"Səttarxan, Bakıdan gələn var"

 

ŞUŞADAN DOLANIŞIQ ADIYLA ÇIXMIŞDI, TƏBRİZDƏ MİLLİ HƏRƏKAT LİDERİNİN YANINDA YER ALDI

 

Təbriz. 1999-cu il.

 

Şəhriyarın ev muzeyini ziyarət etdikdən sonra Səttarxanın da yaşadığı evi ziyarət etmək istəyirəm. İranda şah rejiminin və hazırki hakimiyyətin Şəhriyar irsiylə bir problemi yoxdur, ona görə də dahi şairin xatirəsi rəsmi səviyyədə yad edilir, ev muzeyi fəaliyyət göstərir. Səttarxan isə ayrıdır.

Azərbaycan milli hərəkatının lideri ömrü boyu şah üsul idarəsinə qarşı savaşıb, İranın indiki hakimiyyəti də şaha qarşı mübarizə aparıb, onu devirib. Buna baxmayaraq, dini hakimiyyət şahın qətlə yetirdiyi liderin xatirəsini əziz tutulmasına hər vasitə ilə mane olur. Hər il Səttarxanın vəfatı ildönümüylə bağlı onun məzarı üstünə toplaşanları dağıdırlar. Elə buna görə də Təbrizdə Səttarxanın ev-muzeyi yoxdur, sadəcə hamının tanıdığı bir ev var .

Soraqlaşa-soraqlaşa həmin evi tapıram, qapını açan yoxdur, qonşulardan biri ev yiyəsinin harasa çıxdığını söyləyir. Bir az gözlədikdən sonra evin yiyəsi gəlir. Səttarxanın nəticəsi olduğunu söyləyən gənc azərbaycanlı həkim bizi evə dəvət edir. Düşünürəm ki, hər halda peşə sahibidir, ata babası haqqında çox danışmaz, hansı ölkədə olduğumu da unutmamağa çalışıram. Ancaq gənc həkim bütün düşüncələrimi alt-üst edir, Səttarxan hərəkatı bir yana, indiki siyasi vəziyyətdən narazılığını açıq dilə gətirir. Səttarxan nəslinin nümayəndəsiylə çox mövzudan danışırıq, sonda söhbət gəlib çıxır İran milli hərəkatında rol almış şimali azərbaycanlılara. Gənc həkim atasından bu haqda çox eşitdyini, Səttarxanın mübarizəsinə Arazın o tayından da dəstək gəldiyini hər zaman xatırladığını deyir.

... 1878-ci ildə Şuşada Məşədi Həşim Rzazadənin evində doğulan körpənin adını Abbas qoyurlar. Məşədi Həşim 3 qızından sonra oğlunun doğulmasına çox sevinir. Məşədi Həşim Ağdam və Şuşanın bazarlarında bal satsa da, ailəsini çətinliklə dolandırırdı.

Abbas uşaqlıq illərindən varlı adamların mal-qarasını otarmaqla məşğul idi. Bir müddət sonra da dərzi yanında şagirdlik etməyə başlamışdı. Ancaq nə ilə məşğul olsalar da, Həşim 6 nəfərlik külfəti zorla dolandırırdı.

Həşimin qardaşı Məşədi Səlimin isə heç nəyə ehtiyacı yox idi, pula pul demirdi, varlı nəsildən olan Molla Mirzə Dadaşın qızı Məxmərlə ailə həyatı qurmuşdu. Buna baxmayaraq, Məşədi Səlim ehtiyac içində yaşayan qardaşının ailəsinə kömək əli uzatmırdı. Məşədi Həşim isə qardaşından kömək umur, bu məqsədlə hər dəfə ona meyvə sovqatı göndərirdi ki, bəlkə Səlim insafa gələ. Həşim az qala hər fəsildə mer-meyvədən sovqat hazırlayar və bu sovqatlardan ən böyüyünü qardaşı Səlimə göndərərdi. Həşim düşünürdü ki, hər halda qardaşı onun bu alicənablığı qarşılığında zəmbili boş geri qaytarmaz. Ancaq sovqatı əmisigilə çatdıran kiçik Abbas hər dəfə evə əliboş qayıdardı.

Günlərin birində Həşim oğlunu yenə qardaşıgilə göndərəndə üzünü kiçik Abbasa tutaraq deyir:

- Sovqatı əminə verdikdən sonra de ki, atam mənə pal-paltar ala blimir, bir az pul versin.

Bu xahiş də işə yaramır. Abbas yenə kor-peşman evə qayıdır.

