"Gün gelir sen de yorulursun
yaşamakdan"
"Gün gelir sen de yorulursun yaşamaktan
Alnında kırışlar açılır derin-derin
Gün gelir bütün sevdiklerin çekilir gider
Bak o zaman sen bana benzersin!"
Şeiri dinləyə-dinləyə divardan asılmış təqvimə doğru boylanıram. Düz 20 gündür ki, vətənimdən və dostlarımdan ayrı düşmüşəm.
Qulaqlarımdakı duyğu
və təcrübə
dolu səs, Tofiq qardaşımın, yəni, Tofiq Abdinin səsi... "525-ci
qəzet"in redaktorlarının
otağındayıq və
o mənim üçün
Aytən Aydəmirin şeirini oxuyur: "Gün gelir sen de yorulursun yaşamakdan". Yaşamaq,
yorulmaq... Sevdiklərimin
hər biri
"Bir tarafım bahar, bir tarafım kış
Yılları geride bıraktı yaşım
Efkar çizgi-çizgi ve nakış-nakış
Kucaklamış beni dönüyor başım".
Bu baş fırlanması, bu sərxoşluq, bu həyatın cızığından davamlı çıxmaq, bu üsyan, ruhumu darmadağın edir. Düşüncələrim Tofiq qardaşımın gənc qalmış simasında və onun misralar süzülən dodaqlarında... Tofiq bəy gözəl şair olmasına və o qədər şeir yazmasına baxmayaraq niyə öz şeirini deyil, məhz bu şeiri deyir? Yaşamaqdanmı, alnındakı qırışlardanmı, yoxsa sevdiklərinin onun atıb getməsindənmi şikayətlənir? Yoxsa mənə başqa şeylər demək istəyir? Bilmirəm. Amma etiraf edim ki, həmin o dəqiqələrdə fərqli şeylər düşünürdüm. Halbuki onunla həyat, sevdiklərimiz, yorğunluq barədə uzun-uzadı danışmağı çox istərdim... Şübhəsiz ki, onun həyatdan aldığı təcrübələr mənə çox şeylər öyrədə bilər.
Söhbətimizə Yaşar bəy də qoşulur. O, əsasən nəsrdən və insanın dəyişməsindən danışır. Kəndlə şəhərin qarşıdurmasından, ruhi ziddiyyətindən və bunun cəmiyyətə təsirindən söz açır. Zatən, onun hekayələrinin təməlində də bu iki toplumun qarşılaşdırılmasından yaranan fəlsəfədən qaynaqlanır...
Sonra Tofiq abi söhbətin məcrasını dəyişir, şəxsi məsələdən, liftdən danışır.
- Orxan bəy, Bakıda lift problemi çox böyük problemdir.
Əvvəlcə bir şey başa düşməsəm də, sonra məsələ aydın olunca gülürəm. Bakının yüksək binalarında lift məsələsi həqiqətən problemli məsələ imiş. Bina evində yaşayanlar liftdən necə lazımdır, istifadə etsələr də, xarab olanda əsla liftlə maraqlanmırlar.
8-ci, 9-cu mərtəbədə yaşayanlar tez-tez xarab olan sovetdənqalma lift üzündən qorxu və həyəcan içində yaşayırlarmış. Həyatımda belə bir problemlə üzləşmədiyim üçün bu, mənə qəribə təsir bağışlayır.
Görəsən, dünyadakı liftlərin Bakıdakı liftlərdən hansı üstünlükləri var? Bu şəhərdə lifti insanlara əzab vermək üçünmü binalara quraşdırıblar?
- Evin ətrafından uzaqlaşa bilmirəm. Uşaqlar, xanımım litfdə qalacaq deyə, qorxuram.
O danışdıqca mən
özümü saxlaya
bilməyib gülürəm.
Ağlıma tanınmış
irland yazıçısı
Samuel Bekketin "Qodonu
gözləyərkən" tamaşası gəlir. Teatrla maraqlananlar yaxşı bilərlər.
Bəlkə də Tofiq abinin Qodosu da elə bu liftdir... Şeiri, yazını, dostlarını bir kənara atıb elə hey liftə keşik çəkir!
Tofiq abi indi də Nazım Hikmətin şeirini deyir. Şeir qurtarar-qurtarmaz mən yenə sözü liftə gətirirəm.
- Orxan bəy, bu lift məsələsi ilə bağlı zəng etmədiyim adam qalmayıb, hətta imkanım olsaydı, nazirə də müraciət edərdim.
- Abi, sənin bu liftindən bir hekayə yazmaq lazımdır? Əziz Nesinin də bu tip hekayələri var.
Söhbətə başqa dostlar da qatılır. Sonra şair Nazim Əhmədli gəlir. Mənə iki şeir kitabını hədiyyə edir. Kitablarından birinin adı "Sevgi Allahı"dır. Hər şeyə sevgi ilə baxmaq həqiqətən də çox gözəl bir hissdir! Xüsusilə də, əgər mənim kimi vətəndən və dostlardan uzaqda yaşayırsınızsa!
525-ci qəzet.- 2009.- 3 iyun.- S.4.