Təhsil tərbiyədən
başlayır
Deyilənə görə insanı
başqa canlılardan
fərqləndirən 67 xüsusiyyət
var. Yəqin ki, bu xüsusiyyətlərdən
ən mühümlərdən
biri insanın tərbiyəsidir. Əlbəttə,
insanın tərbiyəsi
məsələsində bir
nisbilik var. Məsələn, biri üçün tərbiyəli
qəbul edilən insan, başqası üçün dözülməz
ola bilər. Lakin insan tərbiyəsi
üçün cəmiyyətdə
qəbul olunmuş bir hədd var
ki, bu həddən
sonra tərbiyəsizlik
başlayır.
Tərbiyəli insan həm
özü, həm də cəmiyyət üçün bir
tapıntıdır, hədiyyədir. Tərbiyəsiz insan isə,
həm özü, həm də cəmiyyət
üçün bir bəla, sağalmaz yaradır. Bircə nəfər
tərbiyəsiz insanın hərəkətləri,
davranışı, danışığı böyük bir
kollektivin normal işini poza bilər, gərginlik, pozğunluq,
intriqa yarada bilər.
28 yaşlı elmlər
doktoru (bu yaşda belə yüksək elmi dərəcə hər
kəsə qismət olmur) qeyri-insani keyfiyyətlərinə
görə həmkarlarının qəzəbinə tuş gəlmişdi
- elmlər doktoru olsa da, 7 il idi ki, onu professor vəzifəsinə,
rütbəsinə seçmirdilər (halbuki o dövrlərdə
elmlər doktorunu bir ildən sonra professor seçirdilər). Həmkarları
bu, şübhəsiz istedadlı, bilikli alimə, lakin yaramaz
insana mövqelərində haqlı idilər - belə bir
insanı professor seçməklə onun mövqeyini daha da
möhkəmlətmək kimə lazım idi?
Tərbiyənin təhsildə
yeri daha önəmli, daha vacibdir. Mənim qənaətim belədir:
təhsil tərbiyədən başlayır.
Müəllim,
şagird, tələbə münasibətlərində
anlaşılmazlıq, gərginlik, xoşagəlməyən
hadisələr həmişə olur. Bəzən, hətta,
qulaqburması, sillə-şapalaq, çubuq da işə
düşüb. Lakin əvvəllər bu konfliktlərin əsasında
müəllim etinasızlığı, laqeydliyi, diqqətsizliyi,
şagird, tələbə şuluqluğu, nadinçliyi,
şıltaqlığı dururdusa, indiki dövrdə
qarşılıqlı təhqir, şəxsiyyətin
alçaldılması, insan şərəfinin, ləyaqətinin
tapdanması kimi ağır ittihamlar durur. Əlbəttə,
bu konfliktlərin yaranmasına rəvac verən, şərait
yaradan, hərəkətini, danışığını,
davranışını bilməyən, şagirdin, tələbənin
şəxsiyyətinə mənliyinə toxunan, mədəniyyətdən
uzaq, kobud "müəllimlər"ə də rast gəlirik.
Əslində belə müəllimlərə təhsil
sistemində yer olmamalıdır.
Bu yazıda isə
ömrünün çoxunu təhsilə həsr etmiş, həyatını
sinifsiz, auditoriyasız təsəvvür edə bilməyən,
şagirdləri, tələbələri öz
övladları kimi qəbul edən, biliyini,
bacarığını onlardan əsirgəməyən,
yaşlı, təcrübəli, təhsil sisteminin
qızıl fondu hesab edilən Müəllimlərin üzləşdikləri
ciddi problemdən söhbət gedir.
Azərbaycan Milli Elmlər
Akademiyasının bağında tanınmış alim,
görkəmli pedaqoq olan köhnə dostumla
qarşılaşdım. Dostum çox fikirli, kefsiz
görünürdü. Xoş-beşdən sonra:
- A qardaş, bu
dünyanın dərdi sənə qalıb? Alnının
qırışığı açılmır.
