Həyatdan kitaba, kitabdan həyata

 

Adətən, böyük sənətkarları doğum və ya ölüm günlərində daha çox yada salırlar. Bilmirəm, bu, öz əsas mahiyyətinə görə, yaxşı ənənədir, yoxsa pis. Mənə elə gəlir ki, əslində xalqın mənəvi taleyində rol oynayan simalar həmişə anılmalıdır. Bu mənada, İlyas Əfəndiyev yalnız təqvimi xatırlatma naminə, deklorativ mülahizələrə görə yox, haqqında daima söz deyilməsi zəruri sənətkardır. İlyas Əfəndiyev ədəbiyyatımızda öz sözü və öz izi olan, ədəbiyyata yeni ab-hava, yeni nəfəs gətirən yazıçıdır. Bu yeniliyin əsas mahiyyəti nədən ibarətdir? Onun ədəbi qəhrəmanları kifayət qədər azad ruhlu, sərbəst düşüncəli, müstəqil xarakterli adamlardır. O qəhrəmanların əksəriyyəti cəmiyyətdə əsrlər boyu mövcud olub daşlaşmış zərərli ehkamlara, bir çox patriarxal qayda-qanunlara aşkarca meydan oxuyan cəsarətli, qorxmaz, canlı ədəbi personalar və personajlardır. Mənə elə gəlir ki, obrazlarının ruhuna hopmuş bu azadlıq ovqatı, daha çox, böyük sənətkarın öz daxili azadlığından qaynaqlanıb. İ.Əfəndiyev həmişə müasir hesab edilə biləcək ədibi simadır. İ.Əfəndiyevin qəhrəmanları öz dinamizmi və həyata ciddi "müdaxiləsinə" görə diqqəti, xüsusilə, cəlb edir. Hansı mənada? Elə sözün hərfi mənasında. Ədəbiyyatımızda çox sayda obraz var ki, illər boyu saralıb qat kəsmiş səhifələrin arasında itib-batır, yalnız aradabir hansısa tədqiqatçı tərəfindən hansısa ədəbi faktın təsdiqi və inkarı üçün xatırlanır. Amma heç bir mübaliğəyə yol vermədən demək olar ki, ədəbiyyata həyatdan gələn İ.Əfəndiyevin qəhrəmanları birbaşa kitablardan həyata addımlayıblar. Əgər 19-cu əsrdə rus qızlarının əksəriyyəti Turgenevin qadın qəhrəmanlarına oxşamaq istəyirdilərsə, yola saldığımız əsrin ikinci yarısından üzü bəri, İ.Əfəndiyevin əsərlərini oxuyan azərbaycanlı gənclərin əksər nümayəndələri bir çox mənəvi-əxlaqi cəhətlərinə görə onun ədəbi qəhrəmanlarının taleyini yaşamaq istəyirdi. Əgər Sofi Lorenin ekranda yaratdığı qəhrəmanlar italyan qadınlarının "yerişini" dəyişdisə, İ.Əfəndiyevin ədəbi qəhrəmanları azərbaycanlı qadınların həyatının yeni - mütərəqqi istiqamətə yönəlməsində müstəsna rol oynadı. Hazırda deyilən mülahizələrə şübhəsi olanlar varsa, zəhmət çəkib ötən əsrin 60-80-ci illərində dövri mətbuatda yazıçının ədəbi qəhrəmanları ətrafında gedən qızğın mübahisə və davamlı "müharibələrlə" daha yaxından tanış ola bilərlər.

İlyas Əfəndiyev cəsarətli yazıçıdır. Bu cəsarət bir tərəfdən onun seçdiyi mövzuların sosial mahiyyəti ilə bağlıdırsa, digər tərəfdən ədibin üslubi axtarışları, bir az da dəqiq ifadə etməyə çalışsaq, uğurlu harmonik janr improvizələri ilə bağlıdır. Sənətkarın yaradıcılığında dramaturgiyanın əsaslı rol oynadığı hər kəsə məlumdur. Amma mən, yeri gəlmişkən, İ.Əfəndiyev yaradıcılığı üçün səciyyəvi olan bir cəhəti xüsusilə qeyd etmək istəyirəm: sənəkkarın demək olar ki, bütün nəsr əsərlərinin alt qatında aşkar və eləcə də örtülü dramaturji "laylar" mövcuddur. Dramatizm, dinamizm, vüsət, hərəkət, sürəklilik İ.Əfəndiyev yaradıcılığının bütün mahiyyətinə hopub; məhz elə bu səbəbdən də böyük yazıçının, hətta, prozasında belə, hansısa "prozaik" lövhə, təsvir və ya ifadə tapmaq mümkün deyil.

