Həyat enerjisi
SÖZ ƏN
BÖYÜK SƏRVƏT VƏ ƏN GÜCLÜ SİLAHDIR. TƏRİF XOŞ SÖZLƏRDƏN
İBARƏTDİR. O HEÇ DƏ QÜSUR DEYİL, NORMAL
HALDIR
Səmavi dinlərin
müqəddəs kitablarında Allaha şükür edib, onu
mədh etmək (tərifləmək), səmimi məhəbbət
hissini ifadə etmək tələb olunur. Əgər
hansısa vacib istəyiniz varsa, belə hallarda Allahın yer
üzərində yaşayıb ehtiyacı olan məxluqlarına
maddi yardım da qadağan deyil (nəzir vermək, qurbanlıq
kəsib paylamaq, pirlərə baş çəkmək və
s.). Necə deyərlər, bu da müstəhəb işlər
sırasındadır. Bir mühüm amili unutmamaq tövsiyə
olunur: səma sakinləri Sizin dualarınızın eşidilməsi
üçün ucadan danışmağı buyururlar. Yalnız
bu zaman insan göydəki qüvvələrin köməyinə
ümid bəsləyə bilər. Çünki səsləndirilməmiş
istək yalnız niyyət olaraq qalır. Onların sayı
çox ola bilər. Söyləmək, dilə gətirmək
ən əsasını seçmək deməkdir. Allaha
müraciət yalnız o zaman yerinə düşər ki, istəyini
həyata keçirmək üçün öz imkanların
kifayət etməsin. Müqəddəs kitablardan aydın olur
ki, Allah səmada tək deyil. Orada Onun iradəsinin milyardlarla
icraçısı var. Bu doğrudurmu? Mən dəqiq bir
söz deyə bilmərəm. Lakin zənn edirəm ki, məntiqlə
bu belə də olmalıdır. Çünki fizika
qanunlarına əsasən, ilkin mənbə yalnız əsas
mexanizmi, onun strukturunu hərəkətə gətirir. Bizim
halda isə söhbət varlığın strukturundan,
insanın fəaliyyət sistemindən gedir. Sonra,
görünür, hər obyekt və ya subyekt bir-biri ilə əlaqələrinin
olmasına baxmayaraq, təyinatı üzrə müstəqil
şəkildə hərəkət edir: özünü
reallaşdırma, özünü təminetmə,
özünümühafizə və s. İnsana gəlincə,
bildiyimiz kimi, ona əlavə olaraq hələ ağıl və
şüur da verilib. O yalnız bu növ canlıya xas olan
xarakterə görə İlkin səbəb tərəfindən
təyin edilmiş hüdudlardan kənara çıxa bilmək
ehtimalına malikdir. Öz əməllərinin səbəblərini
seçmək azadlığı və insana verilmiş
geniş imkanlardan istifadə edilməsi, güman ki, məhz
bunun üçün nəzərdə tutulub.
Şüurlu məxluq əvvəlcədən
proqramlaşdırılmış canlı aləmdən məhz
bununla fərqlənir. Bu səbəbdən, özünü təkmilləşdirmək
məqsədi ilə onun kosmosla mümkün əlaqələri
tamamilə realdır. Fikrimcə, səmavi qüvvələr
insanın inkişafında və pozitiv təkamülündə
olduqca maraqlıdırlar. Onlarla əlaqə yaratmaq məhz bu
zərurətdən meydana çıxır. Lakin bəşəriyyətin
yaranma və inkişaf tarixindən göründüyü
kimi, Tanrıların da öz "zəif xüsusiyyətləri"
var. Düzünü desək, əgər biz həyatımız
və bizim üçün yaradılmış nemətlərin
müqabilində Tanrıya təşəkkür etməsək,
bunu bizim əvəzimizə kim edəcək?