- Vallah, qardaş,
dünyanın dərdini çəkmirəm, öz dərdimi
çəkirəm - deyib dərdini açdı. - Bilirsən
ki, ömrümüzü, həyatımızı təhsilə
bağlamışıq. Müəllimliyin şirinliyini də,
acılığını da dadmışıq. Müəllim-tələbə
münasibətlərində incikliklər də olub. Amma bu
münasibətlərdə xoş, ömrümüzə
yazılmalı, müəllim ömrünü uzadan günlərimiz
daha çox olub. İndi isə bu münasibətlərdə
dözülməz məqamlar yaranıb və ilbəil
genişlənərək yeni formalar alır.
Təsəvvür elə
ki, artıq 5 dəqiqədir dərs başlayıb, lakin bir tələbənin
mobil telefon danışıqları (hərçənd dərs
vaxtı telefondan istifadəni, özüm qarışıq,
qadağan eləmişəm) mühazirəyə
başlamağa imkan vermir. Səbrlə telefon
danışığının qurtarmasını gözləyirəm.
Lakin tələbə öz işindədir. Daha dözməyib:
- A bala, niyə qoymursan
dərsimizi keçək, axı səni gözləyirəm
- deyirəm.
- Müəllim siz mənə
fikir verməyin, mühazirənizi deyin gəlsin. Mən bir az
gec qurtaranam - deyib üzümə ilişir.
- Ay oğul, imkan ver, dərsə
başlayaq.
- Müəllim,
eşitmirsiniz qızla danışıram, tərbiyəsizlik
edib qıza odboy verə bilmərəm.
- İcazə verirəm,
get bayırda nə qədər istəyirsən danış,
qaib də qoymayacam.
- Yox müəllim, məni
bayırda görüb elə bilərlər qovulmuşam.
- Yaxşı, biz indi səninlə
nə edək? İmtahanlara da az qalıb, niyə imkan vermirsən
bu uşaqlar nəsə yazsınlar, nəsə öyrənsinlər?
- Müəllim,
imtahanı yada salmaqla mənə hədə-qorxu gəlirsən,
duxun çatmaz məni kəsəsən. Məni kəsməsən
lap kişi deyilsən - qapını üzümüzə
çırpıb auditoriyanı tərk edir.
Bu nadürüstün
qırx ilin müəlliminə, professora "sən" deməsi
bəs deyil, mənim kişiliyimi də şübhə
altına alır. İndi səndən soruşuram, mən
auditoriyaya necə girim, o uşaqların üzünə necə
baxım?
Tələbələr
mobil telefonla bağlı bir hadisəni də mənə
danışmışdılar.
Tələbə müəllimin
iradlarına, xahişinə, tələbinə məhəl
qoymadan dərs vaxtı mobil telefonla danışır. Axır
da müəllim məcbur olub telefonu onun əlindən
alır. Lakin tələbə ehtiyat telefonu işə
salır və kiməsə xəbər verir ki, əsas
telefonu müəllim əlindən alıb. Aradan 10-15 dəqiqə
keçməmiş "gülbala"nın atasının
boynuyoğun qoçuları auditoriyaya daxil olurlar, təhqiramiz
hərəkətlər, ifadələrlə müəllimi
telefonu qaytarmağa məcbur edirlər.
Elə bilməyin ki, tələbə
dələduzluğu telefon əhvalatları ilə bitir. Bir də
elə bilməyin ki, bu "qəhrəmanlar" yalnız
yüksək vəzifəli adamların övladlarıdır.
Xeyir. Mən nazir övladları tanıyıram ki, öz tərbiyələrinə,
biliklərinə görə gənclərə nümunə
olmağa layiqdirlər.
Əksər hallarda bu dələduzlar
zəhmət çəkmədən, ağır işlətmədən
haram yollarla qısa bir müddətdə varlanmış,
milyoner olmuş, səviyyəsiz, şəxsiyyətsiz,
görməmiş, harınlaşmış, hər şeyi
pulla həll edə biləcəklərinə inanan, cəzasızlıq
hissləri ilə yaşayan insanların balaları və
onların təsiri altına düşənlərdir.
Burada ən qorxulu cəhət
gəncdə bəd əməllərinə görə cəzasızlıq
hissinin formalaşmasıdır. Bu hiss o, gələcəkdə
bir vəzifə sahibi olanda daha ağır fəsadlar yaradacaq.
