Nazif Qəhrəmanlı, Yaxud alimin missiyası

 

Nazif Qəhrəmanlı Azərbaycan ədəbiyyat tarixçiliyi ilə ardıcıl şəkildə məşğul olan alimdir, onun spesifik araşdırma sahəsi, özünəməxsus maraq dairəsi ... sualları var. Elə buna görə o, istisnasız olaraq bütün yazılarında zahirən nələrisə təsvir etsə , hansısa faktları, mənbələri sitat gətirsə , əsas olan həmin suallara cavab aramaqdır. Hər hansı sahə ilə ardıcıl, deyək ki, 30-40 il məşğul olan alimin elmi bioqrafiyasının öyrənilməsi, burada ədəbiyyat elminin fəlsəfi-psixoloji aspektləri üçün maraq doğuran cəhətlərin üzə çıxarılması ədəbi prosesin özü qədər maraqlıdır. Nazifi ədəbiyyat tarixçiliyinin müxtəlif problemlərinə, bu spesifik sahəni belə ciddi-cəhdlə öyrənməyə vadar edir? Bu sualın "pəncərəsindən" baxdıqda onun müxtəlif dönəmlərdə yazdığı kitab məqalələrin səhifələrinin - yazılmamış yerlərində hansı məqamları görmək olar?

Nazif müəllim klassik irsdən də, müasir ədəbi prosesdən, ədəbiyyat tarixçiliyinin nəzəri problemlərindən, Azərbaycan ədəbiyyatında, xüsusən 20-30-cu illərdə fəaliyyət göstərən və ideallarına görə repressiya olunan şəxsiyyətlərdən də yazır. Milli ədəbiyyata baxışın istiqaməti bəzən nə qədər fərqlənsə də, bəzən isə eyni dövrün az qala oxşar mövzuları ətrafında cəmlənsə də əslində o, bütün gücünü cəmləyərək ədəbi prosesin prosessuallıq keyfiyyəti haqqında dolğun təsəvvür yaratmaq istəyir. Nümunə olaraq, onun müxtəlif illərdə yazdığı kitab və məqalələrin adlarına diqqət yetirmək olar: Qarasubazardan olan professor Bəkir Çobanzadənin həyat və yaradıcılığı, Mikayıl Rəfili, Bir ömrün rəngləri (Səməd Mənsurun həyat və yaradıcılığı), Köhnə-yeni əlifba (Azərbaycan əlifbasında dəyişmələr), Azərbaycanda ədəbi cəmiyyətlər, Nəsib bəy nümunəsi, Üç budaq: Əhməd Cavad, Mikayıl Müşfiq, Almas İldırım... Bir də: Ədəbiyyat Nəzəriyyəsi. Sırf faktiki materiallar üzərində işləyir, fakt və məxəzlərin indiyə kimi görünməyən münasibətlərini araşdırma obyektinə çevirir (bu materialları ümumiləşdirmək, şübhəsiz ki, gələcəyin işidir), digər tərəfdən çoxdan ruhuna çəkdiyi materialları ümumiləşdirmək inadı ilə ədəbi prosesin tipologiyası və genezisi, nəzəri-fəlsəfi fikrin indiyə kimi araşdırmadan kənarda qalan aspektlərini öyrənir. Bu mənada onun üslubunda bir cəhət həmişə dominantdır: materialın təyinatını son nöqtəsinə kimi üzə çıxarmaq, əldə olan etbiarlı fakt və məxəzlərin ədəbiyyat tarixi kontekstində məlum məntiqindən çıxış etmək. Başqa bir cəhət: Nazifin üslubu sakitliyi sevir, sakitlik yaradır və deyə bildiyi bütün sözləri sakitcə deyir və bunun heç bir təqdimata, haray-həşirə ehtiyacı qalmır. Bu çox önəmli cəhətdir, müşahidələrimizə görə, bizim cəmiyyətdə məhz bu tipli alimlərə rastlanmaq artıq mümkün deyildir, elm adamları, yazarlar lazım olduğundan çox görünürlər, "səsə salırlar", bütün təsadüflərdə ən ciddi niyyətlə atılan addımlar qaçılmaz şəkildə şoudan başqa bir şey yaratmır. Yaddaşımda bir obraz var: riyaziyyat fakültəsində təhsil alan tələbə ən çətin müşküllərin öhdəsindən asanlıqla gəlsə də, ən primitiv məsələlərdə ilişir, səs salır, qışqırır, bütün primitivliyi ilə "təkrar doğulur".

