Gəray bəy
həqiqəti
Xalq şairi
Səməd Vurğun
"Komsomol poeması"nda çox ziddiyyətli və mürəkkəb bir dövrü, bu dövrdə acı bir həqiqəti, bir xalqın ayrı-ayrı düşmən cəbhələrə
bölünmüş iki
qütbünün bir-birilə mübarizəsini,
onların dövrə
və dövrün hadisələrinə
münasibətini göstərib,
xalq həyatı və məişətini,
xalqımıza məxsus
adət-ənənələri
təsvir edib. Dövrün özünəməxsus
cəhətlərinin buradakı
adamların xarakterinə
ciddi təsir göstərdiyi də əksini tapıb.
Şairin
yaratdığı bu xarakterlər inamı, əqidəsi,
hadisələrə münasibəti,
dünyagörüşü ilə bir-birindən xeyli dərəcədə
fərqlənirlər. Lakin onların hamısı həyatda
var. Səməd Vurğun da onları məhz həyatdan əsərə
gətirib, müxtəlif xarakterlər yaradıb.
Poemada bu xarakterlər
bir-birinə əks olan iki qütbdə birləşiblər:
bolşeviklərin çağırışı ilə yeni
bir cəmiyyət yaratmaq uğrunda mübarizə aparanlar və
əvvəlki cəmiyyətin silaha sarılaraq dağlara
çəkilən nümayəndələri. Qarşı-qarşıya
durmuş bu tərəflərdən birini Bəxtiyar və
onun komsomol dəstəsi, digərini isə Gəray bəy və
köhnə quruluşun tərəfdarları təmsil edir. Lakin
baş verən hadisələr bu iki tərəfin bir-birilə
apardığı ölüm-dirim savaşları ilə məhdudlaşmır.
Komsomolçu Cəlalla Gəray bəyin qızı
Humayın qarşılıqlı məhəbbəti
poemanın əsas xəttini təşkil edir.
Əsərdə Gəray
bəy obrazı dolğun, həyati və hərtərəfli
göstərilməsi baxımından diqqəti xüsusi
olaraq cəlb edir. Bir mülkədar kimi onun öz əqidəsi
var və Gəray bəy bu əqidəyə sadiqdir. Şair
onun simasında iki cəhəti birləşdirib. Birinci halda Gəray
bəy var-dövləti əlindən alınaraq çöllərə
salınmış bir qaçaq və buna görə də
düşmənə çevrilmiş keçmiş mülkədar,
ikinci halda isə qızı Humayın taleyini düşünən
bir atadır. Əsərdə ayrı-ayrı məqamlarda onu
hər iki vəziyyətdə görə bilirik.
Şübhəsiz ki,
bir mülkədar kimi Gəray bəy firavan və xoşbəxt
həyat keçirmiş bir bəy kimi böyük var-dövləti,
öz ürəyincə ailəsi, dost-tanışı olub. Sovet
hökuməti isə bütün varlılar kimi onu da bunlardan
məhrum edib. İndi Gəray bəy başqa bir adamdır.
Öz yaxın adamları ilə dağlara çəkilən
bəy yeni quruluşun barışmaz düşməninə
çevrilib:
Kürün
qumsal sahilində qaşlarını çataraq,
Qamçısını
döyür suya hiddətindən Gəray bəy...
Üç
aydır ki, ormanların arasında yataraq
Əl
üzmüşdür vətənindən, millətindən Gəray
bəy.
Qamçısını
suya döyür hiddətindən Gəray bəy:
- Nədən
mənim qabağımdan artanları yeyənlər,
Köhnə-köşkül
paltarımı öz əyninə geyənlər
İndi mənə
ağ olsunlar?.. Xanimanım dağılır,
Qızılyelin
inəklərim yad əllərdə sağılır...
Biz bu kiçik
parçada indiki Gəray bəyi bütövlükdə
görə bilirik. Gəray bəyə ən çox təsir
edən budur ki, onu bu hala salanlar bir vaxtlar süfrəsindən
artanları yeyənlər, köhnə paltarlarını geyənlərdir.
Hiddətindən qamçısını suya döyən Gəray
bəy zamanı tutub (axan su zamanın rəmzidir) saxlamaq,
xoşbəxt günlərini qaytarmaq istəyir.
Onun bu hiddətinin səbəbi
də, səbəbkarı da məlumdur:
Keçir
xatırından cahü cəlalı:
Sürüsü,
ilxısı, naxırı, malı...
Getdi
süfrəsinin başında duran,
Yoxsulun
varını yeyib quduran,
"İgidlər
məclisi", o toy, o mağar...
İndi Gəray
bəyin özgə halı var.
O
dövran, o büsat çıxmış əlindən,
"Taleyin,
qismətin gəlhagəlindən"
O indi
uzaq...
Lakin bəyi qəzəbləndirən,
yaxıb-yandıran var-dövlətinin talanmasından daha
artıq namusunun tapdalanmasıdır:
Hər
şeydən qabaq onu yandıran
Budur ki, bu
dəm Çalpapaq Kərəm
Minib Gəray
bəyin ərəb atına...
Oxucu, bəlkə
sən özün bilirsən
Ki, bizim
yerlərdə bir papaq, bir at,
Bir də
hər kişinin aldığı arvad
Namusdan
sayılır...
Gəray bəyin sərtliyi,
barışmazlığı, heç kəsi
bağışlaya bilməməsi məhz bunlardan irəli gəlir.
