Vaqif olmaq
Vaqif Səmədoğlu - 70
"Hər oxuyan Molla Pənah
olmaz" - deyiblər. Hər şair də Vaqif olmur - nə
Molla Pənah Vaqif, nə Səmədoğlu Vaqif... Vaqif Səmədoğlu
yaradıcılığı poeziyamızda da,
dramaturgiyamızda da təkrarsız, unikal hadisədir. Qırx-qırx
beş il bundan qabaq Vaqifin ilk şeirləri meydana
çıxanda bunu çox az adam başa
düşürdü. İndi müqayisəolunmaz dərəcədə
çox adam başa düşür, gün gələcək,
bunu başa düşməyən qalmayacaq, qalsa da üç
cüt-bir tək cahil...
Böyük sənətkarlar
çox vaxt yaşadığı dövrün yetimi,
ögeyi, gələcək zamanların ərköyünü
olur. İndi hansı şairin şeirlərini oxuyursan,
oxşar mövzulara rast gəlirsən - Allah, Ölüm, Tənhalıq.
Vaqif yaradıcılığa başlayanda bu mövzularda yazan
bir-iki şairdən biriydi.
İlk şeirlərindən
o, ədəbiyyatımıza əyalətçilik çəpərlərini
aşaraq gəldi. Əyalətçilik - yalnız coğrafi
anlayış deyil, əyalətçilik zamanın
ucqarında qalmaq, dövrün nəbzini duymamaq,
dünyanın dərdinə, Füzuli demiş, "qəmi-aləmə"
biganə qalmaqdır.
Ən uzaq əyalət
insanın öz içindədir: planetin ən azman şəhərlərində
yaşayıb, mahiyyət etibarı ilə əyalət
adamı ola bilərsən. Vaqif şəhərlidir, amma şəhər
şairi deyil, kənd şairi də olmadığı kimi. O
dünyanın bütünlüklə - küll halında hər
üzünə -şəhərinə, kəndinə,
keçmişinə, indisinə, gələcəyinə,
ağrısına, acısına, sevincinə - bir sözlə,
hər sirrinə vaqif olan sənətkardır. Vaqif Səmədoğlunun
vaqifliyi bundadır.
Bir para şair və
yazıçılarımız var ki, ömürlərinin bir
yarısını kənddən, rayondan Bakıya
köçmək cəhdlərinə həsr edirlər,
ikinci yarısını şəhəri burunlamağa. "Ah,
şəhər nə qədər pis, yad, iyrəncdir,
doğma kəndim nə qədər gözəl,
füsunkardır" - bir çox şeirlərin, hekayələrin
əsas pafosu budur. Soruşan gərək, şəhərə
bu qədər nifrət bəsləyirsənsə, niyə
bitib qalmısan burda? Kənddən, rayondan çıxıb
Bakıda məskunlaşmış ən istedadlı şair və
nasirlərimiz belə ovqatdan uzaqdırlar. Fikrət Qoca da,
Mövlud Süleymanlı da, Ramiz Rövşən də. Təbii
ki, şəhərdə doğulub boya-başa çatan Vaqif
Səmədoğlu da.
Vaqifin nisgili, gileyi
hansısa coğrafi məkanla deyil, dünyanın
varoluşuyla, zamanın gərdişiylə
bağlıdır. Onun haqqında yazılarımdan birində
demişdim ki, "Vaqif zamanın yaraladığı
şairdir".
Onun ağrılı-əzablı
müasirliyi də bundadır. O, salxım söyüdün
seyrinə dalıb zövq almır, çünki bilir ki:
Söyüd
kölgəsitək,
Sərindir
Krematoriy
kölgəsi.
Bizim əsr kölgələrin
cərgəsinə Krematoriy - konslagerlərin insanyandırma məntəqəsinin
kölgəsini də əlavə etdi. Çağdaş Qərb
mütəfəkkirlərindən birinin fikri Vaqifin
misralarıyla həmahəng səslənir: "Osvensimdən
sonra sevgi şeirləri yazmaq müşkül işdir".
Şərq və qərb
şairlərinin əsrlər boyu vəsf etdikləri Ay da
Vaqifin poeziyasında gözlənilməz bir bənzətməylə
təqdim olunur.
Aya
baxıram...
Üzü
ləkə-ləkə
Rentgendə
görünən
Vərəmli
ciyər təki...
Təbiət
öz-özlüyündə neytraldır, şairlər onu rəmzlərə,
təşbehlərə, obrazlara çevirir. Quzey və
Güney Azərbaycanı ayıran Araz çayı
haqqında saysız-hesabsız şeirlər yazılıb -
onların arasında əlaları da var, babatları da, dəyərsizləri
də. Bu şeirlərin çoxunda Arazı qınayırlar
ki, "zalımdır, insafsızdır,
amansızdır", xalqımızı,
torpağımızı iki yerə bölüb. Vaqif Araza ilk
anlamını qaytarır:
Araz nədir?
