Azərbaycan təhsili: yaxın keçmişə, bu günə gələcəyə bir baxış

 

(əvvəli ötən şənbə sayımızda)

 

Azərbaycanın neft strategiyasının əsasını təşkil edən "Əsrin müqaviləsi" imzalandıqdan sonra Azərbaycan iqtisadiyyatına sərmayə axınının müşahidə edilməsi, transmilli şirkətlərin ölkəmizə marağının artması və neft sektoru ilə yanaşı, qeyri-neft sahəsinin də sürətlə inkişafı respublikamızda texniki peşə təhsili sistemi qarşısında yeni imkanlar açdı.

Ölkə iqtisadiyyatı gücləndikcə bu vacib sahəyə yönəldilən dövlət vəsaitlərinin həcmi də xeyli artmış oldu. Əgər 2004-cü ildə texniki peşə təhsilinə ayrılan büdcə vəsaiti 5.4 mln manat təşkil edirdisə, hazırda bu rəqəm 26 mln manata çatmışdır. Texniki peşə təhsili müəssisələrində bir təhsilalana düşən xərclərin təhlili göstərir ki, 2004-cü ildə bu rəqəm 254 manat, 2005-ci ildə 328 manat olmuşdusa, 2009-cu ildə təxminən 4 dəfə artaraq 1108 manat təşkil etmişdir.

Xüsusi vurğulamaq istəyirəm ki, ölkəmizdə texniki peşə təhsilinin inkişafı bilavasitə dövlət başçısının diqqət mərkəzindədir. Məhz bu səbəbdəndir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cəmiyyətin inkişafında texniki-peşə təhsilinin əhəmiyyətini qeyd edərək təhsil sistemi qarşısında zəruri vəzifələr qoymuşdur: "İndiki bazar iqtisadiyyatı şəraitində, xüsusilə Azərbaycanda son illər ərzində aparılan neft-qaz əməliyyatları, sənaye potensialının möhkəmlənməsi texniki peşə məktəblərinin məzunlarına, əlbəttə, yeni imkanlar açır. Fikirləşmək olar, bəlkə texniki peşə məktəblərinin tikintisi, təchizatı ilə əlaqədar bir proqram tərtib edək. Nə qədər texniki peşə məktəbi tikilməlidir ki, Azərbaycanın artan tələbatını yerli kadrlarla ödəyək. Çünki xarici neft şirkətləri Azərbaycanda uzun illər ərzində işləyəcəklər. Yəni Azərbaycanda olan neft ehtiyatları bəlkə də 50-100 il bizə kifayət edəcəkdir. Yerli mütəxəssislər, müasir texnologiyaları bilən insanlar yetişməlidir. Ona görə siz təklif verin, biz qərar qəbul edək, vəsait ayıraq və texniki peşə məktəblərinin ən yüksək səviyyədə təşkil olunması üçün bütün tədbirləri görək. Bu, həm ölkəmizin inkişafı üçün lazımdır və həm də insanlar da böyük fayda götürəcəklər.

İnkişaf etmiş ölkələrdə texniki peşə məktəbini bitirən insanlar çox böyük imkanlara malik olur, çox yaxşı maaşla təmin olunurlar. Nəzərə alsaq ki, indi Azərbaycanda sənaye sahəsində maaşlar humanitar sahədə olan maaşları üstələyir və yəqin ki, gələcəkdə bu ənənə davam edəcək, bu sahəyə çox böyük diqqət göstərməliyik."

Ölkə Prezidentinin bu tarixi göstərişindən sonra Təhsil Nazirliyi tərəfindən müvafiq proqram hazırlandı və təhsilin bu pilləsinin ölkənin sosial-iqtisadi inkişafında mühüm rolunu nəzərə alaraq, cənab İlham Əliyev 2007-ci ildə "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramını (2007-2012-ci illər)" təsdiq etdi.