Keçən əsrin doxsanıncı illərində ədəbiyyat tarixçiliyi və dövrləşdirmə, milli ədəbiyyatın genezisi problemlərinin araşdırılması sistemli şəkil almasa da, bu sahəyə marağın güclənməsi aydın görünürdü. Həmin illərdə Nazif müxtəlif diskussiyalarda görünməsə də, bu problemlə özünəməxsus şəkildə - monoqrafiya yazmaqla məşğul olurdu: Milli ədəbiyyat tarixçiliyi: genezis, inkişaf, dövrləşdirmə problemləri. Adı çəkilən 90-cı illərdə Azərbaycan ədəbiyyatının tarixi qaynaqları, o cümlədən Azərbaycan ədəbiyyatının haradan başlanması, sınırlarının nədən ibarət olması haqqında ən müxtəlif diskussiyalar, dəyirmi stol söhbətləri, bu mövzuda yazılan kitab və məqalələrin müzakirələri təşkil edilirdi. O dövr üçün ənənə halını alan bu müzakirələr şübhəsiz ki, bu ciddi nəzəri məsələnin birdəfəlik həlli ilə sonuclanmadı, ancaq həmin müzakirələrdə fəal çıxış edən alimlərin bir çoxu bu mövzuda fundamental səciyyəli əsərlərini çap etdirdilər. O zaman Nizami Cəfərovun kitabı da məhz bizim şöbədə - AMEA Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsində təşkil edilmişdi. Canlı müzakirə və debatın materialları "Ulduz" jurnalında çap edildi. Nizaminin kitabında şübhəsiz ki, çox maraqlı müşahidələr vardı, bu müşahidələr həm də o zaman üçün ənənəvi görünməyən qəribə və orijinal ideyalarla müşayiət edilirdi. Ancaq bütün bunların əsasında hasil olan nəticələr və ümumiləşdirmələr yetərincə elmi deyildi, müəllif sadəcə düzgün müşahidələrinə səhv ad verməklə ənənəvi ədəbiyyatşünaslığın qüsurlarını başqa tərzdə təkrarlayırdı. O dövr üçün bu kimi yanlışlıqların olması təbii idi, əsas olan elm aləmində az qala unudulmaqda olan qızğın mübahisələri yenidən başlamaq, ədəbiyyat tarixinin nəzəri dərki üçün meydanın sınırlarının genişləndirilməsi idi. Adı çəkilən müzakirələrdə prof. H.Quliyev təklif etdiyi dövrləşdirmə sxemində Azərbaycan ədəbiyyatı tarixini beş ictimai-iqtisadi formasiya əsasında öyrənməyi təklif edirdi. E. Əlibəyzadə "Azərbaycan ədəbiyyatının ilkin qaynağı kimi dörd başlanğıc (Avesta, Kitabi-Dədə Qorqud, qədim türk abidələri, Nizami) fikrini müdafiə edirdi. Z.Əsgərli Azərbaycan ədəbiyyatı tarixini üç dövrə - qədim dövr, orta əsrlər, yeni dövrə bölərək əvvəlki dövrdə bizim eradan əvvəlki dövrə bizim eradan əvvəlki çağlardan başlamış islama qədərki əsrləri, ikinci dövrə VIII - XVIII yüzillikləri, yeni dövrə XVIII - XIX yüzillikləri daxil edir" (Nə Qəhrəmanlı, "Milli ədəbiyyat tarixçiliyi: genezis, inkişaf, dövrləşdirmə problemləri"). Bu faktların və sitatların sayını artırmaq da olar, ancaq bu məsələ bu günün mövqeyindən baxıldıqda aydın görünür: əslində o dövrdə təklif edilən sxemlərin çoxu doğrudan da sxemdən başqa bir şey deyildi, sxemlər dəyişsə də, nə qədər rəngarəng olsa da, qəlib eyni idi, bütün bunların əsasında tarixin fəlsəfəsinin dərki dayanmırdı. Nazif Qəhrəmanlı 90-cı illərdə yazdığı böyük həcmli monoqrafiyasında haqlı olaraq qeyd edirdi ki, "... biz belə hesab edirik ki, dövrləşmənin mükəmməlliyi təkcə tarixşünaslardan və ədəbiyyatşünaslardan deyil, Azərbaycan mədəniyyəti üzrə kompleks tədqiqatlardan, ümumi kulturoloji yanaşmanın obyektivliyindən əhəmiyyətli dərəcədə asılıdır. Bu məsələdə problemi qeyri-problemdən ayırmaq, sabit göstəriciləri dəyişkən əlamətlərdən fərqləndirmək, etnos, dil və sair sahələrdə aparılmış tədqiqatların son