Adi
çay.
Saysız
çaylar ordusunda
kiçik,
sadə piyada.
Arazı
söyməkdən nə fayda?
Vaqif şeirində
obrazların əyaniliyi gözümüz qarşısında
son dərəcə möhtəşəm mənzərə
yaratmağa qadirdir:
Nəhəng
bürünc xaç kimi
Yırğalanır
sinəmdə
Aramızda
qalmış buludlar,
Təyyarənin
uğultusu,
Məsafə.
Qəflətən
şamları keçmiş
Kilsədir
Qara dəniz
sənsiz...
Yaxud
başqa bir gözlənilməz obraz:
Batan
Gəmilərdən
atılan
Yük
kimi
Kənara
atıram
Ümidlərimi.
Ömrün
divarında yenə
Kəndir
görürəm,
qapı
yerinə.
Vaqif poeziyasının
gözlənilməz keçidləri bəzən oxucunu
çaşdıra bilər. "Tərcümeyi-halım"
şeiri qəribə bir etirafla başlayır:
Doğuldum
1939-da,
1937-də
tutuldum.
Bu necə olur, görəsən,
39-da doğulan adam iki il qabaq tutula bilərmi? Bunu başa
düşməyənlər onu da başa düşmürlər
ki, poeziya elementar məntiqin əsiri deyil və insanın
bioqrafiyası onun doğulduğu gündən, ildən
başlanmır, bu tərcümeyi-hal zamanın tərcümeyi-halıdır,
dövrün özəllikləri, məqamlarıyla
bağlıdır.
"Tərcümeyi-halım"
şeirində belə misralar da var:
48-də nənəm
öldü.
Ömrümdə
ilk dəfə
Ölüyə
ağladım.
Balıqlar
saxladım
akvariumda.
Açıq
qaldı pəncərəm
bir
qış gecəsi,
Dondu
balıqlar.
Şairin fikrincə, tərcümeyi-halının
ən vacib məqamları bunlardır. Əlbəttə,
ömründə başqa hadisələr, başqa itkilər,
ölümlər də olub, amma qəlbin bioqrafiyası
üçün ən vacib olan ilk sarsıntı, ilk itki, ilk
ölüm, yoxluqla ilk tanışlıqdır və bu qəlb
sarsıntıları sırasında insanın-nənənin
ölümüylə bir cərgədə akvariumda donub qalan
balıqların da ölümü var, çünki bu
balıqların tələf olmasında günahkardır,
qış gecəsi pəncərəni açıq
qoyubmuş. Bəlkə vicdan əzabı deyilən
anlayış da gələcək şairin həyatına məhz
bu günahıyla birgə daxil olub. Çox vaxt insanın,
xüsusən də şairin içəri həyatının
müxtəlif keçidləri zahiri ömrünün hər
hansı hadisəsindən daha vacib olur.
İnsanın içəri
dünyasının qaranlığında, zülmətində
işıq axtarır şair. Ümumiyyətlə qaranlıq
və işıq, gecə və gündüz, zülmət və
aydınlıq Vaqifin şeirlərində fərqli
çalarlarla qələmə alınır.
Şikəst
pencəyinin boş qolu
Gecəylə
dolu
Ürəyin
yeganə yeridir
İçimizin
gecəsi
İnsan səsi
qaranlıqdan çıxır
Bulaq yer
altının gecəsindən axır
Qarı
süd sağır
İnək
döşünün qaranlığından.
Ana bətninin
gecəsindən
dünyaya gəlir insan.
Beləliklə insan səsi, inək südü, bulaq, insanın özü belə qaranlıqdan işığa çıxır və dünyanın bu gərdişi əbədidir. Bu gərdişdə hər gün, hər an sonuncudur və hər gün, hər an yenidən təkrar olunandır.
Vaqif Səmədoğlunun
çox sevdiyim şeirlərindən biri elə bu barədədir:
Son gecədir
bu gün yenə,
Sabah yenə
son səhər
Son yel
dolur son yelkənə,
Qayıq
üzür birtəhər.
Axırıncı
ağacdır bu,
Əsir
sonuncu külək
Bağlayıb
sonuncu yolu
Yenə
sonuncu fələk.
Bu şeir bədbin təsir
bağışlaya bilərdi: son gecə, son səhər,
axırıncı ağac, sonuncu fələk...
dünyanın axırıymış sanki. Bədbin təsir
bağışlaya bilərdi, amma bağışlamır,
çünki şeirdə bir açar sözü var:
"yenə" sözü. "Yenə" sözü hər
şeyi izah edir. Bizə sonuncu kimi görünən hər
şey yenidən təkrar olunur, yenidən qayıdır, hər
gün yenidən son gündür, hər gecə yenidən son
gecə...