Üstündən bir müddət keçdikdən sonra Həşim həmişəki kimi sovqat hazırlayaraq Abbası yükləyir. Abbas əmisigilə çatdıqda yenə ənənəvi xahişini dələ gətirir, əmisinin cavabı kobud olur:

- Sizə veriləsi pulum yoxdur, rədd ol get!

Əmisindən belə sərt cavab gözləməyən Abbas özündən çıxır:

- Eybi yoxdur, qocalıb ölərsən, arvadın da mənə qalar!

Abbas bu sözləri dedikdən sonra yerindən nə təhər götürülürsə, əmisi ona çata bilmir. Abbas evə çatdıqda əmisinin ona verdiyi cavabı anasına nəql edir. Anası Abbasın bu hərəkətindən bərk qəzəblənərək, ailələr arasında düşmənçiliyin yaranmasından ehtiyat edir. Beləcə iki qardaş arasında gediş gəliş dayanır, Abbas daha əmisigilə sovqat aparmır.

Uzun müddət Məşədi Səlimdən xəbər çıxmır, qardaşı Həşim nigaran qalmağa başlayır. Bir gün xəbər gəlir ki, Məşədi Səlim bərk xəstələnərək, vəfat edib.

Dəliqanlı Abbas sözünün üstündə durur. Əmisinin dul qalan gözəl və cavan arvadını özünə həyat yoldaşı edir. Abbas istəyinə çatsa da, atası kimi ailəsinin dolanışığını təmin etməkdə çətinlik çəkirdi. Abbas vəziyyətdən çıxış yolu kimi Bakıya üz tutmağa qərar verir. Ancaq iş tapmaq ümidiylə 1905-ci ildə Bakıya gələn Abbas burada tamam başqa ab-havayla rastlaşır.

Bakı o illərdə inqilabi şəhər sayılırdı. Sankt-Peterburqda qanlı Bazar gününün əks sədası Bakıya da çatmışdı. Bakıda sol cərəyanların, o cümlədən "Hümmət" təşkilatının gücü günü-gündən böyüyürdü. Rus bolşevikləri də Bakını diqqətdən qaçırmırdılar. Təsadüfi deyildi ki, bolşeviklərin lideri Lenin partiyanın vuran əli Stalini Bakıya göndərmişdi. Stalin Bakıda vaxtını boş yerə xərcləmirdi, ətrafına quldur dəstəsi yığaraq bank və varlı adamları soyurdu. Rus bolşevikləri Bakıdakı soyğunçuluqlar hesabına xəzinələrini artırarkən, yerli solçuları qonşu İranda baş qaldıran xalq inqilabına dəstək düşündürürdü.

İranda azərbaycanlıların xalq hərəkatı geniş vüsət almışdı. İran şahı bu hərəkatı bütün vasitələrlə boğmağa çalışsa da, Cənubi Azərbaycan demokratik hərəkatının lideri Səttarxanla heç cür bacara bilmirdi. Səttarxan milli azadlıq və ədalət uğrunda mübarizə apardığından əhali arasında tərəfdarları günü-gündən çoxalır, onun mübarizəsi hətta Arazın bu tayında da geniş əks-səda doğururdu.

O illər Nəriman Nərimanovun rəhbərliyi ilə Azərbaycanın müxtəlif şəhərlərində ən cəsur adamlar seçilərək Səttarxana dəstək məqsədilə Arazın o tayına göndərilirdi. Onların içində Şuşadakı ailəsini dolandırmaq məqsədilə Bakıya işləmək üçün gələn Abbas da var idi.

Abbas düşünmədən könüllülərə qoşulur və az sonra İranın Rəşt şəhərinə yetişir. Bakıda qısa müddətdə qazandığı inqilabi təcrübədən yararlanan Abbas Rəşt şəhərində mücahidlərdən ibarət silahlı dəstə toplayır. Onun dəstəsi Rəşt, Ənzəli, Ərdəbil, Qəzvin, Girman və Mazandaran şəhərlərində şah qoşunlarına qarşı qızğın savaşlarda ad qazanır. Nəhayət, Abbassın dəstəsi döyüşə-döyüşə Təbrizə gəlib çıxır.

Qafqazlı paltarında bəstəboy gənci Təbrizin Əmirxiz məhəlləsində mücahidlərdən biri qarşılayır və onu Səttarxanın mənzil qərargahına gətirir. Abbas qapını açan kimi əfsanəvi liderlə üz-üzə qalır, Səttarxan gəncdən soruşur:

- Haradan gəlmisiniz?

