Cəsur sərkərdənin
ruhuna ehtiramla...
İKİ DƏFƏ SOVET İTTİFAQI QƏHRƏMANI
GENERAL HƏZİ ASLANOVUN LƏNKƏRANDAKI EV-MUZEYİLƏ
BAĞLI TƏƏSSÜRATLAR
1969-cu ilin mayında Azərbaycanın
igid oğlu, əfsanəvi sərkərdə, tank
qoşunları general-mayoru Həzi Əhəd oğlu Aslanovun
ev-muzeyinin açılması Lənkəran ictimaiyyəti
üçün əsl bayrama çevrildi. O unudulmaz hadisəni
Lənkəranda yaşlı nəslin nümayəndələri
indi də böyük qürur hissilə xatırlayırlar. İki
dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi
Aslanovun ev-muzeyini görmək, ona məxsus əşyalara,
geydiyi döyüş paltarlarına və şəxsi ləvazimatlara
baxmaq çoxlarının arzusu idi. Tamaşaçılar
üçün muzeydə olan hər şey qeyri-adiydi, əsl
möcüzə təsiri bağışlayırdı. İndi
həmin açılış mərasimindən düz 40 il
keçir. Bu illər ərzində muzeyə kimlər təşrif
buyurmayıb... Azərbaycanla yanaşı, keçmiş
SSRİ-nin bütün regionlarından, xarici ölkələrdən
gələnlər görkəmli sərkərdəni ehtiramla
yad edib, onun xatirəsi önündə baş əyiblər,
ruhuna sonsuz minnətdarlıqlarını bildiriblər. Ötən
40 il ərzində muzeyi 800 min qonaq ziyarət edib.
H.Aslanovun ev-muzeyinin bu
gün 33 xatirə kitabı var. Muzeyə gələnlər bu
xatirə kitablarında öz təəssüratlarını,
qəhrəmanı yad edərkən keçirdikləri hiss-həyəcanı,
duyğularını qələmə alıblar. Maraqlıdır
ki, ilk xatirə kitabına ilk sözü elə muzeyin
açılışı günü Azərbaycanın
görkəmli ədibləri Hüseyn Abbaszadə və Əli
Vəliyev yazıblar. Xatırladaq ki, Hüseyn Abbaszadə Həzi
Aslanovun döyüş yolundan bəhs edən "General"
adlı roman yazıb.
33-cü xatirə
kitabındakı hələlik son təəssürat (biz
muzeydə olan gün) Türkiyənin İzmir şəhərindən
Bakıya, oradan da Lənkərana turist kimi gəlmiş Ali Cen
Porta məxsusdur. Kitablaradkı təəssüratların hər
birində qəhrəmana sonsuz məhəbbət öz əksini
tapıb.
İki dəfə Sovet
İttifaqı Qəhrəmanı Həzi Aslanovun ev-muzeyinə
giriş pulsuzdur. Muzey də, onun həyəti də çox təmiz
və səliqəlidir. Burada hər şey göz
oxşayır. Muzeyin həyətindəki hündür,
yamyaşıl ağaclar, əlvan gül-çiçəklər
arasında innab ağacı diqqəti xüsusi cəlb edir. Bu
ağac ətrafa təkrarolunmaz bir yaraşıq, əzəmət
verir. Bəlkə bu ona görədir ki, həmin ağacı
gələcəyin generalı və böyük qəhrəmanı
olacaq 8 yaşlı Həzi əkib. 91 yaşlı innab
ağacı bu gün muzeyə gələnləri qürurla
salamlayır.
Muzey yenicə
yaradılanda 2 otaqdan ibarət olub. Sonralar, yəni 1983-cü
ildə eksponatların sayı çoxaldığından
muzey genişləndirilərək, 5 otaqda yerləşdirilib. Qeyd
edək ki, hazırda muzeydə 2012 ədəd eksponat var.
Bunlardan 302-si əsli eksponat, 1710 ədədi isə
elmi-köməkçi eksponat sayılır. Hər il muzeyə
yeni eksponatlar daxil olur. 2003-cü ildə qəhrəmanın
oğlu Arif Aslanov muzeyə 4 ədəd əsli eksponat hədiyyə
edib. Təkcə ötən il muzeyə 7 ədəd əsli,
22 ədəd elmi-köməkçi eksponat daxil olub.
