Azərbaycan təhsili: yaxın keçmişə, bu günə gələcəyə bir baxış

 

(əvvəli ötən şənbə saylarımızda)

 

Hörmətli oxucular, ötən məqalədə orta ixtisas təhsilinin təşəkkülü, bu sahədə dünya təcrübəsi və həyata keçirilən tədbirlər barədə məlumat vermişdim. Bu məqalədə görülmüş digər işlərə diqqətinizi cəlb etməklə yanaşı, mövcud problemlər və perspektivlərlə əlaqədar düşüncələrimi bölüşmək istəyirəm.

Əvvəlcə ölkəmizin təhsil və mədəniyyət tarixində müstəsna xidmətləri olan üç orta ixtisas təhsili müəssisəsi barədə fikirlərimi bildirmək istəyirəm.

Həmin orta ixtisas məktəblərindən biri 100 illik tarixi olan və hazırda Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən Musiqi Kollecidir ki, onun respublikamız üçün musiqi və bəstəkar kadrlarının hazırlanmasında əvəzsiz xidmətləri olmuşdur. "Şərq Konservatoriyası" adı altında fəaliyyət göstərən bu məktəbə 1922-ci ildən Azərbaycan professional müsiqisinin banisi Üzeyir Hacıbəyov rəhbərlik etmiş və həmin dövrdə məhz onun səyləri nəticəsində ölkəmizdə dövlət səviyyəsində musiqi təhsili sisteminin formalaşması üçün zəmin yaranmışdır. Yalnız Azərbaycanda deyil, Şərqdə də ilk professional musiqi-tədris ocağı kimi tanınan bu məktəb yüzlərlə dünya şöhrətli, mədəniyyətimizə və xalqımıza başucalığı gətirən bəstəkarlar və musiqiçilər yetişdirmişdir. Asəf Zeynallı, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Cövdət Hacıyev, Səid Rüstəmov, Tofiq Quliyev, Arif Məlikov və s. kimi görkəmli sənətkarlarımız məhz bu tədris ocağının yetirmələridir. Bu gün cəsarətlə deyə bilərik ki, çağdaş Azərbaycan bəstəkarlıq məktəbinin əsası uzun illər Asəf Zeynallının adını şəfərlə daşıyan və bu gün Milli Konservatoriyanın nəzdində fəaliyyət göstərən Musiqi Kollecində qoyulmuşdur. Azərbaycan xalq və klassik musiqisini dünyada təbliğ edən, milli musiqi mədəniyyətimizin iftixarı olan görkəmli sənətkarlarımız Müslüm Maqomayev, Zeynəb Xanlarova, Lütfiyar İmanov, Vaqif Mustafazadə və s. sənətçilər də bu kollecin məzunlarıdır. Onlar arasında 9 nəfəri SSRİ xalq artisti, 100-dən çoxu Azərbaycanın xalq artisti, Əməkdar incəsənət xadimi, Əməkdar artist kimi fəxri adlara layiq görülmüşlər. Kollec bu gün də gənclərimizin musiqi təhsili və tərbiyəsi işini müasir tələblər səviyyəsində həyata keçirir.

Əvvəllər Azərbaycanın xalq rəssamı Əzim Əzimzadənin adını daşıyan Rəssamlıq məktəbinin, hazırda Azərbaycan Rəssamlıq Akademiyası nəzdindəki İncəsənət Kollecinin orta ixtisas təhsili verən məktəblərimiz arasında özünəməxsus yeri vardır. Bu məktəbi bitirənlər arasında Tahir Salahov, Tokay Məmmədov, Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov, Kamil Əliyev və s. kimi dünya şöhrətli sənət korifeylərimiz vardır.

