"Vicdan susanda"nın 14-cü nəşri təqdim olunub

 

Ötən gün M.F.Axundov adına Milli Kitabxanada görkəmli yazıçı, əməkdar incəsənət xadimi Vidadi Babanlının "Vicdan susanda" romanının yeni nəşrinin təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Kərim Tahirov ədibin Azərbaycan ədəbiyyatındakı özünəməxsus yerindən, illər ötdükcə əsərlərinə marağın artmasından kitablarının yenidən nəşrinin vacibliyindən söz açıb. Kitabın 14-cü nəşrinin işıq üzü gördüyünü vurğulayan direktor "Vicdan susanda"nın böyük oxucu rəğbəti qazandığını diqqətə çatdırıb.

Tədbirin aparıcısı şair-publisist Taleh Həmid əsərin bədii məziyyətlərindən, müraciət olunan mövzunun aktuallığından söz açıb: "Vicdan susanda" romanı 70-ci illər gənclərinin yaddaşında dərin iz buraxıb. Çünki əsər dövrün tələbindən doğan maraqlı mövzuları özündə əks etdirir". T.Həmid Azərbaycanın ən ucqar kəndində bu əsərin oxunduğuna əminliyini bildirərək "Vicdan susanda"nı "ədəbiyyatın xoşbəxt əsəri" adlandırıb. V.Babanlının ədəbiyyata şeirlə gəldiyinin vurğulayan T.Həmid sonralar onun dəyərli nəsr nümunələri ilə ədəbiyyatımızı zənginləşdirdiyini qeyd edib.

Azərbaycanda Atatürk Mərkəzinin direktoru, millət vəkili Nizami Cəfərov V.Babanlının sözügedən əsəri haqqında geniş çıxış edərək onun bütöv xalqın, millətin ədəbi yaradıcılıq məhsulu olduğunu bildirib: "Vicdan susanda" romanı "Dədə Qorqud", "Koroğlu", "Aşıq Qərib" dastanı kimi bütün millətin ortaq ədəbi malıdır. Bu əsər təsadüfən yaranmayıb. Yazıçı romanı qələmə alana qədər illərlə mühiti araşdırıb, tədqiq edib". N.Cəfərov V.Babanlının bu əsərdə aktual problemlərin uğurlu bədii həllini verdiyini nəzərə çatdırıb. Fəlsəfə elmləri doktoru, professor Camal Mustafayev çıxışında V.Babanlının yüksək peşəkarlıq ustalıqla yazıb-yaratdığı insani duyğuları əks etdirən əsərlərindən söz açıb. Tədbirdə yazıçı-publisist Xeyrəddin Qoca, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, tənqidçi Rüstəm Kamal başqaları da yazıçının əsərləri, xüsusən sözügedən romanı haqqında düşüncələrini bölüşüblər.

Sonda müəllif yaradıcılığı haqqında söylənilən fikirlərə görə qonaqlara minnətdarlığını bildirib.

Tədbirdə yazıçının "Vicdan susanda", "Gizlinlər", "Kişilik haqqında himn", "Ömürlük əzab", "Gəlin", "Ana intiqamı", "Həyat bizi sınayır", "Hoydu dəlilərim, hoydu" kimi kitablarının, həmçinin V.Babanlı haqqında məqalələr çap olunan qəzet dərgilərin yer aldığı yaradıcılıq sərgisi təqdim olunub.

 

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 4 iyun.- S.7.