Muzeyə ayaq basan kimi
sanki sehrli bir mühitə düşürsən. Bir
anlığa adamı həyəcan hissi bürüyür,
sanki cəsur general indicə otaqların birindən
çıxaraq, səni vüqarlı bir tərzdə
salamlayacaq...
Burada qəhrəmana aid
hər şey - işlətdiyi ev əşyalarından
tutmuş döyüş yolunu, cəbhə həyatını
əks etdirən müxtəlif ləvazimatlara qədər -
hamısı tamaşaçıya qeyri-adi təsir
bağışlayır. Qeyri-iradi olaraq, onlara əllə
toxunmaq, cazibəsini bütün varlığınla hiss etmək
istəyirsən. Həzinin kasası, fincanı,
üzqırxan maşını, orden-medalları, silahı, cəbhədə
işlətdiyi telefonu, məktubları, döyüş
paltarı... qəhrəmanın ruhunu özündə
yaşadır.
Həzi Aslanovun
ev-muzeyinin ilk direktoru qəhrəmanın ömür-gün
yoldaşı Xavər xanım Aslanova olub. Hazırda isə
muzeyə Tamara Fətullayeva rəhbərlik edir. Tamara
xanım, demək olar ki, muzey yarandığı gündən
burada çalışır. Elmi işçi vəzifəsindən
direktorluğa kimi yüksəlib. Tamara xanım (elə
işçilər də) çox az məbləğdə məvacib
alsa da, buranı tərk etməyi heç
düşünmür, əksinə, bu müqəddəs
ocaqda çalışmağı özünə şərəf
sayır. Bu isə əsl vətənpərvərlik nümunəsidir.
İnsan öz evinə, yurd-yuvasına, ocağına necə
bağlanarsa, onu necə qoruyarsa, necə sahmanlayarsa, Tamara
xanım da muzeyə o cür qayğı ilə
yanaşır. O, muzeyin hər bir eksponatı üstündə
əsir. İllərin soyuğundan, istisindən,
şaxtasından, Lənkəranın rütubətli iqlimindən
eksponatları böyük zəhmət, qayğı
hesabına qoruyur. Tamara xanım çox vaxt muzeydə bələdçilik
də edir, ziyarətçilərə eksponatlar haqqında
özü məlumat verir. Hər dəfə də bu işi
eyni həvəs, şövq və ihamla, yüksək vətəndaşlıq
duyğusu ilə yerinə yetirir. Tamara xanımın
timsalında qəhrəman generalın ev-muzeyinin etibarlı əllərdə
olduğunu əminliklə söyləmək
mümkündür.
Həzi Aslanov kimi qəhrəmanlar,
mahir sərkərdələr nadir hallarda dünyaya gəlirlər.
Ona görə də biz Həzi Aslanovun xatirəsini daima,
özü də onun adına layiq səviyyədə yad etmək
bizim mənəvi borcumuzdur. Biz onun qəhrəmanlıqlarını
layiqincə təbliğ etməli, tank qoşunları
generalı Həzi Aslanovu yeni nəslə sevdirməliyik. İndi
çox şey adiləşib. Amma qəhrəmanlığı,
vətənpərvərlik hissini, vətən sevgisini, vətənə
layiqli xidməti adiləşdirmək yolverilməzdir. Ən
azı ona görə ki, torpaqlarımızı qorumaq, sərhədlərimizin
keşiyində ayıq-sayıq durmaq, imdad diləyən, haray
çəkən torpaqlarımızı geri qaytarmaq məhz vətənpərvərlik
hissimizlə bağlıdır. Yenilməz qəhrəman,
görkəmli sərkərdə Həzi Aslanovun
davamçılarını yetişdirmək, tərbiyə
etmək hər birimizin çiynində çox vacib,
taleyüklü vəzifə kimi düşür. Bu yolda
generalın ev-muzeyini ziyarət etmək güclü mənəvi
təkan rolunu oynaya bilər. Ona görə də xüsusən
gənc nəslin nümayəndələrinin bu muzeyi müntəzəm
ziyarət etməsi zəruridir.
Natiqə AĞAYEVA,
Lənkəran
525-ci qəzet.- 2009.- 4 iyun.- S.7.