Xaricdə təhsil almaq imkanı qazanan tələbələrlə görüş keçirilib

 

ELMAR QASIMOV: "YÜKSƏK BİLİYƏ MALİK GƏNCLƏRİMİZİN DÜNYANIN NÜFUZLU UNİVERSİTETLƏRİNDƏ TƏHSİL ALMASI ÜÇÜN DÖVLƏT TƏRƏFİNDƏN HƏR CÜR ŞƏRAİT YARADILIR"

 

Dünən Təhsil Nazirliyində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində dünyanın nüfuzlu ali məktəblərinə qəbul olunan tələbələrlə görüş keçirilib. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Elmar Qasımov deyib ki, 2007-ci ildə prezidentin müvafiq sərəncamı ilə təsdiq edilən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" uğurla həyata keçirilir. Proqramın əsas məqsədi rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsindən ibarətdir. Eyni zamanda, Azərbaycan gənclərinin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil almaları üçün lazımi şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyinin və səmərəliliyinin artırılmasını təmin etmək də önəmli məqsədlərdir. Proqramın şərtlərinə əsasən, bu tələbələrin bütün xərcləri dövlət tərəfindən ödənilir: "2008-09-cu tədris ilində bu proqram çərçivəsində dünyanın 19 ölkəsinin yüksək reytinqə malik 81 ali məktəbində bakalavr, magistratura, rezidentura, aspirantura və doktorantura pillələrində Azərbaycan üçün əhəmiyyət kəsb edən priritet ixtisaslar üzrə 186 nəfər azərbaycanlı gənc təhsil alıb. Başa çatan tədris ilində bunlardan 35 nəfərinin məzun olacağı gözlənilir. 2009-10-cu tədris ilində Dövlət Proqramı çərçivəsində təhsil alacaq gənclərin sayının iki dəfə artaraq, təxminən 400 nəfərə çatacağı nəzərdə tutulub. Bunun üçün Təhsil Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və Dövlət Neft Fondu tərəfindən lazımi tədbirlər görülüb. Belə ki, bu günə qədər xarici ölkələrdə Dövlət Proqramı çərçivəsində təhsil almaq üçün müraciət edənlərdən 177 nəfər gəncin sənədləri təsdiqlənmək üçün Prezident yanında Təhsil üzrə Komissiyaya təqdim olunub. Xaricdə təhsil almaq üçün namizədliyi irəli sürülən 54 nəfər haqqında artıq müvafiq qərar qəbul edilib". E.Qasımov vurğulayıb ki, 2007-ci ilə qədər Azərbaycandan xarici ölkələrə müxtəlif proqram və layihələr çərçivəsində təhsil almağa tələbələr göndərilirdi. Gənclərin təhsilin müxtəlif pillələri üzrə təhsil alması üçün xaricə göndərilməsi yüzfaizli dövlət təminatı səviyyəsində həyata keçirilmirdi. Ancaq prezidentin müvafiq sərəncamından sonra bu iş dövlət səviyyəsində həyata keçirilməyə başladı: "Ölkədə müxtəlif sahələrdə bir sıra proqramlar həyata keçirilir. Ancaq bu proqramlar içərisində ən əhəmiyyətlisi "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"dır. Bu proqram prezident İlham Əliyevin irəli sürdüyü neft kapitalını insan kapitalına çevirməklə bağlı ideya və prinsiplərini həyata keçirir. Hazırda Dövlət Proqramı çərçivəsində dünyanın 17 ölkəsinin yüksək reytinqə malik olan 81 ali məktəbində Azərbaycan üçün prioritet ixtisaslar üzrə 186 nəfər gənc təhsil alır. Birinci il 71, ikinci il 135, bu il isə 200-ə yaxın tələbənin təhsil almaq üçün xarici ölkələrə göndərilməsi planlaşdırılır. Sevindirici haldır ki, 2007-08-ci tədris ilində Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan 7 nəfər artıq məzun olaraq Azərbaycana dönüb. Onlar artıq bir mütəxəssis kimi müxtəlif dövlət idarələrində əmək fəaliyyətinə başlayıblar". Nazir müavini qeyd edib ki, gənclərin xarici ölkələrdə təhsil almağa göndərilməsi işinin təməli illər öncə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Məhz onun təşəbbüsü ilə 70-80-ci illərdə onlarla azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə təhsil almaq üçün göndərilib. Bu tələbələr təhsillərini başa vurduqdan sonra Azərbaycana qayıdıb və ölkənin inkişafı üçün çox ciddi işlər görüblər: "Gənclərin xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil alıb mütəxəssis kimi yetişməsi Azərbaycanda milli kadr potensialının formalaşmasında mühüm rol oynayıb. 1970-ci ildə respublikadan kənarda təhsil almağa göndərilən gənclərin sayı 70 nəfər idisə, 70-ci illərin sonunda 900 nəfər, 80-ci illərin əvvəllərində isə ildə 1000-1400 nəfər olub. Həmin dövrdə, ümumilikdə, 15 mindən çox gənc Sovetlər Birliyinin nüfuzlu ali məktəblərində müxtəlif ixtisaslar üzrə təhsil aldıqdan sonra vətənə qayıdaraq, ölkəmizin iqtisadi, mədəni və elmi potensialının gücləndirilməsinə öz layiqli töhfələrini veriblər. Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra da bu məsələ diqqət mərkəzində olub. Elm və təhsil sahələrində tədqiqatçı, müəllim və tələbə mübadiləsi geniş vüsət alıb. Bu proseslərin bir qismi dövlət sazişləri çərçivəsində tənzimlənir. Xarici ölkələrdə kadr hazırlığı məhz, Azərbaycanın xarici dilləri mükəmməl bilən, informasiya-kommunikasiya texnologiyalarından əla istifadə bacarıqlarına yiyələnən və beynəlxalq təcrübəni yaxşı mənimsəyən yüksək hazırlıqlı mütəxəssislərə olan ehtiyacının qarşılanmasına xidmət edir. Gənclərimizin xaricdə təhsil almasına ümummilli liderin göstərdiyi qayğı bu gün də ölkə başçısı İlham Əliyev tərəfindən layiqli şəkildə davam etdirilir. Bu gün yüksək bilik səviyyəsinə malik gənclərimizin dünyanın nüfuzlu universitetlərində təhsil alması və bir mütəxəssis kimi yetişməsi üçün dövlət tərəfindən hər cür şərait yaradılır".

