Yeriyən bahar

 

ƏLFİ QASIMOVU XATIRLARKƏN

 

Məlum olduğu kimi, mənəvi-əxlaqi problemlərin müasirlik ruhunda, əvvəlki onilliklərlə müqayisədə daha sərbəst təsviri və təhlili keçən əsrin 60-70-ci illərində Azərbaycan nəsrinin aparıcı istiqaməti kimi pərvəriş tapmışdı. Bu çox vacib yaradıcılıq məsələsi ilə o vaxt təkcə indi haqlı olaraq "Altmışıncılar" kimi şərəfləndirdiyimiz ədəbi nəsil yox, yaşından asılı olmadan, hər bir bədii təfəkkür sahibi öz istedadı, enerji və yaradıcılıq imkanları dairəsində məşğul idi. Bu zaman ədəbiyyat totalitar rejimin ehkamlarından silkinib çıxır, bədii fikirdə analitik ruh, həyat həqiqətinə sədaqət, lirik-psixoloji üslub qüvvətlənirdi. Biz bu deyilənləri nəsrimizin müxtəlif yaşlı, istedadlı nümayəndələri İlyas Əfəndiyev, İsmayıl Şıxlı, İmran Qasımov, Bayram Bayramov, İsa Hüseynov, Cəmil Əlibəyov və başqalarının o illərdəki yaradıcılığında aşkarca görürdük.

O zaman 40 yaşlarında olub müasir mövzularda maraqlı hekayələr, "Məni qınamayın", "Qızburunda tək məzar", "Adilənin taleyi", "Könül sevən", "Toy gecəsi" kimi yeni ruhlu ciddi problemlər romanlarını və povestlərini nəşr etdirən Əlfi Qasımov da həmin yazıçılardan və tanınmış jurnalistlərdən biri idi. Yəqin indiki oxucuların bir qismi bilmir ki, Əlfi Qasımov keçən əsrin ortalarında şeir də yazırdı. Lakin o, öz daxili imkanlarını vaxtındaca götür-qoy edib görə bildi ki, demək istədiklərini ətraflı şəkildə oxucusu ilə bölüşmək üçün poetik imkanları onu yetərincə təmin etmir. Gənc istedad öz mənəvi ehtiyaclarını ödəmək üçün məhz epik janrın vüsətli imkanlarına güvənərək ilk povest və romanlarını oxucularına təqdim etdi.

Əlimdə heç bir statistik məlumat yoxdur. Lakin o dövrün qəzet və jurnallarında çap edilən məqalə və resenziyalar, yazıçının ünvanına gəlmiş çoxsaylı oxucu məktubları, ədəbi müzakirələrdə səslənən təqdiredici çıxışlar da sübut edir ki, Əlfi Qasımovun roman və povestləri 60-80-ci illərin ən çox oxunan, müzakirə edilən və bəyənilən əsərlərindən olmuşdur.

Belə bir cəhəti qeyd etməmək olmaz ki, o illərdə Azərbaycan ədəbiyyatında sənədli bədii janrın da inkişafında Əlfi Qasımovun xüsusi xidməti vardı. Yazıçı təsvir etdiyi obrazları gündəlik həyatda özünü əhatə edən insanların arasından seçir, öz əlvan boyaları ilə onları daha da dolğunlaşdırırdı. O, həm də sənədli nəsrin uğurlu yaradıcılarından biri kimi tanınırdı. Əsərlərində yazıçılıqla jurnalistliyi hər qələm sahibinə müyəssər olmayan bir tərzdə çarpazlayan Ə. Qasımovun "sənət tərəzisinin yazıçı gözü, əlbəttə, ağır idi" (Tofiq Hacıyev). Onun jurnalistikası ordinar qəzetçilik deyildi. Əlfi klassik yaradıcı jurnalistlər tipinə mənsub bir yazıçı idi. Məhz fasiləsiz və qərəzsiz jurnalist müşahidəsi, aktual həyat hadisələrinin operativ təhlili onun bədii ənənələrindəki təbiiliyi qidalandırırdı.

Unudulmaz yazıçımız Hüseyn Abbaszadə də öz qələm yoldaşının yaradıcılığının bu istiqamətini təqdir edir və yazırdı ki, Əlfi sənədli nəsr sahəsində ədəbiyyatımızda dərin izlər qoyub getmişdir və "ondan sonra bizdə sənədli nəsr, demək olar ki, yox dərəcəsindədir".