nəticələrinə əsaslanmaq lazımdır" (N.Qəhrəmanlı, adı çəkilən əsəri). Ədəbi prosesin materiallarının bu şəkildə, ardıcıl olaraq ümumiləşdirilməsi, onların nəzəri problemlərinin inadla öyrənilməsi ilk öncə belə bir cəhətlə əhəmiyyət kəsb edir ki, ümumi nəzəri səciyyənin və təfsirin olması - elm aləmindəki bütün fantastik və absurd mülahizələrin qarşısını alır, onların şaxələnməsinə imkan vermir. Bir vaxtlar rus alimi Propp da gülüş haqqındakı məşhur əsərində nəzəri fikirdə, xüsusən alman nəzəriyyələrindəki ifrat mücərrədlikdən şikayətlə giriş verərək yazırdı ki, onsuz da çox olan nəzəriyyələrə birini də artırmağa lüzum varmı? O mənada ki, nəzəriyyə apriori səciyyə daşıyır, ədəbi fakt və material isə sadəcə illüstrasiya mövqeyində çıxış edir. Bizim filoloji fikirdə isə həm nəzəriyyə, həm də faktoloji sahədə illüstrasiyaçılıq, material və mənbələrin düzgün təfsir edilməməsi, zəif işartıdan "konsepsiya" düzəldilməsi və sair hallar aparıcı olub. Elə buna görədir ki, ədəbiyyat tarixləri yazarkən mədəniyyətin poetikasına deyil bəsit xronologiyalara doğru gedirik. Məsələn Nazifin də sitat gətirdiyi A.Krımskinin "Türk ədəbiyyatı tarixi"ndə Fizuli barədə fikrini alaq: "...Füzuli bir ədəbiyyat çərçivəsinə sığmır... ". "20-ci illərdə Azərbaycan ədəbiyyatşünaslarından biri bu fikrə qarşı çıxmışdı: "Krımski bu əsərində Füzuli həm fars, həm Azərbaycan, həm də osmanlı ədəbiyyatları tarixinə girər, - dediyi zaman yanılır" (İ.Ə.Hüseyn)". (Əslində, Krımski opponentinin dediyini demirdi, onun mülahizəsi tamam başqa şərtlərə əsaslanırdı - C.Y.). Nazif Qəhrəmanlı bu fikirləri təhlil edərək yazır ki, "....Bu, birinci növbədə etnik mənsubiyyət amili ilə izah olunsa da, məsələnin daha ciddi və görünməz tərəfləri mövcuddur." Aydın məsələdir ki, hər hansı konkret dövrün mədəniyyətində bütün komponentlər sıx qarşılıqlı əlaqədə olur: həmin dövrün bədii yaradıcılığı, bədii qavrayış səviyyəsi, nəzəri-metodoloji konsepsiyalar, fəlsəfi və siyasi ideyalar, ədəbi mətnlərin analizi metodikası və şərhi... Bu vasitələr və üsullar zaman keçdikcə dəyişir, təbəddülata uğrayır və bu minvalla klassik mətn də "dəyişir", başqa cür qavranılır, yazıçının müasirlərinin görmədiyi, yaxud tuta bilmədiyi cəhətlər üzə çıxır. Buna görə də Füzuli, yaxud Nəsimi zamanından uzaqlaşdıqca dəyişir, fərq yaranır və bu fərqlər böyüdükcə həmin poetik fiqur da "tanınmaz" olur. Belə olduqda klassikanı necə var elə - ilkin yozumunda təqdim etməyin lüzumu qalmır, əksinə klassik irsə yeni texnologiyalar əsasında yanaşma onların ümumi mədəniyyət daxilində yerini daha dəqiq müəyyənləşdirməyə yardım etmiş olar. Bir anlığa təsəvvür edək ki, bu gün meydana çıxan son dərəcə orijinal keyfiyyətli bədii mətni "köhnə arşınla" dəyərləndiririk və həmin əsər dərhal "min illərin ölüsünə çevrilir", heç bir cəhəti ilə fərqlənmir. Yaxud klassikadan elə yazırıq ki, sanki min il yol gələn bu mətndə güclü dəyişikliklər baş verib? Bu mümkündürmü? Bu sualın birbaşa cavabı yoxdur, ancaq bir şey aydındır ki, əsas bu kimi sualları verməkdir, onları qoymaqla tarixi-ədəbi kursu dəyişdirməyə cəhd göstərməkdir. Mədəni paradiqma, mədəniyyət anlamının mahiyyəti xronoloji ardıcıllıqla deyil "vasitəli suallarla" (R.Bart) dəyişir. Nazif Qəhrəmanlının bu problemlərə həsr edilən kitablarında fikrimizcə diqqət çəkən bir sıra suallar var.

