"Daxilim bir dünyadı..."

 

ƏLİ ASLANOĞLU: "ŞAİR "İÇİ ÇÖLÜNDƏN GEN" OLAN DAXİLİ DÜNYASINI SAF VƏ LƏKƏSİZ SAXLAMAĞI BACARMALIDIR"

 

Şair-qəzəlxan, publisist Əli Aslanoğlu 1949-cu ilin iyunun 1-də Ağcabədi rayonunun Bayat kəndində dünyaya gəlib. Həmin kənddə orta məktəbi əla qiymətlərlə başa vuran Ə.Aslanoğlu 1966-cı ildə Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitet) mexanika fakültəsinə daxil olub. İstehsalatda uzun müddət aparıcı və məsul vəzifələrdə çalışmaqla yanaşı, ədəbi-bədii və elmi fəaliyyətlə də müntəzəm şəkildə məşğul olub. Ə.Aslanoğlu "Heydər Əliyev və onun siyasət məktəbi", "Zirvəyə gedən yol", "Minillik düşüncələri", "Qəzəllər dünyası", "Sözün rəngi", "Yovşanlıq şərqiləri" kitablarının, "Muğam poetikası və idrak", "Bilik qapısının açarları" monoqrafiyalarının, Bakı və Moskva mətbuatında dərc olunmuş 100-dən artıq elmi-texniki, fəlsəfi və publisist məqalənin müəllifidir. Hazırda Ə.Aslanoğlu İctimai Televiziya və Radio Yayımları Şirkətində çalışır. 60 yaşı tamamlanan Ə. Aslanoğlu ilə söhbətimizdə yubilyarın həyat və yaradıcılıq yoluna daha yaxından bələd olmağa çalışdıq.

- Uşaqlığınızın keçdiyi tərəkəmə mühiti yaddaşınızda necə qalıb?

- Həyatımın ilk çağları səsli-küylü, köçlü-düşlü tərəkəmə həyatında keçib. Saf təbiətin qoynunda sağlam və tez böyümüşük. Elat həyatında çox gözlənilməz hadisələr olurdu. Selə də düşmüşəm, quldur basqınına da məruz qalmışam. Cəmi dörd yaşım vardı, bir dəfə çobanlar məni atın belinə mindirmişdilər. At birdən hürküb götürüldü. Bir qədər gedəndən sonra çınqıllığa üz tutdu. Uşaq olsam da, başa düşdüm ki, burada yıxılsam, ölə bilərəm. Ona görə atın yalından ikiəlli, möhkəm yapışıb çınqıllıqdan çıxınca özümü birtəhər atın üstündə saxladım. Çəmənliyə çatanda isə özümü atın üstündən atdım, yerə möhkəm dəysəm , zədələnmədim, heç burnum da qanamadı. Elat uşaqları çox sağlam canıbərk olurlar.

İlk dəfə yazıb-oxumağı atamdan öyrənmişəm. Özü cəmi beşinci sinfə kimi oxusa da, dastanlarımızı və hesabı yaxşı bilirdi. Oxuyub yazmağı bacardığım üçün birdən-birə 3-cü sinfə qəbul olundum. Məktəbə getməyimlə də köçəri həyatından uzaqlaşdım, çünki Gülbahar nənəmgildə qalıb məktəbə getməli oldum. Nənəm (atamın anası) keçmiş Gələbədin bəylərinin nəslindən idi. O, çox məlumatlı, ilahiyyatı və şifahi xalq ədəbiyyatını bilən bir qadınıydı. Bəlkə də sonralar şair olmağımın səbəbi nənəmin kiçik yaşlarımdan mənə Aşıq Ələsgəri sevdirməsi olub. O, Aşıq Ələsgərlə bağlı maraqlı əhvalatlar bilirdi. Deyirdi ki, boyca çox hündür olan Aşıq Ələsgər sazı solaxay çalırdı və onu toya çağıranda uzun çubuqlardan hündür alaçıq tikərdilər. Bir sözlə, uşaqlıq dövrüm çox maraqlı keçib, bəlkə də bu, ayrıca bir romanın mövzusu ola bilərdi.