Yeri gəlmişkən, 1998-ci ilin yazında Böyük Britaniyada rəsmi səfərdə olarkən bu sənət ocağı ilə bağlı bir xatirəmi oxucuların diqqətinə çatdırmaq istərdim. Londonda olarkən məlumat aldım ki, dünyada məşhur olan Madam Tüsso muzeyinin emalatxanasında 5 nəfər azərbaycanlı gənc çalışır. O dövrdə Böyük Britaniyada Azərbaycanın səfiri vəzifəsində çalışan Mahmud Məmmədquliyevdən xahiş etdim ki, məni həmin gənclərlə görüşdürsün. Görüş zamanı məlum oldu ki, Əzim Əzimzadə adına Dövlət Rəssamlıq məktəbinin 5 nəfər azərbaycanlı məzunu dünyanın bir çox ölkələrindən olan 5 min nəfər mütəxəssis arasında keçirilən müsabiqədə qalib gəlmiş və Madam Tüsso muzeylər şəbəkəsinin Londonda yerləşən emalatxanısında işə qəbul olunmuşlar. Bu hal məni çox sevindirdi və bu gün fəxrlə deyə bilərəm ki, Əzim Əzimzadə adına Rəssamlıq Məktəbi Dövlət Rəssamlıq Akademiyasının tərkibində öz fəaliyyətini uğurla davam etdirir.

Bu məktəblər arasında uzun müddət xalqımızın böyük şairi Mirzə Ələkbər Sabirin adını daşıyan və bu gün Azəbaycan Dövlət Pedaqoji Kolleci kimi fəaliyyətini davam etdirən məktəbin xüsusi yeri vardır. Sabir adına Pedaqoji Məktəb mövcud olduğu 90 il ərzində ölkəmizin ümumtəhsil məktəbləri üçün 20 mindən çox müəllim hazırlamışdır. Azərbaycan Dövlət Pedaqoji Kolleci öz tarixi missiyasını uğurla davam etdirərək, əsasən ibtidai təhsil səviyyəsi üçün müasir təhsil texnologiyalarına yiyələnmiş müəllimlər hazırlayır.

Bu gün Azərbaycanın hansı bölgəsinə nəzər salsaq, pedaqoji kollecin məzunlarına rast gəlmək mümkündür. Onların bir çoxu gənc nəslin təlim-tərbiyəsində böyük rolu olan müəllimlər, müxtəlif sahələrdə fəaliyyət göstərən, respublikanın görkəmli oğul və qızlarıdır. Məktəbin fəxri məzunları arasında xalq rəssamı Salam Salamzadə, bəstəkar Səid Rüstəmov, xalq yazıçısı Mehdi Hüseyn, akademik Əlisöhbət Sumbatzadə, akademik Məmmədhüseyn Təhmasib, xalq şairi Mirvarid Dilbazi, yazıçı Əzizə Cəfərzadə və digər elm, ədəbiyyat, incəsənət xadimləri olmuşlar.

Bundan əvvəlki yazıda qeyd olunduğu kimi ölkə Prezidentinin tarixi 2000-ci il fərmanından sonra orta ixtisas təhsili müəssisələrinin şəbəkəsinin optimallaşdırılması tədbirləri davam etdirildi. Bu tədbirlər nəticəsində 8 orta ixtisas məktəbinin fəaliyyəti dayandırıldı, 7 texnikumun bazasında Azərbaycan Müəllimlər İnstitutunun bölgələrdə filialları yaradıldı, 21 texnikumun bazasında isə profilləri genişləndirilməklə 17 orta ixtisas məktəbi yenidən təşkil olundu. Bundan əlavə 2 yeni texnikum da (Ağcabədi Pedaqoji Texnikumu və Bakı Kompyuter Kolleci) yaradıldı.

Hazırda ölkədə orta ixtisas təhsili proqramlarını həyata keçirən 57 dövlət və 3 qeyri-dövlət təhsil müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə 117 ixtisas üzrə 52579 tələbə (o cümlədən 983 tələbə özəl məktəblərdə) təhsil alır. Onların təlim-tərbiyyəsi ilə 7003 müəllim məşğul olur. Bilavasitə Təhsil Nazirliyi sistemində 45 orta ixtisas məktəbi fəaliyyət göstərir ki, burada təhsil alan 43533 tələbənin təlimi ilə 5410 nəfər müəllim məşğul olur.