 İlyas Əfəndiyev bədii dilin imkanlarından maksimum dərəcədə ustalıqla istifadə edən söz sərrafıdır. Azərbaycan türkcəsi ədibin bütöv yaradıcılığı müstəvisində yeni fəslin yeni çiçəkləri kimi tumurcuqlayır, güllənir, çiçəklənir, ətir saçır. İ.Əfəndiyevin dili onun obrazlarının özü kimi canlı və yaşarıdır.

 İlyas Əfəndiyev öz yaradıcılığı etibarilə klassik irsə, milli ədəbi ənənələrə dərin köklərlə bağlı yazıçıdır. Eyni zamanda, İ.Əfəndiyevin qəhrəmanlarını dünya ədəbiyyatı kontekstindən kənarda təsəvvür və təhlil etmək olmaz. Yazıçının yaratdığı obrazlar sənətkarlıq və sanbal baxımından milli və bəşəri paradiqmaları özündə birləşdirir. İ.Əfəndiyevin əsərləri hələ öz sağlığında ikən bir sıra dillərə tərcümə olunmuş, digər məmləkətlərdə yaşayan insanlərın mənəvi aləminə daxil olub. Yəqin ki, sənətkarın başqa dillərdə səslənməsi prosesi bundan sonra da davam edəcək. Belə geniş və gərəkli təqdimatdan milli ədəbiyyatımız yalnız qazana bilər. Axı hər hansı bir xalqın mənəvi-əxlaqi dünyasını böyük bir mühitdə (dünyanın coqrafi-sosial-siyasi-ədəbi və s. düzənində) istedadla yazılmış ədəbi əsərlərdən daha layiqli nə əvəz edə bilər? Çünki elə özümüz də bizə doğma və yad olan millətlər və xalqlar haqqında, əgər belə demək caizdirsə, bütün gərəkli məlumatları ədəbiyyat vasitəsilə almışıq. Yəqin ki, əksəriyyətimiz qətiyyətlə deyə bilər ki, Fransanı Hüqo və Balzak, İngiltərəni Şou və Qrin, Almaniyanı Gesse və Brext, Rusiyanı Tolstoy və Dostoyevski, Türkiyəni Rəşad Nuri və Nazim Hikmət, Amerikanı Mark Tven və Cek London, Yaponiyanı Abe və Kavabata, İtaliyanı Pirandello və Montale, Çilini Mistral və Neruda bizi öz ölkələrinin və xalqlarının həyatı ilə tarixçi və coğrafiyaçılardan daha əvvəl, həm də daha yaxından tanış ediblər. Bu mənada, coğrafi məkan etibarilə bizdən qismən və ya kifayət qədər uzaq olan mühitdə yaşayanlar, xalqımız haqda ən müfəssəl və dolğun, eləcə də tarixi-əxlaqi məlumatları bir çox digər klassik və müasir sənətkarlarımızla yanaşı, həm də İlyas Əfəndiyevin əsərlərindən əxz edə bilərlər. Təbii ki, mən bu əsərlərə adi informasiya, məlumat qaynaqları kimi yanaşmıram; söhbət indiki halda həm də yüksək ədəbi-bədii səviyyəyə, estetik kamilliyə, psixoloji dərinliyə malik əsərlərdən gedir. Və söhbət həm də xalq həyatını miqyası təsvir edən, xalqın taleyində rol oynayan və xalq yaddaşında yaşayan sənətkarlardan gedir.

İlyas Əfəndiyev gələcəyin yazıçısıdır. Bunu həyat sübut etməkdədir. Böyük ədib öz əsərlərinin mütləq əksəriyyətini sosializm dönəmində qələmə alıb. Həmin siyasi mərhələnin bir çox atributları artıq tarıxın arxivinə verilib. Amma xoşbəxtlikdən ədəbiyyat tariximizin bir çox əbədiyaşar nümayəndələri kimi İ.Əfəndiyevin də zəngin yaradıcılığı, "arxivə" qatılmaq təhlükəsindən çox uzaqdır. Ən azı ona görə ki, boyük yazıçının qaldırdığı əxlaqi-etik problemlər bu gün də aktualdır. Kəskin iqtisadi-siyasi dönüş mərhələsində - mədəniyyətimizdə yeni istiqamətlərin təşəkkülünə cəhd edildiyi, ədəbiyyatımızda "oxucu böhranı" yaşandığı, oxucunun "ədəbi dilemma" qarşısında qaldığı bir dönəmdə çox əlamətdar və sevindirici haldır ki, İlyas Əfəndiyevin oxucu auditoriyası öz çevrəsini mütəmadi olaraq genişləndirməkdədir. Mən əminəm ki, zaman keçdikcə ədibin yaradıcılığına olan maraq daha da artacaq.