Onu da qeyd etməyi vacib bilirəm ki, ölkəmizdə texniki-peşə təhsilinin inkişaf prioritetlərinin müəyyənləşdirilməsində və müvafiq proqramın hazırlanmasında Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı ilə birgə aparılan tədqiqatın nəticələri əhəmiyyətli rol oynadı. İmzalanmış icra protokoluna əsasən Yaponiyadan olan tədqiqat qrupu 2005-2006-cı illərdə Azərbaycanda oldu, ayrı-ayrı nazirliklər, qeyri-dövlət təşkilatları ilə çoxsaylı görüşlər keçirdi, 93 (bütün müəssisələrin 86 faizi) texniki-peşə təhsili müəssisəsinin fəaliyyətini tədqiq etdi, təhsil müəssisələrinin rəhbərləri və mühəndis-pedaqoji heyəti ilə, müxtəlif ixtisaslar və kurslar üzrə təhsil alan 3 minədək şagirdlə sorğu keçirdi.

Tədqiqat qrupu tərəfindən hazırlanmış hesabatda Azərbaycanda texniki-peşə təhsili sahəsində ən ciddi problemlər kimi, maddi-texniki və tədris bazanın müasir tələblərə cavab verməməsi, tədris avadanlığının, texnika, maşın və mexanizmlərin demək olar ki, tam yararsızlığı, mühəndis-pedaqoji heyətin bacarıqlarının kifayət qədər aşağı olması, maliyyə vəsaitinin çatışmazlığı, mühəndis-pedaqoji işçilərin əmək haqqının həddən artıq aşağı olması, məzunların zəruri bilik və bacarıqlara malik olmaması və digər problemlər müəyyənləşdirilmişdi. Eyni zamanda hesabatda texniki-peşə təhsilinin inkişafı üzrə zəruri addımlar, o cümlədən milli strategiyanın hazırlanması, kurrikulumların yeniləşdirilməsi, mühəndis-pedaqoji heyətin bacarıqlarının artırılması üçün treninq proqramlarının işlənməsi, əmək bazarının tələblərinin müəyyənləşdirilməsi üçün metodologiyanın hazırlanması və digər zəruri məsələlər öz əksini tapmışdı. Əlbəttə, beynəlxalq təcrübə əsasında aparılmış tədqiqatın nəticələri Təhsil Nazirliyi tərəfindən Proqram hazırlanarkən ciddi şəkildə nəzərə alındı.

Əslində, bu Proqramın təsdiq edilməsilə texniki peşə təhsilinin inkişafı üzrə dövlət siyasəti də müəyyənləşdi. Etiraf edək ki, bu təhsil pilləsinin əhəmiyyəti barədə nə qədər danışsaq da, nə ictimaiyyətdə, nə şagirdlərdə, nə də valideynlərdə bu sahəyə maraq yarada bilməmişdik. Elə bunun nəticəsi idi ki, texniki peşə təhsilinin maliyyələşdirilməsi prioritetə çevrilə bilmirdi. Azərbaycanda bu sahənin inkişafına maraq göstərən beynəlxalq təşkilatlar da belə bir vəziyyətdə qəti qərar qəbul edə bilmirdilər. Ölkə Prezidenti tərəfindən Proqramın təsdiq olunmasının ən böyük əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanda texniki peşə təhsilinin inkişafı mühüm prioritet kimi bəyan edildi.

Texniki peşə təhsili müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni iqtisadi münasibətlərin formalaşdırılması, idarəetmə strukturunun təkmilləşdirilməsi, adambaşına maliyyələşdirmə sisteminə keçid, müəssisələrdə marketinq xidmətinin formalaşdırılması, hər bir iqtisadi rayonda əhalinin texniki peşə təhsilinə olan tələbatı ödəmək üçün mövcud peşə məktəbləri və peşə liseylərinin bazalarında peşə təhsili mərkəzlərinin yaradılması, peşə təhsilinin ictimai statusunun yüksəldilməsi, normativ-hüquqi bazanın yeniləşdirilməsi və digər fəaliyyətlər Proqramın əsas istiqamətlərini təşkil etmişdir.

Dövlət proqramının təsdiq edilməsindən ötən müddət ərzində Təhsil Nazirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir. Əlbəttə, ilk addım bu sahədə ən ciddi problem olan sektorlararası əlaqələrin yaradılması istiqamətində atıldı. Peşə təhsilinin ictimai statusunun yüksəldilməsi, işəgötürən təşkilatlarla təhsil müəssisələri arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi və peşə təhsili qarşısında duran problemlərin həlli məqsədilə müxtəlif dövlət və qeyri-dövlət təşkilatlarının nümayəndələrindən ibarət Əlaqələndirmə Şurası yaradıldı və müzakirələr aparılmağa başlandı.