Siz auditoriyanın
qapısını təpiklə açan tələbəyə
rast gəlmisiniz? Partaların, stolların üzərində
öz avtoqraflarını qoyan, "sənət əsərlərini"
yaradan tələbələrə necə? Bəs yenicə rənglənmiş
auditoriya divarlarında, tavanda ayaq izlərinə necə?
Sözün
düzü, bir tavandakı ayaq izlərindən başqa tələbənin
qalan "yaradıcılıq" imkanları mənə
aydın idi. Lakin buna baxmayaraq, tələbələrimin
köməyinə ehtiyac duydum və onlar məni bu işdən
agah etdilər.
- Müəllim,
divardakı izləri akrobatik sıçrayışla, lap
yuxarıdakı izləri isə, ayaqqabıları
çıxarıb əlinə almaqla qoyurlar. O ki qaldı
tavandakı ayaq izlərinə, bu çox çətin
başa gələn işdir, hövsələ tələb
edir. Tələbə ayaqqabılarını
çıxarıb, tavanda iz düşənə qədər
atır.
- Ay uşaqlar, axı bu
yaramaz hərəkətlər sizin (şəxsən sizi nəzərdə
tutmuram, ümumiyyətlə tələbələri nəzərdə
tuturam) gözünüz qarşısında baş verir (bu
nadürüstlər hər şeyi özlərini göstərməkdən
ötrü edirlər), niyə onları başa
salmırsınız ki, bu hərəkətlər insana
yaraşan hərəkətlər deyil?
- Müəllim, əgər
belə tələbələr kiminsə ağıllı məsləhətinə
qulaq asan olsa idilər, heç bu işlərlə məşğul
olmazdılar. Bir də ki, onların "işi"nə
qarışmaq mütləq dava-dalaşa gətirib
çıxarır. Bu davalarda da onlar həmişə
haqlı çıxırlar, çünki möhkəm
arxaları, çoxlu pulları var. Onlar nə töhmətdən,
nə də böyük xərclərdən çəkinmirlər.
Onların qorxduğu bircə şey var, o da təhsil müəssisəsindən
xaric olunmaqdır. Çünki onların məqsədi nə
savaddır, nə bilikdir. Onları yalnız, istənilən
yolla əldə edilən diplom maraqlandırır. Bu diplom onların
gələcək karyeraları üçün
lazımdır.
Təhsildə tərbiyə
məsələsi özəl universitetlərdə (Qafqaz, Xəzər
universitetləri istisna olmaq şərtilə. Qafqaz
universitetində Türkiyə təhsil sistemi tətbiq olunur,
Xəzər universiteti isə, həmişə
unikallığı ilə seçilib) daha bərbad
haldadır. Bu universitetlərdə bir prinsip işləyir. Əgər
tələbə vaxtlı-vaxtında təhsil haqqını,
semestr haqqını ödəyirsə, daha ondan əlavə nə
tələb etmək olar. Odur ki, tələbəyə yaramaz
hərəkətlərinə görə gözün üstə
qaşın car demirlər. Tələbələr min oyundan
çıxırlar.
Özəl universitetlərin
birində gördüklərim məni dəhşətə gətirdi.
Xərci azaltmaqdan
ötrü bir neçə müəllimin dərs
yükünü yükləyirlər bir müəllimin
üstünə, 80-100 tələbəni yığırlar
bir auditoriyaya. "Dərs"də ağız deyəni qulaq
eşitmir. Kağız quşlar düzəldib uçurdan
kim, şirin-şirin söhbətləşən kim,
qapazlaşan kim, telefon danışıqları da öz yerində.
Maraqlı burasıdır ki, müəllim bütün bunlara
baş qoşmadan öz işindədir, lövhədə nəsə
yazır-pozur, özü deyib özü eşidir. Yazıq müəllim
neyləsin, çörək pulu bu bazardan - "dərs"dən
çıxır (bu yerdə həmkarım rəhmətlik
Yaqub Süleymanovun bir kəlamı yadıma düşdü:
müəllimlik gözəl işdir, bircə bu dərs deməyi
olmaya).