İlyas Əfəndiyev haqqında söz deyərkən onun novator bir sənətkar olduğunu bir daha xüsusi vurğulamaq lazım gəlir. Novatorluq - sözün müsbət mənasında, inqilabçılıq deməkdir. Amma ədəbi inqilabçılar bir çox başqa inqilabçı "həmkarlarından" fərqli olaraq, "böyük depressiyalardan" çıxış yolunu terror və repressiyalarda deyil, insan mənəviyyatın kamilləşməsində, ağlın və ürəyin nəfs üzərində qələbəsində görürlər. Bütün dövrlərin öz novator şəxsiyyətləri yetişir və bu prosesdə, şübhəsiz ki, obyektiv və subyektiv amillərin, bir az da sadə şəkildə formulə etsək, sosial və şəxsi keyfiyyətlərin çulğaşması müstəsna rol oynayır. İ.Əfəndiyev öz dövrünün övladıdır. Yaşadığı zamanın ictimai mahiyyət daşıyan kataklizm və kolliziyaları yazıçının əsərlərində bütün mahiyyət və nüansları ilə əks olunub.

İlyas Əfəndiyev, sözün müəyyən, həm də geniş mənasında, daha çox gəncliyin yazıçısıdır. Təkcə ona görə yox ki, onun əksər əsərlərinin əksər qəhrəmanları gənclərdir və yazıçı bütün yaradıcılığı boyu gəncləri, gəncliyi narahat edən problemləri "iri planda" təqdim etməyə çalışıb və buna müvəffəq olub. Bu, həm də ona görə belədir ki, yazıçı öz gənc həmkarlarına daim diqqət və qayğı ilə yanaşıb, özü də yorulmaz gənclik ehtirası ilə yazıb-yaradıb. İ.Əfəndiyevin ibrətamiz və mənalı həyat yolu bir də onu sübut edir ki, yazıçının ən böyük vəzifəsi onun əsərləri, ən böyük sərvəti isə oxucu məhəbbətidir. Yeri gəlmişkən, təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, ədəbiyyata yenicə qədəm qoyan bəzi qələm sahibləri "gənclik" anlayışını bir çox hallarda sırf fizioloji anlamda dərk və ya interpretasiya edirlər. Əslində isə, sənətdə novatorluq və gənclik, bir missiyadır və bədbəxtlikdən (həm də xoşbəxtlikdən) bu nəsnəyə yaş senzi tətbiq etmək qətiyyən mümkün deyil. Necə deyərlər, gənc nadanın qocalanda müdrikləşəcəyinə inam bəsləmək, elə gənc müdrikin qocalanda nadan olacağına inanmaq qədər absurddur. Müdrik özünün bütün yaşlarında müdrikdir. O ki qaldı yaşa, hər bir böyük söz adamı, yaşadığı zamandan və məkandan asılı olmayaraq, daim gəncdir. Ümumiyyətlə, qüdrətli söz qocalmır. Deməli, o sözün sahibləri də daim gəncdir. Bu mənada İlyas Əfəndiyev, sözü heç zaman qocalmayacaq bir sənətkardır. O, epoxal-zaman ierarxiyasına mənsubluğu baxımından, öz böyük sələflərinin - Mirzə Fətəlinin, Mirzə Cəlilin, Haqverdiyevin, Cabbarlının varisidir. Və nəhayət, İlyas Əfəndiyev hansısa regionun yox, böyük Azərbaycanın yazıçısıdır.

Sonda bir cəhəti də qeyd edim ki, mən bu yazıda İlyas Əfəndiyevin çoxşaxəli yaradıcılığını səciyyələndirən ayrı-ayrı əsərlər və həmin əsərlərdəki ayrı-ayrı obrazlar üzərində deyil, sənətkarın ədəbi fəaliyyətini şərtləndirən başlıca ədəbi paradiqmalar üzərində dayanmağı daha məqbul hesab etdim. Bəzən induktiv səciyyə daşıyan araşdırmalar, nəhəng sənətkarların böyük palitrada, qlobal miqyasda təqdimatına mane olur. İ.Əfəndiyev böyük problemləri böyük sözün qüdrəti ilə təqdim edən yazıçıdır. Bu cür sənətkarlar haqqında söhbət açarkən bütün hallarda və zamanlarda yalnız indiki zamanda danışmaq lazım gəlir.    

 

 

Firuz MUSTAFA

 

525-ci qəzet.- 2009.- 9 iyun.- S.7.