda, sonrakı səhifələrdəki materialların dəyərindən asılı olmayaraq, mənfi rəy formalaşacaq. Qəzetin səhifələrinə ad qoymamaqla Kəramət bəyin nə demək istədiyi anlaşılmasa da, özünümüdafiə məzmunlu yazılarındakı korrektura işinin keyfiyyəti haqqındakı iddiaları keçərli deyil.

İnsafən, "Ədəbiyyat naminə" digər qəzetlər, məsələn, "Yazar" və "Yeni Nəfəs"lə müqayisədə, müəyyən qədər şükürlü sayıla bilər. Xüsusən "Yazar" qəzetinin səhifələrində dərc olunan ədəbi materiallar müqayisəyəgəlməz dərəcədə zəifdir. "Ədəbiyyat naminə" qəzetinin sözügedən sayındakı mətn müxtəlifliyi təqdirəlayiqdir. Q.Q.Markesin "Anlatmaq üçün yaşamaq", Əsgər Rəsulun Əlif Şəfəqin "Eşq" romanı və "eşqin şəriəti" adlı təhlil yazısı, "Nazim Hikmətin bizim bilmədiyimiz tərəfləri" və başqa bir neçə mətn buna misaldır. Təəssüf ki, texniki məsələlərdəki yarıtmazlıq bütün bu işlərə kölgə salır:

1) Q.Q.Markesin "Anlatmaq üçün yaşamaq" yazısının tərcüməçisi göstərilməyib; qəzetin altı səhifəsini bir yazının ixtiyarına vermək qəzetçilikdə arzuolunmaz haldır.

2) "Mərhum yazıçının yeganə oğlunun etirafları" başlıqlı, "Atamı anam öldürdü" adlı yazıda söhbətin kimdən getdiyi bəlli olmur. Əlbəttə, müəllif imzasını və yazıda haqqında danışılan şəxsin adını gizli saxlaya bilər. Amma redaksiyanın borcudur ki, əvvəlini ötən sayda dərc etməyindən asılı olmayaraq, qəzetin cari sayında da bütün bunlar haqqında oxucuya bir neçə cümləlik məlumat versin.

3) Şair Vahid Əziz haqqındakı "Üç şairdən biri" adlı yazının müəllifini göstərməyi ya unudublar, ya da bu cür kəm-kəsirlər hansısa modern üslubdur ki, bizim bundan xəbərimiz yoxdur. İmza yerinə qaradərili yeddi qadın ayağı olduğu güman olunan rəsm verilib, həmçinin, nəfəsindən Vahid Əzizə məxsus olduğu ehtimal edilən şeirlər. Görünür, "Ədəbiyyat naminə"ni nəşr edənlər əsasən bu cür xətalarla "Fərqli, çox fərqli qəzet" buraxmaq yolunu tutublar. Ancaq indiki halda bu, tamam fərqsiz bir nəşrdən başqa bir şey deyil.

 

BİZİM OLMAQ İSTƏYƏN SÖZ

 

Ədəbi mühitə yeni daxil olan "Bizim söz" qəzetinin ikinci sayı işıq üzü görüb. Bu münasibətlə qəzetin baş redaktoru şair Ələmdar Cabbarlını təbrik edirik. İnanırıq ki, bu, sağlam mövqeli, ədəbi baxışlarından asılı olmayaraq, bütün insanlara bərabər söz demək şəraiti yaradan, ədəbi gənclik üçün açıq tribunaya çevrilən bir qəzet olacaq.

"Bizim söz" qəzetinin ilk sayını görəndə ilk ağlıma gələn "hansı yeniliklə meydana çıxıb" sualı oldu. Qəzeti əldə etmək məqsədi ilə bir neçə köşkə üz tutsam da, ədəbiyyat qəzetlərilə bağlı o qədər də təəccüblü olmayan problemlə qarşılaşdım. Köşklərdə "Bizim söz" adda qəzet tanımadıqlarını deyəndə daha axtarmadım. Dostlardan birinin vasitəsilə qəzeti əldə etdim və sonuncu səhifəyə qədər səbirsizliklə yeni, maraqlı və indiyə qədər nəşr olunan qəzetlərdə olmayan, fərqli mətn axtardım. Təəssüf ki, "Bizim söz" qəzeti də ümidimi doğrultmadı. Əksinə, qəzetin səhifələrindəki materialların ümumi mənzərəsi bu nəşrin nəinki gələcək uğurlu fəaliyyətini sual altına alır, hətta fəaliyyətini davam etdirəcəyinə də şübhələr yaradır. Fikirlərimi konkret misallarla izah etməyə çalışacam. ABŞ-ın "Sacramenti Bee" qəzetinin baş redaktoru Mc Clatchy fəaliyyətə yeni başlayan qəzetlər üçün aşağıdakı tövsiyələri verirdi: "Yaxşı qəzetlərin yaradılması üçün başqa şeylərdən daha vacib amil qəzetlərin xalq qarşısındakı xüsusi rolunu və bu rolun tam əhəmiyyətini başa düşən fərdi şəxslərə malik olmaqdır".

Əlbəttə, bu misalı sosial-siyasi, analitik-xəbər qəzetlərinə aid etmək daha doğru olar. Amma qəzet nəşr etmək iddiasında bulunan hər bir kəsin 133 yaşlı şirkətin sahibinin bu kiçik tövsiyəsindən nəticə çıxarması təqdirəlayiq hal olardı. Təssəvvür edin ki, qəzetin sonucu - iyun sayında yeddi ən böyük yazı bu və ya digər şəkildə baş redaktor Ələmdar Cabbarlıya məxsusdur. İmza müxtəlifliyi, rəngarənglik olmayan qəzetin oxucu auditoriyası qazanması sadəcə absurddur.

Əfsuslar olsun ki, bu, məsələnin bəlkə də ikinci tərəfidir. Qəzetdə müasir oxucunun tələblərinə hesablanan yazılar yox dərəcəsindədir. İnternetin, digər elektron nəşrlərin "meydan suladığı" 2009-cu ildə Ələmdar Cabbarlı qəzetin manşetinə Üzeyir Hacıbəyovun əsrin əvvəllərində yazdığı "Aləm şair oldu" məqaləsini çıxarıb. Səməd Vurğunun 30-cu illərdə yazdığı şeirləri, "Aslan qayası", "Acı xatirələr" poemalarından parçalar, Cəlal Bərgüşadın 1962-ci ildə yazdığı "Xunveybin"in faciəsi" məqaləsi, Nofəl Ədalətin Nazim Hikmət haqqında inşa səviyyəli yazısı, Vilyam Şekspirin, Sergey Yeseninin şeirləri "Bizim söz"ün müasirliyə hesablanan misilsiz "kəşf"idir. Təbii ki, adları çəkilən müəlliflərin Azərbaycan və dünya ədəbiyyatı tarixindəki yeri danılmazdır. Amma yenilik umulan qəzetin səhifələrində poemadan parça, yaxud Vilyam Şekspirin şeirlərini oxumaq müasir oxucu üçün keçərli deyil.

Qəzetin dizayn və korrektə işləri qənaətbəxş olsa da, baş redaktorun material seçimində indikindən çox-çox diqqətli davranmasını istərdim. Nə vaxtsa "Biz bacarmadıq" ifadəsinin manşetə çıxarılmasını isə, ümumiyyətlə, arzu etməzdim...

 

 

Cavid ZEYNALLI

 

525-ci qəzet.- 2009.- 25 iyul.- S.14.