Zəlimxan ruhundan süzülən "Peyğəmbər"

 

Xalq şairi Zəlimxan Yaqub haqqında düşüncələrimi çoxdandır ki, qələmə almaq istəsəm , düzü, buna cürət etmirdim. Bu haqda kiməsə deyəndə isə "niyə çəkinirsən, sən Aşıq Kamandarın oğlusan, Zəlimxan Yaqub haqqında yazmağa sənin haqqın var", - deyirdilər. Mən isə məhz Aşıq Kamandarın oğlu olduğum üçün çətinlik çəkirdim. Düşünürdüm ki, necə yazım, yazım ki, sevimli Xalq şairimizin adına layiq olsun...

Zəlimxan Yaqubun hələ gəncliyindən böyük hörmət və nüfuz sahibi olduğunu hamı kimi mən də bilirəm. Üstəlik çoxlarından fərqli olaraq dəfələrlə aşıq sənətinin azman ustadları Dədə Əmrahın, Hüseyn Saraclının və Aşıq Kamandarın Zəlimxan Yaqub haqqında söhbətlərinin, fikirlərinin şahidi olmuşam. Hələ ötən əsrin səksəninci illərində Aşıq Kamandar ocağında qurulan yüksək səviyyəli məclislərdə adını çəkdiyim ustadlarla yanaşı, müdrik el ağsaqqallarının, alimlərin, qələm adamlarının, bir sözlə, saz-söz qədri bilənlərin dövrümüzün bu böyük şairi haqqında söylədikləri fikirlərin, yaradıcılığına verdikləri yüksək qiymətin şahidi olmuşam. Və bu məqamda həmin o günləri xatırlayarkən Zəlimxan Yaqubun bugünkü gününü o vaxtlar uzaqgörənliklə görüb qiymətləndirən müdrik kişilərdən dünyasını dəyişənlərə uca Tanrıdan rəhmət, yaşayanlara isə cansağlığı diləyirəm.

Otuz ildir ki, Zəlimxan Yaqubu tanıyıram. Onun həyatda çoxlarına nəsib olmayan saflığı və sadəliyi haqqında saatlarla ürəkdolusu danışa bilərəm. Zəlimxan Yaqubun ucalığını, səsinin şirin avazını, hər adi kəlməsindən doğan dərin mənanı insan duyduqca duyur və əlçatmaz Zəlimxan yaradıcılığından nəyi isə öyrənmək istəyir.

Pərəstişkarından biri kimi mən də özümü xoşbəxt sayıram ki, xalq şairi Zəlimxan Yaqubun zamanında yaşayıram. Və bir də ondan qürur duyuram ki, Aşıq Kamandarla Zəlimxan Yaqub arasında olan müqəddəs münasibət bu gün Kamandar ocağı ilə Zəlimxan ocağı arasında davam edir, yaşayır.

Bu gün ömrünün müdriklik çağlarını yaşayır Zəlimxan Yaqub. Əslində elə cavanlığından müdrikdi, ağsaqqaldı, nüfuz sahibidi. Dünyaya gələndə Tanrının alnına yazdığı müqəddəs yazılardan biri də ömrün altmışıncı baharında "Peyğəmbər" poemasını qələmə alması imiş...

...Xalq şairi Zəlimxan Yaqubun evində idik. Həmişə olduğu kimi, iş otağında çoxlu qonaqları vardı. Şair söhbət edə-edə sazını sinəsinə basdı: "Bir neçə saz havasını dinləyək, ondan sonra sizə bir müjdəm olacaq", - dedi. "Mansırı", "Zarıncı", "Sultanı", "Məmmədbağırı", "Dastanı" havaları ilə bizləri yandırıb-yaxdı. Avazı, sözü hər kəsin qəlbini riqqətə gətirir, sanki məclis odda yanırdı, əriyirdi. Kimsədən səs çıxmırdı. Şair öz aləmində idi. Havadan havaya keçdikcə sazı sinəsinə daha möhkəm sıxırdı.

Zəlimxan sazının, Zəlimxan sözünün sehrində, ovsununda düşüncələr aləmində ikən ağlıma ilk gələn bu oldu ki, sazın laylasına, sözün hikmətinə göz açıb böyüdüyündəndir ki, milli dəyərlərimizə bu qədər böyük önəm verir Zəlimxan Yaqub. Zəhmətlə, halallıqla gəlib bu günə çatdığındandır ki, heç zaman haqqı nahaqqa qurban vermir. İşləri başından aşsa da, vaxt tapıb xeyrimizdə-şərimizdə iştirak edir. Elin xeyir-şər məclislərində yeri həmişə yuxarı başda olur. Böyüklə böyük, kiçiklə kiçik olduğundandır ki, hər zaman məclislərimizdə arzulanır, müəyyən səbəblərdən (eşidib bildiyi bircə məclisdən qalan deyil) iştirak edə bilmədiyi məclisdə yeri görünür, adı hörmətlə çəkilir.

Nəhayət, bugünlük də sazdan ilhamını alıb, sazı yerinə qoyduqdan sonra elə bil alnının qırışları açıldı, üzü güldü və gülər üzünü əyləşən qonaqlara tutdu.

"Eşidin, müjdəmi söyləyim", - dedi. Bu dəmdə o nurlu üzünə Tanrı bir az da nur verdi və "Tanrı tapşırığı, Allah əmridi, "Peyğəmbər" dastanı yazıram" - söylədi.

Beləcə, yazdığı "Peyğəmbər" poeması haqqında bizə məlumat verdi. Bəzən qələm adamları üzərində işlədikləri əsər haqqında əvvəlcədən kiməsə məlumat vermirlər ki, kimsə bu mövzuda yaza bilər. Hətta tədbirlərdə belə çıxış edəcək adamlar hamıdan əvvəl danışmaq istəyirlər ki, birdən onun deyəcəyi fikri deyən olar. Zəlimxan Yaqubun isə belə şeydən ehtiyanlanmasına ehtiyac yoxdur. Çünki onun deyəcəyi sözü demək qüdrəti yalnız ona məxsusdur.    

 

 

Əflatun KAMANDAROĞLU

 

525-ci qəzet.- 2009.- 3 iyun.- S.7.