...Mən xarici ölkələrdə
olanda bir təhsil işçisi kimi həmin ölkədə
təhsilin vəziyyəti ilə maraqlanıram. Xüsusilə,
təhsildə tərbiyə məsələsi ilə.
İranda, Türkiyədə gördüklərim mənim
üçün gözlənilən idi. Çünki bu
ölkələrdə tərbiyə məsələlərinə
(xüsusilə, gənclərin) fövqəladə fikir verirlər.
Türkiyədə mənə
bildirdilər ki, tərbiyəsizlik üzündən təhsil
müəssisəsindən xaric edilmiş tələbələr
yenidən bərpa olunma hüququndan məhrumdurlar. Halbuki
akademik borclarına görə xaric olunmuş tələbələrin
yenidən bərpa olunmaq hüququ var.
Ukraynada gördüklərim
isə, mənim üçün gözlənilməz idi. Çünki
Ukrayna da bizim kimi sovet təhsil sisteminin mövcud olduğu,
Sovet İttifaqından ayrılıb müstəqillik
qazanmış bir ölkədir. Kiyevdə olduğumu bilən
tanış həmkarlarım məni sentyabrın birində
keçirilən (Ukraynada yeni tədris ili sentyabrın birində
başlayır) bilik bayramına dəvət etdilər. Rəsmi
tədbirlərdən sonra dərslər başladı.
40 mindən çox tələbənin
təhsil aldığı Ukrayna Milli Texniki Universitetinin
(KPİ) auditoriyalarındakı, tədris kabinetlərindəki,
dəhlizlərindəki sakitlik, işgüzarlıq,
yaradıcı mühit gözümdən yayınmadı (dəhlizin
bu başından o başına kimisə haraylayan,
qışqıra-qışqıra danışan,
auditoriyalarda qaçdı-tutdu oynayan, bir-birinə qələm,
dəftər tolazlayan tələbələrimiz gözüm
önünə gəldi).
50-60 tələbə
qarşısında mühazirə oxuyan cavan müəllim məndə
həsəd hissi oyatdı. Mühazirəni yazmamaq, müəllimə
qulaq asmamaq, kənar işlərlə məşğul olmaq,
deyəsən, tələbələrin ağlına belə gəlmirdi.
Mənə məlumat
verdilər ki, professor xəstələndiyindən onu assistenti
əvəz edir (yenə də, qeyri-ixtiyari özümüzdəki
vəziyyət gözümün önünə gəldi:
professorun nüfuzu, imtahan amilinə görə tələbələr
onu yola verə bilərlər, ancaq onu müvəqqəti əvəz
edən şəxsi - heç vaxt. Onu elə huydu-huyduya
götürürlər ki, müəllim başını
tutub qaçar).
Gördüklərimdən
məmnun qaldığımı həmkarlarımdan gizlətmədim
və buna necə nail olduqlarını soruşdum. Mənə
məlumat verdilər ki, müstəqilliyin ilk illərində
bütün ölkədə olduğu kimi təhsil sistemində
də bir xaos vardı. Lakin hamı başa
düşürdü ki, təhsildə xaosa yol vermək olmaz.
Bu, ölkənin məhvidir. Odur ki, təhsil naziri, rektorlar təhsil
sistemində nizam-intizamı, qanda-qanunu bərpa etmək
üçün ciddi tədbirlər gördülər və
bu da öz bəhrəsini tezliklə verdi. İndi hər bir tələbə
bilir ki, o, universitetə yalnız təhsil almaq
üçün gəlib. Onun hər hansı bir formada dərsi
pozmaq cəhdi ən ağır cəza ilə nəticələnə
bilər. Burada tələbəyə qarşı qərəzçiliyə,
şər atmağa yer yoxdur. Çünki tələbə
yaramaz hərəkətlərini onlarla tələbənin,
müəllimin şahidliyi ilə edir. Odur ki, belə dələduzlara
aman vermirik və heç kim belələrinə himayədarlıq
edə bilməz.
Yenidən öz dərdimizlə
qayıdaq özümüzə.