2008-ci ilin statistik göstəricilərinə əsasən sosial-iqtisadi sferanın müxtəlif sahələrində 540 min nəfərə yaxın orta ixtisas təhsilli mütəxəssis çalışır ki, bu da ölkənin əmək qabiliyyətli əhalisinin 10%-ə qədərini təşkil edir. Onu da qeyd etmək lazımdır ki, Respublikamızda hər 10 min nəfər əhaliyə düşən orta ixtisas təhsillilərin sayı digər MDB ölkələrinə nisbətən çox aşağıdır:

Bununla bağlı qeyd etmək istərdim ki, orta ixtisas təhsili müəssisələrinə son illərdə tələbə qəbulu planının təxminən eyni səviyyədə müəyyənləşməsinə baxmayaraq, buraya gənclərin meyl və marağının artması müşahidə olunur. Belə ki, 2007-ci ildə 14.559 plan yerinə 39.843 nəfər ərizə vermişdisə, 2008-ci ildə isə bu rəqəm 54.107 təşkil etmişdir. Buna görə də hesab edirəm ki, növbəti illərdə orta ixtisas məktəblərinə tələbə qəbulu planlaşdırılarkən həmin göstəricilər nəzərə alınmalıdır. Bununla yanaşı, narahatlıq doğuran bir məqamı da nəzərə çatdırmaq istərdim ki, bir sıra orta ixtisas təhsili müəssisələrinin bəzi ixtisaslarına ayrılmış plan yerləri (Şamaxı Mədəni Maarif Texnikumu, Ağcabədi Pedaqoji Texnikumu, Bakı İdarəetmə və Texnologiya Kolleci, Mingəçevir Turizm Kolleci, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci, Ağdaş Dövlət Humanitar Kolleci) kəsirdə qalmışdır. Düşünürəm ki, orta ixtisas təhsili müəssisələri bununla əlaqədar ciddi düşünməli, kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, əmək bazarının tələblərinin nəzərə alınması və kadr hazırlığı ilə əlaqədar ictimaiyyətin məlumatlandırılması sahəsində əməli tədbirlər həyata keçirməlidirlər.

Qeyd edildiyi kimi, son illərdə orta ixtisas təhsili müəssisələrində kadr hazırlığının strukturunda zəruri dəyişikliklər aparılmışdır. Nəticədə əmək bazarının tələbatına və gənclərin marağına uyğun olaraq neft və energetika, maşınqayırma, informasiya, nəqliyyat və kommunikasiya, sosial-mədəni servis, iqtisadiyyat, biznesin təşkili, marketinq və menecment, iqtisadi və humanitar profilli ixtisaslar üzrə mütəxəssis hazırlığı əhəmiyyətli dərəcədə artmışdır.

Orta ixtisas təhsilinin məzmununda da dəyişikliklər edilmiş, bütün ixtisaslar üzrə dövlət təhsil standartları və buna müvafiq yeni tədris plan və proqramları hazırlanmışdır. Ötən illər ərzində orta ixtisas təhsilinin müasir tələblərə uyğun normativ-hüquqi bazası yenidən hazırlanmış və təsdiq edilmişdir. Beləliklə, son illərdə orta ixtisas təhsili sahəsində aparılan dövlət siyasəti onun məzmunca yeniləşməsinə, dəyişən sosial-iqtisadi şəraitə uyğun mütəxəssis hazırlığının strukturunun təkmilləşdirilməsinə imkan vermişdir.

