İşıqlı insan
Ermənistanla həm də
informasiya müharibəsi apardığımız bu dönəmlərdə
Azərbaycan həqiqətlərinin xarici ölkələrdə
təbliğatı heç şübhəsiz mühüm əhəmiyyət
daşıyan məsələlərdəndir. Sirr deyil ki,
ölkəmizin üzləşdiyi problemlərin əcnəbilərə
çatdırılması, həmçinin mədəniyyətimizin
tanıdılması üçün Azərbaycanın diaspor
təşkilatlarının, xaricdə yaşayan həmvətənlərimizin
üzərinə ağır yük düşür. Elxan
Sarıyev uzun illərdir, bu yükü çiynində
daşıyan dəyərli azərbaycanlılardandır...
Sarıyev Elxan Qaraxan
oğlu 1965-ci ilin mayın 20-də Ağcabədi rayonunun Qaravəlli
kəndində anadan olub. 1972-1982-ci illərdə orta məktəbdə
təhsil aldıqdan sonra "Komsomol" kolxozunda (1982-1983)
işləyib. 1983-1985-ci illərdə Sovet ordusunda xidmət
edib. Hərbi xidmətini başa vurandan bəri Ukraynanın
Odessa şəhərində yaşayır. Odessa Dövlət
Universitetinin hüquq fakültəsini bitirib. 1989-cu ildən
indiyədək "Kaspi", "Sardoniks",
"Romsar" şirkətlərinin rəhbərliyində
çalışıb, "SPS" Səhmdar Cəmiyyətində
hüquqşünas işləyib. 2001-ci ildən
"Setko-Servis" firmasının təsisçisi və
baş direktorudur. Bir oğlu, bir qızı var.
Əsl vətənpərvər
və ziyalı bir insan olan Elxan Sarıyevin ictimai fəaliyyətinə
gəlincə, o, Ukraynanın ən böyük və gözəl
şəhərlərindən olan Odessada ölkəmizin
diaspor təşkilatını yaradan ilk azərbaycanlıdır.
Azərbaycan üçün yorulmadan fəaliyyət göstərdikdən
sonra E.Sarıyev 2001-2003-cü illərdə Ukrayna Azərbaycanlıları
Konqresinin Odessa vilayəti təşkilatının sədri,
2003-cü ildən fəxri sədri və qurumun İdarə
Heyətinin üzvüdür.
Odessada Elxan Sarıyev
bizi əsl azərbaycanlılara xas qonaqpərvərliklə
qarşıladı. Düzü, vaxtımızın
darlığı səbəbindən Elxan müəllim azərbaycanlı
jurnalistləri Odessayla yaxından tanış edə bilmədi.
"Başqa vaxta qalsın" - deyib Odessaya yenidən
qayıdacağımızı vəd etdik. Hərçənd
elə Elxan müəllimin şəxsiyyəti bizdə Odessa
haqda müəyyən təəssürat oyada bildi. Doğrudan
da, bəzən bir insan, daha doğrusu, onun
davranışı, daxili mədəniyyəti
yaşadığı şəhər və ölkə haqda
müəyyən rəy yaratmaq gücündədir. Odessanı
Elxan Sarıyevin timsalında da gözəl bir şəhər
kimi tanıdıq. Elxan müəllim Odessa, deməli, həm də
Ukraynada tanınmağı bacarmış bir ziyalı və əsl
azərbaycanlıdır.
Odessa vilayətində
Azərbaycanın və onun böyük şəxsiyyətlərinin
tanıdılması üçün Elxan Sarıyev az iş
görməyib. Azərbaycan üçün əlamətdar
günlərdə E.Sarıyev öz şəxsi vəsaiti
hesabına Odessada müəyyən tədbirlər
keçirir. Bu yaxınlarda isə E.Sarıyev daha çətin
və məsuliyyətli işə başlayıb. Onun
birbaşa təşəbbüsü və təşkilatçılığı
ilə Ukraynada ümummilli lider Heydər Əliyev haqqında sənədli
filmin çəkilişinə başlanılıb. Filmdə
Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci
müavini və Siyasi Büronun üzvü olduğu dövrdə
Ukrayna xalqına göstərdiyi qayğı əksini tapacaq.
Məlum olduğu kimi,
1986-cı ilin avqustun 31-də "Admiral Naximov" adına sərnişin
gəmisinin Qara dənizdə batması nəticəsində
423 həlak nəfər ölüb. Xilas edilən
insanların sayı 836 nəfər olub. E.Sarıyevin sözlərinə
görə, filmin əsas süjet xətti Heydər Əliyevin
gəminin sərnişinlərinin xilas edilməsi
üçün yaradılan Dövlət Komissiyasının
sədri kimi göstərdiyi fəaliyyət əks olunur. Sənədli
filmin çəkilişi üçün Rusiyanın ORT
kanalının arxivindən istifadə edilib. Gəminin
batması və ora göstərilən köməkliklərlə
bağlı filmin daha mükəmməl ərsəyə gətirilməsi
üçün ORT-yə müraciət edilib və arxivdən
lazımi olan informasiyalar götürülüb.
E.Sarıyev bundan Odessa
şəhərində Heydər Əliyevin "Admiral
Naximov" gəmisinin sərnişinlərinə göstərdiyi
xidmətlərinə dair xüsusi muzey yaratmağı da nəzərdə
tutub.
Odessa vilayətində
Azərbaycanın təbliğatı istiqamətində fəaliyyətini
davam etdirən Elxan Sarıyev soydaşlarımızın
Ukrayna Ali Radasında və yerli hakimiyyət orqanlarında təmsil
olunmasını vacib sayır. Onun fikrincə, bu halda Ukraynada
yaşayan həmvətənlərimizin problemlərini daha
operativ və səmərəli həll etmək
mümkündür. Şübhəsiz ki, bunun
üçün azərbaycanlıların həmrəyliyi əsas
şərtlərdəndir. E.Sarıyev soydaşlarımıza
bu işdə dəstək olmaq üçün əlindən
gələni etməyə hazır olduğunu deyir.
Odessayla qısa
tanışlığımızı başa vurub Kiyevə
yola düşürük. Elxan müəllim təkidlə
yenidən Odessaya dönməyimizi istəyir. Tərəddüd
etmədən razılaşırıq. Axı, adamın
rastına həm də həmişə belə
işıqlı, eyni zamanda vətənpərvər insanlar
çıxmır...
525-ci qəzet.- 2009.- 28 iyul.- S.3.