Abbasın cavabı qısa olur:

- Abbaş Həşim oğlu İrana Bakı komitəsinin göstərişi ilə gəlmişəm, dəstəm də özümlədir.

Əslində Səttarxan Abbas haqqında görüşdən əvvəl də məlumatlıydı, onun Rəştdəki şücaətləri haqqında eşidibmiş. Elə ilk təmasdan Səttarxan şuşalı balasıyla dostlaşır. Çox keçmir ki, Abbas Səttarxanın ən yaxın ətrafına daxil edilir. İran inqilabının lideri Abbasa çox inandığından ona mühafizə dəstəsində mühüm görəv verir. Səttarxanın mühafizə dəstəsi inqilab illərində ən mühüm tapşırıqları yerinə yetirirdi. Abbas öz dəstəsiylə barrikadalarda vuruşur, mücahid dəstələr arasında əlaqə yaradırdı. Beləcə, Məşhədi Abbas Səttarxanla 13 il çiyin-çiyinə savaşır.

İran şahı xalq üsyanını yatırmaq məqsədilə 1909-cu ildə Təbrizə 40 minlik qoşun yollayır. Təbrizlilər şah ordusuyla ölüm-dirim savaşına girişirlər. Abbasa və onun dəstəsinə Tehran polisinin rəisi Yefremxanın hərbi birlikləri ilə döyüşmək tapşırılır. Abbas bu tapşırığı məharətlə yerinə yetirdiyinə görə, ona mücahid Abbas ləqəbi verirlər. İranda onu Abbasxan kimi çağıranlar da az deyildi, bu bir növ inqilabın əfsanəvi liderləri Səttarxan və Bağırxan adlarına bənzətmə mənası daşıyırdı. Məşrutə inqilabı illərində bir neçə dəfə Məşhədə getdiyinə görə isə onu Məşhədi Abbas deyə də çağırırdılar.

Məşhədi Abbasın şücaəti haqqında xəbərlər İran şahının qulağına da çatır. Bir gün şah Səttarxana namə göndərərək onunla görüşmək istədiyini bildirir. Səttarxan görüşə Məşhədi Abbası göndərir. Məşhədi Abbasla şah arasındakı görüş gərgin keçir. Məşhədi Abbasın oğlu, atasının yoluyla gedən Böyük Vətən Müharibəsinin qəhrəmanlarından Surxayın xatirələrindən: "Atam şahın məclisində qonaqlara Azərbaycan xalqının şərəfinə badə qaldırmağı təklif edir. Bir anda məclisə sükut çökür, şah və qonaqları badələri yerə qoysa da, atam şərabı dibinədək içərək qonaqlığı yarımçıq tərk edir". İran şahı Məşhədi Abbasın bu hərəkətindən bərk qəzəblənir və çox keçmir ki, Abbasın dirisini və ölüsünü gətirənə başı ağırlıqda qızıl verəcəyini vəd edir. Məşhədi Abbasın dirisini və ölüsünü görmək şaha nəsib olmur.

Şah Cənubi Azərbaycanda milli ruhu qırmaq üçün silahdan başqa hiyləyə də əl atırdı. Milli hərəkat məhz hiylələrin nəticəsində boğulur, Səttarxanı isə yataq xəstəsinə çevirərək məşəqqətli ölümə məhkum edirlər.

Artıq Məşhədi Abbası İranda heç nə saxlamırdı və o geri qayıtmağa qərar verir. Abbas Bakıda çox qalmır, doğulduğu boya-başa çatdığı Qarabağa yollanır.

... Məhşədi Abbas həyatının sonuna qədər Qarabağda mühüm vəzifələrdə çalışacaq, Ağdamda quruculuq işləri onun adıyla bağlı olacaqdı. Ancaq vəfat etdiyi 1954-cu ilə qədər həyatının ən maraqlı və yadda qalan günləri kimi İrandakı mübarizə və Səttarxanla dostluq illərini xatırlayacaqdı. Çünki, Cənubi Azəbaycanda milli azadlıq uğrunda mübarizə saf, ülvi ideyalara söykənirdi. Şimali Azərbaycanda isə onu dünənki inqilabçı dostlarının satqınlığı, Mircəfər Bağırovun kinayəli baxışları, yalançı ittihamlarla, müxtəlif donoslarla sürgünə göndərilmək təhlükəsi gözləyirdi.

 

 

Elxan ŞAHİNOĞLU

 

525-ci qəzet.- 2009.- 6 iyun.- S.19.