2008-ci ildə Proqram çərçivəsində 7 peşə təhsili müəssisəsi (Bakı şəhəri 4, 5, 7, 12 nömrəli, Gəncə 3 nömrəli peşə liseyləri, Bakı 13 və Ağdam 50 nömrəli peşə məktəbləri) əsaslı təmir edilmişdir. Bununla yanaşı, peşə təhsili müəssisələri üçün 32 adda 1222 dəst əyani vəsaitlər hazırlanaraq həmin müəssisələrə paylanmış, 4 peşə təhsili müəssisəsində kompüter laboratoriyası yaradılmışdır.

Dünya təcrübəsindən məlumdur ki, peşə hazırlığı üzrə tədris proqramları çevik olmalıdır. Belə ki, adətən iş axtaran qısa müddət ərzində iş tapmaq istəyir və buna müvafiq olaraq peşə təliminə çox vaxt və vəsait sərf etməyi düşünmür. Ona görə də, peşə təhsili müəssisələri ənənəvi uzunmüddətli kadr hazırlığı prosesi ilə yanaşı, qısamüddətli təlimlər vasitəsilə çevik peşə hazırlığını da həyata keçirməlidirlər. Çevik peşə təhsili sisteminin formalaşması isə insanların əmək bazarındakı dəyişikliklərə tez adaptasiya olunmasına imkan verir və nəticədə onların həyat şəraitinin yaxşılaşmasına səbəb olur.

Məhz bu təcrübə əsasında Qəbələ rayonunda Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzi yaradılmışdır. Məqsəd Dağlıq Şirvan iqtisadi zonasının turizm potensialı nəzərə alınaraq, regionda turizm və otelçilik üzrə kadrların hazırlanmasıdır. Qeyd etməliyəm ki, bu Mərkəz ölkəmizdə son 20 ildə yeni yaradılan ilk texniki peşə təhsili müəssisəsidir. Mərkəz tədris binası, yeməkxana, müvafiq laboratoriyalar, emalatxana, yataqxana və tibb otaqlarından ibarət olmaqla ən müasir avadanlıqlarla təchiz edilmişdir.

Mərkəzdə 1-2 illik kurslarla yanaşı, qısamüddətli kursların da təşkil edilməsi planlaşdırılmışdır. Bundan əlavə, fasiləsiz təhsil konsepsiyasına uyğun olaraq, istənilən yaş həddində olan vətəndaşlar da peşə mərkəzində müxtəlif peşələrə yiyələnmək imkanı əldə edəcəklər. Fikrimcə, texniki peşə təhsil müəssisələrində müxtəlif yaşlı insanlar üçün xüsusi təlimlərin aparılması təhsil müəssisəsinin ictimai statusunun yüksəlməsinə səbəb olmaqla yanaşı, işsizlik probleminin həllinə də kömək edəcəkdir.

Qəbələ Peşə Tədris Mərkəzinin mövcud peşə təhsili müəssisələrindən əsas fərqli cəhətləri ondan ibarət olacaqdır ki, bu təhsil müəssisəsində hansı təhsil pilləsini bitirməsindən, yaxud təhsil almasından asılı olmayaraq, əsas iş yerindən və təhsildən ayrılmamaq şərtilə peşə təhsili almaq və ya ixtisasartırmadan keçmək imkanı yaranacaqdır. Bu isə çevik peşə təhsili sisteminin yaranmasına və regionlarda dəyişən əmək bazarının tələblərinə uyğun olaraq ixtisaslı kadrların hazırlanmasına imkan verəcəkdir.

Belə mərkəzlərin respublikamızın müxtəlif regionlarında yaradılması da planlaşdırılır. Ümumiyyətlə bu mərkəzlər gələcəkdə peşə təhsili qarşısında duran bir sıra problemlərin, xüsusən yaşlıların peşə təhsili imkanlarının genişləndirilməsində, mühəndis-pedaqoji heyətin ixtisasının artırılmasında və əmək bazarının tələbatlarının öyrənilməsində mühüm vasitəyə çevrilə bilər.