Qeyd olunanlarla yanaşı, bu gün təhsilin bu vacib pilləsində keyfiyyətin təmin olunması, müasir yanaşmaların tətbiqi, yeni təlim strategiyalarından bacarıqla istifadə edilməsi, qiymətləndirmənin yeni üsullarının tətbiqi orta ixtisas təhsilinin əsas problemləri olaraq qalır. Düşünürəm ki, işi elə qurmaq lazımdır ki, yaxın zamanlarda təhsilin bu pilləsinin məzunları dinamik şəkildə dəyişən iqtisadi şəraitdə işləmək, sosial- iqtisadi prosesləri şüurlu surətdə dərk etmək, tənqidi qiymətləndirmək, inkişafı proqnozlaşdırmaq, ona uyğunlaşmaq və bu proseslərə təsir göstərmək imkanlarını təmin edən bir sıra kompetensiyalara malik olsunlar.

Orta ixtisaslı mütəxəssislərin hazırlığında şəxsiyyətin formalaşması və peşə mədəniyyətinin inkişafı əsas rol oynayır və kadr hazırlığının keyfiyyətinin təmin olunmasında ciddi dəyişikliklərin aparılmasını tələb edir. Keyfiyyətli orta ixtisas təhsili bu gün həyatın müxtəlif mərhələlərində insanın özünü reallaşdırmasının qarantıdır. Təhsil prosesinin bu xüsusiyyəti təşkilatın, müəssisənin, cəmiyyətin və dövlətin orta ixtisaslı kadrlara olan tələbatını, habelə təhsilalanın sosial həyata uyğunlaşmasını, cəmiyyət və dövlət üçün faydalılığını təmin edir.

Orta ixtisas təhsilinin keyfiyyətinin təmin olunması bir sıra amillərdən asılıdır. Bu, ilk növbədə təhsil sahəsində dövlət siyasətinin düzgün formalaşdırılması ilə bağlıdır. Təhsilin keyfiyyətini təmin edən ikinci amil dövlət təhsil standartları ilə müəyyənləşdirilən məzmundur. Qeyd etmək lazımdır ki, müstəqillik dövründə sosial-iqtisadi inkişafın tələbləri nəzərə alınaraq ixtisasların standartları bir neçə dəfə dəyişilmiş, orta və ali ixtisas təhsilinin tədris planlarının yaxınlaşması tendensiyası əsas amil kimi nəzərə alınmışdır. Hazırda bir sıra fənlər həm orta ixtisas, həm də ali təhsildə demək olar ki, oxşar proqramlar üzrə, lakin müxtəlif həcmdə tədris olunur.

Təhsil standartları müasir dövrdə orta ixtisas təhsilinin əsas məqsədlərini əks etdirir, keyfiyyətli təhsilə dövlət təminatını müəyyənləşdirir. Mahiyyət etibarilə standartlar təlim prosessində qazanılacaq nəticələri əsas götürərək onların əldə olunmasının usul və vasitələrinin seçimində təhsil müəssisəsinə, müəllimə, tələbəyə sərbəstlik verir. Fikrimizcə bunların hamısı orta ixtisas təhsilli mütəxəssis hazırlığının keyfiyyətini təmin etməlidir.

Təhsilin keyfiyyətinin təmin olunmasına zəmin yaradan amillər arasında müasir təlim texnologiyaları və qiymətləndirmə mexanizmlərinin, eləcə də çevik idarəetmə modelinin yaradılması xüsusi yer tutur. Bir-biri ilə sıx əlaqədə olan bu amillər təhsil müəssisəsinin fəaliyyətini keyfiyyət baxımından xarakterizə edir.

Təhsilin keyfiyyətinin təmin olunmasında, şübhəsiz, əsas ağırlıq orta ixtisas məktəblərinin pedaqoji heyətinin üzərinə düşür. Təhsildə başlıca sima olan müəllim bu gün təlim prosesində təkcə təhsil proqramlarını reallaşdırmır, o, həm də təhsilin məzmununun yeniləşdirilməsi və formalaşmasında, onun yeniləşməsində bilavasitə iştirak edir. Məhz o, gələcək mütəxəssisi həm rəqabətqabiliyyətli işçi, həm də özünü davamlı şəkildə inkişaf etdirməyə qadir olan şəxsiyyət kimi formalaşdırır. Təhsil islahatı şəraitində müəllimlərin, metodistlərin yaradıcılıq fəaliyyətinin yüksəldilməsi mühüm rol oynayır.