Belə bir fakta da diqqəti cəlb etməyi vacib sayıram ki, Əlfi Qasımovun 15 nəfər igid, qeyrətli Azərbaycan qızının Şimali Qafqazdan Berlinə qədər davam etmiş müzəffər döyüş yolunu əks etdirən "Vətən çağıranda" kitabı bu qəhrəman qızların sayı qədər müstəqil miniatür sənədli hekayədən ibarətdir. Hesab edirəm ki, real qəhrəmanlar haqqında konkret tarixi, həyati faktlar əsasında, gələcəyə çağırış ruhunda yazılıb təcavüzkarlara nifrət və qəzəb püskürən bu kitab yaşadığımız günlərdə də öz aktuallığını qoruyub saxlayır. Onu tam halda, yaxud hər bir hekayəsini ayrıca nazik kitabça kimi nəşr edib əsgərlərimizə paylamaq Qarabağ uğrunda mübarizənin mücahidləri olan qızlarımıza da, elə oğlanlarımıza da çox fayda verə bilər.

...1950-ci illərin əvvəllərində biz Azərbaycanın yeganə universitetinin filologiya fakültəsində təhsil alırdıq. Jurnalistika ixtisası da o zaman Azərbaycan dili, ədəbiyyat, kitabxanaçılıq, məntiq və psixologiya kimi elə filologiya fakültəsində öyrədilirdi.

Xəlil Rza, Qulu Xəlilov, İslam Ələsgərov, Əliağa Kürçaylı, Tofiq Mahmud, Səyyarə Mollazadə, Şəhla Qaryağdı, Rəhilə xanım və mən birinci kursda oxuyanda Əlfi Qasımov və İslam Səfərli jurnalistika qrupunun IV kursunda idilər. Onlar möhkəm dostluq edirdilər. İslam Səfərli Böyük Vətən Müharibəsinin alovlarından keçən tanınmış şair, Əlfi də bir Pedaqoji texnikum və bir də Müəllimlər institutu diplomu ilə universitetə gəlmiş gənc müəllim idi. Hər ikisi ünsiyyət sevən, qayğıkeş cavanlar idi. Bizdən uca kursun tələbələri olduqlarına baxmayaraq heç vaxt bizə yuxarıdan aşağı baxmazdılar. Bir müddət professor Cəfər Xəndanın, az sonra isə o vaxt hələ aspirant olan B.Vahabzadənin apardıqları universitet ədəbiyyat dərnəyində, daha sonra Yazıçılar İttifaqında onlar R.Rza, M.Rahim, Ə.Cəmil kimi şairlərin rəhbərliyi ilə keçirilən gənclər günlərində öz əsərlərini oxuyar, bu zaman bizim kimi təzələrin də çıxışlarını dinləyər, az-çox tənqidi qeydlərimizə də hörmətlə yanaşardılar.

"Əlfi" sözünü araşdıranda bir mənası ülfətə aparıb çıxarır. Görünür ad qoyan rəhmətliklər yanılmayıblarmış. Əlfi Qasımov başqaları ilə ülfət-ünsiyyət yaratmaq sahəsində dostlarım və həmkarlarım arasında ancaq nadir simalarla müqayisə oluna bilərdi. Qısa bir müddətdə o qədər yaxınlaşıb bir-birimizə məhrəm olmuşduq ki, növbəti seçkilər zamanı yekdilliklə onu komsomol özəyinin katibi seçdik. (Mən də o zaman fakültənin komsomol fəallarından hesab olunurdum).

Deyildiyi kimi, Əlfi universitetə gələndə bişmiş müəllim idi. Tam bir tədris ili Ağdamın kənd məktəblərində dərs deyib təcrübələnmişdi. Təsadüfi deyil ki, 1951-ci ildə üçüncü diplomunu alar-almaz, o, təyinatla, amma həm də və birinci növbədə öz arzusu ilə az da olsa tərəddüd etmədən, "Azərbaycan müəllimi" qəzetinin redaksiyasına gedib işə başladı. Çünki o, təkcə ixtisasca müəllim deyildi. Geniş biliklərə sahib olub çox zərif insani duyğularla yaşayan bu gəncin yetişməkdə olan nəslə nə isə öyrətmək, onu tərbiyələndirmək, bir sözlə müəllimlik ehtirası Əlfinin canında idi.

Desəm ki, o, jurnalistikaya da, nəsrə də məhz özünün bu mənəvi ehtiyacını ödəmək üçün gəlmişdi, səhv etmiş olmaram. Əlfi Qasımov indicə adı çəkilən və çəkilməyən bir sıra əsərlərilə bunu dönə-dönə, parlaq surətdə sübut etdi. Çox təbiidir ki, onun ən populyar əsərlərindən biri olan "Məni qınamayın" povestinin baş qəhrəmanı ailədə ağır faciə yaşadığına baxmayaraq öz həyatını yetişməkdə olan nəslin tərbiyəsinə həsr etmiş böyük vətəndaş amallı xalq müəllimi Şəhla xanımdır.

