"Qum kəndir"dən asılan mətləblər
İlk dəfə "Qum kəndir" kitabını
əlimə alanda nəzərimi bu sözlər cəlb etdi - "Keçmiş içəridə qalib, yoxsa çöldədi?"
"Çox
maraqlıdı" deyə
düşündüm. Oxuduqca gözlərimin
önündə biri o birindən maraqlı insan surətləri canlanmağa
başladı. Uzun-uzadı əhəmiyyətsiz
söz yığınından
ibarət yazılardan
fərqli olaraq, Pərviz Yusif bir-iki cümlə ilə böyük bir hadisəni oxucuya çatdıra bilir. İxtisasca kinoşünas olan yazıçı bütün
hekayələrinə kinomatoqrafik
yanaşıb, oxuduğumuz
hər bir kiçik hissə dəqiq görüntüsü
olan hadisəni özündə gizlədə
bilir və bizi düşündürür.
Yazıçı çox
dəqiq müşahidəçilik
qabiliyyətinə malikdi.
O, ətrafındakı insanları
böyük mehribanlıqla
müşahidə edib
canlandıra bilir. Yazıçının münasibəti
hələ özünü
tapmayan və tam dərk eləməyən
bu adamların - obrazların özlərinə
belə, məlum deyil. Pərviz Yusif daxili duyğuları
anlamağı bacaran psixoloq kimi insanlara
yanaşır və öz qısa cümlələriylə həm
orijinal, həm də son dərəcə
maraqlı bir nəticəyə gələ
bilir. Məsələn:
"Gülmək istədi.
Ancaq bunun necə olduğunu yadına sala bilmədi". O həm də insanlara mübarizə əzmi diqtə edir, onları rahatlığa, Tanrıya yaxın olmağa çağırır.
Yazıçı insanların
daxili aləmini gəzir və onları böyük ürəklə hiss edir. Onların göylərdən ilahi qüvvələrlə idarə
olunduğunu bütün
deyimlərində qeyd
edir. Ümumilikdə yazıçının gənc
olduğunu bilməsəydim,
bu deyimlərin hansısa müdrik bir qocanın düşüncələri sayardım.
Eyni zamanda bu deyimlər çox müasirdi, yazıçı indiki dövrün bütün çətinliklərini dilə
gətirir. Vərəqlədikcə
arzu, ümid dolu sözlərə də rast gəlmək
olur. Məncə,
"Diləməklə diləyə
bəs olarmı heç?!..." xüsusən
gözəldi. Nəfəsi
küləyə, küləyi
səsə, səsi sözə, sözü sirrə, sirri isə Tanrıya bənzədən yazıçı
hər addımında
insanları anlaşmağa
dəvət edir. O, kino haqqında deyilən şablon sözlərdən fərqli
olaraq, bir cümlə ilə onun əsl tərifini
yazır - "Kino həyatın həqiqət
haqqında olan xəyalıdı". İnsan
sevgisinə qəribə
münasibəti var Pərvizin; uzun illər sevdiyi adamı düşünən
şəxsə səhv
etdiyini bildirir:
"...gərək əvvəl
Tanrını fikirləşəydin..."
deyir. Əgər Tanrını düsünşəydın
əzabların da bu qədər olmazdı... Sevdiyi adamın xəyalı ilə özünü yaşamaqdan məhrum edənlərə çıxış
yolu göstərir.
"Sevin, lakin əvvəl Tanrını
sevin", - deyir. İnsan öz daxilini yazır. Bunu dananlardan fərqli olaraq yazıçı özünü
bütün hadisələrin
içində görür.
Eyni zamanda, sanki həmin hadisələrin qəhrəmanı
o özüdü. Doğmasını itirən
bir nəfərə çox qəribə çıxış yolu tapır, onu kosmosa göndərir. Hər bir doğmasını
itirən adam bu itkini - hadisəni
qəbul edə bilmir, buna hardasa
uzaqdan seyr etməyi arzulayır və yaxud özünü
belə hiss edir. Atasının ölümünü kosmosda
yaşayan qəhrəman
da belə hiss edir və
bu onun qəribə
çıxış yoluna
çevrilir. Yazıçı
ümumilikdə bütün
qəhrəmanlarını sanki əzabdan qurtarır, əzabdan qurtara bilmədiklərinə
isə yumor hissi aşılayır. Bu da yazıçının
özünəməxsus yumor
hissinə malik olmağını aşkara
çıxarır. Binaları alaçıqların,
çadırların heykəli
kimi təsvir edən yazıçı
bununla çox dərin bir mənanı bizim üçün aça bilir. İnsanları bağışlamağa, Tanrıya
yaxın olmağa, həyatın qanunlarını
qəbul etməyə
çağırır. Çılğınlığın
ani olduğunu, bir ana sığışacaq
qədər əhəmiyyətsizliyini aydınlaşdırır.
Yazdıqlarım Pərviz
Yusifin kitabı haqqında təəssüratlarımın,
demək olar ki, xülasəsiydi. Amma bu kitab
haqqında lap çox yazmaq olar. Çünki onu oxuduqda hər
bir cümləni sevməyə başlayırsan.
Kitaba diqqətli oxucular, yazıçıya
isə yaradıcılıq
uğurları arzulayıram.
Aysel FİKRƏTQIZI