Deməli, əsas hiss hətta
ən kiçik sevincə görə səmavi qüvvələrə
şükür edərkən bildirdiyin minnətdarlıq
hissidir. Tərifləmək, mədh etmək birinci və ən
vacib şərtdir. Bir çoxları haqlı olaraq hesab edirlər
ki, bizlərə, yer əhlinə bu xüsusiyyətlər səmavi
məkanların sakinlərindən keçmişdir. Səmavi
məxluqu nəzərdə tutaraq əbəs yerə demirlər
ki, insan Allahın surəti və bənzərində
yaradılmışdır. Buna görə də tərif
istisnasız olaraq bütün insanların xoşuna gəlir. Bu
bizim adəti üzrə hesab etdiyimiz kimi, heç də
qüsur deyil. Bu, normal haldır. Sadəcə, bu insani keyfiyyətin
mümkün hüdudları bizə tam şəkildə məlum
deyil. Ona görə də iltifatlarınızı əsirgəməyin.
Tərifdən əzab çəkənlər haqqında tarix
və ədəbiyyat əbəs yerə susmur ki! İnanıram
ki, tərif bizim orqanizmimizə bəzən hətta qidadan da
vacib bir element kimi lazım olur. Söz ən böyük sərvət
və ən güclü silahdır. Bunu, demək olar ki,
hamı bilir. Tərif isə xoş sözlərdən ibarətdir.
Hər şey çox sadədir! Tərifi minnətdarlıq
kimi qəbul edib dəyərləndirmək lazımdır. Xristian
dinində, görünür, səmavi qüvvələrlə
razılaşmadan, hətta, müraciətin ardıcıllığı
da müəyyənləşdirilib: əvvəlcə
oğula, sonra ataya, yalnız bundan sonra isə Müqəddəs
ruha mədhiyyə demək olar. Ola bilsin ki, məhz bu səbəbdən,
səmadakılardan başqa, çoxlu sayda yerli təsisatlar,
müasir dildə desək, "menecerlər" də
mövcuddur. Məsələn, kilsə və keşişlər.
Guya onlar üçün kiçik günahların
bağışlanmasına kimi, bütün səlahiyyətlərin
sərhədləri müəyyənləşdirilib. Onlar,
sanki, yolunu azmış və ya günaha batmış
ruhları təmizləyirlər. Zavallılar başa
düşmürlər ki, ruh ilahi həyat enerjisidir. Enerjinin
istənilən digər forması kimi, ruh da nə iləsə
ləkələnə bilməz. Azmış, günahlı
ruh olmur. Bütün bunlar yalnız Sizin ağlınız və
şüurunuz tərəfindən idarə edilən
vücudunuzla bağlıdır. Nazil olmuş səmavi enerjiyə
gəlincə, mən əminəm ki, zamanın heç bir
çirkabı bu və ya digər formada ona yapışa bilməz.
Bununla belə, ehtimal edirəm ki, keşişlər həyat
enerjisinin tutduğu məhdud məkanı təmizləməyə
çalışırlar. Bu, çoxlu sayda variantlardan
yalnız biridir. Ümumiyyətlə, bu barədə həddən
çox mübahisə etmək olar. Keşişlər hər
zaman təkidlə öz dediklərinin üstündə
durublar və duracaqlar da. Əks halda, həqiqətən də
onların başqa çarələri yoxdur!
İslamda bu proses sadələşdirilib
və xristianlıqla müqayisədə köklü surətdə
fərqlənir. Hər bir istək və ya arzu vasitəçi
olmadan həyata keçirilir. Bu vəzifəni insan özü
- mömin müsəlman yerinə yetirir. Sənin etdiyin hər
bir hərəkət Yaradanın adı ilə bağlı
olmalıdır. Yalnız Onun Özünü mədh etmək
lazımdır. Peyğəmbərlər Ona bərabər
tutula bilməzlər. Deyilənə görə, onlar da bizim
kimi insanlar olublar. Lakin səmimi minnətdarlığa layiqdirlər.
Kimlərsə peyğəmbərin qohumlarını da tərifləyirlər.