Bununla yanaşı, ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının məşğulluq strategiyası"nda (2006-2015-ci illər) əmək bazarında rəqabət qabiliyyətli kadrların hazırlanması məqsədilə peşə təhsili sisteminin təkmilləşdirilməsi məsələləri də öz əksini tapmışdır. Hazırda Təhsil Nazirliyi həmin strategiyada nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi istiqamətdə də əhəmiyyətli işlər görməkdədir.

Təhsil Nazirliyi texniki peşə təhsili sahəsində bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Belə ki, UNESCO, Dünya Bankı, Avropa Təhsil Fondu, Beynəlxalq Əmək Təşkilatı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı, Cənubi Koreyanın DEU İnternational Korporasiyası ilə ölkəmizdə texniki peşə təhsilinin inkişafı sahəsində bir sıra layihələr həyata keçirilməkdədir.

Avstriyanın "Hilfsverk Austria" təşkilatı ilə birlikdə həyata keçirilən layihə çərçivəsində məcburi köçkünlər arasında peşə təhsilinin inkişaf etdirilməsi istiqamətində iş aparılır. Bu məqsədlə Biləsuvar rayonundakı qaçqın şəhərciyində kənd təsərrüfatı istiqaməti üzrə 131 nömrəli Cəbrayıl peşə məktəbinin fəaliyyəti bərpa edilmişdir. Kənd təsərrüfatı istiqamətli həmin peşə məktəbində ilkin mərhələdə 90 nəfər şagirdin təhsil alması planlaşdırılır. Burada məqsəd məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə gənclərin və kənd təsərrüfatında çalışan məcburi köçkün ailələrindən olanların peşə təhsilinə cəlb edilməsidir. Bu istiqamətdə artıq bir sıra addımlar atılmış, 131 nömrəli peşə məktəbində tədrislə məşğul olacaq müəlimlər üçün 3 aylıq ixtisasartırma kursu təşkil olunub, bu kursu müvəffəqiyyətlə bitirənlərə müvafiq sertifikatlar verilmişdir. Eyni zamanda həmin müəllimlərdən üç nəfərinin Avstriyaya iki aylıq ixtisasartırma kursuna göndərilməsi də nəzərdə tutulmuşdur.

Avropa Komissiyası ilə birlikdə respublikamızda ümumi büdcəsi 3 milyon avro olan "Peşə təhsili islahatı strategiyası və Azərbaycanın seçilmiş regionunda sınaq tətbiqi" layihəsi həyata keçirilməyə başlanmışdır. Layihənin həyata keçirilməsinə texniki dəstək Britaniya Şurası tərəfindən həyata keçirilir. Layihənin məqsədi Azərbaycanın qeyri-neft sektorunun rəqabət qabiliyyətinin və peşə təhsili müəssisələri məzunlarının iş tapmaq imkanlarının artırılmasıdır. Layihə çərçivəsində Azərbaycan Hökumətinin payı hesabına İsmayıllı rayonunda Turizm və otelçilik üzrə ixtisaslaşmış peşə məktəbinin inşasına başlanmışdır. Bu məktəb nəinki Azərbaycanda, hətta regionda ən müasir peşə təhsili kompleksi olacaqdır. Belə ki, məktəb tədris binası, laboratoriya, konfrans zalı, yataqxana, idman zalı ilə yanaşı, turistlərə xidmət edə biləcək otel və restorana da malik olacaqdır. Bununla da şagirdlər kompleksi tərk etmədən nəzəri biliklərlə yanaşı, praktik bacarıqlar da əldə edəcəklər. Qeyd etməliyəm ki, layihənin icrasına Mədəniyyət və Turizm Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və işəgötürən təşkilatların mütəxəssisləri də cəlb edilmişdir. Fikrimizcə, müvafiq dövlət və qeyri-dövlət təşkilatlarının nümayəndələrinin peşə təhsili sahəsində mövcud olan problemlərin və onların həll yollarının müzakirəsinə cəlb olunması bu istiqamətdə vahid siyasətin formalaşmasına yardım edəcəkdir.