Düşünürəm ki, müəllim fəaliyyətinin keyfiyyət səviyyəsini yüksəltmək üçün, hər şeydən əvvəl, cəmiyyətin və dövlətin müəllimə, onun əməyinin ödənilməsinə və sosial vəziyyətinə münasibəti dəyişməlidir, layiqli həyat səviyyəsi üçün ona təminat verilməli, pedaqoji fəaliyyətinə adekvat şərait yaradılmalıdır. Son illərdə bu istiqamətdə bir sıra ciddi addımların atılmasına, müəllimlərin əmək haqqının artırılmasına baxmayaraq, sosial müdafiə tədbirlərinin ardıcıl olaraq davam etdirilməsinə yenə də ehtiyac vardır. Yüksək ixtisaslı və perspektivli gənc müəllimlərin, istehsalatda iş təcrübəsi olan mütəxəssislərin orta ixtisas təhsili müəssisələrinə cəlb olunmasını yalnız bu yolla stimullaşdırmaq olar.

Müəllim heyətinin pedaqoji işə münasibətini dəyişmək və keyfiyyətin təmin olunması sahəsində məsuliyyətini artırmaq zəruridir. Tədris prosesində müəllimin rolunun dəyişməsini nəzərdə tutan yeni təlim texnologiyalarını tətbiq etmədən keyfiyyəti yüksəltmək sahəsində qarşıya qoyulan məqsəd və vəzifələri yerinə yetirmək mümkün deyildir. Müəllim biliklərin formalaşmasında məsləhətçiyə, tədris prosesinin fəal subyekti olan tələbənin fəaliyyətinin təşkilatçısına çevrilməlidir. Bu baxımdan orta pillə mütəxəssisləri hazırlığının keyfiyyətinin təmin olunması prosesində təlim-tərbiyə işinin təşkilini, aparılmasını, diaqnostikasını və korreksiyasını səriştəli həyata keçirmək qabiliyyəti olan müəllimlərin kompetentlik səviyyəsi mühüm rol oynayır. Bu baxımdan onların müasir yanaşmalar əsasında ixtisasartırma, təkmilləşdirmə, stajkeçmə təhsilinə diqqətin artırılmasını vacib hesab edirəm.

Orta ixtisas məktəblərində təhsilin keyfiyyətinin idarə olunması vətəndaşların təhsil alma maraqlarının müdafiəsinə yönəlməlidir. Belə idarəetmə, hər şeydən əvvəl, təhsil müəssisələrinin fəaliyyətinin keyfiyyət baxımından qiymətləndirilməsi, onların attestasiyası və dövlət akkreditasiyası yolu ilə təmin olunur. Bu günə qədər respublikanın 10 orta ixtisas məktəbi attestasiya və akkreditasiyadan keçmişdir. Həmin prosedurlar keçirilərkən hər bir təhsil müəssisəsində təlim prosesinin aydın mənzərəsini əks etdirən özünütəhlil təcrübəsi tətbiq olunsa da, düşünürəm ki, bu gün bu işin aparılmasına müxtəlif milli və beynəlxalq ekspert və qurumların cəlb edilməsinə ehtiyac vardır.

