"Azərbaycan ailəsində erkən nigah problemi var"

 

AYNUR SOFİYEVA: "TƏƏSSÜF Kİ, ERKƏN NİGAHLAR ƏKSƏR HALLARDA VALİDEYNLƏRİN TƏSİRİLƏ BAŞ VERİR"

 

"Azərbaycan qadınına həmişə hörmət, diqqət qayğı olub. Ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra isə qadın məsələsinə dövlət siyasəti səviyyəsində yanaşılıb. Azərbaycan qadınının bu gün cəmiyyətdə özünü təsdiq etməsi üçün hər cür imkan şərait var. Qanunvericilik baxımından da Azərbaycan qadınının geniş fəaliyyəti üçün lazım olan hüquqi baza formalaşdırılıb". Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva dilə gətirib. Onun sözlərinə görə, 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Həmin ildən başlayaraq dövlət qadın siyasəti, qadınların fəallığının artırılması ilə bağlı ölkə prezidentinin fərman sərəncamları olub, 2006-cı ildə "Gender bərabərliyinin təminatları haqqında" qanun qəbul olunub. Eyni zamanda, həmin ildə Qadın Problemləri üzrə Dövlət Komitəsinin nəzdində Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması bu sahəyə dövlətimizin xüsusi diqqətinin nümunəsidir: "Ümumiyyətlə, Konstitusiyamızda digər qanunlarda gender məsələləri nəzərə alınıb. Yəni, qadınların hüquq bərabərliyi təsbit olunub. Hakimiyyətin hər üç qoluna - istər icra hakimiyyəti orqanlarında, istər qanunvericilik orqanında, istərsə məhkəmə sisteminə baxsaq görərik ki, qadınların rolu artmağa doğru gedir. Bir neçə il öncə rayon icra hakimiyyətlərində cəmi bir neçə yüksək vəzifəli qadın çalışırdısa, hazırda 30-dək rayonda qadınlar icra başçılarının müavini səviyyəsində təmsil olunur. Bu artıq müsbət göstəricidir. Bəzən belə bir fikir deyilir ki, qadın olduğuna görə kimsə irəli çəkilməlidir. Mən bununla razı deyiləm. Biz gender məsələsini nəzərə alırıqsa, bu o demək deyil ki, qadınlara üstünlük verilməlidir. Gender hüquq bərabərliyi deməkdir, yəni qadınların statusunu daha yüksək tutmur. Qadınlığına görə, kiməsə üstünlük verilsə, bu kişilərin hüquqlarının pozulması olardı. Bu gün biz hüquqi dövlətdə, bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Əgər kiminsə bacarığı varsa, öz imkanlarını göstərə bilirsə, təbii ki, irəli çəkiləcək. Bu baxımdan da əgər belə bir sual olsa ki, Azərbaycan qadını fəaldırmı, o zaman söyləmək olar ki, bəli, fəaldır. Amma müəyyən problemlər var. Biz tez-tez müxtəlif bölgələrdə oluruq, qadınlarla görüşürük, görürük ki, bir çox qadınlar hətta öz hüquqlarını belə bilmirlər. Ona görə bu gün Dövlət Komitəsinin əsas prioritet istiqamətlərindən biri məhz qadınların maarifləndirilməsi ilə bağlıdır".

Onu da qeyd edək ki, hər bir cəmiyyətdə ailə cəmiyyətin əsasını təşkil edir. Bu baxımdan, görəsən, komitə sədrinin müavini ölkəmizdə ailə məsələləri haqqında nə düşünür? Eyni zamanda, təmsilçisi olduğu təşkilat tərəfindən müasir dövrümüzdə xalqımızın ailə ənənələrini qorumaq və inkişaf etdirmək istiqamətində nə kimi tədbirlər görülür? A.Sofiyevanın bildirdiyinə görə, Azərbaycan xalqının ailə modeli nəinki Qərbdə, həm Şərqdə unikal hesab olunan bir ailə modelidir. Yəni, buraya ailədaxili münasibətlər, böyüklərə hörmət və ehtiram, valideyn-övlad münasibətləri və sair kimi ənənələr daxildir və fundamental milli dəyərlər ta qədimdən bu günə kimi gəlib çatıb: "Amma əlbəttə ki, zaman, müasir inkişaf da öz təsirini göstərir. Bilirik ki, inkişafın müsbət təsirləri olduğu kimi, yaratdığı problemlər də var. Azərbaycan ailəsinin də hər bir cəmiyyətdə olduğu kimi müəyyən problemləri var. Bu gün təəssüflər olsun ki, məişət zorakılığı hallları da mövcuddur. Azərbaycan ailəsində erkən nigah problemi var. Biz bu məsələlərlə bağlı araşdırmalar aparırıq. Erkən nigahlar da təəssüflər olsun ki, əksər hallarda valideynlərin təsiri ilə baş verir. Bu valideynlər öz övladlarının xoşbəxtliyini istəyirlər, lakin özləri də bilmədən onları risk altına qoyurlar. Erkən nigahın olması həm uşağın psixologiyasına pis təsir edən hadisədir, həm də həmin uşağın ailə məsuliyyətini öz zərif çiyinlərinə götürə bilməməsinə gətirib çıxarır. Bu sonradan doğulan körpələrin fiziki və psixi xəstəliklərlə dünyaya gəlməsinə səbəb olur".