Azərbaycan Höküməti və Heydər Əliyev Fondu ilə UNESCO arasında 18 iyun 2007-ci il tarixdə imzalanmış Sazişə əsasən "Azərbaycanda peşə təhsilinin təkmilləşdirilməsi layihəsi" həyata keçirilir ki, həmin layihə bu sahədə reallaşdırılan əhəmiyyətli layihələrdən biridir. Layihə çərçivəsində mehmanxana xidməti və informasiya - kommunikasiya texnologiyaları üzrə ixtisaslı kadrların hazırlanması məqsədilə müasir tələblərə cavab verən yeni kurikulumların və dərs vəsaitlərinin hazırlanması, texniki peşə təhsili üzrə kadrların ixtisasartırma təhsili üçün resurs mərkəzinin yaradılması nəzərdə tutulmuşdur. Layihənin həyata keçirilməsinə Yaponiya Höküməti artıq 203.4 min ABŞ dolları məbləğində vəsait ayırmışdır.

Bundan əlavə, peşə təhsili sisteminin institusional inkişafını təmin etmək məqsədilə Təhsil Problemləri İnstitutu nəzdində Peşə Təhsilinin İnkişaf Mərkəzi yaradılmışdır. Mərkəzin yaradılmasında əsas məqsəd peşə təhsili sahəsində mövcud olan problemlərin araşdırılması və onun həlli ilə əlaqədar elmi tədqiqatların aparılması, peşə təhsili standartlarının, kurikulumun hazırlanması, peşə təhsili müəssisələrinin idarəedilməsi və mühəndis-pedaqoji heyətin ixtisas səviyyəsinin yüksəldilməsi üzrə tədbirlərin həyata keçirilməsi və regionların sosial-iqtisadi inkişafına uyğun olaraq, yeni peşə təhsili müəssisələrinin yaradılması ilə əlaqədar təkliflərin hazırlanmasını təmin etməkdir. İlkin mərhələdə Mərkəzin tərkibində Monitorinq və proqnozlaşdırma, Peşə təhsilinin kurikulumu şöbələri yaradılmışdır. Onu da qeyd edim ki, UNESCO ilə birgə həyata keçirilən layihə çərçivəsində bu Mərkəzdə müasir İKT laboratoriyası və xarici dil kabineti yaradılacaq və müasir avadanlıqlarla təchiz ediləcək, eyni zamanda müasir kitabxana da təşkil ediləcəkdir.

Texniki peşə təhsili sahəsində həyata keçirdiyimiz ən böyük layihələrdən biri isə Cənubi Koreyanın DEU İnternational Korporasiyası ilə birlikdə elektrik, avtomatlaşdırma, informasiya texnologiyaları, avtomobil təmiri, elektronika, mühərrik sahələri üzrə ixtisaslı kadr hazırlığını həyata keçirə biləcək "Qabaqcıl Texnologiyalar üzrə Peşə Tədris Mərkəzi"nin yaradılmasıdır.

Yeni Mərkəzin 4 nömrəli Bakı Peşə Liseyinin bazasında inşa edilməsi nəzərdə tutulmuşdur. Unikal struktura malik olan bu Mərkəz 25 min kv.m. ərazini əhatə edərək yataqxana, yeməkxana, laboratoriya, tədris otaqları, idman zalı və sair infrastrukturdan ibarət olacaqdır. Layihənin əsas məqsədi Azərbaycan peşə təhsil sisteminin müasir standartlar səviyyəsinə çatdırılması və artıq özünü sübut etmiş Koreya modelinin üstünlüklərindən istifadə etməklə mövcud olan və yaxın gələcəkdə yaradılacaq sənaye müəssisələrinin ixtisaslı kadrlarla təmin olunması probleminin həll edilməsidir. Fikrimcə, belə bir təhsil müəssisəsinin yaradılması potensial investorları da sərmayə qoyuluşuna sövq edə bilər.

Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirdiyimiz Təhsil Sektorunun İnkişafı üzrə İkinci layihə (TSİİL) çərçivəsində "İlkin peşə təhsili kurikulumunun hazırlanması" üzrə işlərə də başlanılmışdır. Məlumdur ki, ölkəmizin texniki peşə təhsili müəssisələrində keyfiyyətli kadr hazırlığının aparılmasına mane olan əsas amillərdən biri məhz iqtisadiyyatın və cəmiyyətin tələblərinə uyğun kurikulumun olmamasıdır. Təəssüf ki, indi də təhsil müəssisələrində ayrı-ayrı ixtisaslar üzrə kadr hazırlığı sovet dövründən qalmış məzmun əsasında, yaxud həmin məzmunda cüzi dəyişikliklər edilərək aparılır. Belə məzmun isə öyrədilən peşə və ixtisaslar üzrə bacarıqların aşılanmasına xidmət etmir. Düşünürəm ki, TSİİL çərçivəsində həyata keçirdiyimiz islahatlar texniki peşə təhsili sisteminin müasir kurikulumlarının hazırlanması və tətbiqi sahəsinə əhəmiyyətli töhfə verəcəkdir.

Yeri gəlmişkən, bir vacib məsələni də diqqətə çatdırmaq istərdim. Biz ali təhsil sahəsində Avropa təhsil məkanına inteqrasiya barədə çox danışırıq. Lakin qlobal əmək bazarının formalaşdığı bir şəraitdə texniki peşə təhsili sahəsinə az diqqət yetiririk. Hazırda inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr təhsil sistemini, o cümlədən peşə təhsili sistemini "Avropa ixtisas dərəcələri çərçivəsi" sənədinə uyğun təşkil edirlər. Yəni peşə təhsili standartları, qiymətləndirmə və keyfiyyətə nəzarət mexanizmləri Avropada qəbul olunmuş standartlara uyğunlaşdırılır. Eyni zamanda "Avropa ixtisas dərəcələri çərçivəsi" işə götürünlərlə birlikdə peşə təhsili müəssisələrinin məzunlarının əmək bazarının tələblərinə uyğun olaraq peşə-ixtisas səviyyəsinin qiymətləndirilməsini də nəzərdə tutur. Məhz belə qiymətləndirmə prosesindən keçdikdən sonra əldə edilən diplom Avropada tanınır. Bu isə vətəndaşlara sərbəst olaraq ölkə daxilində və ölkə xaricində iş axtarmaq imkanı verir. Hesab edirəm ki, ölkəmizdə də bu istiqamətdə ciddi addımların atılması vaxtı çatmışdır.

Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti Azərbaycan da daxil olmaqla 7 ölkədə (mərkəzi Asiya və Cənubi Qafqaz respublikaları) texniki-peşə təhsili müəssisələrinin müəllimləri və istehsalat təlimi ustalarının ixtisaslarının artırılması üzrə regionlararası layihə həyata keçirir. Azərbaycan bu layihəyə 2003-cü ildə qoşulmuşdur. Respublikada beynəlxalq səviyyəli seminarların keçirilməsi məqsədilə texniki-peşə təhsili sahəsində təcrübəsi olan mütəxəssislərə xüsusi seminarlar təşkil edilmişdir. Cəmiyyətin xətti ilə 50 nəfər ixtisas fənn müəllimi üçün hərəsi bir həftə olan 4 seminar təşkil edilmişdir. Eyni zamanda layihə çərçivəsində texniki-peşə təhsili müəssisələrimizin 1093 nəfər mühəndis-pedaqoji heyəti və 70 nəfər istehsalat təlimi ustasının ixtisası artırılmışdır.

Müsbət haldır ki, ixtisaslı kadrların hazırlanması üzrə yerli şirkətlərlə peşə təhsili müəssisələri arasında qarşılıqlı əlaqələr genişlənməkdədir. Belə ki, Azercell MMC, Azərsun Holdinq, KÜR, Titan Group və digər şirkətlərlə texniki peşə təhsili müəssisələri arasında sıx əlaqələr yaradılmışdır. Belə ki, 7 nömrəli Bakı peşə liseyinin bazasında KÜR şirkətinin dəstəyi ilə informasiya-kommunikasiya texnologiyası üzrə yeni laboratoriyanın, 12 nömrəli Bakı peşə liseyinin bazasında Rabitə və İnformasiya Kommunikasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə rabitə sahəsi üzrə ixtisaslaşmış emalatxananın, 17 nömrəli Bakı peşə liseyinin bazasında Azercell MMC şirkətinin dəstəyi ilə mobil rabitə sahəsi üzrə ixtisaslı kadrların hazırlanması üzrə laboratoriyanın yaradılması bu əlaqələrə misal ola bilər.