- Söz mühitinin içərisində böyüdüyünüzə baxmayaraq, niyə ixtisas kimi bu sahəni deyil, tamam başqa bir yönü seçdiniz?

- Orta məktəbdə riyaziyyatı çox yaxşı bilirdim. Digər fənləri də əla oxuyurdum. Buna görə də müəllimlərimin hər biri onların sahəsi üzrə ali məktəbə girməyimi istəyirdilər. Mənim isə riyaziyyata daha artıq həvəsim vardı. Mühəndislik də o vaxt çox dəbdə idi, yaxşı peşə hesab olunurdu. Elə buna görə də həvəsimin ardınca getdim. Tələbəlik illərində də əla qiymətlərlə oxuyurdum. Çox iti yaddaşım, yaxşı qavrama qabiliyyətim və sürətli mütaliəm vardı. Kitab oxumağa həddindən artıq həvəsliydim. Elə buna görə də az yatır, çox vaxt kitab oxumaqla məşğul olurdum. Demək olar ki, günə bir romanı oxuyub bitirirdim. Tələbə olanda bütün sahələrlə maraqlanırdım, konserti, kinonu, teatrı, "Neftçi"nin bir oyununu da buraxmırdım. Hərdən şeir də yazırdım və institut qəzetində çap olunurdu.

- Deyirlər, çox oxuyan çox bilməz, çox gəzən çox bilər. Taleyiniz elə gətirib ki, siz çox oxumaqla yanaşı həm də bir sıra ölkələrdə yaşayıb-işləmisiniz. Bunlar sizin həyatınıza necə təsir göstərib?

- İnstitutu bitirəndən sonra ilk təyinatım üzrə Altay vilayətində Barnaul şəhərində işləməli oldum. Sevinirəm ki, işimə orada başladım. Çünki nizam-intizamı, işə məsuliyyətli münasibəti orada öyrəndim, dostlara, ümumiyyətlə, insanlara qayğını, səmimiliyi görüb-götürdüm. Sonralar oradan qayıtdıqdan sonra Bakıda Meliorasiya Su Tikinti Baş İdarəsində düz 19 il işlədim. Bütün bu illər ərzində qələmi əldən qoymurdum, elmi-publisist məqalələr, şeirlər yazıb çap etdirirdim. Amma mənim həyatıma yaradıcılığıma Cənubi Yəmən Xalq Demokratik Respublikasında böyük mühəndis işlədiyim 1988-90- illər arasındakı zaman kəsiyinin xüsusi təsiri olub. Bu dövr həyatımda yaradıcılığımda önəmli yer tutdu. Ərəblərin mədəniyyəti adət-ənənələri ilə yaxından tanış olaraq ərəb dilini öyrəndim. Əruza dərindən bələd oldum, qəzəl yazmağa başladım. Çox kasıb ölkə olmasına baxmayaraq, Yəmənin insanları halal gözütox adamlardı. Bir dəfə səhər işə gedərkən işlədiyimiz şirkətin ərəb müdiri Əli Öylə ilə mənim UAZ maşınımda işçilərdən birinə bir kisə yardım unu aparmalı olduq. Bir az getdikdən sonra meşə kənarında Əli maşından düşərək un kisəsini yolun kənarındakı bir ağaca söykəyib, üstünə əl boyda bir daş qoydu. Sonra maşına minib yolumuza davam etdik. Mən təəccüblə soruşdum ki, bəs unu götürəsi adam gəlincə kisəni oğurlamazlar? Əli cavab verdi ki, üstünə daş qoymuşam ki, bilsinlər yiyəsi var, göydən düşməyib. Yəmən çox isti olduğundan cəmi üç saat işləyirdik. Boş vaxtımızı Ədən körfəzinin sahillərində keçirirdik. Sukeçirməz eynəklə baxdıqda suyu çox şəffaf olan körfəzin yüz metrəcən məsafəsində rəngbərəng balıqları, sualtı bitkiləri, cürbəcür dəniz heyvanlarını görmək olurdu. Çox gözəl mənzərə vardı. Yəmənlilər çox dostcanlı, yumoru qiymətləndirən, səxavətli insanlardı. Ərəbistanda yaşayıb işlədiyim illər mənə çox şey verdi.

