Bolqarıstanlı təhsil xadimi ilə Bakı Slavyan Universitetində görüş keçirilib
Dünən
Bolqarıstanın Milli və Dünya Təsərrüfatı
Universitetinin rektoru Borislav Borisov Bakı Slavyan Universitetinin
(BSU) qonağı olub. Qonağı Bolqarıstanın Azərbaycandakı
səfiri Vasil Kalinov müşayiət edib.
Öncə qonaq BSU-da fəaliyyət
göstərən Bolqar Dili və Mədəniyyəti Mərkəzilə
tanış olub. BSU-nun rektoru, professor Kamal Abdulla universitetdə
bolqar dilinin ixtisas kimi öyrənilməsindən, Bolqar Dili və
Mədəniyyəti Mərkəzinin fəaliyyətindən,
Bolqarıstanın qabaqcıl ali təhsil ocaqları ilə əlaqələrdən
danışıb. Bolqar və Azərbaycan xalqları
arasında mövcud olan dostluq əlaqələrinə toxunan
K.Abdulla bu münasibətlərin tarixi köklərə
söykəndiyini bildirib. Rəhbərlik etdiyi ali təhsil
müəssisəsi barədə məlumat verən B.Borisov
bildirib ki, universitetin bir sıra xarici ölkə ali məktəblərilə,
o cümlədən BSU ilə əməkdaşlıq
münasibətləri mövcuddur. B.Borisov Azərbaycan və
Bolqarıstan arasındakı diplomatik, iqtisadi, mədəni əlaqələrə
də toxunub, perspektivlərdən söz açıb.
Sonra Vasil Kalinov iki
ölkə arasında əlaqələrin möhkəmləndirilməsi,
bolqarşünaslıq ixtisasının, bolqar dilinin öyrənilməsinin
təşkilindəki xidmətlərinə görə Kamal
Abdullaya Bolqarıstan səfirliyinin fəxri nişanını
təqdim edib. Azərbaycan dilində "Bolqarıstanın
tarixi" dərsliyinin müəllifi, BSU-nun
Avropaşünaslıq kafedrasının dossenti Habil Məmmədov
da təltif olunub.
Görüşün
sonunda iki universitet arasındakı əlaqələri
inkişaf etdirmək məqsədilə tərəflər
arasında əməkdaşlıq müqaviləsi
imzalanıb. Bu müqavilə tədris və elmi-tədqiqat
sahələrində əməkdaşlığı, tələbə-müəllim
mübadiləsini nəzərdə tutur.
S.QARAYEVA
525-ci qəzet.- 2009.- 4 iyun.- S.2.