Qələm dostları Vaqif Səmədoğlunun yubileyini
qeyd ediblər
Ötən gün Yazıçılar
Birliyində (AYB) xalq şairi, tanınmış
dramaturq, millət vəkili Vaqif Səmədoğlunun 70 illik
yubileyilə bağlı
mərasim keçirilib.
Mərasimi giriş sözü ilə açan AYB-nin sədri, xalq yazıçısı Anar
böyük ədəbi
simalardan biri kimi səciyyələndirdiyi
V.Səmədoğlunun keçən
əsrin 60-cı illərində öz səsi, fərqli nəfəsi, təkrarsız
üslubu ilə Azərbaycan ədəbiyyatına
gəldiyini bildirib. Onun poeziya ilə yanaşı dramaturgiyada da öz sözünü
dediyini qeyd edən Anar V.Səmədoğlunun həm
də milli hərəkatın görkəmli
liderlərindən biri
kimi tanındığını
önə çəkib.
Anar V.Səmədoğlunun
poeziyasında kədər
və bədbinliyin üstün mövqe tutduğunu, ancaq ümumən yaradıcılığına
mənalı yumorun xas olduğunu vurğulayıb.
AYB-nin birinci katibi, xalq
şairi Fikrət Qoca V.Səmədoğlunu görkəmli
şair, istedadlı qələm sahibi olmaqla yanaşı, həm
də sadiq dost kimi yüksək dəyərləndirib.
Millət vəkili, xalq
şairi Sabir Rüstəmxanlı yubilyarın çətin və
şərəfli ömür yoluna nəzər salıb, onu
ilk növbədə dəyərli ziyalı olaraq qiymətləndirdiyini
söyləyib: "Məqamı gəlib çatanda və
ziyalılardan bəziləri tərəddüd edəndə
o, heç nədən çəkinməyib. Vaqif Səmədoğlu
kamil şair olduğu kimi, mükəmməl də siyasətçidir".
"Psixoloji nöqteyi-nəzərdən
onun 27 yaşı var. Lakin o həm də bütün
dünyaya Azərbaycan cazibəsini çatdıracaq qədər
qədimdir. Səməd Vurğunun oğlu olmaq çox
ağır məsuliyyətdir. Vaqif öz şərəfli həyatı
ilə həm bu məsuliyyətin öhdəsindən gəldi,
həm də sübut etdi ki, o, məhz Vaqif Səmədoğludur.
Onun mövqeyi, düşüncələri həmişə
Azərbaycanla bağlı olub. Vaqif Səmədoğlunun
inqilabi hissləri quruculuğa yönəlib". Bu fikirləri
tədbirdə millət vəkili Asim Mollazadə səsləndirib.
Şair Ramiz Rövşən
V.Səmədoğlunun 20-ci əsrdə Füzuli kədərini
qələmə alan şair kimi xarakterizə edib. Onun bir
şair və insan kimi ən üstün keyfiyyətinin səmimilik
olduğunu bildirən R.Rövşən yubilyarı həmişə
özünə, daxilinə, vicdanına sadiq
qaldığını dilə gətirib: "Onun qeyri-səmimi
bircə misrası da yoxdur". V.Səmədoğlunun
Nüşabə xanımın timsalında özünə
mükəmməl ömür-gün yoldaşı
seçdiyini qeyd edən R.Rövşən onların bundan
sonra da həyatda birlikdə addımlamalarını
arzulayıb.
V.Səmədoğlu ilə
1970-ci illərin əvvəllərində tanış
olduğunu deyən millət vəkili, yazıçı-publisist
Elmira Axundova onu əsasən dissident şair kimi
tanıdığını söyləyib: "O, 70-ci illərdə
də, indi də sözün yaxşı mənasında
dissident şairdir. Sadə olduğu qədər də dahi
insan olan Vaqif Səmədoğlu əsl Azərbaycan
ziyalısıdır". Müstəqilliyimizin
qazanılmasında V.Səmədoğlunun da böyük əməyi
olduğunu vurğulayan E.Axundova ona yeni yaradıcılıq
uğurları diləyib, gələcəkdə də əvvəlki
kimi gözəl əsərlər yazmasını arzu edib. Yazıçı
Natiq Rəsulzadə və başqaları da
çıxışlarında V.Səmədoğlunun
poeziyasının böyük mənəvi tutumunu, dərin səmimiliyini
və aktual bəşəri mövzulara güzgü
tutmasını parlaq məziyyətlər kimi önə
çəkiblər.
Sonda söz alan yubilyar
yaradıcılığı və şəxsiyyəti
haqqında söylənilən fikirlərə görə həmkarlarına
minnətdarlığını bildirib.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2009.- 9 iyun.- S.7.