Nazif bu monoqrafiyasının fakturasını təşkil edən ayrı-ayrı hadisələr, XX əsrin əvvəllərində ədəbi həyatın əsas meylləri haqqında ayrı-ayrılıqda, dönə-dönə araşdırmalar aparmış, bir növ nəzəri mülahizələrinin material bazasını da yaratmışdır. Bu baxımdan onun əlifba problemi və ədəbi cəmiyyətlərin yaranması, formalaşması və inkişafı barədə yazdığı monoqrafiyalar maraq doğurur. Müəllif bu əsərlərdə konkret tarixi-mədəni hadisələrin zəngin faktlarını, arxiv materiallarını nəzərə çarpdırmaqla ümumiləşdirmələr aparır, məsələn, Azərbaycanda XX əsrin əvvəllərində ədəbi cəmiyyətlərin yaranmasına təkan verən amilləri araşdırır, bunları dövrün ədəbi-mədəni prosesi kontekstində izah edir. Bu problemə həsr edilən kitabda aydın və birmənalı konsepsiya var: heç bir ədəbi cəmiyyət birbaşa sifarişlə yaranmır, o, yalnız mühitin, ədəbi prosesin enerjisi hesabına təşəkkül tapır. Bu baxımdan adı çəkilən dövrdə "Yaşıl qələm", "Qızıl qələmlər" və digər ədəbi birlik və hərəkatların ədəbi və ideoloji zəminini şəxsən özünün illər boyu arxivlərdən topladığı materiallar əsasında təhlil edir. Nazif istisnasız olaraq bütün əsərlərində mövzunun imkan verdiyi dərəcədə o dövrün bütün imzalarını üzə çıxarır, əsərləri haqqında fikir və mülahizələrini bildirir; məlumdur ki, hər bir ədəbi dövr vahidinin özünəməxsus tutumu var, ədəbiyyat tarixi nəzəriyyəsində bu tutum həmişə dəqiqdir, onun çərçivəsində hətta indiyə kimi hansısa arxivdə yatan, adı məlum olmayan müəllifin əsərləri (əsl sənət nümunələri) üçün yer də bəri başdan nəzərdə tutulur. Ədəbi prosesdə onsuz da bir rol oynamayan, zəif bədii nümunələrin arxivdə qalması ilə üzə çıxması arasında bir elə böyük fərq yaranmır, ancaq dövrün tam mənzərəsini bilmək baxımından onların arxivdən çıxarılması, bəlli olması böyük əhəmiyyət daşıyır. Bir də: zahirən bir elə maraq doğurmayan hadisə, şəxsiyyət, yazı... başqa, fərqli münasibətlərin ortaya çıxmasına təkan verə bilər. Bizdə həmişə ədəbiyyat tarixçiliyi ilə bağlı məlum şikayət materialların azlığı, işlənməməsi, elm aləminə məlum olmaması üstündə olub. Ancaq, fikrimizcə, ən mühüm çatışmazlıq əldə olan materiallara münasibətin qeyri-elmi və qeyri-adekvat olmasındadır. Adicə bir misal, deyək ki, Nəbatinin ədəbi prosesdəki yerini müəyyənləşdirmək üçün deyilən fikir və mülahizələri, bunların əsasında duran arqumentləri heç bir fədakarlıq etmədən çox fərqli dövrlərin sənətkarlarına da aid etmək olar. Yəni, məsələ onun üstündədir ki, bir şairin, yazıçının ömrü boyu dediyi əsas sözlər (həm də misralar, həm də əsas ədəbi anlayışlar-!) istisnasız olaraq bütün digər yazıçı və şairlərdə də var, tam olmasa belə, bunların Mendeleyevin cədvəlindəkinə bənzər "boş yerləri" var. Ədəbi tarix boyu sözə, gerçəkliyə münasibət necə dəyişir, sözlə əşya arasındakı münasibətlərin dinamikası necədir - bütün bunlar təəssüf ki, ədəbiyyat tarixçiliyinin problematikasına daxil olmur. Ədəbi tarix həm də məlum sənətkarın əsrlər keçdikdən sonra özünün özündən yaranan fərqini üzə qoymaq funksiyasını daşıyır.