Yeni quruluş onu
ev-eşiyindən didərgin salmış, dağlarda,
qalın meşələrdə daldalanmağa məcbur
etmişdir. O öz dəstəsi ilə "Qaçaqlar
dağı"nda məskunlaşıb. Yeni yaradılan
quruluşla heç cür barışa bilmir, var-gücü
ilə bu quruluşa qarşı durur. Elə buna görə də
qapısına elçiliyə gələn Cəlalı
bağışlaya bilmir, onu öldürür.
Gəray bəyin nifrəti
o qədər güclüdür ki, o, suyun səsində də
hirs və qəzəb eşidir, bundan qüvvət alır,
özünü sonrakı mübarizələrə
hazırlayır.
Bütün bunlara əsaslanan
tədqiqatçılar Gəray bəy obrazını
olduğundan daha artıq tündləşdirmiş, onu
zalım, əzazil və qəddar bir mülkədar kimi təqdim
etmiş, "ağ quldur dəstəsinin
başçısı" adlandırmış, Qacarla
müqayisə etmişlər.
Əlbəttə, Gəray
bəy quldur deyil. O, yeni quruluşun düşmənidir və
buna görə qaçaq düşmüşdür. Şair
özü də onun haqqında "quldur" deyil,
"düşmən" və "qaçaq" sözlərini
işlətmişdir.
Gəray bəyin Qacarla
müqayisəsi də yerinə düşmür. Qacar
bütün bəşəriyyətə meydan oxuyan,
özünün dediyi kimi, "vicdanı da, qəlbi də
qan olan" bir despot, cəlladdır. O, insana məxsus hər
hansı bir müsbət keyfiyyətə malik deyil. Gəray bəy
isə bir sıra işıqlı, insani cəhətləri
ilə seçilir.
O, övladını sevən
bir atadır. Cəlalı öldürdüyü
üçün sonradan sarsıntılar keçirir, öz əməlindən
əzab çəkir.
Gəray bəy artıq
yaşamaq istəmir. Ona görə yox ki, kimsəsiz və
arxasız qalmışdır. Özünün dediyi kimi, o yenə
bir qoşuna cavab verməyə qadirdir. Lakin Humaysız yaşamaq
istəmir. İndi Gəray bəyin ən böyük dərdi,
ən böyük faciəsi məhz Humaysızlıqdır. Buna
görə də özünü onu mühasirəyə
almış komsomolçulara deyil, qızı Humaya təslim
edir. Çalpapaq Kərəmin "Gəray bəy! Gəray bəy!
Tüfəngi at!", "Təslim ol!" tələblərinə
soyuqqanlıqla belə cavab verir:
- Sizə
yox! Sizə yox! Mən öz canımı
Ona tapşırıram... Ona... Qızıma...
O sönüb saralan dan ulduzuma!
İstəsə o töksün mənim qanımı! –
Deyib qanlı Kürü o yara-yara
Getdikcə qərq olur sərt dalğalara...
Gəray bəy oxucunun yaddaşında öz əqidəsinə axıradək sadiq qalan bir insan kimi qalır. Özünü Kürün sularında qərq etməsi də onun məhz əqidəsinə sədaqətinin ifadəsidir.
Səməd Vurğun Gəray
bəyin simasında xarakterik mülkədar obrazı
yaratmış və bu, Azərbaycan ədəbiyyatında
dolğun və canlı mülkədar obrazlarının
yaradılmasına təsir göstərmişdir. Bu
baxımdan 1960 və 1970-ci illərdə yaradılmış
Cahandar ağa (İsmayıl Şıxlının "Dəli
Kür" romanı) və Kərbəlayı İsmayıl
(Fərman Kərimzadənin "Qarlı
aşırım" romanı) bir sıra cəhətləri
ilə onu xatırladırlar.
Qeyd etdiyimiz kimi, Gəray
bəyi ən çox yandıran və qəzəbləndirən
düşməni Çalpapaq Kərəmin onun atına sahib
olması idi. Ona görə ki, kişinin arvadı, atı və
papağı onun namusu sayılır. Düşmənləri
Cahandar ağanın Qəmər adlı atını təhqir
edəndə (quyruğunu və yalını kəsəndə)
o bunu məhz özünün təhqir olunması kimi qəbul
edir və bu zaman dərin sarsıntılar keçirir.
Gəray bəy kimi, həm Cahandar ağa, həm də Kərbəlayi İsmayıl var-dövlətlərinin alınmasını onların kişiliyinə, hətta namusuna toxunulması hesab edirlər. Onlar öz sərbəstliklərini, azadlıqlarını əldən vermək istəmirlər. Rus çarizminin Azərbaycanı istila edib onun var-dövlətinə yiyələndiyi ilk illərdə Cahandar ağa belə düşünürdü: "Amma bu uruslar əl-ayağıma yaman dolaşırlar. Qorxuram axırda kişiliyimizi də əlimizdən alalar. Bir balaca tərpənən kimi başının üstünü kəsdirirlər ki, qanun buna yol vermir, elə oturmayın, elə durmayın. Axı, deyən gərəkdir ki, sizə nə var?".
Cahandar ağalar, Gəray
bəylər və Kərbəlayı İsmayıllar öz
qanunları - mərdlik, kişilik, qoçaqlıq,
düzlük qanunları ilə yaşayıblar. Bu adamlar
istilanı, müstəmləkəçiliyi, hər hansı
bir şəxsin var-dövlətinin başqası tərəfindən
talanmasını, saxta hökmranlığı təsdiq edən
"qanunları" tanımaq, onlara kor-koranə baş əymək
istəməyiblər.
525-ci qəzet.- 2009.- 3 iyun.- S.6.