Düşünürəm ki, işəgötürən təşkilatlarla səmərəli əməkdaşlığın yaranması texniki peşə təhsili müəssisələrinə əlavə maliyyə vəsaitlərinin cəlbinə də imkan yaradardı. Məlumdur ki, inkişaf etmiş ölkələrdə peşə təhsili müəssisələri yalnız dövlət büdcəsi vəsaitləri hesabına fəaliyyət göstərmir, eyni zamanda pullu təhsil xidmətləri göstərməklə, istehsal sahələri yaratmaqla əlavə vəsaitlər cəlb edir, sifarişçi müəssisə və təşkilatlar şəxsində əlavə maliyyə mənbələrinə malik olurlar. Hesab edirəm ki, ölkəmizdə də texniki peşə təhsili sahəsində adambaşına maliyyələşmə mexanizminə keçilməklə yanaşı, alternativ maliyyə mənbələrinin cəlb edilməsi modelləri də sınaqdan keçirilməlidir.

Daha bir vacib məsələyə öz münasibətimi bildirmək istərdim. Fikrimcə, texniki peşə təhsili gənclərin sərbəst həyata hazırlanmasında və əmək bazarında rəqabət qabiliyyətli qüvvəyə çevrilməsində əsas vasitə olmaqla yanaşı, yaşlı nəslin sosial problemlərinin həllində də önəmli rol oynaya bilər. Artıq bir çox Avropa ölkələrində yaşlıların peşə təhsili insanların davamlı məşğulluğunu və fəal vətəndaş mövqeyini təmin edən təhsil forması kimi qəbul edilmişdir.

Yaşlıların təhsili olduqca geniş sahə olsa da, onun qısa mahiyyətini iqtisadiyyatda və cəmiyyətdə baş verən dəyişikliklərə adekvat və çevik uyğunlaşmanı təmin edən təhsil prosesi kimi başa düşmək olar. Burada hədəf qrupu artıq yetkinlik yaşını keçmiş, müstəqil həyata qovuşmuş (şərti olaraq 18-20 yaşından yuxarı), bir çox hallarda peşəsi olmayan insanlardır.

Yaşlıların təhsili və ənənəvi təhsil arasında fərq ondan ibarətdir ki, ənənəvi təhsil sisteminin vəzifəsi cəmiyyət üçün layiqli vətəndaş və iqtisadiyyat üçün lazımi kadr hazırlamaqdırsa, konkret olaraq yaşlıların təhsilinin vəzifəsi artıq ənənəvi təhsil sistemini keçmiş, yaxud keçməmiş insanların cəmiyyətdə və iqtisadiyyatda daim baş verən dəyişikliklərə uyğunlaşmasını təmin etməkdir.

Aparılan tədqiqatlar sübut edir ki, hazırda ölkəmizdə mövcud olan işsizlik problemi yalnız iş yerlərini olmaması səbəbindən deyil, eyni zamanda işsiz və iş axtaran vətəndaşların ixtisas təhsilinin və vərdişlərinin müasir əmək bazarının tələblərinə cavab verməməsi ilə bağlıdır. Buna görə də, ölkədə işsiz və iş axtaran vətəndaşların məşğulluğunun təmin edilməsi, onların əmək bazarında rəqabətədavamlı və müasir tələblərə cavab verən müvafiq peşə və ixtisaslara yiyələnməsi zərurəti yaranmışdır.

Digər bir fakt. Hər il ölkəmizdə yüz mindən çox gənc orta məktəbi bitirir. Onların təxminən 28 faizi ali, 7 faizi orta ixtisas, 10 faizi texniki peşə təhsili müəssisələrinə qəbul olunur, qalan 60 faiz gənc peşəsiz- sənətsiz əmək bazarında və cəmiyyətdə özünə yer axtarmağa məcburdur. Ölkədə əmək bazarında yaranmış güclü rəqabət şəraitində belə ixtisassız insanların öz məşğulluğunu təmin edə bilməsi müşkül bir məsələyə çevrilmişdir. Digər tərəfdən, bu kimi insanların təhsil almaları üçün imkanlar da olduqca məhduddur. Düşünürəm ki, məhz peşə təhsili vasitəsilə həmin şəxslərə müvafiq peşə və ixtisaslar verilə bilər ki, onlar işlə təmin edilsinlər.

