Rüfət Abbasovun "Sual"ı
"Hamısından
önəmlisi bu sahədə çalışmağı qərara
alanın daxilən jurnalist olması, jurnalistikaya sadəcə
ixtisas, gəlir mənbəyi kimi deyil, həyat tərzi kimi
yanaşmasıdır". - Bu sözlər Rüfət
Abbasovun "Sual" adlı kitabındandır. İyulun 23-də
R.Abbasov 10 illik jurnalist fəaliyyətinin məntiqi nöqtəsi
hesab etdiyi "Sual" kitabını ictimaiyyətə təqdim
etdi.
Tədbirdə
çıxış edən Jurnalistlər Birliyinin sədri
Elçin Şıxlı R.Abbasovun "Sual"
kitabının müasir şəkildə tərtib
olunduğunu bildirdi: "Kitab çox lokanikdir. Jurnalistikadan
heç təsəvvürü olmayanlara da jurnalistikanın nə
olduğunu anlamağa kömək edir. Jurnalistika konkret faktlara
əsasən, obyektiv mənbələrə əsaslanaraq
faktların ötürülməsidir. Kitab jurnalistikanı həqiqətən
sevən zəhmətkeş gəncin düşüncələrini,
həyat təcrübəsini əks etdirir".
R.Abbasovun
özünün ilk jurnalistika müəllimi
adlandırdığı Fatma Abbasquliyeva isə bu gün
ictimaiyyətə kitab təqdim etməyin böyük cəsarət
istədiyini vurğuladı: "Rüfət bu cəsarəti
ortaya qoydu. Kitab sanki ruhumu təzələdi".
Telejurnalist İlhamiyyə
Rzayeva "Sual"ı sevgi kitabı adlandırdı: "Mənim
üçün bu kitab sevgi kitabıdır. Çünki
Rüfət kitabın hər sətrində bu sənətə
sevgiylə gəldiyini bildirir. Zənnimcə, jurnalistikada
qalmaq üçün müəyyən qurbanlar verməlisən.
11 yaşından "Olaylar"da işləyən Rüfət
jurnalistikada formalaşıb. Rüfət insanlarla
paylaşmağı sevən insandır. O, bu kitabı yazmaqla
özünü təsdiqlədi, öz təcrübəsini
jurnalistlərlə bölüşdü. Bu təcrübəni
bölüşməyə həqiqətən dəyər.
Kitabda Rüfət insanlara birbaşa müraciət edir, məsləhətlər
verir. Rüfət uğuru hədəf almış insandır
və həmişə buna nail olacaq. İnsanlar var peşəsinin
peşəkarıdır, amma işə ürəyini qoymur,
sadəcə iş xatirinə işləyir. İnsanlar var ki,
işinə könüldən bağlıdır. Məncə,
hansı peşəni seçməsindən asılı
olmayaraq burada könül məsələsi həlledicidir. Rüfət
də öz peşəsinə könlünü
qoyanlardandır".
"Mətbuat cəmiyyətin
güzgüsüdür. Cəmiyyətdə, onun müxtəlif
təbəqələrində baş verən hadisələr
haqqında məlumatı KİV vasitəsilə öyrənmək
mümkündür. Bununla yanaşı, cəmiyyətdə
mövcud bütün müsbət və mənfi tendensiyalar ən
aşkar şəkildə mətbuatda əksini tapır" -
deyən R. Abbasov bu gün həyatda hər şeyə
jurnalistikanın hesabına nail olduğunu bildirdi.
Kitabının sonunda isə
müəllif "Həyat təcrübəm mənə
öyrətdi ki, uğurlu olmaq üçün savadlı və
peşəkar olmaq kifayət deyil. Böyük uğur əldə
edənlərin heç də hamısı gözəçarpacaq
dərəcədə istedadlı, ağıllı deyillər.
Onlar zəngin və güclü olmaq istədikləri
üçün zəngin və güclü olublar".
25 yaşında
bütün həmkarlarının xəyal edəcəyi bir
mövqedə durmaq, qazandığı hörmətlə
yanaşı, hələ üstəlik bu yaşında bu
cür təqdir edilən, bəyənilən bir kitabın
müəllifi olmaq bu gün istər jurnalistika sahəsində
çalışan, istərsə də jurnalistikaya gəlmək
arzusunda olan hər bir şəxsin bəlkə də ən
böyük arzusudur. R.Abbasov bu arzularına çatmış
və gələcəkdə daha böyük hədəfləri
olan adamlardandır: "Daima nəsə, özü də
potensialımı qat-qat üstələyən nəsə istəmişəm.
Sonra isə özümü ona doğru itələmişəm.
Məncə, ortada məqsəd, istək varsa, uğur
üçün sərhəd yoxdur".
Onu da qeyd edək ki, Rüfət Abbasov 1984-cü ildə Bakıda anadan olub. Ali Diplomatiya Kollecinin Beynəlxalq Jurnalistika fakültəsinin və Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin, eyni zamanda Amerika Dövlət Departamentinin Gələcəyin Liderləri Beynəlxalq Proqramının məzunudur. Dünya Səhiyyə Təşkilatının Jurnalist Şəbəkəsinin və Azərbaycan Media Mərkəzinin İdarə Heyətinin üzvüdür. Gənc yaşlarından jurnalist fəaliyyətinə başlayıb və 10 illik təcrübəsi var. Peşəkar karyerasını 1997-ci ildə "Olaylar" İnformasiya Agentliyində və eyniadlı qəzetdə başlayıb. Daha sonra "Trend" agentliyində və "Reuters" Beynəlxalq Agentliyində müxbir kimi işləyib. 2006-cı ildən "Azercell Telekom" MMC-də mətbuat katibi vəzifəsində çalışır. Azərbaycanın ən gənc jurnalisti olaraq mükafata layiq görülüb. R.Abbasov haqqında Türkiyənin "NTV" kanalında və "BBC" radiosunda kiçikmetrajlı filmlər hazırlanıb. "newsweek", İngiltərənin IWPR (Institute of War and Peace Reporting ), Amerikanın " Eurasianet " , Dünya Bankının rəsmi səhifəsi, "525-ci qəzet" , "Exo", "Caspian Business News " qəzetləri, " Day.az" xəbər portalı, eləcə də digər beynəlxalq və yerli KİV ilə əməkdaşlıq edib. Britaniya hökumətinin maliyyə dəstəyilə British Council tərəfindən həyata keçirilən uzunmüddətli layihə çərçivəsində Azərbaycan regionlarında jurnalistlər üçün treninqlərdə mühazirəçi kimi çıxış edib. "Soros" Fondunun dəstəyilə jurnalist araşdırması layihəsini həyata keçirib. Bir sıra yazı müsabiqələrinin qalibidir.
Kəmalə TOFİQQIZI