Vaqif ən adi şeylərdən
poeziya cövhəri çıxara bilir. Hətta adicə toz
da şeir predmetinə çevrilir:
Dünən
adını yazdım
Qara
royalımın üstünü örtmüş
Bomboz tozun
üzündə
Bu sözlərdən
sonra gələn misralar həm bu adi detala böyük miqyas
verir, həm də təsirli bir ovqat yaradır:
Gah
Şimaldan,
gah Cənubdan
baxdım adına
Adın
günəşlə dolurdu,
Kölgədə
qalırdı.
Mənimləydin
sən.
Aramızda
bir yol vardı: dünən!
Bu gün o da kəsildi,
Vasvası anam
Royalın tozunu sildi...
Yox oldu şimal,
Cənub da yoxdur indi.
İndi nə sən varsan,
nə mən
günəşə kölgə endi
Dünənimlə bu günümün əhvalatı belədi...
İndi külək
pəncərənin pərdəsini
sənsizlik üzərində
bayraq kimi yellədir...
Vaqifin başqa unudulmaz misraları da yadıma düşdü:
Uzaqda bir külək var,
Küləyin üstündə bayraq.
Az sözlə, xəsis ifadələrlə dolğun, çoxanlamlı obraz yaratmaq, bax, budur!
Vaqif poeziyasına impressionist rəssamların əsərləri kimi xəfif, yüngül duman, bu dumanda güclə sezilən mənzərələr xasdır:
Eşidirsənmi?
Amma necə eşidəsən...
İki il
yeddi ayın ayrılığıyla
tutulub
qulaqlarım,
Bir yandan
da bu yağış...
Görürsənmi?
Amma necə
görəsən...
Qurtarmayıb
hələ də
Aramızdan
keçən qatarın vaqonları,
Bir yandan
da bu yağış...
O vaxtlar
yazılmış, amma təbii ki, çapı mümkün
olmayan bir şeirində Füzuliyə həsr olunan misralar
var, böyük şairə müraciətlə deyilir:
Axı yuxuna girmirdi rus
çarının tankları.
Aydındır ki,
çar vaxtında tanklar yox idi, Vaqifin işarə vurduğu
- 1968-ci ildə Praqa baharını tırtılları
altında əzib darmadağın edən Brejnev tankları
idi.
Elə həmin şeirdə
məşum bir xəbərdarlıq da vardı:
Yenə kəsib,
ümid keçən yolları
Tikilməmiş
türmələrin hörülməmiş hasarı.
Beş-on babat şeir
yazıb özünü dahi sayanlardan fərqli, Vaqif bəlkə
də öz şeirlərinin qədrini lazımınca bilmir. Çoxlu
nəğmələri var, amma onları şeir kitablarına
salmır, "bunlar nəğmə sözləridir"
deyir. Halbuki, Emin Sabitoğlunun musiqi yazdığı "Uzaq
yaşıl ada" da, "Bir axşam taksidən
düşüb payıza" da yüksək poeziya nümunələridir,
Adil Bəbirovun yazdığı gözəl bir
mahnıdakı misralar:
"Gəzdiyimiz
şəhərləri,
Sevdiyimiz
şeirləri
Kölgən
düşən divarları
ürəyimdən
qopar, qopar
özünlə
apar..."
- misralarının
Vaqifin başqa gözəl şeirlərindən nəyi əskikdir?
Vaqifin şeirləri
haqqında az yazılmayıb. Mən də dəfələrlə
yazmışam. Onun şeirləri qədər bənzərsiz
dramaturgiyası isə, təəssüf ki, hələ də
layiq olduğu qiymətini almayıb. Vaqifin yubileyi ərəfəsində
məhz onun dramaturgiyası haqqında yazmaq istəyirdim, amma
vaxt qıtlığından pyeslərini, əlbəttə
ki, əvvəllər səhnələrdə və TV
ekranlarında gördüyüm pyesləri - "Yayda qartopu
oyunu", "Generalın son əmri", "Yaşıl
eynəkli adam"ı bir də təzədən oxuyub fikirlərimi
toparlaya bilmədim. Bircə onu deyə bilərəm ki, "Bəxt
üzüyü" pyesi və onun əsasında Ramiz Əzizbəylinin
çəkdiyi film milli dramaturgiyamızın və kinomuzun ən
maraqlı örnəklərindəndir. Filmdə istedadlı
aktyorlarımız tərəfindən yaradılan sırf
milli xarakterlər qalereyası unudulmur. Bu filmin personajları,
ayrı-ayrı deyimləri "Hacı Qara"nın, "Məşədi
İbad"ın obrazları, ifadələri kimi
ağızdan-ağıza dolaşır, hafizələrə
zərb-məsəllər kimi həkk olunur. Hələ onu
demirəm ki, Moşu Göyəzənli teatr maskası kimi
ekrandan həyata adlayıb, mətbuat səhifələrinə
qayıdıb.