Gəlin belə bir
eksperiment aparaq: tanıdığınız 100 müəllimə
"təhsil sistemində tərbiyə məsələsi nə
vəziyyətdədir?" sualını verin. Əminəm
ki, onlardan 95-i "dözülməz, bərbad
haldadır" deyəcək. Əgər həmin müəllimlərə
həmin sualı hörmətli Təhsil naziri versə, yenə
də əminəm ki, onlardan 97-i "elə bir problem
yoxdur" deyəcək. Səbəbi - mentalitetimizdən irəli
gəlir.
Yeni tədris ilindən
ali məktəblər üçün yeni situasiya yaranacaq: bəzi
universitetlərin bəzi fakültələri, ixtisasları
üzrə məşğələ dərsləri mühazirələrdə
olduğu kimi bir neçə qrupun birləşməsi
eksperiment şəklində aparılırdısa, indi bu
qaydalar universitetlərin bütün fakültələrini və
ixtisaslarını əhatə edəcək. Beləliklə,
yeni tədris ilindən məşğələ dərsləri
50-60 tələbənin iştirakı ilə keçiriləcək.
Müəllim istəyirəm ki, belə bir tərkibdə səmərəli
dərs apara bilsin.
Sovet dövründə
qrupda tələbələrin sayı 15-dən çox olduqda
məşğələ dərsləri üçün bu
qrupu bölürdülər. Məşğələ dərsləri
fərdi yanaşma, tələbələrdə praktiki vərdiş
yaratmaq üzərində qurulurdu. 50-60 tələbə olan
auditoriyada hansı fərdi yanaşmadan söhbət gedə
bilər. Belə bir məşğələdə çətin
ki, ağız deyəni qulaq eşitsin. Burada müəllim məharətinə
də yer yoxdur. Yəqin ki, bu eksperimentdə yeganə məqsəd
qrupları birləşdirməklə dərs saatlarını
süni surətdə aşağı salmaqdır. Çünki
pedaqogikanın bütün qanunlarına görə məşğələ
dərslərində qrupların birləşdirilməsi tədrisin
keyfiyyətinin aşağı düşməsinə gətirəcək.
Bizim müəllim-tələbə
münasibətlərimizdə danılmaz bir reallıq var:
müəllim nüfuzu, imtahan faktoru bu münasibətlərdə
həlledici amillərdir. Heç də tələbələrimizin
hamısı elmə yiyələnmək, bilik qazanmaq eşqi
ilə yaşamır, şüurla hərəkət etmir. Əgər
əvvəllər imtahan amili, müəllimin bu prosesə təsiri
belə tələbələri müəyyən çərçivələrdən
kənara çıxmağa qoymurdusa, indi onlar öz tərbiyələrinə
uyğun hərəkət edəcəklər. Mən heç
də müəllimin imtahandan tələbəyə
qarşı bir təsir imkanı kimi qalmasını istəmirəm.
Mənə elə gəlir ki, əsl müəllimlərin
heç buna ehtiyacı da yoxdur. Mənim arzum müəllimin
rahat işləməsi, öz müəllimlik borcunu yerinə
yetirməsi üçün müvafiq şəraitin
yaradılmasıdır. Tələbə
özbaşınalığına, tələbə tərbiyəsizliyinə
heç cür göz yummaq olmaz. Dələduzlara ali məktəblərdə
yer olmamalıdır.
Hörmətli həmkarlarım!
Artıq bıçaq boğaza dirənib. Susmaq vaxtı deyil.
Öz xatirinizə, əsl təhsil almaq istəyən minlərlə
tələbənin xatirinə dərdinizi gizlətməyin, bu
dərd sizin günahınızdan yaranmayıb. Dərdinizi
"baş həkimə" - təhsil nazirinə, "həkimlərə"
- rektorlara, direktorlara açın, bu dərdin əlacı
onların əlindədir.
Hörmətli rektorlar,
direktorlar! Müəllimlərdən heç nə
soruşmayın, onsuz da onlar mövcud reallığı etiraf
etməyəcəklər. Mənim yazdıqlarımı minlərlə
müəllimin imza ata biləcəyi bir yazı kimi qəbul
edin. Mən yalnız gördüklərimin, eşitdiklərimin
bir qismini, tələbələrin
danışdıqlarını qələmə aldım. Hərəkət
sizdən, bərəkət bizdən.
525-ci qəzet.- 2009.- 5 iyun.- S.4.