Məleykə Abbaszadə: "Təhsil sistemi bütün cəmiyyətlərdə ən həssas sahə sayılır"

 

"Qiymətləndirmənin nəticəsi həm cəmiyyət, həm ölkə rəhbərliyi, həm təhsili idarə edən strukturlar üçün çox vacibdir"

 

Xəbər verildiyi kimi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkilatçılığı ilə 2009-cu il mayın 20-dən 22-dək Bakı şəhərində Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA: International Association for Educational Assessment) regional konfransı keçirildi. "Təhsildə qiymətləndirmə: müasir vəziyyət və inkişaf perspektivləri" mövzusunda keçirilən bu Konfransda İngiltərə, Niderland, Rusiya Qazaxıstan, Belarus və digər ölkələrin nümayəndələri iştirak edirdilər. Belə bir tədbirin keçirilməsi təhsil qurumlarına, ekspertlərə təcrübə mübadiləsi aparmaq və qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək, təhsil sahəsində, o cümlədən qiymətləndirmədə təkmilləşdirmə işləri həyata keçirmək üçün geniş imkan yaradır.

Həm regional konfransın yekunları, həm də ölkəmizin təhsil sistemi və təhsildə qiymətləndirmə ilə bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə xanım Abbaszadənin verdiyi bilgiləri oxucuların diqqətinə çatdırırıq.

- İlk olaraq onu qeyd etmək istərdim ki, təhsil sistemi bütün cəmiyyətlərdə ən həssas sahə sayılır. Təsadüfi deyil ki, bu sahədə olan hər hansı problem özünü dərhal büruzə vermir, nəzərə çarpmır. Misal üçün, hazırda dünyanın bir sıra ölkələri maliyyə sektorunda baş verən böhrandan əziyyət çəkir. Çünki bu cür problemlər dərhal üzə çıxır, həmin ölkələrdə çoxsaylı əlavə problemlər yaradır və bu böhranı aradan qaldırmaq üçün xüsusi proqramlar, antikrizis mərkəzləri təşkil olunur. Maliyyə böhranlarında vəziyyətdən çıxmaq, böhranı mümkün qədər qısa vaxt ərzində aradan qaldırmaq üçün müəyyən yollar vardır. Ancaq təhsildə yaranan problemin təsirini qısa vaxtda hiss etmək mümkün olmadığına görə, buradakı problem üzdə deyil, alt qatda olduğundan onun nəticələrini aradan qaldırmaq xüsusilə çətin olur. Çünki müəyyən nəsil həyatda tələb olunan bilik və bacarığı mənimsəmədən, savadsız böyüyür və həyata hazır olmur. Bu zaman həmin problemin qarşısını almaq çətinləşir. Kitab və ya digər vəsaitləri paylamaqla bu insanları təhsil almağa, kitab oxumağa alışdırmaq o qədər də asan deyil. Əgər hər hansı bir insan 50 yaşında əlinə kitab götürürsə, deməli, o bundan sonra həyatda heç nə əldə edə bilməyəcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası artıq 18 ildir ki, qiymətləndirmə ilə məşğuldur. Qiymətləndirmənin nəticəsi həm cəmiyyətə, həm ölkə rəhbərliyinə və ümumiyyətlə, təhsili idarə edən strukturlara qərar qəbul etmək üçün çox vacibdir. Təkcə hansısa insanın taleyini həll etmək üçün aparılan qiymətləndirmənin hüquqi nəticəsi onun ali məktəbə qəbul olması və ya olmaması deməkdir. Amma bu qiymətləndirməyə kompleks şəkildə baxanda biz, ümumiyyətlə, gənclərin savadını, bilik və bacarıq səviyyəsini müəyyən edirik və biz bilirik ki, 10-15 ildən sonra bu insanlar 30 yaşına çatanda bizim cəmiyyətimiz hansı səviyyədə mütəxəssislər əldə edəcək. Ona görə də bu proseslərə təkcə bir prosedur kimi yanaşılmamalıdır, onların gələcəyə təsirini indidən müəyyən etmək lazımdır. Bununla əlaqədər biz müxtəlif araşdırmalar aparır, konfranslar, tədbirlər keçirir, müzakirələr aparırıq. Ümumiyyətlə, hər ölkənin bu sahədə öz təcrübəsi var və bu təcrübə ölkənin təhsil sisteminin inkişafı ilə sıx bağlıdır. Heç kim deyə bilməz ki, məsələn bu ölkədə sistem çox yaxşıdır və bu sistem mütləq bizdə də tətbiq olunmalıdır. Bu düzgün yanaşma deyil. Bizim axırıncı konfransda keçmiş Sovetlər Birliyi ölkələrinin nümayəndələri üstünlük təşkil edirdi. Biz hamımız sovet təhsil sistemindən çıxmış insanlarıq. Amma artıq 18 ildir ki, biz müxtəlif istiqamətlərdə inkişaf edirik və müqayisədə demək olmaz ki, məsələn Belarusiyanın və yaxud Litvanın, Qazaxıstanın sistemi daha yaxşıdır? Biz müqayisəni yalnız bu gün dünyada mövcud olan tələblər, standartlar əsasında edə bilərik. Məsələn, keçən əsrin əvvəllərində bir insanın ana dilində oxumağı, yazmağı bilməsi onun savadlı insan olması demək idi. Amma indi oxumağı, yazmağı bilən adam savadlı insan hesab olunmur. Onun bir sıra digər keyfiyyətləri, vərdişləri olmalıdır ki, indiki zamanda o savadlı insan sayılsın. Ötən il Kembric Universitetinin təhsildə qiymətləndirmə aparan təşkilatı özünün 150 illiyini qeyd edib. Bizdə isə qiymətləndirmə TQDK tərəfindən cəmi 18 ildir ki aparılır. Bununla əlaqədar siz öz tərəfinizdən, biz isə öz tərəfimizdən tam araşdırma apara bilərik. Mən istəyirəm ki, biz mövcud olan şərtlər tələblər əsasında məsələlərə aydınlıq gətirək. UNESCO Dünya Bankının ekspertləri təhsildə qiymətləndirmə üzrə çoxillik təcrübə elmi təhlillər əsasında "Yaxşı imtahan sisteminin xarakteristikası" adlı standartları elan etmişlər. Mənim sizə təqdim edəcəyim həmin cədvəldə təhsil sahəsində olan qiymətləndirmə imtahan sisteminə olan tələblər əksini tapıb. Zənnimcə, Azərbaycanda TQDK tərəfindən tətbiq olunan qiymətləndirmə sistemini təhlil edərkən həmin göstəricilərdən istifadə etmək olar.

QEYD: "525-ci qəzet" cədvəldə təqdim olunan standartların ayrı-ayrı parametrləri, meyarları əsasında Azərbaycanda qəbul imtahanlarının qeyd olunan tələblərlə müqayisəsini aparmağı qərara alıb. Buna görə biz iyun ayı ərzində hər həftə "Yaxşı imtahan sisteminin xarakteristikası"na daxil olan bir bölmə üzrə TQDK sədri M.Abbaszadənin fikirlərini təqdim etməyi nəzərdə tutmuşuq. Bununla da ali orta ixtisas məktəblərinə qəbul imtahanlarına hazırlaşan abituriyentlər, onların valideynləri, müəllimlər, təhsil işçiləri, bütövlükdə geniş oxucu kütləsi ölkəmizdə tələbə qəbulu sistemi barədə bir daha geniş məlumat əldə etmək imkanı qazanacaqlar.

 

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2009.- 6 iyun.- S.7.