Klassik əsər
tələbə yozumunda
Vaxtilə Akademik Milli Teatrımızın səhnəsində Tofiq Kazımovun quruluş verdiyi və bu gün də
adı dillərdə
gəzən V.Şekspirin
"Antoni və Kleopatra" faciəsinə
bir daha qayıtmaq rejissordan cəsarət tələb
edir. Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin "Teatr
rejissorluğu" kafedrasının
dosenti Yaqut Mehdiyeva bu cəsarəti
özündə tapdı,
çalışdığı təhsil ocağının
tələbə və
müəllim heyətinin
yaradıcılıq-ifa
işi kimi orijinal yozumda maraqlı bir səhnə əsərini meydana çıxara bildi.
Yaqut xanımın
öz sözüdür ki, əsas problem baş rolları -
Mark Antoninin, Kleopatranın obrazlarını yarada biləcək
aktyor - tələbələri tapmaq idi. Axı bu günə
qədər tamaşaçıların yaddaşında bu
rolların klassik ifaçıları olan Hökümə
Qurbanova ilə Əli Zeynalov yaşamaqdadır. Əslində,
bu tamaşanı səhnəyə gətirmək
ideyasını rejissorda doğuran səbəb də elə məsələnin
bu tərəfi idi: Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin müvafiq ixtisas
üzrə təhsil alan tələbələri arasında
belə ağır yükü daşıya biləcək
istedadlar olacaqmı? Axtarışlar uzun çəksə də
öz bəhrəsini verdi.
Bu gün ADMİU fəxr
edə bilər ki, sözün həqiqi mənasında
geniş tamaşaçı kütləsinin
qarşısına çıxarıla biləcək,
artıq böyük səhnələr üçün
püxtələşmiş, dünyaca məşhur
Şekspir faciəsinin Pərvin Əzrənalıyev
(Kleopatra), Daşqın Piriyev (Mark Antoni), Anar Səfərov
(Sezar), Natəvan Bəşirova (Oktavia), Mahi Səfərova
(Xarmiana), Rəşad Nuriyev (Tirey), Əhliman Ərşadov
(Aleksas) kimi ən mürəkkəb obrazları yaratmaq
gücünə malik gənclər məhz bu təhsil
ocağının yetişdirmələridir.
Universitetin Tədris
teatrında tamaşanı izləyib zəngin təəssüratla
zalı tərk edən tamaşaçıların yekdil istəyi
bu idi ki, əsər elə Yaqut Mehdiyevanın quruluşunda, həmin
yaradıcı qrupun iştirakı ilə respublikamızın
aparıcı teatrlarının səhnələrində
göstərilsin.
Gündüz ƏLİYEV
525-ci qəzet.- 2009.- 5 iyun.- S.7.