Orta ixtisas təhsili haqqında danışarkən onu da qeyd etmək lazımdır ki, bu təhsil pilləsinə ictimaiyyət arasında münasibət birmənalı deyildir. Bu sistemdə işləyən və ona bələd olan mütəxəssislər, habelə orta ixtisas məktəblərini bitirib ixtisası üzrə işləyənlər arasında kifayət qədər yüksək fikir formalaşsa da, cəmiyyətin müəyyən hissəsində orta ixtisas təhsili sistemi texniki peşə təhsili sisteminin oxşarı kimi başa düşülür. Əlbəttə, bu yanlış təsəvvürdür. Çünki orta ixtisas təhsili ixtisasını nəzəri və praktik biliklərin, bacarıq və vərdişlərin tarazlaşdırılmış sistemi kimi bilən ixtisaslı mütəxəssislər hazırlayır.

Qeyd edim ki, bu gün orta ixtisas təhsili sahəsində bir sıra ciddi problemlər də müşahidə olunur. Məlumdur ki, orta ixtisas təhsilinin inkişafı üçün əmək bazarı ilə qarşılıqlı əlaqələrin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Təəssüflə qeyd etmək lazımdlır ki, hazırda belə əlaqələrin səviyyəsi heç də qənaətbəxş sayıla bilməz. Qarşılıqlı əlaqələr orta ixtisas təhsili sisteminin istehsalatın tələbatları ilə uyğunluğunu yüksəltmək, mütəxəsis hazırlığını iqtisadiyyatın sahələrinin və işəgötürənlərin tələblərinə yaxınlaşdırmaq, tələbələrin təliminin işləyəcəkləri müəssisələrlə əlaqəsini təmin etmək baxımından xüsusi əhəmiyyət kəsb edir və orta ixtisas təhsili müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi üçün əlavə mənbələr cəlb etməyin yollarından biri hesab olunur.

Təcrübə göstərir ki, orta ixtisas təhsili yalnız real istehsalat şəraitində tələbələrin daha əhəmiyyətli praktik hazırlığını, işəgötürənlərlə qarşılıqlı əlaqələr nəticəsində istehsal müəssisəsinin maddi-texniki bazasından təhsil prosesində istifadəni, tələbələrin müasir texnologiyalar əsasında təlim keçməsini təmin edə bilər.

Orta ixtisas təhsili sistemində daha ciddi problemlər tədris prosesinin kadrlarla və maddi texniki təminatı ilə bağlıdır. Son illərdə müxtəlif obyektiv və subyektiv amillər nəticəsində gənc müəllimlərin bu sahədən axını müəllim heyətinin tərkibində yaşlıların sayının artmasına səbəb olmuşdur ki, bu da, əlbəttə, təhsilin keyfiyyətinə mənfi təsirini göstərməkdədir. Narahatlıq doğuran haldır ki, təhsil müəssisələrində müvafiq istehsalat sahələrində peşə fəaliyyəti təcrübəsi olan müəllimlər çatışmır.

Problemlərdən biri də orta ixtisas təhsili müəssisələrində müəllim-şagird nisbətinin xeyli aşağı olması ilə bağlıdır. Təhlil göstərir ki, təhsil müəssisələri rəhbərlərinin işə məsuliyyətsiz yanaşmaları nəticəsində son illərdə pedaqoji heyətin sayı hiss olunacaq səviyyədə artmışdır. Belə ki, Gəncə Musiqi Texnikumunda bu nisbət 2,7, Naxçıvan Musiqi Texnikumunda 3,1, Şəki Musiqi Texnikumunda 3,2, Sumqayıt Musiqi Texnikumunda 3,6, Qazax Dövlət Sosial-İqtisad Kollecində 4,3, Azərbaycan Rəssamlıq Akademiyası nəzdindəki İncəsənət Kollecində 4,5, Bakı Yeyinti Sənaye Texnikumunda 4,8, Tovuz Dövlət Sosial-İqtisad Kollecində 3,7, Şamaxı Dövlət Sənaye-İqtisad Kolleci, Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kolleci, Şəki Dövlət Texniki Kolleci, Gəncə Texniki Kolleci, Gəncə Humanitar Kolleci, Azərbaycan Milli Konservatoriya nəzdindəki Musiqi Kolleci, Bakı Mədəni - Maarif Texnikumunda 5 təşkil etmişdir. Ümumilikdə isə orta ixtisas təhsili müəssisələrində 1 müəllimə 8 şagird düşür. Hesab edirəm ki, bu vəziyyət təhsil müəssisələrinin rəhbərlərini ciddi düşündürməli və onlar problemin aradan qaldırılması istiqamətində əsaslı tədbirlər həyata keçirməlidirlər.