Hazırda respublikamızda iki növ peşə təhsili müəssisəsi fəaliyyət göstərir: peşə məktəbləri və peşə liseyləri. Peşə məktəblərində yalnız peşə təlimi həyata keçirilir, peşə liseylərində isə peşə ilə yanaşı, ümumi orta təhsil də verilir. Lakin təhlil göstərir ki, peşə liseylərinin şagirdlərinin ümumtəhsil sahəsində hazırlıq səviyyəsi çox aşağıdır. 2007-2008-ci tədris ilindən başlayaraq ümumtəhsil məktəblərində olduğu kimi, peşə liseylərində də buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada həyata keçirilir. İmtahanların nəticəsi göstərir ki, peşə liseylərində şagirdlərin böyük əksəriyyətinin müvəffəqiyyət səviyyəsi mövcud standartlardan xeyli aşağıdır. Bəs belə bir vəziyyətin səbəbləri nədir? Əlbəttə, əsas səbəblərdən biri bu gün peşə təhsili müəssisələrində çalışan mühəndis-pedaqoji heyətin hazırlıq səviyyəsinin aşağı olması, fənn müəllimlərinin 60 faizinin yaşlı olması, bu səbəbdən müasir təlim metodları və yeni texnologiyaları mənimsəyə bilməmələri ilə bağlıdır. Digər bir səbəb isə texniki-peşə təhsili müəssisələrinə orta məktəbdə nailiyyət səviyyəsi aşağı olan şagirdlərin qəbul olunmasıdır.

Düşünürəm ki, fəaliyyətimizin əsas istiqamətlərindən biri peşə liseylərində çalışan fənn müəllimlərinin ixtisas səviyyəsinin yüksəldilməsi üçün tədbirlərin həyata keçirilməsi, onların fəal təlim metodlarından daha geniş istifadə etmələri üçün təlimlərin təşkili və orta məktəb müəllimləri ilə təcrübə mübadiləsinin aparılmasına şəraitin yaradılması olacaqdır. Fikrimcə, peşə liseylərində ixtisas fənləri ilə yanaşı, ümumtəhsil fənlərinin də tədrisi səviyyəsi yüksələrsə, o zaman peşə təhsili almaq istəyənlərin sayı da artacaqdır.

Ümumiyyətlə, texniki peşə təhsili müəssisələri üçün mühəndis-pedaqoji heyətin hazırlanması bu sahədə həyata keçirilən islahatların əsas prioritetlərindən biri olmalıdır. Maraqlıdır ki, Qazaxıstan höküməti "Balaşak" proqramı vasitəsilə peşə təhsili müəssisələrində dərs deyə biləcək kadrların hazırlanması üçün xaricə çoxlu sayda mütəxəssislər göndərir və onlar qayıtdıqdan sonra peşə təhsili müəssisələrində fəaliyyətlərini davam etdirirlər. Fikrimcə, ölkəmizdə peşə təhsili müəssisələri üçün ixtisaslı kadrların hazırlanması məqsədilə xaricə tələbələr göndərsək, son nəticədə bu sahədə yaranan boşluğun aradan qaldırılmasına nail ola bilərik.

Eyni zamanda ölkəmizin ali təhsil müəssisələrində texniki peşə məktəbləri üçün mühəndis-pedaqoji heyətin hazırlanması sahəsində ciddi tədbirlərin görülməsi vasitəsilə də ixtisaslı kadrlara tələbatın ödənilməsinə öz töhfəsini vermiş olardı.

Əminəm ki, texniki peşə təhsilinin inkişafı sahəsində başladığımız təşəbbüslər ölkə iqtisadiyyatının müxtəlif sahələri üçün rəqabət qabiliyyətli, peşəkar mütəxəssis hazırlığına ciddi təkan verəcəkdir. Bununla əlaqədar bütün maraqlı tərəflərin, cəmiyyətin hər bir üzvünün Təhsil Nazirliyi tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərdə fəal iştirakını gözləyirik.

 

 

(ardı var)

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri,

fizika-riyaziyyat elmləri doktoru,

professor

 

525-ci qəzet.- 2009.- 6 iyun.- S.10-12.