Yazıçılar Birliyində Natiq Rəsulzadənin 60 illiyi qeyd edilib

 

Dünən Azərbaycan Yazıçılar Birliyində (AYB) tanınmış yazıçı, əməkdar incəsənət xadimi Natiq Rəsulzadənin 60 illik yubileyi ilə bağlı tədbir keçirilib. Yubiley mərasimini giriş sözüylə açan AYB-nin katibi, xalq yazıçısı Çingiz Abdullayev N.Rəsulzadənin həyat yaradıcılığının bir sıra önəmli məqamları barədə məlumat verib. Yubilyarın qırx ildən artıqdır ki, bədii yaradıcılıqla fəal məşğul olduğunu, həm ölkə, həm dünya miqyasında istedadlı bir yazıçı kimi tanındığını bildirib. Ç.Abdullayev həmkarının Azərbaycan, Rusiya, Polşa, Macarıstan başqa ölkələrdə nəşr edilmiş otuzdan artıq kitabın müəllifi olduğunu deyib. Yubilyarın bugünlərdə ölkə prezidenti tərəfindən "Şöhrət" ordeni ilə təltif edilməsinə çox sevindiyini dilə gətirən AYB katibi hələ gənclik çağlarından N.Rəsulzadənin kitablarını həvəslə oxuduğunu, onun əsərlərinin etirazçı ruhunun, hər cür ətalətə qarşı çıxışının ürəyincə olduğunu vurğulayıb. N.Rəsulzadəylə uzun illərdir dostluq etdiyini diqqətə çatdıran Ç.Abdullayev onu çağdaş gerçəkliyini çox həssaslıqla duyan, dərin düşüncəli yazıçı kimi səciyyələndirib.

AYB-nin sədri, xalq yazıçısı Anar N.Rəsulzadəninin əsərlərinin bir qayda olaraq səngiməyən maraqla oxunduğunu önə çəkib. Anar ədibin "İntihar edənin gündəliyi", "Gecə çaparı" əsərlərində oxucunu əsər boyu sürətlə inkişaf edən olayların gələcək gedişatının gərgin intizarında qoyduğunu və bunu çox məharətlə bacardığını vurğulayıb. N.Rəsulzadənin nəsrinin fəlsəfi və sənətkar ümumiləşdirmələrilə, çağdaş dövrümüz, insan münasibətləri haqqında səhih düşüncələrlə zəngin olduğunu bildirən Anar onu yubileyi münasibətilə təbrik edib.

Yazıçı-publisist, millət vəkili Elmira Axundova N.Rəsulzadə ilə 30 il əvvəl birgə işlədiyi dövrə aid xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. Onun həm yaxşı yazıçı, həm də sədaqətli dost olduğunu bildirən millət vəkili yubilyarın əsərlərinin xüsusiyyətlərindən də söz açıb: "Təəssüf ki, Natiqin əsərlərində çox vaxt şər xeyir üzərində qələbə çalır, intellekt bəzən naşılığın, cahilliyin kölgəsində qalır. Amma bununla belə, Natiq Rəsulzadə əsərlərindəki görünməyən inam və ümidlə həyat həqiqətlərini oxucuya bədii, oxunaqlı, gözəl dillə çatdırır, bu səbəbdən də yazıçı kimi çox sevilir".

Kino xadimi Cəmil Quliyev N.Rəsulzadənin ssenariləri əsasında çox maraqlı və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanan filmlərin ekranlaşdırıldığını deyib: "Natiq Rəsulzadənin ssenarilərinə çəkilmiş "Mələklərə inanmayın", "Yağışlı bayram", "Yaşa, qızıl balıq", "Vahimə", "Sifarişçi", "Gecə qatarında qətl", "Ovsunçu", "Biz qayıdacağıq" kimi filmlərə tamaşaçılar böyük maraqla baxır və bu ekran əsərlərini sevirlər". C.Quliyev N.Rəsulzadənin müxtəlif illərdə satirik "Mozalan" kinojurnalı üçün yazılmış onlarla maraqlı süjetin müəllifi olduğunu da xatırladıb.

Xalq artisti Həmidə Ömərova, memar Elbəy Qasımzadə və başqaları çıxışlarında N.Rəsulzadənin əsərlərində ortaya atılan problemlərin bədii həllinin uğurla qələmə alınmasından, onun yazıçı istedadından əlavə, həm də yüksək insani keyfiyyətlərə malik olduğunu, dəyərli pedaqoq kimi tanındığını diqqətə çatdırıblar.

Sonda çıxış edən yubilyar yaradıcılığına göstərilən diqqətə, haqqında söylənilən fikirlərə, səmimi çıxışlara görə mərasim iştirakçılarına minnətdarlığını bildirib.

 

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 6 iyun.- S.24.