Təhsil müəssisələrinin maddi-texniki bazası əhəmiyyətli dərəcədə köhnəlmişdir, müəssisələr praktik təlimi müasir səviyyədə təşkil etməyə imkan verən zəruri avadanlıqlarla kifayət qədər təmin olunmamışdır. Bu, ilk növbədə, onunla bağlıdır ki, orta ixtisas təhsili müəssisələrinin maliyyələşdirilməsi mexanizmi təkmil deyildir və bu sahəyə ayrılan maliyyə vəsaitinin həcmi çox azdır. Fikrimcə, orta ixtisas təhsili müəssisələrinin adambaşına maliyyələşmə mexanizminə keçməsi və onlara maliyyə müstəqilliyinin verilməsi vəziyyətdən çıxış yolu ola bilər.

Orta ixtisas məktəblərinin müvafiq istehsal müəssisələri ilə lazımi normativlərlə tənzimlənən qarşılıqlı əlaqə mexanizmi yoxdur. İstehsalat sahələrinin orta ixtisas təhsilinə investisiya qoyuluşuna marağı təmin olunmur. Buna görə də orta ixtisas təhsilinin inkişafının elmi cəhətdən əsaslandırılmış şəkildə təkmiləşdirilməsinə ehtiyac duyulur.

Hesab edirəm ki, mövcud problemlərin aradan qaldırılması və orta ixtisas təhsili sisteminin inkişafını təmin etmək üçün aşağıdakı zəruri tədbirlər həyata keçirilməlidir:

   -orta ixtisas təhsilli mütəxəsisilərə real tələbat proqnozunun hazırlanması;

   -təhsildə fasiləsizliyi təmin etmək üçün orta ixtisas təhsilinin digər təhsil pillələri və səviyyələri ilə qarşılıqlı fəaliyyətinin təşkili;

   -istehsalatın müvafiq sahələrində kifəyət qədər təcrübəsi olan mütəxəssislərin orta ixtisas məktəblərinə cəlb edilməsi;

   -təhsil müəssisələrinin pedaqoji kadrlarının elmi inkişafının stimullaşdırılması;

   -yeni maliyyələşmə mexanizminə keçilməsi;

   -orta ixtisas təhsili müəssiələrinin maddi-texniki bazasının yeniləşdirilməsi;

   -müəssisə və təşkilatların müasir istehsal bazasından orta ixtisas məktəbləri tələbələrinin praktik hazırlığı üçün istifadə olunması.

Bütün bu tədrbirləri həyata keçirmək məqsədi ilə Təhsil Nazirliyi tərəfindən "2010-2014-cü illərdə orta ixtisas təhsilinin inkişaf proqramı" işlənib hazırlanmış və təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunmuşdur.

Proqramda respublikanın və onun regionlarının iqtisadiyyatının müasir və perspektiv inkişaf tələblərinə müvafiq olaraq orta ixtisas təhsilinin önləyici inkişafı, onun keyfiyyətinin təmin olunması, məzunların əmək bazarında rəqabət qabiliyyətliliyi və peşə mobilliyinin yüksəldilməsi məsələləri öz əksini tapmışdır. Burada orta ixtisas təhsilinin inkişafının bütün cəhətləri əhatə edilməklə bir sıra prioritet istiqamətlər üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur:

   -normativ-hüququ bazanın təkmilləşdirilməsi nəticəsində mövcud hüquqi-normativ sənədlərin beynəlxalq təcrübəyə uyğunlaşdırılması;

