Orxan Fikrətoğlu "Vaxt"ının axarında

 

Yazıçı az sözdən istifadə edərək, oxucuda müsbət təəssürat, xoş ovqat yarada bilər. Yazıçı uzun cümlələr, ifadələr obrazlardan istifadə edərək eyni məqsədə nail olar. Orxan Fikrətoğlu birinci qismə aid nasirlərdəndir. O.Fikrətoğlu hekayələr, povestlər kinossenarilərinin toplusu olan "Vaxt" kitabında postmodernizm ruhunu milli çalarlarla verə bilib. Ümumiyyətlə, onun nəsrini oxuyanda bir cəhəti müəyyən edə bilirsən: Qərb ədəbi üslubunda yazılmasına baxmayaraq, hekayə povestlərdə rast gəldiyimiz şərqli obrazlar nəticə etibarilə savadlı oxucuda müəllif haqqında əsla təqlidçi təəssüratı yaratmır. Məsələ burasındadır ki, postmodernist üslubda yazanları günahlandıran bəzi ədəbiyyatşünaslar məhz bu cərəyanın bizə yad olması yazılan əsərlərin süni (psevdo) təəssürat oyatdığı fikrini irəli sürürlər, təqlidçilikdən danışırlar. O.Fikrətoğlunun nəsr nümunələri Şərq Qərb ədəbi ənənələrini özündə ehtiva etməklə, sonucda öz şərqli koloritini qoruyub saxlamaqla orijinal təsir bağışlayır.

"Ögey" hekayəsində ölümə həm ironik (yumoristik) münasibət var, həm də ölümlə həyat arasında olan körpü simvolik olaraq insan ovcundan otağa yayılan işıq kimi göstərilir. Bu hekayə müəyyən mənada "hər ölümün sonu həyatdır" fəlsəfi deyiminin bədii təsviridir.

"Çevrilmə" hekayəsi müəyyən situasiya və məqamda insanın qatilə çevrilməsini göstərən hekayədir: səhər dövlət çevrilişində iştiraka görə haqqında ölüm hökmü həyata keçiriləcək kapitanı türmədə qorxaq bir nəzarətçi üzünü qırxmalı olduğu ülgüclə hülqumunu kəsərək öldürür. Situasiya qorxağı cəllada çevirir.

"Üçüncü günün adamı" povestinin qəhrəmanı - sifarişli qətli həyata keçirən şəxs ömründə belə bir addım atmadığından, qadını niyə qətlə yetirdiyini tam dərk edə bilmir. Türməyə qatil oğlunu görməyə gələn anası "uşaqlar necədirlər?" sualına gözləri dolaraq, "Yenə acıq" - deyə, arvadı ilə bağlı verdiyi suala isə "Çıxanda o qancığı da öldürərsən, yəqin ki, kiməsə sürtüşür indi" sözlərilə cavab verir. Freydin dili ilə desək, şüuraltı qatillik hissinə malik ananın qüsuru sanki övlada keçir: oğulun qatil olması səbəbi bizim üçün aydınlaşır. Sonda qatil türmədən çıxmağı müqabilində müstəntiqin tapşırığı ilə bir zabiti öldürməsi şərtinə razılaşır: qətl törədilir, obraz əsərin sonunda formalaşmış bir qatil surəti kimi sanki təsdiqlənir.

"Vaxt" kitabındakı kinossenarilər kifayət qədər cəlbedici və maraqlı süjetlərlə zəngindir. "Yalan" ssenarisi övladı vətəndən üstün tutan (tipik!) azərbaycanlı ana və oğulun Qarabağ müharibəsində şəhid olmasından qürur hissi keçirən ata obrazlarının açılması baxımından kifayət qədər uğurlu alınıb. Cəbhə bölgəsinə gələn və elə orda oğlunun ölüm xəbərini alan ata (minaya düşüb parça-parça olan Vasifin meyitini tapıb ataya vermək belə mümkün olmur) evə qayıdıb bir müddət müxtəlif yalanlar uyduraraq arvadını aldadır, dərd-əzabı isə öz içində çəkir.