Nazif Qəhrəmanlının həm arxiv materialları ilə intensiv şəkildə işləməsi, həm də bu məlumat və məxəzləri ümumiləşdirməyə cəhd göstərməsi, bu istiqamətdə məşğul olduğu dövrlərin gizlində qalan, repressiya olunan şəxsiyyətlərinin həyat və fəaliyyətini həm də bir publisist fədakarlığı ilə araşdırması onun tariximizə namuslu münasibətindən irəli gəlir. Bu mənada onun Nəsib bəy Yusifbəylinin həyatı, fəaliyyəti, mühiti, ölümü ilə bağlı faktları aşkarlaması, adicə bir fakt - Nəsib bəyin ölümü ilə əlaqədar həqiqəti üzə çıxarması onun məhz bu prinsiplərlə çalışmasını göstərir.

İndi bu namuslu və zəhmətkeş adamın altmış yaşı tamam olur. Nazif, sənin bütün bu çalışmaların, zəhmətin gərəkli, xalqa lazımlı işlərdir, tarixlə, onun hər kəsin anlamadığı fəlsəfəsi ilə məşğul olmaq bu dünyada ən ləyaqətli adamlara yaraşır...

Mən sizi belə gördüm, sizə uğurlar diləyirəm...

 

 

Cavanşir YUSİFLİ

 

525-ci qəzet.- 2009.- 6 iyun.- S.25.