Bu yazıda Vaqifin
poeziyasından danışarkən əsasən uzaq gənclik
illərinin şeirlərinə müraciət etdim. Onu görə
yox ki, sonrakı şeirləri daha böyük marağa və
diqqətə layiq deyil. Yox, bu poeziya ildən-ilə kamilləşən,
püxtələşən, yeniləşən sənət
hadisəsidir. İntəhası, mən Vaqifin sonrakı
dövr poeziyası haqqında "Allahla söhbət"
adlı geniş esse yazmışam və bu mətn şairin
Bakıda və İstanbulda çıxan kitablarında Ön
söz kimi verilib. Özümü təkrar etmək istəmirəm.
Əsasən gənclik
şeirlərinə müraciətimin ikinci səbəbi odur
ki, yeni oxucu nəsilləri o uzaq illərin ədəbiyyatını
yetərincə tanımırlar və bəzən
tanımaya-tanımaya ona ağız büzürlər. O
dövrün bütün şeir, nəsr örnəklərini
ucdantutma ideoloji meyarlarla ölçmək elə sənətə
yalnız siyasi açıdan baxan bolşevik təfəkkürünün
təzahürüdür. İnsan yaşadığı
zamanı özü seçmir, amma yaşadığı hər
hansı zamanda İnsan kimi yaşamaq onun özündən
asılıdır. Bu, ilk növbədə sənətçilərə
aiddir. Elə ancaq burda misal gətirdiyim şeirlər kifayətdir
ki, Vaqif poeziyası, eləcə də başqa həqiqi nəsr
və şeir örnəklərimizin nə qədər siyasətdən,
ideoloji buxovlardan azad və uzaq, bəşəri, əbədi,
insani motivlərlə nə qədər zəngin olduğunu
aydın dərk edəsən.
Bir də Vaqifin gənclik
şeirləri mənim yaddaşımda yaşayır,
onları kağıza köçürmək
üçün heç bir kitaba baxmağa ehtiyac qalmır. Bu
şeirlər Vaqifin gəncliyi olduğu kimi, mənim də gəncliyimdir...
Vaqifin 70 yaşı
tamam olan gün yubilyara ən səmimi təbriklərimi
yetirirəm və yazımı onun daha bir gənclik şeiriylə
bitirirəm (bu da lap qafiyə çıxdı ki!). Bu gənclik
şeiri nigaran suallardan ibarətdir:
Nəyin
istisindən yananlar
Arzulayacaqlar
kölgəmi?
Doğrudan da, görəsən,
hansı istidən yanacaqlar insanlar planetdə - qlobal meteroloji
istidən, kosmik hərarətdən, ya hərbin
alovlarından?
Sətiraltı mənası
olan coğrafi sual:
Hansı rənglə
çəkəcəksən
xəritədə
ölkəmi?
Şəxsi
maraq:
Şeirlərimi
sevəcəklərimi
divarlar
arxasında?
İqtisadi
duruma, dolanışığa aid sual:
Bazarda
Ətin
qiyməti düşəcək,
Yoxsa
meşə cəngəlliyinin
qoyduğu
qiymətlər qalacaq?
Adi insani
sual:
Öpüşəcək,
öldürəcək,
düşünəcəklərmi
yenə qaranlıqda?
Eləcə
də adi bir məişət sualı:
Qatarlarda
axşamüstü
çay
paylayacaqlarmı içməyə?
Və
çox mühüm siyasi-inzibati sual:
Pasport,
viza gərək olacaqmı
sərhədləri
keçməyə?
Ədəbi maraq:
Andersenin
nağıllarını oxuyacaqlarmı,
Əlifba
biləcəkmi hamı?
Bir-birindən narahat suallar:
İnsan bir ömrü boyu
öləcək neçə kərə?
Yol azacaqlarmı?
Məzar qazacaqlarmı?
Məsciddə yuyacaqlarmı meyitləri?
Bütün bu sualları
biz hamımız verə bilərdik. Amma şeir sonuncu bir
sualla tamamlanır ki, onu ancaq çox uzaq gələcək
haqqında fikirlərə dalan şair verə bilər:
Kim sulayacaq bulvarda
söyüdləri?..
1-2 iyun, 2009
ANAR
525-ci qəzet.- 2009.- 5 iyun.- S.7.