Yeri gəlmişkən, Milli Məclis (MM) tərəfindən Ailə Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulur. Bəs, görəsən, yuxarıda qeyd edilən problemlərin həlli ilə bağlı bu Məcəlləyə hansısa dəyişikliklər ediləcəkmi? Komitə sədrinin müavininin qeyd etdiyinə görə, Azərbaycan ailəsində qan qohumluğu problemi var ki, bu da təəssüflər olsun ağrılı problem kimi qalır: "Qan qohumlarının evlilik problemi və onun fəsadları haqda əvvəllər elmi məlumat yox idi. Amma son zamanlar bu tibb elmi tərəfindən ortaya qoyulub və insanlar bu haqda məlumat əldə edə bilirlər. Bu kimi faktlar milli genefondumuzu zədələyən tendensiyadır. Bir çox xarici ölkələrdə belə hallara qanunvericilikdə qadağa qoyulur. Bəzi hallarda deyirlər ki, bu ailədaxili problemdir və heç kimin qarışmağa haqqı yoxdur. Amma biz bilirik ki, ailədə yaranan problemlər sonradan cəmiyyətdə yayılır və cəmiyyət üçün pis nəticələr verir. Buna görə də bizim buna kənarda durub baxmağa haqqımız yoxdur. Bu, həm də dövlətçiliyimiz və milli inkişafımız üçün problem yarada bilər. Ona görə də dövlət bu məsələni tənzimləməlidir. Biz də Dövlət Komitəsi olaraq bu istiqamətdə iş aparırıq. Bəli, ailə problemlərinin həlli baxımından biz qanunvericiliyin təkmilləşdirilməsi üçün öz təkliflərimizi vermişik. Yəqin ki, yaxın zamanlarda Milli Məclisdə bu məsələyə baxılacaq. Təkliflər sırasında erkən nigahın yaş həddinin qaldırılması, nigah öncəsi tibbi arayışın alınması, nigah müqaviləsi və s. məsələlər daxildir. Belə təcrübə inkişaf etmiş ölkələrdə var. Sağlam cəmiyyətin yaradılması üçün bütün bunlar məcburi qaydada olmalıdır. Bizə olan müraciətlərin 30 faizi məhz əmlakın bölüşdürülməsi ilə bağlı problemlərdir ki, burada ən çox əziyyət çəkən qadınlardır. Nigah müqaviləsi olmadıqda, qadınlar hüquqi olaraq müdafiəsiz qalırlar. Bizim işimiz də qadınları bu sahədə maarifləndirməkdən ibarətdir. Problemlərin böyük bir hissəsi məhz maariflənmənin aşağı səviyyədə olmasından meydana gəlir. Bu məsələdə kütləvi informasiya vasitələrinin dəstəyinə ehtiyacımız var".

"Ölkə prezidenti tərəfindən 2009-cu il Azərbaycan "Uşaq ili" elan olunub. Dövlət Komitəsi "Uşaq ili" çərçivəsində hansı layihələri həyata keçirməkdədir" sualına cavabında isə A.Sofiyeva bunları qeyd edib: "Uşaq problemləri çox vacib məsələdir. Bizim dövlətimizin siyasətində uşaqlara diqqət və qayğı həmişə olub. "Uşaq ili" ilə əlaqədar müxtəlif layihələr, proqramlar həyata keçirilir. Buna görə biz hörmətli Prezidentimizə təşəkkür etməliyik. Dünya hazırda iqtisadi böhran keçirir və bir çox ölkələr bu cür tədbirləri təxirə salırlar. Amma belə bir vaxtda bizim ölkədə uşaqlarla bağlı dövlət proqramlarının həyata keçirilməsi onlara böyük bir qayğıdır. Uşaqların daha yaxşı təhsil alması, onlara milli mənəvi dəyərlərin aşılanması, ana-uşaq ölümünün azaldılması yönündə tədbirlər və sair bu kimi işlər həyata keçirilir. Bu il bütün bu işləri təkcə bizim komitə yox, bütün aidiyyatı qurumlar lazımi səviyyədə həyata keçirməkdədir".  

 

  

Kamil HƏMZƏOĞLU

 

525-ci qəzet.- 2009.- 5 iyun.- S.5.