"Papaq Yusif" qısametrajlı film üçün çəkilmiş ssenaridir və bütün dövrlər üçün aktual mövzuya həsr olunmuş, tragikomediya janrında yazılmış əsərdir. Kənddə uşaqdan tutmuş ağsaqqala qədər hamının lağ elədiyi, daima başıpapaqlı hərləndiyinə görə gülüş, tənbeh və tənqid obyekti olan Yusif sonda papağının lotular tərəfindən oğurlanmasına dözmür, özünü öldürür. Yas qurulur, dünənə qədər Yusifi söyənlər onu tərifləməyə başlayırlar. Meyit torpağa qoyulmamış kəndlilər qəbristanlığın yanı ilə at belində bir başıpapaqlının getdiyini görürlər. Dünya ədəbiyyatı və kinemotoqrafiyasında bu tipli mövzular işlənib. "Papaq Yusif" məzəli süjet üzərində qurulub və məzəli fabula ilə də itdiyindən, milli koloriti özündə əks etdirdiyindən orijinal və maraqlı alınıb.

O.Fikrətoğlunun yeri gəldikcə işlətdiyi, öz dəsti-xəttini nişan verən mənalı ifadələr dərhal diqqəti çəkir və yadda qalır. "Milçək" hekayəsində: "Balaca, qara adamdır... Demək olmaz ki, Allah onu tanımır, amma bəxti olan adam da deyil", "köhnə gödəkçəsini geyinib, çantasını da qapının ağzına yenə it kimi oturdub. Çörək od üstündə çırtıldadıqca, arvadı da çırt-çırt deyinir", "İtki" hekayəsində: "Əllini haqlasa da, əlli-ayaqlı deyildi" ifadələri bu sırada dayanır.

O.Fikrətoğlu peyzaj dilini intellektdən gələn obrazlarla yaxşı canlandırır, impressionistlər kimi doğlun təəssürat yarada bilir. Bir cümlə bir səhnə qurur. Obrazın psixoloji durumu və onun olduğu məkan arasında bir harmoniya yaranır: "İt səsi kəndin sərhəddidir" , "Səsi elə bil sınıq tərəzidir. Sözlər üstündə atılıb düşür", "Kötük gülümsəyən adama oxşayırdı"...

O.Fikrətoğlunun irreal dünyası insana bəzən o qədər doğma olur ki, elə bilirsən, yazıçının fantaziyasından doğan əsərlər elə həyatımızda baş verən hadisələrin təsviridir. "Neft Dadaş" hekayəsində Nəsib üçayaqlı oğlu Dadaşın evlənmək arzusunu "qürbətə" salmır. "Bu yaşda ikiayaqlılar evlənmək istəyir, gör, indi üçayaqlı nətəhər evlənmək istəyir. O vaxt Bayır şəhərinin əncil-üzümü də qüvvətli cavanlara aşağıdan yuxarı təsir edirdi. İçərişəhərin qız-gəlini də Avropa əhli deyildi, hamısı yaşmaqlı, başmaqlı..." Hekayənin əvvəlində yazıçı evlənmək ehtirasını obrazlı verdiyindən Dadaşın üç ayağı olması sanki oxucunun "yadından çıxır", ya da oxucu az qala bu həyatda üçayaqlı adamların doğulmasını adi hal kimi qəbul edir.

O.Fikrətoğluda satira və yumorun mütənasib qarışığı olan ironiya var. "Xrestomatik əhvalat" adlı hekayəsində Qulu əmisinin köməkliyi ilə öz eşşəyini yaxşı bir işə düzəldir. Sonda isə Qulu eşşəyinin vasitəsilə özü işə düzəlir və eşşəyin ona tapşırdığı vəzifə də bu olur: hər gün qalstuklu, iclas keçirən eşşəyinin qulağına pıçıldayır ki, "sən daha eşşək deyilsən". Qulunun (özünə yox) eşşəyinə iş tapması üçün şəhərə gəlməsi və böyük vəzifə tutan əmisinə xahiş etməsi yumordur. Vəzifə tutan, qəzet nəşr etdirən, kabineti, maşını olan eşşək isə ümumiləşdirilmiş obrazdır və burada artıq satira var.

Mirzə Cəlil ədəbi ənənələrinə sadiq qalan və gündəlik olaraq ictimai yüklü informasiyanı "Zorxana" verilişində özünəməxsus tərzdə bizə çatdıran O.Fikrətoğlunu dinləyənlər, onun real və irreal süjetli əsərlərini oxumaqla, məncə, Azərbaycan gerçəklilərini daha dərindən dərk edə bilərlər. Bu mənada, O.Fikrətoğlu "Vaxt" kitabında olan əsərləri yazmaqla öz vaxtını mənalı işə həsr edib. Oxucuların bu kitabı oxumağa ayıracaqları vaxtın da beləcə mənalı, səmərəli olacağına əminəm.

 

 

Alpay AZƏROĞLU

 

525-ci qəzet.- 2009.- 4 iyun.- S.6.