Əlfi Qasımovla İslam Səfərlinin, bakılı demiş, maraqlı bir şakəri vardı. O zaman universitet indiki İstiqlaliyyət küçəsində, Akademiya binasının (İsmailiyyənin) yanında yerləşirdi. Oradan şəhər camaatının çox xoşladığı "Passaj" bazarına onca dəqiqəyə gedib, nə isə alıb qayıtmaq olurdu. Nahara bir az qalmış əziz dostlar - Əlfi ilə İslam həmin bazara gedib bir qəzet arası göyərti ilə qayıdar, yeməkxanadan götürdükləri alümin aşsüzəndə onu yaxşıca yuyar, suyunu sıxar, yemək salonuna girib hər masanın üstünə kiçik bir çəngə keşniş, şüyüd, vəzəri qoyar, hər çəngənin də üstünə bir-iki ədəd qırmızı turp əlavə edərdilər. Özləri də bundan çox böyük ləzzət alardılar.

Əlfi zarafatla deyərdi: "Ə, havasız auditoriyalarda hərəkətsiz vəziyyətdə mühazirə dinləməkdən rənginiz saralıb. Yeyin bu göyərtidən, vitaminlənin, qoy yanaqlarınız turp kimi qızarsın!"

Mənim kimi işə az-çox bələdliyi olanlar dərhal başa düşürdük ki, ya İslam Səfərli şeirinin, ya da Əlfi Qasımov oçerk, yaxud hekayəsinin nəşri üçün növbəti qonararını alıb...

Elə buradaca yada salmağı vacib sayıram ki, Əlfi Qasımov 1985-ci ildə bir yazıçı kimi şöhrətinin zirvəsində olanda İslam Səfərli haqqında gözəl bir xatirə oçerki yazıb bu istedadlı, çox səmimi şairin, müharibə vaxtı cəsur kəşfiyyatçı kimi ad çıxarmış Azərbaycan oğlunun, nəhayət, Əlfinin də, T.Mahmudun da, Ə.Kürçaylının da, mənim də əziz dostumuzun ürəyəyatan cazibədar obrazını yaratmışdı. Bu xatirə oçerki Əlfinin sağlığında nəşr olunmuş bəlkə də sonuncu əsəri idi...

Əlfi Qasımov bizim o zamankı filologiya fakültəmizin bir qədər miniatür ölçülərdə, ən sağlam, ən qəşəng, tən-dürüst oğlanlarından biri idi. Təsadüfi deyil ki, o vaxt təkcə fakültədə yox, bütün universitetdə sayılıb-seçilən, əla oxuyan, hərdən bir şeir də yazan, ağıllı və gözəl Rəhilə xanımı, onda sadəcə olaraq Rəhiləni, Əlfi ürəkdən sevmiş və bu vüqarlı, təmkinli Bakı gözəlinin qarşılıqlı məhəbbətinə nail olmuşdu.

Mənim üçün çox fərəhlidir ki, Əlfi Qasımovla Rəhilə xanımın əziz və cəfakeş övladları, bir-birindən gözəl və qeyrətli nəvələri yazıçının Natəvan klubunda keçirilən anım günündə iştirak edirdilər. Mən onlara müraciətlə dediyim arzularımı təkrar etməklə sözümü yekunlaşdırıram:

- Hamınız xoşbəxt olun, əzizlərim! Qoy Əlfi Qasımovun gözəl yazıçı, sevimli ata, nurlu baba haləsi sizin də, ədibi unutmamış oxucularının da üstündən heç vaxt əskik olmasın!

Əlfi Qasımov 12 mart 1985-ci ildə dünyasını dəyişdi. O, ömrünün sonuncu ilinin baharını görə bilmədi. Amma yazıçını tanıyanların yaxşı yadındadır ki, yazıçı öz şux qaməti, munis təbiəti, simasından heç vaxt əskik olmayan xoş təbəssümü, ürək açan söhbətləri, zərifdən zərif zərafətləri ilə həmişə ətrafına bahar təravəti saçırdı. Sənətşünaslıqda "hərəkətdə olan estetika" deyilən bir anlayış olduğunu hamı bilir. Əlfi isə özünün bu əlamətləri ilə "yeriyən bahar" idi. Və o, məsləkdaşlarının, dostlarının, o cümlədən elə mənim də xatirimdə məhz belə qalıb: yeriyən bahar kimi...

 

   

Bəkir NƏBİYEV,

akademik

 

525-ci qəzet.- 2009.- 4 iyun.- S.7.