Olsun, bu heç də qadağan deyil. Təşəkkür
vaxtına gəlincə, onu deyə bilərəm ki, yuxu
üçün ayrılmış vaxt istisna olmaqla, hər
zaman Allaha şükür etmək vacib və məqbul iş
sayılır. Yadınıza salın, hansısa səbəblərdən,
hətta gecənin yarısı oyananda belə insan ilk növbədə
"Bismillah" və ya Allahın adı ilə bağlı
olan başqa bir söz deyir. Bu vacib, yazılmamış
qanunları hamı bilir.
Bütün bunlardan
sonra yol verilmiş günahlara və naqis hərəkətlərə
görə bağışlanmağı xahiş etmək də
olar. Yalnız işlətdiyin günahlardan təmizləndiyini
hiss etdikdən sonra öz xahişlərini ərz edə bilərsən.
Əlbəttə, qəti məhdudiyyətlər yoxdur. Hər
nə könlündən keçsə, onu da xahiş etmək
olar. Tanrı və onun mələkləri hər şeyə
qadirdirlər. Lakin möminlərin və təmənnaçıların
təcrübəsi göstərir ki, sənə dərhal
cavab verməyəcəklər. Qulaq asacaqlar və əgər
bağışlamaq üçün səbəbləri və
vaxtları olsa, sənin istəklərini nəzərə ala
bilərlər. Əsas odur ki, sənin istəklərin Müqəddəs
kitaba zidd olmasın və əlbəttə, sən hər cəhətdən
layiqli insan olmalısan. Əks təqdirdə, səylərin əbəs
yerə imiş. Deməli, sənin tövbən Onlara heç
də səmimi görünməyib. Səma sakinləri
üçün bunu müəyyən etmək çətin
deyil. Məlumdur ki, hər bir valideyn öz övladını
başa düşür, onun psixologiyasını
başqalarından daha yaxşı bilir. Biz də səma
övladlarıyıq. Yaradanın iqamətgahı da məhz
orada yerləşir. Əgər birinci dəfədən
alınmadısa, təkrarən səy göstərmək məsləhətdir.
Dəfələrlə cəhd etmək olar. Son nəticədə,
yerdə olduğu kimi, bəlkə sənin xahişin
onları təngə gətirə bilər və fərsiz məxluqu
sakitləşdirmək üçün sənə kömək
edə bilərlər. Axı çox vaxt belə də olur. Əbəs
yerə demirlər ki, "damla daşı deşər" və
ya "ağlamayan uşağa süd verməzlər". Mən
doğrudan da hadisələrin bu cür gedişatına
inanıram. Bu gün biz Sizinlə elə bir insan cəmiyyətində
yaşayırıq ki, burada heç nəyi gizlətmək
mümkün deyil. Göylərin və yerin qanunlarının
oxşar cəhətləri çoxdur. Yaxşısı
budur, ağlına gələn ilk fikri söyləmə. Lazım
olduğu kimi, hər şeyi şüurun süzgəcindən
keçir. Əminəm ki, nəticə də başqa cür
olacaq. Bu səbəbdən, əgər kimsə kimisə sənin
düşündüyündən çox tərifləyirsə,
heç də nahaq yerə üz-gözünü turşutma.
Məsləhətim odur ki, əziz din qardaşlarım,
xeyirxah olun, həmrəy olun və "yuxarıdan" (səmadan)
göndərilmiş ayinləri yetərincə icra edin. Bilmək
vacibdir ki, bizim həyatımız ayinlər üzərində
qurulub. Onlarda əsrlərin, çoxlu sayda nəsillərin
xatirəsi və nişanəsi var. Ayinlər çox vaxt milləti
uzunömürlü edir. Misal üçün Çinə və
ya Yaponiyaya müraciət etmək kifayətdir. Onlar hər
zaman ayinlərə, adətlərə sadiqdirlər və
heç vaxt minnətdarlıq hissini gizlətmirlər. Buna
görə də uzun və dinc həyat sürürlər. Məgər
Siz bunu istəmirsiniz?!
Rafiq ƏLİYEV,
fəlsəfə elmləri doktoru,
professor
525-ci qəzet.- 2009.- 25 iyul.- S.8.