Naxçıvanın vəfalı oğulları
Naxçıvan Musiqi
Kollecinin Ərtoğrul Cavidin 90 illiyi ilə bağlı tədbir
hazırlaması gözlərimi yaşartdı. Afərin, mənim
həmşəhərlilərimə! Bir iqdırlı kimi bunu
söyləməyə haqqım var. Yalan olmasın,
İqdırda qışqırsan, Naxçıvanda eşidilər.
Bu iki region tarix boyu eyni taleyi yaşayıblar.
Türkiyədə
yaşayarkən Hüseyn Cavidi tanıyırdım, onun
şeirlərini, pyeslərini oxumuşdum. Bu böyük şəxsiyyətin
türkçü, turançı olduğun bilirdim. Türkiyə
məktəblərində oxuyan iqdırlı tələbələr
kimi mən də türkçülükdən söz
düşən kimi Hüseyn Caviddən, Əhməd Cavaddan,
Almas Yıldırımdan şeirlər söyləyər, Azərbaycanın
türkçülüyün mərkəzi olduğunu
qürurla söyləyərdim.
Sovet dönəmində
Hüseyn Cavid haqqında yazılanlardan xəbərsiz idik. Bizim
tanıdığımız Hüseyn Cavid 1920-ci ilə qədərki
Hüseyn Cavid idi. İlk dəfə əlimə mərhum
yazıçımız İsmayıl Şıxlının
"Cəbhə yollarında" kitabı düşəndə
Cavidlə bağlı bəzi məlumatlar oxumuşdum. İsmayıl
Şıxlı bu kitabında gənc ikən Hüseyn Cavidlə
Allah mövzusunda mübahisə etdiyini, onun tanrıya inanan
adam olduğunu yazmışdı.
İllər sonra Rafael
Hüseynovun "Əbədi Cavid" kitabını oxudum, həm
Cavidin, həm Müşkünaz xanımın, həm Ərtoğrulun,
həm də Turanın qara taleyinə bir daha ağladım. Ərtoğrulun
cəbhəyə göndərilməsi, orda xəstələnməsi,
kasıb anasının o çətin zamanda oğluna baş
çəkməsi, onunla qolboyun olması, uzun müddət
bir rəsm əsəri kimi gözümün önündən
çəkilmədi.
Cavid kimi bir atanı itirən,
anası və uşaq yaşındakı bacısını
Bakıda tənha, köməksiz qoymaq zorunda qalan gənc, xəstə
oğlan hansı iztirablar çəkmişdi, görəsən?
Şübhəsiz ki, onun keçirdiyi ruhi sarsıntılar ən
dərin psixoloji romanlara bənzərsiz mənbə ola bilərdi.
Bu qəzetdə yazılarımı oxuyanlar sədaqət, vəfa
məsələsində necə diqqətli olduğumu,
kiçik bir vəfasızlığa belə qiyamət
günü kimi baxdığımı gözəl bilirlər.
Bunun bir çox səbəbi var. Ən böyük səbəb
vəfa və eşq anlayışlarının Şərqin
böyük sərvəti olmasıdır. Hər şeylərini
itirsələr belə, şərqli insanların qərblilərdən
ən böyük fərqi və üstünlüyü
eşq və vəfas duyğusuna sadiq olmalarıdır.
İndi
Naxçıvandakı bu vəfa nümunəsi, oradakı gənc
sənətçilərin bu möhtəşəm
düşüncələri və onlara rəhbərlik edən
müəllimlərin qədirbilənliyi mənə qürbət
eldə çox duyğulu anlar yaşatdı.
Naxçıvana gedəndə
dəyərli alim, professor İsa Həbibbəylinin isti
münasibəti və qonaqpərvərliyi ilə
rastlaşmışdım. O zaman Naxçıvan Dövlət
Universitetindəki Konservatoriyanı da gəzmişdim. Orada məşq
edən gənc sənətçilərin nurlu sifətlərini
görmüşdüm. Uşaq Musiqi və Bədii Sənətkarlıq
Məktəbinin şagirdləri də mütləq o
konservatoriyadakı gənclər kimi istedadlı və vətənini
sevən insanlardır ki, belə xeyir bir işə qol qoyublar.
Naxçıvan dəyərli
oğullarına sahib çıxdığı kimi, Dədə
Qorquduna, Koroğlusuna, Mömünə Xatuna, Hüseyn Cavidinə
və onun əziz balasına da yiyə durub. Naxçıvanlılar
vəfalı olduqlarını sübut ediblər.
İnanıram ki, bu torpaqda yatanlar rahat uyuyurlar və öz
oğullarına da haqlarını halal ediblər. O uca
dağlarda, o yaşıl dərələrdə, o bərəkətli
torpaqlarda boya-başa çatan ürəkli oğullara da elə
bu yaraşır.
Mənim
gördüyüm Naxçıvan geri qalmış, viranəyə
çevrilmiş tipik bir sovet şəhəri deyil, modern,
planlı, təmiz bir şəhərdir. Bu vəziyyət
orada yaşayan insanların səviyyələrinin yüksək
olduğunu göstərmək baxımından çox önəmlidir.
Məncə bu gözəlliyin arxasındakı ən
böyük dəyərlərdən biri də elə bu vəfa
duyğusudur.
Afərin, mənim həmşəhərlilərimə!
Üzümüzü ağ, könlümüzü fəth
etdiyinizə görə Sizə minnətdaram!
525-ci qəzet.- 2009.- 9 iyun.- S.7.