- Nəsrlə yanaşı, müxtəlif vəzndə şeirlər və daha çox qəzəllər yazırsınız. Qəzələ oxucu marağının azlığı sizi narahat eləmir ki?

- Məni oxucu problemi qətiyyən narahat eləmir. Bir nəfər intellektual oxucu min nəfər şeiri anlamayan, qəzəli başa düşməyən, səviyyəsi aşağı oxucudan üstündür. Qəzəllərimi xanəndələr oxuyur, muğam dərslərində tədris edilir. Bu da mənə bəsdir. Qəzəl əslində kütlə üçün nəzərdə tutulmur. Çünki əksəriyyət qəzəldəki dərin bədii-fəlsəfi mənaya vara bilmir. Bununla bərabər, bu, ciddi ədəbiyyatdır və şairi qorxutmamalıdır. Onu da deyim ki, ciddi ədəbiyyatla məşğul olmaq o qədər də asan iş deyil. Bunun üçün sənətkar səviyyəsinə çatmaq gərəkdir. Mən demək olar ki, ədəbiyyatın, eləcə də dəqiq və humanitar elmlərin müxtəlif sahələrini əhatə edən əsərlər yazmışam və yazıram. Məzmun formanı diqtə edir. Elə mövzular var ki, onları nəsrdə, eləsi də var ki, qəzəldə, yaxud sərbəst şeirdə dolğun qələmə almaq olur. Mən yaradıcılığa nisbətən gec başlamışam, "Yaxşı əsərlər qırx yaşdan sonra yaranır" fikri ilə razılaşanlardanam. Çünki yaxşı əsər ortaya qoymaq üçün intellekt və həyat təcrübəsi lazımdır. Lakin istedadı da inkar etmirəm. Ancaq yüzlərlə adamın görə bildiyi işi yerinə yetirmək heç də istedad demək deyil. Mənim fikrimcə, yaradıcılıqla məşğul olmaq üçün başqalarından daha artıq bilik qazanmaq vacibdir.

- Bugünlərdə altmış yaşınız tamam olur. Yubiley yaşınadək nələri ummusunuz, nələri qazanmısınız, yaxud nələri itirmisiniz?

- Mən heç vaxt umacaqlı olmamışam. İki evim vardı. Birini satıb kitablarımı çap etdirmişəm. Baxmayaraq ki, özüm vaxtilə məsul vəzifələrdə işləmişəm, yaxşı əlaqələrim də var. Amma mən heç kimdən minnət götürmək istəməmişəm və istəmirəm. Yaradıcı insan həm də qürurlu şəxsiyyət olmalıdır. Karyera xatirinə məddahlıq etməməlidir. Belələri ədəbiyyat yaradanlar yox, ondan yararlananmağa çalışanlardır. Mənim belə bir dördlüyüm var:

 

   Bu ölçü hardan endi,

   Nə uzundu, nə endi.

   Daxilim bir dünyadı,

   İçi çölündən gendi.

 

Şair "içi çölündən gen" olan daxili dünyasını saf və ləkəsiz saxlamağı bacarmalıdır. Mən həmişə alnıaçıq, üzüağ yaşamağa çalışmışam. Əsas həyat prinsiplərim ədalət və sevgidir. Mən bu "xəzinəm"lə xoşbəxtəm. Ömrümdə təəssüfləndiyim yeganə məqam həyat yoldaşımın vaxtsız vəfatı və bəzi həm obyektiv, həm də subyektiv səbəblərdən itirdiyim zamandır. Çünki bu itkiləri heç nəylə geriyə qaytarmaq mümkün deyil. Düşünürəm ki, itirilən vaxt ərzində xalqıma, cəmiyyətə daha artıq xeyir verə bilərdim. Əgər buna vaxtında lazımi imkan və şərait olsaydı...

 

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 6 iyun.- S.22.