   -təhsilin məzmununun və təlim texnologiyalarının yeniləşdirilməsi yolu ilə orta ixtisas təhsili ixtisaslarının əmək bazarının tələblərinə və ali təhsilin bakalavr pilləsinin ixtisaslarına uyğunlaşdırılması, tədris plan və proqramlarının, digər təhsil resurslarının, müasir fənn proqramlarının, yeni təlim və informasiya texnologiyalarının tətbiqini təmin edən elmi-metodiki tövsiyələrin hazırlanması;

   -orta ixtisas təhsili strukturunun və idarə olunması sisteminin modernləşdirilməsi nəticəsində idarəetmənin əsaslı təkmilləşdirilməsi, işəgötürənlərin orta ixtisas təhsili müəssisələrinin idarə olunmasında və inkişafında daha fəal iştirakının təmin edilməsi, orta ixtisas təhsili müəssisələri üçün aidiyyati istehsal və tədris müəssisələrini baza kimi müəyyənləşdirməklə onlar arasında sıx əlaqələrin yaradılması (məsələn, müəllim hazırlığı sahəsində məktəb və təhsil şöbələri ilə, digər sahələrdə isə müvafiq istehsal qurumları ilə əlaqələrin yaradılması), tələbə özünüidarəetmə sisteminin inkişafı;

   -keyfiyyətin təmin olunması üçün orta ixtisas təhsili müəssisələrinin akkreditasiyasının davam etdirilməsi, tələbələrin biliyinin qiymətləndirilməsi üçün çoxballı sistemin və kredit sisteminin tətbiqinə nail olunması, orta ixtisas təhsili müəssisələrinin fəaliyyəti haqqında ictimaiyyətə müntəzəm hesabatvermə sisteminin yaradılması;

   -pedaqoji kadrların attestasiyasının yeni mexanizminin, orta ixtisas təhsili müəssisələrində keyfiyyəti təmin edən menecment sisteminin, əmək bazarının monitorinqi və işədüzəltmə-karyera mərkəzlərinin, dövlət və biznes strukturlarının sifarişləri əsasında məqsədli mütəxəssis hazırlığı mexanizminin və müəllimlərin ixtisaslarının artırılması üçün müvafiq treninq sisteminin yaradılması;

   -orta ixtisas təhsili müəssisələrinin maddi-texniki bazasının müasir tələblərə uyğun qurulması, müasir texnika, texnologiyalarla təmin edilməsi, təlim avadanlıqlarının yeniləşdirilməsi, tədris prosesində yeni təlim texnologiyalarının tətbiqinə nail olunması, elmi-metodiki və informasiya təminatının yaxşılaşdırılması;

   -orta ixtisas təhsilinin maliyyələşdirilməsinin yalnız dövlət büdcəsindən deyil, təhsil alan subyektlərin maliyyəsi hesabına həyata keçirilməsi, təhsil xidmətləri sahəsini genişləndirməklə alternativ maliyyələşmə mənbələrinin formalaşdırılması sisteminin yaradılması;

   -Boloniya prosesinə uyğun olaraq Avropaya inteqrasiya kontekstində orta ixtisas təhsilinin inkişafının təmin olunması.

Hesab edirəm ki, Proqramın həyata keçirilməsi nəticəsində, ilk növbədə, müasir təhsil proqramları tətbiq edilməklə sifarişçilərin tələblərinə uyğun peşəkar, rəqabət qabiliyyətli və mobil mütəxəssis hazırlığı təmin ediləcək, iqtisadiyyat və xidmət sahələrinin peşəkar kadrlara tələbatı ödəniləcək, beləliklə ölkədə çevik kadr hazırlığı aparmağa qabil olan orta ixtisas təhsili sistemi formalaşacaqdır.

 

 

(ardı var)

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri,

fizika-riyaziyyat elmləri doktoru,

professor

 

525-ci qəzet.- 2009.- 25 iyul.- S.10-11.