E.Qasımovun dediyinə görə, qloballaşma proseslərinin fəal iştirakçısı olan Azərbaycanda iqtisadiyyatın dünya iqtisadi sisteminin tərkib hissəsinə çevrilməsi öz növbəsində yeni tipli iqtisadçı kadrlar hazırlanmasına tələbat yaradır. Biliklərə əsaslanan iqtisadiyyata transformasiya yolunda aparılan işlər informasiya cəmiyyətinin tələblərinə uyğun yüksək hazırlığa malik mütəxəssislərə ehtiyacı artırıb. İnformasiya cəmiyyəti üzrə ümumdünya sammitində ölkənin "qara qızıl"ının insan potensialının gücləndirilməsinə yönəldilməsi ilə bağlı Azərbaycanın qaldırdığı problem informasiya texnologiyaları və innovasiya sektorunda kadr hazırlığı işinin təkmilləşdirilməsini zərurətə çevirib. E.Qasımov əlavə edib ki, Dövlət Proqramı çərçivəsində təhsil alanların seçim qaydaları, təhsil alanlar barədə ictimaiyyəti məlumatlandırmaq, proqram çərçivəsində xarici ölkələrin ali məktəblərindən məzun olanların işlə təmin olunmaları məqsədi ilə Təhsil Nazirliyi tərəfindən xüsusi sayt yaradılıb. Bu veb-səhifədə Dövlət Proqramına aid hüquqi-normativ sənədlər toplusu, "Seçim qaydaları"na uyğun müvafiq olaraq xarici ölkələrin ali məktəblərinə qəbul haqqında elanlar yerləşdirilir. Gənclərin təhsil aldıqları ölkə, ali məktəb, ixtisas, təhsil pilləsi, təhsilə başlama və məzun olma müddətləri haqqında, məzunlar və yaxın müddətdə məzun olacaq tələbələr haqqında ətraflı məlumatlar verilir. Eyni zamanda Dövlət Proqramı ilə əlaqədar Təhsil Nazirliyinə müraciət edənlər üçün saytda xüsusi guşə var. Nazir müavini bildirib ki, xarici ölkələrdəki gənclərimiz təhsil almaqla yanaşı, həm də Azərbaycan xalqının təmsilçisi, onun qədim mədəniyyətinin, adət və ənənələrinin təbliğatçılarıdırlar. Buna görə də xarici ölkələrin aparıcı ali məktəblərində təhsil almaq üçün tələbələrin seçilməsi, ixtisaslarının müəyyənləşdirilməsi və onlara təhsil almaq üçün lazımi şəraitin yaradılması mühüm əhəmiyyətə malik məsələdir. Çıxışının sonunda E.Qasımov xaricdə təhsil almağa gedən tələbələrə uğurlar diləyib, onların vətənə layiqli mütəxəssis kimi dönməsini arzulayıb.

Tədbirdə çıxış edən İqtisadi İnkişaf Nazirliyi və Dövlət Neft Fondunun nümayəndələri dünyanın nüfuzlu ali məktəblərində təhsil almaq imkanı qazanan tələbələrə, onların valideynlərinə xoş arzularını çatdırıb və ölkənin gələcək inkişafında layiqli kadr kimi onların mühüm rol oynayacağından söz açıblar. Onlar bildiriblər ki, xaricdə təhsilini uğurla başa vurub vətənə dönən hər bir gəncin həm İqtisadi İnkişaf Nazirliyində, həm də Dövlət Neft Fondunda çalışması üçün lazımi şərait var.

Sonda xaricdəki ali məktəblərdən məzun olan və Dövlət Proqramı çərçivəsində təhsilə cəlb edilən tələbələr onlara yaradılan bu şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, etimadı doğrultmağa çalışacaqlarını bildiriblər.

Böyük Britaniyada beynəlxalq biznes və menecment ixtisası üzrə magistraturada təhsil almaq imkanı qazanan Səməd Səfərov bildirib ki, 4 il bundan öncə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən təşkil edilən qəbul imtahanları nəticəsində Moskva Dövlət Özəl Kimya və Texnologiya Akademiyasına qəbul olunub: "Təəssüf ki, 4 il əvvəl "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" qəbul olunmamışdı və bizim bu proqram çərçivəsində xaricdə təhsil almaq imkanımız yox idi. Mən Moskvada olan müddətdə tələbə yoldaşlarımdan öyrəndim ki, Qazaxıstanda belə bir dövlət proqramı mövcuddur. Bunu biləndən sonra qazaxıstanlı tələbələrə qibtə ilə baxırdım. Çox sevindirici haldır ki, artıq Azərbaycanda da belə bir Dövlət Proqramı qəbul olunub və gənclərin, o cümlədən mənim bu proqramdan bəhrələnmək imkanım var. Bu imkanın yaradılmasında rolu olan hər kəsə, xüsusən dövlətimizin rəhbərliyinə minnətdaram".

 

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2009.- 23 iyul.- S.7.